Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Vardanyan getdi, yeni “Vardanyan” olacaqmı? -ŞƏRH

Ekspert: “Kreml yenə də “Qarabağ resepti”ndən istifadə etmək qərarına gəldi və uğursuzluğa düçar oldu”

Yenixeber.org: Moskvalı biznesmen və milyarder Ruben Vardanyan “dövlət naziri” – “Artsax hökumətinin başçısı” vəzifəsindən azad edilib. Müvafiq fərman “respublika prezidenti” Araik Arutyunyanın rəhbərliyi ilə “hökumət”in iclasında elan edilib.

Vardanyanın əvəzinə “hökumət”ə “respublikanın baş prokuroru” Qurgen Nersisyana rəhbərlik etmək təklif edilib.

Vardanyan 2022-ci il sentyabrın əvvəlində Rusiya vətəndaşlığından imtina etdiyini və Dağlıq Qarabağa köçdüyünü bəyan edib. Noyabrın 4-də onun “respublika hökuməti”nə başçılıq etməyə razılıq verdiyi məlum olub.

Onun haqqında nə məlumdur? Bu, “Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi, “Skolkovo” biznes məktəbinin təsisçisidir. 2021-ci ildə Forbes jurnalı onu Rusiyanın 200 ən varlı adamının siyahısına daxil etməklə, sərvətini bir milyard dollar qiymətləndirirdi.

OCCRP 2019-cu ilin mart ayında “Troyka Dialoq”un pulunun gizli şəkildə Rusiyanın ən nüfuzlu adamlarına köçürüldüyü ofşor şirkət sistemi ilə bağlı araşdırma yayımlayıb. 2006-2013-cü illərdə bu şirkətlərin hesabları vasitəsilə 4,5 milyard dollardan çox vəsait köçürülüb.

Bu istefa çoxlu suallar doğurur. Birincisi, moskvalı iş adamına işğaldan tam azad edilməmiş Qarabağda siyasi rol verilməsinin arxasında nə dayanırdı? Kreml onun qarşısına hansı məqsədlər qoyub? Bu oyun necə dağıldı? Moskva niyə geri çəkildi? Və əlbəttə, bundan sonra nə olacaq? Moskva indi Qarabağa uzaq hədəfləri olan başqa bir “naib” oturtmaq fikrindən əl çəkəcəkmi?

Tanınmış analitiklər baş verənlərlə bağlı fikirlərini bizimlə bölüşüblər. 

Hərbi və siyasi elmlər doktoru, gürcü professor Vaxtanq Maisaya deyir ki, Vardanyanın qondarma “DQR” hökumətindən uzaqlaşdırılması diqqətəlayiq faktdır.

“Məsələ ondadır ki, onun “Troyka Dialoq” şirkəti Kremlin güc strukturları klanının biznes strukturudur – bunlar Bortnikov, Patruşev, Seçin, Viktor İvanovdur. Və onun təyinatı Nikolay Patruşevin Cənubi Qafqazda, xüsusən də Azərbaycan və Ermənistanda mövqelərini gücləndirmək istəməsi ilə bağlı idi. Bununla o, Vladimir Putini oğlu Dmitri Patruşevlə əvəzləməyi nəzərdə tutan “xələf layihəsini” daha da inkişaf etdirmək istəyirdi. Bu məsələ Rusiyada hələ də gündəmdədir. Vardanyanın vəzifədən uzaqlaşdırılması isə güc strukturları blokuna zərbədir”, – o deyir.

Professor istisna etmir ki, bu məsələdə Nikol Paşinyan qismən müəyyən rol oynaya bilər. Çünki bu, onun Qarabağ elitasına təsirini bir qədər artıra bilər.

“Düşünürəm ki, bu, Putinin razılığı ilə baş verib və o, bununla da güc strukturlarının ağzının üstündən vurub. Onun Kreml iyerarxiyası daxilində riayət etdiyi öz güc balansı və tarazlıq siyasəti var. Yəni o, güc strukturu qrupuna münasibətdə də gücünü göstərib. Və qismən bu, Putinlə Paşinyan arasında hansısa oyunun təzahürü ola bilər. Ola bilsin, Paşinyan Qarabağın qeyri-qanuni hökumətində “dövlət naziri” vəzifəsinə öz namizədini irəli sürmək istəyir”, – Maisaya deyir.

Vəziyyətin gələcək inkişafına gəlincə, o hesab edir ki, bu, prezident Əliyevlə baş nazir Paşinyan arasında keçiriləcək danışıqların necə gedəcəyindən asılı olacaq. “İndi Qarabağda sonuncunun iştirakı ilə yumşaq “saray çevrilişi” həyata keçirilib. Moskvadakı “qırğılar” klanının göndərəcəyi başqa bir nümayəndə ilə danışmaqdansa, hamı üçün yeni namizədlə danışıqlar aparmaq daha asan olacaq. Düşünürəm ki, baş verənlər müəyyən qədər də Münhen görüşünün nəticəsi idi. Və tezliklə Brüsseldə Əliyevlə Paşinyan arasında növbəti danışıqlar keçiriləcək”, – deyə doktor Maisaya yekunlaşdırıb. 

