Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Moskva-Ankara danışıqları -sülh prosesində Türkiyə önə keçir

Fidanla Lavrov Cənubi Qafqazla bağlı nələri razılaşdırıb; Soçidə liderlərin görüşü bölgəmizə nə vəd edir? - təhlil

“Yaxın vaxtlarda Putin və Ərdoğanın iştirakı ilə növbəti qeyri-rəsmi sammit keçiriləcək, prezidentlər tərəfdaşlığın bütün sahələrini nəzərdən keçirəcəklər”.

Yenixeber.org: Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib. Lavrov Türkiyənin xarici işlər naziri ilə Ukrayna ətrafındakı vəziyyəti ətraflı müzakirə etdiyini, Zelenski Formulunun təbliğinin mümkünsüzlüyünü qarşı tərəfə izah etdiyini deyib. Rusiyanın Türkiyə tərəfinin taxıl sazişini bərpa etmək üçün Qərbin nə etməli olduğunu diqqətə çatdırdığını söyləyən Lavrov, Fidanla 1 milyon ton Rusiya taxılının Türkiyəyə güzəştli qiymətlə tədarükünü müzakirə etdiyini də açıqlayıb. O, Qətərin Rusiya taxılının Türkiyəyə tədarükünün maliyyə dəstəyində iştirak etməyə hazır olduğunu da qeyd edib. Lavrov əlavə edib ki, BMT Baş katibi Antonio Quterreş Yohannesburqda keçirilən görüşdə taxıl sazişi ilə bağlı yeni təkliflərindən danışıb. Onun sözlərinə görə, Quterreşin mesajında təminatlar olmayıb. “Qərb Rusiya Federasiyasının taxıl sazişi ilə bağlı şərtlərinə konstruktiv yanaşmaq istəmir, yalnız vədlər verilir”, deyə Rusiya XİN başçısı vurğulayıb. Lavrov onu bildirib ki, hazırda dünyada ərzaq böhranı, eləcə də ərzaq qiymətlərində sıçrayış yoxdur: “Rusiya prezidenti təminat verib ki, Rusiya Federasiyası taxıl sazişi çərçivəsində Ukraynadan ən yoxsul ölkələrə göndərilən taxılın bir hissəsini tam kompensasiya edəcək”.

“Birləşmiş Millətlər Təşkilatı Türkiyənin səyləri nəticəsində Rusiya taxıl və gübrəsinin ixracına dair yeni təklif paketi hazırlayıb”. Bunu isə Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada Lavrovla birgə mətbuat konferansı zamanı bildirib. O qeyd edib ki, bu Taxıl Təşəbbüsünün bərpası üçün önəmli addım olacaq. Fidan əlavə edib ki, Türkiyə bölgədə müharibənin bitməsini istəyir və bununla bağlı səylər göstərir. Öz növbəsində Lavrov isə əlavə edib ki, Cənubi Qafqaz regionundakı vəziyyəti də müzakirə ediblər. “Rusiya Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşmasına yardım etməkdə maraqlıdır. Eləcə də Rusiya Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdikləri bütün razılaşmaların, 2020-ci ilin razılaşmasından başlayaraq nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılması, eləcə də münaqişə sonrası bərpaya qədər razılaşmaların həyata keçirilməsində maraqlıdır. Əminik ki, Türkiyə bu səylərdə çox konstruktiv və faydalı rol oynaya bilər”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, avqustun 31-də Moskvada baş tutmuş görüşdə tərəflər arasında həm təkbətək, həm də nümayəndə heyətləri ilə görüş keçirilib. Görüşdə həmçinin regional proseslər, Afrika siyasəti, Ukrayna müharibəsi, Türkiyə-Rusiya əməkdaşlığının yüksəldilməsinə dair müəyyən razılaşmalar əldə olunub. Xüsusi diqqətçəkən məsələ isə nazirlərin Cənubi Qafqaz və təbii ki, Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etməsidir. Həmçinin Türkiyə lideri Ərdoğanın sentyabrın 4-də Soçidə rus həmkarı Putinlə görüşəcəyi nazirlərin dilindən təsdiqlənib. Bu görüşdən hansı gözləntilərimiz olmalıdır? Ermənilərin sentyabrın 1-dən sərhəddə başladığı hərbi təxribatlar fonunda liderlərin Cənubi Qafqaz müzakirəsi nələr vəd edir? Lavrovla Fidan danışıqlarında da regionla bağlı fikir mübadiləsi aparılması hansı perspektivlər açır?

