Yenixeber.org: Ukrayna müharibəsi dünyanın müxtəlif ölkələri arasında çox qəribə və çaşqınlıq doğuran əlaqələri, hətta ittifaqları səthə çıxarıb. Nyu-Yorkun Hamodia portalı bu prosesin ən sonuncu təzahürünü Qafqazda Azərbaycan və İsrailə qarşı birləşən Fransa, İran, Rusiya arasındakı “ünsiyyətin” sıxlaşmasında görür.
2022-ci ilin yayından Ermənistan və Azərbaycanın sərhəd mübahisələri yenidən artıb və ağır silahların tətbiqi ilə silahlı münaqişəyə çevrilib. Ermənistanın əsas silah tədarükçüləri Rusiya və İrandır. Rusiya Ermənistanı digər keçmiş sovet respublikaları kimi öz “bazarı” hesab edərək, ona təsirini saxlamaq istəyir. Eyni zamanda Azərbaycanı Avropaya qaz və neft tədarükü məsələsində ciddi rəqib kimi görür. Bundan başqa, Azərbaycan qonşu Rusiya ərazisindən yan keçməklə Şərqdən Avropa İttifaqına əsas alternativ ticarət yoludur.
İran isə öz növbəsində Ermənistanı Aİ-yə gedən başlıca ticarət yolu kimi görür və Azərbaycanın İsraillə əməkdaşlığını real təhlükə sayır. Bunu İİKK-nın (İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH – ABŞ-da xarici terror təşkilatları siyahısındadır) İranın şimal-qərb bölgəsində Araz çayından keçidi imitasiya edən son hərbi təlimləri də təsdiqləyib. Təlimlərin məqsədini izah edən SEPAH rəhbərliyi həm də onu bildirib ki, İsrail guya Şimali İrandakı etirazları qızışdırmaq üçün Azərbaycandan kəşfiyyat bazası kimi istifadə edir.
İran üzrə erməni ekspert Vardan Voskanyanın fikrincə, İran İnqilab Keşikçiləri Korpusunun təlimləri anti-Azərbaycan xarakterlidir və İranın Şahed 136 döyüş silahlarının (hədəfləri izləmək və məhv etmək üçün nəzərdə tutulmuş pilotsuz sistemlər) imkanlarına əsaslanır. Həmin silahlar bu yaxınlarda Rusiya ordusuna verilmiş və Ukraynada dinc mülki mərkəzlərdə infrastrukturun məhv edilməsi üçün istifadə olunmuşdur.
Fransaya gəlincə, noyabrın 15-də bu ölkənin Senatında “Ermənistana qarşı cinayətlər və əsassız təcavüz”ə görə Azərbaycan əleyhinə sanksiyaların tətbiqinə dair səsvermə keçirilib. Belə sanksiyalara Azərbaycandan neft və qaz embarqosu da daxildir. Erməni lobbisinin təsirinə məruz qalan Fransa Senatının üzvləri Avropa Birliyinin qalan hissəsini də Azərbaycandan neft və qaz ixracını dayandırmağa sövq edəcəklərinə ümid bəsləyirlər. Onlar Ermənistana ağır silahlar verilməsini istəyirlər.
Bu sanksiyalardan və silah tədarükündən kimlər faydalanacaq? Amerikanın xəbər saytı hesab edir ki, ilk növbədə Rusiya, çünki Azərbaycan enerji sektorunda Avropada onun əsas rəqibidir.
Amma İran da İsrailin müttəfiqinin zəifləməsindən və Ermənistana müasir fransız silahlarının verilməsindən böyük fayda görəcək.
