Mikayıl Cabbarov rektoru hədəfə götürdü
"xeberinfo.com": Diqqətli oxucularımıza da məlumdur ki, biz ötən günlərdə Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialında baş verən saxta diplomların verilməsi ilə bağlı yazılar dərc etmişdik.
İndi isə baş verən olayda ortaya çıxan maraqlı fakları dəyərli oxucarımızın diqqətinə çatdırırıq. Saxta diplomlarla bağlı məsələ hər zaman mətbuatın diqqət mərkəzində olub. Ölkədə saxta diplomların satışıyla məşğul olan və bu işdən kifayət qədər böyük məbləğlər qazanan xüsusi şəbəkənin mövcudluğu haqda səslənən ehtimallar isə doğrulmaqdadır. Hər halda Azərbaycan Müəllimlər İnstitutunun filialları tərəfindən müxtəlif zamanlarda verilmiş saxta diplomların aşkarlanması və bu məsələylə bağlı Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırmalara başlanması da bunu bir daha təsdiqlədi.
Baş verənlər isə belə düşünməyə əsas verir ki, daha bir millət vəkilinin həbs təhlükəsi realdır. Bu Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanidir. Belə ki, bu günlərdə İnstitutun Gəncə filialında aşkarlanan saxta diplomların hər birində institutun rektoru, millət vəkili Aqiyə Naxçıvanlının adının olması onun üçün heç də xoş olmayan perspektiv vəd edir. Hətta proses kifayət qədər geniş miqyaslı olduğundan həbs dalğasının böyüyəcəyini də proqnozlaşdırmaq olar. Elə baş verənlərlə bağlı Aqiyə Naxçıvaninin ötən gün verdiyi açıqlamada onun bu işdə tək olmadığına eyham vurması belə düşünməyə əsas verir.
"Etiraf edirəm ki, bu mənim imzamdır..."
Aqiyə Naxçıvanlı məsələyə münasibət bildirərkən aşağıdakıları deyib: "Buyurun, mən sizə sənəd göstərim və bu sənədlə onu sizə sübut edə bilim. Bax, görürsünüz diplom iki hissədən ibarətdir. Bu hissədə yalnız komisiyanın sədri, Aqiyə Naxçıvanlının imzası və möhürü var. Bu hissəni o təşkilatlar skaynerdən çıxarır olduğu kimi. Unudurlar, bu seriyanı, bu diplomu tapmaq olar, bu hissəni belə yazıb kartona yapışdırıb camaata paylayırlar. Heç ekspertizaya getməmişdən deyərəm ki, bu mənim imzamdır. Amma seriyanı yoxladanda görürəm ki, buranı yazan başqa adamdır".
Aqiyə Naxçıvanlı etiraf edib ki, uzun illərdir ki, institutun filiallarında bu tipli saxtakarlıqlara yol verilməsindən xəbərdar olub və buna görə də dəfələrlə daxili yoxlamalar aparıb. Məhz bu saxtakarlığın qarşısını almaq üçün özü Təhsil Nazirliyinə müraciət edibmiş. Aqiyə xanım hesab edir ki, saxta diplomların verilməsində elə Təhsil Nazirliyinin vəzifəli şəxslərinin əli olub. O sənədlər sübut edir ki, filiallara saxta köçürmələri məhz nazirlik edib. Məsələn, keçmiş nazir Misir Mərdanovun 8 nəfərin köçürülməsinə verdiyi əmrə sonradan qoşma sənədlərlə daha 88 nəfər əlavə edilib. İndi də yeni nazir Mikayıl Cabbarov strukturu təmizləməklə məşğuldur.
Rektor Misir Mərdanovu da cəncələ salacaq...
Rektorun "saxta diplomların verilməsində elə Təhsil Nazirliyinin vəzifəli şəxslərinin əli olub" sözlərinin ardınca "Mikayıl Cabbarov strukturu təmizləməklə məşğuldur" ifadəsini işlətməsi isə təsadüfi sayılmamalıdır. Bu hər şeydən öncə rektor-millət vəkilinin özünüqoruma instinktidir, eyni zamanda açıq şəkildə eyham vurur ki, o bu cinayətdə tək olmayıb. Doğurdan da hansısa rektorun, o hətta deputat olmuş olsa belə, müstəqil şəkildə saxta diplom alveriylə məşğul olması mümkün deyil. Həm də ən azından ona görə ki, bütün diplomlar Təhsil Nazirliyində təsdiqlənməlidir. Demək, bu cinayətkar şəbəkənin bir uzantısı da elə Təhsil nazirliyinə qədər uzanır. Yaxşı, bəs kimdir onlar? Aqiyə xanım bununla bağlı heç bir əlavə açıqlama verməyib, bununla belə şübhələrin sabiq təhsil naziri Misir Mərdanova yönəldiyini görməmək mümkün deyil. Elə bu baxımdan Misir Mərdanovun da istintaqa cəlb olunacağını ehtimal etmək olar. Eyni zamanda Təhsil Nazirliyinin daha bir neçə məsul vəzifəli şəxsləri də bu qalmaqalın güdazına gedə bilər. Bunlar aydındır, amma hələ də aydın olmayan bəzi məqamlar var ki, onlara da işıq salmağın vaxtı çatıb...