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir”

Qabil Hüseynli 

Professor Qabil Hüseynli bildirdi ki, nazirlərin görüşündə Qarabağ müzakirə edilib, Lavrov tərəfindən Türkiyənin bölgədə rolunun artmasını eşitmək isə olduqca diqqətçəkicidir. “Fidan isə qeyd etdi ki, bu məsələlər Soçidə daha ciddi şəkildə müzakirə ediləcək. Zənnimcə, bu fikirləri eşitmək müsbət haldır. İndiyə qədər birtərəfli qaydada ermənilərə hər cür yardım edilir, separatçıların səsi dünyanın hər yerinə çatdırılır, xristian təəssübkeşliyi səbəbindən onlara dəstək verilir, amma müharibədən sonra formalaşan yeni status-kvoya baxılması zamanıdır. Bu mənada Rusiya-Türkiyə danışıqları vacibdir, diqqət mərkəzində bölgədəki vəziyyət olacaq”, - deyə Q.Hüseynli vurğuladı. Onun sözlərinə görə, Avropa Birliyinin çətiri altında nizamlama prosesi gedir, Praqada Azərbaycanın ərazi bütövlüyü qəbul edilib, lakin separatçı qüvvələr qızışdırıcı mövqedən çıxış edirlər, “humanitar fəlakət”, “genosid” kimi absurd ittihamlar səsləndirirlər: “Əvəzində Azərbaycandan göndərilən yardımı isə qəbul etmirlər. Faktiki olaraq nizamlama prosesini əngəlləyirlər. Bax, bu gedişata qarşı Rusiya - Türkiyə danışıqları çox vacibdir, eləcə də Fransanın regiondakı həyasız addımlarını əngəlləmək baxımdan mühüm görüşlərdir. Çünki bölgə yenidən müharibəyə köklənir, bu məsələdə Ermənistan və separatçılar əhəmiyyətli rol oynayırlar. Ona görə Rusiya və Türkiyənin praktiki müdaxiləsinə böyük ehtiyac var”.

İndi ayrı-seçkiliyi hakimiyyət yox, bu iki partiyanın rəhbərliyi salır" - Elxan  Şükürlü

       Elxan Şükürlü

Siyasi ekspert Elxan Şükürlünün sözlərinə görə, Fidan-Lavrov görüşünə saatlar qalmış separatçı rejimin başçısı Arayik Arutyunyanın istefası həm də Türkiyə-Rusiya danışıqlarında Cənubi Qafqaz mövzusunun ön sıraya qoyulacağının anonsu sayıla bilərdi. Onun fikrincə, görünən odur ki, 44 günlük savaş dönəmində olduğu kimi, bundan sonra da Türkiyə və Rusiya Qərbin Qarabağ üzərindən Cənubi Qafqaza müdaxiləsinin önünü birgə kəsməkdə qərarlıdırlar və hazırlanan Putin-Ərdoğan görüşündə də əsas uzlaşdırılmış mövqe məhz Qarabağla bağlı olacaq: “Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi məşhur ”Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" kəlamının arxasında da, əslində, bu üçlü razılaşmanın bölgədə gedən geopolitik savaş səbəbindən cəmiyyətə açıqlanmayan detalları yatır. Azərbaycan əmin şəkildə, addım-addım, səbirlə Xankəndini tamamilə Bakının iradəsinə tabe etdirmək istiqamətində irəliləyir və onun bu planına iki qonşusu və müttəfiqi - Rusiya və Türkiyə də dəstək verir. Qərbin hazırda Fransa və Almaniyanın vasitəsi ilə həm rəsmi səviyyədə, həm də beynəlxalq təşkilatlar və informasiya resursları üzərindən daha açıq şəkildə həyata keçirdiyi müdaxilələri isə məhz bu planı pozmağa hesablanıb". E.Şükürlü hesab edir ki, ağıllı və ölkənin maraqlarını düşünən adamlar bunu görür, qiymətləndirirlər, axmaqlar və “intellektual satqınlar” isə özlərini korluğa vuraraq, ən müxtəlif bəhanələrlə, ənənəvi tezisləriylə düşmənin təbliğat maşınının maşası funksiyasını yerinə yetirməkdə davam edirlər.(musavat.com)

Emil SALAMOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam