XİN məhkəməyə verildi: Diplomat qiyamı davam edir
Bir müddət əvvəl Xarici İşlər Nazirliyi tərəfindən daxili nizamnaməni pozmaq, mətbuata xidməti sənədləri göndərmək və ölkənin siyasi rəhbərliyi əleyhinə çağırışlar etmək ittihamıyla təqsirləndirilərək işdən çıxarılan Azərbaycanın Avstraliyadakı səfirliyinin üçüncü katibi Anar Həsənov Xarici İşlər Nazirliyini məhkəməyə verib.
"Xeberinfo.com": Məlumata görə, bu haqda məlumat Anara Həsənovun Strateq.az-ın elektron ünvanına göndərdiyi müraciətdə yer alıb.
Anar Həsənovun məktubunda deyilir: “Bir sıra mətbuat orqanlarında Avstraliyada siyasi sığınacaq almağımla bağlı iddialar təkrar-təkrar dərc olunmaqdadır. Bir daha bildirirəm ki, hazırda Avstraliyada olmağımın səbəbi, əvvəlcədən də məlumat verdiyim kimi, sırf ailə (həyat yoldaşımın ana olmağa hazırlaşması) və maddi (yerli banklara kredit borclarımın olması) səbəblərlə bağlıdır. Ailə vəziyyətimi nəzərə alaraq, Avstraliya hökuməti humanitar əsasda müvəqqəti bu ölkədə qalmağıma icazə vermişdir".
A.Həsənov məktubunda sentyabrın 22-də Xarici İşlər Nazirliyini artıq məhkəməyə verdiyini və onu bu addım atmağa vadar edən səbəbləri də göstərib: "Azərbaycanın Avstraliyadakı səfirliyindəki korrupsiya əməllərini faktlarla üzə çıxarmağım və bunun müqablində XİN rəhbərliyinin həmin faktlara məhəl qoymayaraq, hətta ailə vəziyyətimi nəzərə almadan, mənə qarşı qanunsuz əməllər arxa plana atılaraq, məsələ ətrafında spekulyasiyalar etmək, tam fərqli mövzularla əlaqələndirmək cəhdləri də müşahidə olunur. Əsas diqqət yetirilməli məsələlərdən biri XİN-in dövlətin mənafelərini xarici ölkədə müdafiə edən diplomatı uzaq ölkədə belə bir vəziyyətdə qoymasıdır. Yenə də diqqətinizə çatdırıram ki, səfirlikdəki korrupsiya əməllərinin üstünün açılması, tərərfimdən Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin çağırışına cavab olaraq edilmişdir. Onun bu məsələni araşdırıb lazımi qərar verəcəyinə inamımı da hər zaman ifadə etmişəm. Eyni zamanda, cənab Prezidentin korrupsiya halları barədə ictimaiyyəti dövlət qurumlarını məlumatlandırmağa səsləyən çıxışına cavab olaraq, bunu etməyimin müqabilində haqsızlığa məruz qalmağım və hüquqlarımın pozulmasına cavab olaraq, 22 sentyabr 2015-ci il tarixində Yasamal məhkəməsinə elektron müraciət göndərmişəm. Ümid edirəm ki, məhkəmə şəxsən ərizə ilə müraciət etmək üçün texniki imkanlarımın olmamasını nəzərə alaraq, müraciətimin elektron formada qəbuluna imkan yaradacaq.
Uyğun vaxtda vətənə qayıdıb Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində diplomatiya, dövlət və xalqın adına ləkə gətirən, cənab Prezidentin özünə qarşı hörmətsizlik edən korrupsioner məmurlar tərəfindən pozulmuş hüquqlarımın bərpa olunmasına çalışmaq niyyətindəyəm.”