Rektorun "filiallarda saxtakarlıqların olduğundan xəbərdar idim" sözlərini necə anlayaq?
Aqiyə Naxçıvanlının yuxarıda təqdim etdiyimiz açıqlamasında kifayət qədər ziddiyyətli məqamlar var. Onlardan biri isə rəhbərlik etdiyi ali təhsil ocağının filiallarında baş verən qanunsuzluq və saxtakarlıqlardan xəbərdar olmasını etiraf etməsidir. O, bildirib ki, uzun illərdir ki, institutun filiallarında bu tipli saxtakarlıqlara yol verilməsindən xəbərdar olub və buna görə də dəfələrlə daxili yoxlamalar aparıb. Məhz bu saxtakarlığın qarşısını almaq üçün özü Təhsil Nazirliyinə müraciət edibmiş.
Hesab edirik ki, rektorun son cümlələri ümumiyyətlə inandırıcı sayıla bilməz. Əvvəla, cinayəti bilib xəbərdar etməməyin özünün də Cinayət Məcəlləsində xüsusi maddə təşkil etdiyini xatırlatmaqla bəzi qeydlərimizi etmək istərdik. Gəlin, bir anlıq Aqiyə xanımın səmimiyyətinə inanaq. Tutaq ki, o doğrudan da filiallardakı qanunsuzluqlarla bağlı Təhsil nazirliyini məlumatlandırıb və nazirlik də heç bir tədbir görməyib. Bəs sonra? Axı, Aqiyə xanım bunun ardınca dərhal hüquq-mühafizə orqanlarına müraciət etməliydi. Edibmi? Yox!
Hesab edirik ki, açıqlamadakı özünümüdafiəyə hesablanmış bu və digər bu kimi "zəif nöqtələr" rektorun işini bir qədər də qəlizləşdirə bilər.
Rektor doğurdanmı filial rəhbərlərindən rüşvət almayıb?
Aqiyə xanımla bağlı irəli sürülən ciddi ittihamlardan biri isə onun filial direktorlarından küllü miqdarda rüşvət almasıyla bağlıdır. Bunu isə heç kəs yox, elə filialların rəhbərləri iddia edir. Xatırladaq ki, institutun 4 filialı ləğv olunur. Bunlar Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarıdır. Filialların bağlanması həmin təhsil ocaqlarında maddi texniki təçizat bazasının yetərli olmaması ilə izah edilir. Ləğv prosesi ilə yanaşı, həm də işdən çıxarılmalar da var. İşdən çıxarılanlar isə bu vəzifəyə təyinat almaq üçün Aqiyə Naxçıvanlıya rüşvət verdiklərini iddia ediblər.
Rektor əleyhinə səsləndirilən həmin ittihamlarla bağlı da danışıb: "Salyan filialının rəhbəri deyir ki, mən 200 min manat verib bu posta gəlmişəm. Onda sual verirəm: Bir filial direktorunun, özü də həyat yoldaşı olmayan qadının pulu hardandır? Hardan yığıb o pulu? Və o, gözəl bilirdi ki, ora müvəqqəti gedib. O pulu nə üçün verirdi, alan adam da bilirdisə, o çıxarılasıdır, niyə alırdı? Mən bu şantajlarla 8 ildə çox rastlaşmışam. İndi də Mingəçevir filialı bu şantajları edir".
Etiraf edək ki, Aqiyə xanımın əks arqumentləri kifayət qədər zəifdir və onun bu açıqlamaları rüşvət iddialarının inandırıcılığını bir qədər də artırır. Amma hər halda bunu aydınlaşdırmaq hüquq mühafizə orqanlarının işi olduğundan prosesi qabaqlamaq istəməzdik.
Sonda xatırladaq ki, sözügedən məsələylə bağlı Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 2 maddə - vəzifə saxtakarlığı və vəzifəsindən sui-istifadə maddələri ilə cinayət işi açılıb.