“Moskvada özlərinin maliyyə sxemləri (kriminal sxemlər olması da mümkündür) ilə bağlı sınanmış oliqarxlarını Qarabağda yerləşdirmək qərarına gələndə, bunu ilk növbədə Ermənistanın özündə vəziyyətdən çıxış yolu kimi görürdülər”. Bunu Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru, politoloq Ərəstun Oruclu bildirib.

“Bu, çox öncəni nəzərdə tutan planlar idi. Lakin Moskva bir çox məsələləri nəzərə almadı. Birincisi, onlar nəzərə almadılar ki, Ermənistanın siyasi həyatında Qarabağ ermənilərinin artıq əvvəlki əhəmiyyəti və nüfuzu yoxdur. Xüsusən də Koçaryan və Sarqsyanın 20 illik hakimiyyətindən sonra. Hətta 2020-ci ilin uğursuz müharibəsindən sonra da Paşinyan hakimiyyətdə qaldı.

Amma Kreml bu dəfə Vardanyan timsalında yenə də “Qarabağ reseptindən” istifadə etmək qərarına gəldi. Vaxtilə Ukraynada Moskvanın adamı olan oliqarx Yanukoviçi, Gürcüstanda milyarder İvanişvilini hakimiyyətə gətirdilər. İndi də Ermənistan üçün eyni ssenari başladılmışdı. Amma eyni zamanda Qarabağın dağlıq hissəsində də Moskvanın məqsədlərinə nail olmaq istəyirdilər.

Amma Kreml onu nəzərə almadı ki, Xankəndidə hakimiyyətdə olan yerli Qarabağ klanları güc və resursları asanlıqla bölüşməyə o qədər də meylli deyillər. Baxmayaraq ki, onlar da Moskvanın adamları sayılırlar. Və qarabağlılar Vardanyanın fəaliyyətini məhdudlaşdırmağa başladılar. Sonda hətta “prezident” Araik Arutyunyan və Vardanyanı Moskvaya çağırsalar da, görünür, razılıq əldə olunmayıb.

Moskva oxşar niyyətlərdən əl çəkibmi? Məncə, yox. Onların arsenalında Kremlin maraqlarına sədaqətlə xidmət edən erməni millətindən olan çoxlu ehtiyat oyunçuları var. Və ola bilər ki, onlardan biri Vardanyanın yerində olsun. Tutaq ki, iki aydan sonra, ya da yarım il sonra. Çünki Moskvanın uzaq planları var, onlar 2-5 il üçün deyil, daha uzun müddət üçün nəzərdə tutulub. Biz xatırlayırıq ki, “sülhməramlılar” Qarabağda peyda olan ilk vaxtlar Rusiyanın həmişəlik burada olacağı barədə tez-tez bəyanatlar verilirdi. Bunu zaman göstərəcək.

Görünür, hələlik Vardanyandan, böyük ehtimalla, müxalifət kimi istifadə edəcəklər. Çünki o, indi inciyib, Qarabağın hakim qruplaşmasına hirslənib. Məsələ ondadır ki, Moskva üçün İrəvanda hakimiyyəti dəyişmək çox vacibdir və hər keçən gün onun əleyhinə işləyir – Paşinyan Rusiya Federasiyası ilə münasibətləri sürətlə dağıdır, eyni zamanda Qərblə münasibətlər qurur. Artıq Ermənistanda Aİ-nin monitorinq missiyası fəaliyyət göstərir.

Amma Moskva hesab edir ki, gələcəkdə Ermənistanın yeni lideri üçün tramplin rolunu oynaya biləcək yeganə meydança Qarabağın Rusiya Federasiyasının tam nəzarətində olan dağlıq hissəsidir. Və bəlkə də Vardanyanı “taxt”a qaytarmaq üçün daha bir cəhd olacaq.

Və burada çox şey Bakıdan və İrəvandan asılıdır – belə bir plan keçəcək, yoxsa tamamilə uğursuz olacaq? Paşinyan öz hakimiyyətinə Qarabağdan gələ biləcək təhlükə istəmir və Bakı da Azərbaycan ərazisində belə layihələrin həyata keçirilməsində maraqlı deyil. Üçüncü tərəf də var – Qarabağ ermənilərinin özləri. Separatçılar üçün də rəqib lazım deyil.

Və bütün bu hallar Moskva tərəfindən nəzərə alınmır. Qəribədir ki, burada üç tərəfin maraqları üst-üstə düşür – Bakı, İrəvan və şərti olaraq götürsək, Xankəndi.

Amma Kreml belə şəraitdə də öz mövqeyindən əl çəkməyəcək. Məsələn, hansısa silahlı qruplaşmalar vasitəsilə vəziyyəti dəyişmək çün cəhdi edə bilərlər. Amma bu da asan deyil.

Moskvanın hər şeyə qadir olduğunu düşünmək lazım deyil. Uğursuzluq hamıda ola bilər. Üstəlik, Ukrayna ilə müharibədəki vəziyyəti də unutmayaq”, – deyə Oruclu yekunlaşdırıb.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam