Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Prezidentin İtaliyaya səfərinin pərdəarxası

 

 “Qazprom” şirkəti qaz kəmərinin ilk qolunun inşasına dair müqaviləni ləğv etdi, Türkiyədən “ Rusiya ilə hər hansı bir nəticə əldə olunmayıb” bəyanatı verildi; Kreml bu məğlubiyyətdən çox qəzəblənəcək və Qarabağda vəziyyəti daha da gərginləşdirə bilər; Azərbaycan prezidenti TAP-ın strateji ölkəsinə niyə gedib? 

"Xeberinfo.com":   Avropanın qaz bazarı uğrunda Rusiya ilə Qərb arasında gedən mübarizənin getdikcə açıq qarşıdurmaya, bu layihələrdə iştirak etmək istəyən ölkələrin hökumətləri üçün isə ciddi problemə çevriləcəyi barədə proqnozlar tam doğruldu. Azərbaycanın da iştirakçısı olduğu Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) qarşı Rusiyanın “Türk axını” layihəsini reallaşdırmaq istəyi son aylar bu gərginliyi nəzərəçarpacaq həddə artırmışdı. 

 
Qərb “Cənub axını” layihəsini Bolqarıstanın imtinası ilə nöqtələdikdən sonra Rusiya ötən il dekabrın 1-də Vladimir Putinin Ankaraya səfərində “Türk axını” layihəsini elan etmişdi. “Türk axını” ildə 63 milyard kubmetr Rusiya qazının Türkiyə vasitəsilə Yunanıstan sərhədinə çıxarılmasını nəzərdə tuturdu. 
 
Yunanlar indi “Türk axını”nın hayında deyil, Serbiya “gözüçıxmış” qardaşından dərs götürdü  
Yunanıstanın Avropa Birliyi ilə gərgin münasibətləri səbəbindən üzünü “Türk axını”na tutması və Rusiyaya dəstəyi xüsusilə ABŞ-ı ciddi narahat edirdi. Balkanlarda Makedoniyanın və Serbiyanın da Putinin projesinə qoşulmaqla bağlı mesajlarından sonra Qərb qəti hərəkətə keçdi. ABŞ bu ölkədəki səfirlikləri vasitəsilə  hökumət rəhbərlərini “Türk axını”na deyil, TAP-a  dəstək olmağa çağırdı. Vaşinqton TAP layihəsini ləngidən, Rusiyanın “Türk axını” layihəsinə qoşulmağa qərarlı olan Afinaya mayda xüsusi elçisini göndərdi. ABŞ Dövlət Departamentinin enerji resursları bürosunun xüsusi nümayəndəsi Amos Hoxşteyn Afinada Yunanıstanın energetika və təbii ehtiyatlar naziri Panaiyotis Lafazanislə danışıqlar apardı. Danışıqlardan sonra amerikalı diplomat açıq bildirdi ki, ABŞ Yunanıstanı “Türk axını” layihəsindən imtina etməyə çağırıb. Diplomat bunun əvəzində Yunanıstana Azərbaycan qazını Avropaya nəql edəcək TAP kəməri layihəsini dəstəkləməyi təklif edib. Diplomat demişdi ki, “Türk axını” iqtisadi əsası olan layihə deyil və açıq-aşkar siyasi mahiyyət kəsb edir. 
 
Yunanıstan isə Kremlin vəd  etdiyi güzəştlərə və kreditə arxayın olaraq ABŞ-ın, eləcə də Avropa Birliyinin  xəbərdarlıqlarını qulaqardına vurdu. Yunanıstanın dikbaş hökuməti indi uçurumun bir addımlığındadır və “Türk axını” heç yadına belə düşmür. 
Makedoniyanın baş naziri Nikola Qruevski isə ölkəsində Amerikaya yaxın olan müxalifətin başladığı aksiyalardan sonra “Türk axını” ilə bağlı qərarlılığını arxa plana keçirdi. Serbiya prezidenti Tomislav Nikoliç isə “gözüçıxmış qardaşlar”dan nəticə çıxararaq Moskvada 9 may paradında dediklərini təkzib etdi. T.Nikoliç  “Avropa İttifaqı ”Cənub axını" kəmərinin Bolqarıstan ərazisindən keçməsinə mane oldusa, “Türk axını” kəmərinin digər Avropa ölkələrinin, o cümlədən Yunanıstanın ərazisindən keçməsinə necə imkan verəcək? Deməli, burada bir çox qaranlıq nüanslar var. Ona görə də gözləyək görək necə olacaq" deyərək, prosesdən çəkildiklərinə açıq mesaj verdi. 
  
Avropa Oyunlarının açılışında iştirak etmək üçün Bakıya gələn Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı bir neçə saatlıq qapalı görüşdən sonra verilən sönük açıqlamalar “Türk axını”nın perspektivini ciddi şübhə altına aldı. Son üç gündə Moskvadan və Ankaradan gələn xəbərlər Qərbin Putinin böyük ümid bəslədiyi “Türk axını” layihəsini dayandırdığı qənaətini yaradır. 

