Diplomatlarımız ardıcıl "üsyan bayrağı" qaldırır
Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov bu ilin iyulunda ölkəyə qayıtmalı olduğu halda Azərbaycana hələ də gəlməyib.
"Xeberinfo.com": Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Anar Həsənov Avstraliyadan artıq siyasi sığınacaq istəyib.
Yada salaq ki, A.Həsənov bir müddət əvvəl Azərbaycan KİV-lərinə məktubla müraciət etmişdi. O, həmin məktubunda Azərbaycan XİN rəhbərliyinin ünvanına təxribatçı və təhqiramiz fikirlər səsləndirmişdi. Bundan əlavə, A.Həsənov həmin müraciətində ölkənin siyasi rəhbərliyinin ünvanına da ittihamlarla çıxış etmişdi.
XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev dünən bu məsələyə qismən aydınlıq gətirərək bildirmişdi ki, A.Həsənov Avstraliyadakı səfirliyin əməkdaşı olaraq fəaliyyəti müddətində “Diplomatik xidmət haqqında” qanun, “XİN haqqında” Əsasnamənin müddəalarını və əmək müqaviləsini kobud şəkildə pozduğuna və ciddi xidməti qüsurlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib və uzunmüddətli ezamiyyətdən geri çağırılıb.
Maraqlıdır ki, bir müddət əvvəl Azərbaycanın Rumıniyadakı səfirliyində çalışdığı müddətdə də Anar Həsənovun xidməti qüsurlara yol verdiyi müəyyən edilmiş, o, uzunmüddətli xidməti ezamiyyətdən vaxtından əvvəl geri çağırılmış və barəsində intizam tədbirləri görülmüşdü.
Virtualaz.org saytı bu gün Anar Həsənovun özü ilə əlaqə yaratmağa çalışıb. Amma Azərbaycanın Avstraliyadakı səfirliyindən bildirdilər ki, A.Həsənovun harada olması onlara məlum deyil.
Səfirliyin əməkdaşı Araz Xasıyev isə A.Həsənovun siyasi sığınacaq verilməsi xahişi ilə Avstraliya hökumətinə müraciət etməsi faktını təsdiqlədi. Keçmiş diplomatın onunla birgə Kanberrada olan həyat yoldaşı da siyasi sığınacaq üçün müraciət edib.
Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan XİN qəribə bir bəyanat yayıb. Bəyanatda cavabdan çox sual var. Belə ki, “Turan”ın məlumatına görə, sənəddə deyilir ki, Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov KİV-ə “təxribat, böhtan və təhqir xarakterli” məktub göndərib.
Təxribatın, böhtanın və təhqirin nədən ibarət olduğu, eyni zamanda bu böhtanın və təhqirin kimə qarşı olduğu bildirilmir.
Daha sonra bəyanatda deyilir ki, “diplomatik xidmət haqqında qanunu, XİN Nizamnaməsinin müddəalarını və əmək müqaviləsini kobud şəkildə pozmasına, fəaliyyət müddəti ərzində yol verdiyi xidməti pozuntulara görə Anar Həsənov Avstaliyadakı səfirliyin əməkdaşı olarkən tutduğu vəzifədən azad edilib və uzunmüddətli ezamiyyətdən geri çağırılıb”.
Daha sonra bildirilir ki, “bir müddət əvvəl” Anar Həsənovun Azəbaycanın Rumıniyadakı səfirliyində işlədiyi müddət ərzində xidməti pozuntulara yol verdiyi aşkar edilib və o, uzunmüddətli xidməti ezamiyyətdən vaxtından əvvəl geri çağırılıb, onun barəsində inzibati tədbirlər görülüb.
Bundan başqa, qeyd edilir ki, Anar Həsənovun “KİV-ə bir sıra sənədlər göndərməsi növbəti ciddi qanun pozuntusu və məsuliyyətsiz davranışdır”.
Bu məlumatdan Həsənovun nə etdiyi, harada olduğu və o, özünü belə pis apararkən XİN-in niyə bu qədər oturub gözlədiyini anlamaq aydın deyil.
Qeyri-rəsmi məlumatlara görə isə, Həsənov Azərbaycan hakimiyyətini və XİN rəhbərliyini nüfuzdan salan faktları yayıb. Onu bu əməllərinə görə cavab verməyə çağırmaq cəhdlərindən sonra Həsənov xaricdən sığınacaq istəyib.
Bu hadisə bir müddət əvvəl İKT-nin Avropa İttifaqındakı keçmiş nümayəndəsi Arif Məmmədovla bağlı qalmaqalı xatırladır. O da “üsyan bayrağını” qaldırdıqdan, Bakının Binəqədi rayonunda yanğın qurbanlarına münasibətdə biganəliyinə görə məmurları sərt formada tənqid etdikdən sonra işdən kənarlaşdırııb, hətta barəsində cinayət işi açılıb.
Xarici işlr naziri Elmar Məmmədyarovun kadrlarının bir-bir “qiyama qalxması” hər halda onun özü üçün də yaxşı gələcək vəd etmir. Təsadüfü deyil i, seçkidən sonra “vurulacaq” nazirlərin siyahısında Məmmədyarovun adı ilk sıralarda çəkilir.