Tərs mühəndisliyi geniş şəkildə tətbiq edən İran silah istehsalçıları Ermənistanla əlaqələrindən istifadə edərək, həmin fransız silahlarından öz məhsullarını modernləşdirmək və təkmilləşdirmək üçün istifadə edə biləcəklər. Sonra isə Yaxın Şərqdə sabitliyi pozmaq üçün bir sıra terror təşkilatlarını daha yaxşı təchiz edəcəklər. Tanınmış israilli ekspert Ron Ben Yishai artıq xəbərdarlıq edib ki, yuxarıda göstərilən yolla modernləşdirilmiş İran silahlarının Rusiya tərəfindən Ukraynada istifadə edilməsi hazırda İranın müharibəni qızışdırmaq siyasətinə qarşı çıxan bütün güclər, o cümlədən İsrail üçün istər-istəməz daha ciddi təhlükəyə çevriləcək. Yəni, Ermənistana dəstək nümayiş etdirən Fransa əslində İran və Rusiyanın əlinə oynayır.
Fransa niyə İran və Rusiya ilə birləşsin? Ermənilərin dünyaya səpələnməsi səbəbindən Ermənistanın Avropada, xüsusən Fransada əhəmiyyətli təsirə malik güclü lobbisi var. Sual yaranır: bəs niyə Fransa erməniləri Rusiya və İranın xeyrinə olan həll variantları üzərində israr edirlər? Bəlkə, ruslar onlara da təsir edirlər?
Qonşu Almaniyada xüsusi xidmət orqanları rusiyayönlü qüvvələrin əl-qolunu kəsir. Hətta kibertəhlükəsizlik departamentinin rəhbərini də onun Rusiya ilə əlaqəsinin mümkünlüyü barədə xəbər yayılandan sonra işdən çıxardılar. Fransada da eyni prosesi başlamağa ehtiyac varmı?
Fransız siyasətçilərinin və Parisdəki erməni lobbisinin məqsədləri nə olursa olsun, onların hərəkətləri digər Qərb dövlətləri, İsrail və hətta Fars körfəzinin neftlə zəngin ölkələri üçün birbaşa təhlükə yaradır. Ərəb ölkələri yəhudi dövləti ilə “İbrahim sazişi” imzalayıblar və Tehran tərəfindən düşmən kimi qəbul edilirlər. İran silahları “Ənsar Allah” qrupu tərəfindən Yəməndə Səudiyyə hədəflərinə qarşı artıq istifadə edilib.
Doğrudanmı, Fransa, İran və Rusiya arasında Azərbaycan və İsrailə qarşı hansısa müttəfiqlikdən danışmaq olar? Bu müttəfiqliyin cizgiləri tam aydın şəkildə özünü büruzə verirmi? Əgər belədirsə, üçtərəfli ittifaqın son hədəfləri nədən ibarətdir? Azərbaycanın Qarabağı bütünlüklə qaytarmasına imkan verməmək və İsrailin Qafqazda təsirini zəiflətmək?
Yaxın Şərq Araşdırmaları Mərkəzinin (Ukrayna) direktor müavini Sergey Danilov Azərbaycan və İsrailə qarşı Fransa-Rusiya-İran ittifaqının formalaşması barədə fikir yürütməyə hələlik əsas görmür:
“Həqiqətən də Fransanın Ermənistana münasibəti digər Qərb ölkələrindən kəskin şəkildə fərqlənir. Parisdəki erməni lobbisi Fransanın nüfuzlu hərbi sənaye kompleksini yeni sifarişlərlə şirnikləndirir, yaşadıqları ölkəni Cənubi Qafqazda avantüraya sürükləmək istəyir. Lakin bir lobbi qrupunun imkanları nə qədər geniş olsa da, hadisələrin məntiqi Fransanı başqa, daha ölçülü-biçili siyasət yürütməyə sövq edəcək.
Rusiya hakimiyyətinin “toksikliyi” və İran rejiminin qeyri-müəyyən gələcəyi onlarla siyasi birliyi və təhlükəsizlik sahəsində dərin əməkdaşlığını qeyri-mümkün edir. Və təbii ki, Paris üçün Səudiyyə Ərəbistanına silahların satılması üzrə böyük müqavilələr Ermənistanla riskli əməkdaşlıqdan daha vacibdir”.(pressklub)
Rauf Orucov