Rusiya da “yox” dedi, Türkiyə də ...
Əvvəlcə məlum olub ki,  “Qazprom” şirkəti İtaliyanın “Saipem”  şirkəti ilə “Türk axını” dəniz qaz kəmərinin ilk qolunun inşasına dair müqaviləni ləğv edir.  TASS-ın bu barədə yaydığı xəbərində deyilir ki, bu qərara səbəb  “Türk axını” layihəsinin həyata keçirilməsi istiqamətində bir çox iş və kommersiya məsələləri üzrə razılığın əldə edilməməsidir. “Qazprom” “Türk axını”nın ilk qolunun inşasını 2016-cı ilin sonunda başa çatdırmağı planlaşdırırdı. 
 “”Türk axını" ilə bağlı hələlik hər hansı bir nəticə əldə olunmayıb". Bu sözləri isə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib. Nazir deyib ki, hələlik  layihədə hər hansı bir nəticə əldə olunmayıb və bəzi məqamlar tamamilə aradan qaldırılmayıb. “Amma biz buna ümidliyik”  deyə, Taner Yıldız vurğulayıb.
“Bloomberg” agentliyi də  “Qazprom” və Türkiyənin “BOTAŞ” şirkətləri arasında qazın qiyməti mövzusunda 6 aydır davam edən müzakirələrdən nəticə əldə olunmadığını xəbər verib. “Bloomberg”dən verilən məlumata əsasən, qazın qiyməti ilə bağlı aparılan müzakirələr zamanı tərəflər arasında yaranan anlaşılmazlıq səbəbindən “Türk axını” layihəsi imzalanmasının ən azı oktyabr ayına qədər təxirə salınıb.
 
Qeyd edək ki, “Türk axını” layihə üzrə ilk qaz nəqlinin 2016-cı ilin dekabrında həyata keçirilməsi planlaşdırılırdı. Amma indidən aydındır ki, əgər hər hansı razılaşma olsa belə, ilk qaz nəqlinin gələn ilin dekabrına nəqli qeyri-mümkündür. 
 
“Türk axını”nın faktiki durdurulması diqqəti bu il martın 17-də Türkiyənin Qars vilayətində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Giorgi Marqvelaşvilininiştirakı ilə TAP-ın davamı kimi nəzərdə tutulmuş TANAP-a  yönəldir. Azərbaycanı Avropa üçün əhəmiyyətli qaz ixracatçısına çevirəcək bu layihə 7 milyard ABŞ dollarına başa gələcək. Layihənin ilk mərhələsi 2018-ci ildə yekunlaşacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti 16 milyard kubmetrə, 2023-cü ildə 24 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq.  Onu da deyək ki, ilk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr “Şahdəniz” qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. TANAP çərçivəsində Türkiyəyə ilk qazın nəqlinə 2018-ci ildə başlanması planlaşdırılır. 1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən TAP-a  bağlanaraq, Cənubi Qafqaz boru xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq. 
 
Prezidentin səfəri və Kremlin qəzəbi...
Rusiya Azərbaycan qazının Avropa bazarına çıxışını əngəlləməyə çalışır. “Türk axını”nın faktiki dondurulmasından sonra Rusiyanın aqressiyasının artacağı gözləniləndir. Mümkündür ki, Kreml Qərbdən acığını çıxmaq üçün TAP-da iştirakçı dövlətləri, ən asası Azərbaycanı müxtəlif vasitələrlə təhdid etsin. Hətta acıqlı Rusiya Qarabağda cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək istəyə də bilər. 
Qeyd edək ki, Respublika günü ilə bağlı  keçirilən tədbirdə  prezident İlham Əliyev də ilk dəfə TAP layihəsinin həyata keçirilməsində problem yarandığına işarə edib. “Ümid edirəm ki, TAP qarşısında hər hansı süni maneə meydana çıxmayacaq, ancaq belə əngəllər meydana çıxsa, əlbəttə ki, bundan udan tərəf olmayacaq” deyə, prezident xəbərdarlıq da etdi. 
“Türk axını”nın qaranlıq taleyinin müzakirə edildiyi bir vaxtda Azərbaycan rəhbərinin İtaliyaya işgüzar səfəri diqqət çəkir. 
Məlumdur ki, İtaliya TAP layihəsinə ciddi önəm verən ölkələrdəndir.  İtaliyada boru kəmərinin quru hissəsinin tikintisi üzrə ilkin seçim mərhələsi artıq elan edilib. Terminal İtaliyanın “Snam Rete Gas” qaz nəqli şəbəkəsinə qoşulacaq.
 
 
İtaliya TAP-ın təqdim etdiyi ekoloji layihə haqqında sənədi də artıq imzalayıb. Bu o deməkdir ki, rəsmi Roma TAP-ın reallaşmasına ciddi maraq göstərməklə yanaşı, artıq bu planın gerçəkləşməsi üçün ilkin addımları atıb. Böyük ehtimalla prezidentin İtaliya rəsmiləri ilə görüşündə əsas müzakirə mövzusu TAP-la bağlı olacaq. 
 
Maraqlıdır ki, energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə iyunun 8-dəki görüşündə “Türk axını” və TAP-la bağlı danışıb.  N.Əliyev  deyib ki,TAP-ın  reallaşdırılması istiqamətində işlər qrafikə uyğun aparılır. Nazir TAP ətrafında müşahidə olunan problemlərdən də söz açaraq ABŞ-ın bu məsələdə mövqeyini yüksək qiymətləndirib: “BTC nümunəsi də təsdiqləyir ki, iri enerji layihələrinin həyata keçirilməsi üçün siyasi dəstək çox vacibdir. TAP-ın reallaşması üçün də belə dəstək mühüm əhəmiyyət kəsb edir”.
ABŞ səfiri R.Sekuta isə bildirib ki, rəsmi Vaşinqton qazın hasilatı və nəqlində Azərbaycana köməyini bundan sonra da davam etdirəcək.
 “Türk axını” ilə bağlı vəziyyət Qərblə Rusiya arasında gərginliyi daha da artıracaq ki, bu Azərbaycana da təsirsiz ötüşməyəcək...
“Yeni Müsavat” 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam