AĞIR İTKİLƏR VERƏN RUS ORDUSU MÜDAFİƏYƏ ÇƏKİLDİ -Məhv edilən rus hərbiçilərinin və texnikasının sayı açıqlandı + VİDEO
Rusiyanın Ukraynaya hərbi təcavüzünün 20-ci günündə döyüş əməliyyatlarının intensivliyinin xeyli aşağı düşdüyü müşahidə olunur. Hazırda Rusiya ordusu əsasən müdafiə mövqeyinə keçib və itkilərin yerini doldurmaq üçün əlavə qüvvələr səfərbər edir, bununla belə Ukrayna şəhərlərinə, o cümlədən paytaxt Kiyevə raket-bomba zərbələri endirməkdə davam edir.
Yenixeber.org: Ukrayna ordusunun “Şərq” əməliyyat komandanlığı bildirir ki, ötən gün Donbassda Rusiya qüvvələri böyük sayda texnika və canlı qüvvənin köməyi ilə hücuma keçiblər. Hücumun məqsədi Slavyansk şəhəri istiqamətindən Mariupolu və Kramatorsk şəhərini mühasirəyə almaq idi. Lakin döyüşlər zamanı Rusiya qüvvələri 100 nəfərə qədər canlı qüvvə, iki tank, üç BMP və BTR itirərək geri çəkiliblər.
Eyni zamanda Volnovaxa yaşayış məntəqəsi (Rusiya ordusu 100 min nəfər əhalisi olan bu şəhəri artıq yer üzündən silib) istiqamətindən hücum cəhdi olub, həmin istiqamətdə Rusiya ordusunun 4 BMP-si və bir bölük piyadası məhv edilib. Habelə Ukrayna aviasiyası və artilleriya gün ərzində Rusiya ordusunun cəmləşmə rayonlarına və texnikasına zərbələr endiriblər, 12 vahiddən çox avtomobil texnikası məhv edilib və ruslar darmadağın edilərək geri çəkiliblər.
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı onu da bildirir ki, hərbi təcavüzün 20-ci günündə Rusiya ordusu hücum istiqamətlərinin heç birində əhəmiyyətli üstünlük əldə edə bilməyib. Döyüş əməliyyatlarının xarakterində ciddi dəyişiklik baş verməyib və Rusiya ordusu tutduğu hüdudlarda qüvvələri cəmləşdirməkdə davam edir..
***
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.
Bildirilib ki, indiyədək 13 500-dən çox hərbçi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 81 təyyarə, 95 helikopter, 404 tank, 1 279 zirehli döyüş maşını, 150 artilleriya qurğusu, 33 hava hücumundan müdafiə sistemi, 64 reaktiv yaylım atəş sistemi, 60 yanacaq çəni, 3 gəmi və kater, 640 avtomobil texnikası, 36 hava hücumundan müdafiə sistemi məhv edilib.
Qeyd edək ki, bu gün Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin 20-ci günüdür.
Kiyevdə Rusiya ordusunun atəşə tutması nəticəsində isə daha bir çoxmərtəbəli yaşayış binası dağıdılıb.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində binanın 1-ci mərtəbəsindən 5-ci mərtəbəsinə qədər yanğın baş verib. Yerli vaxtla saat 06:46-da yanğın lokallaşdırılıb. İlkin məlumatlara görə, bir nəfər xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, dünən də Ukrayna paytaxtında yaşayış binası artilleriya atəşinə tutulmuşdu.
***
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ölkədəki son durumla bağlı operativ məlumat yayıb.
Məlumatda bildirilib ki, müdafiə qüvvələrinin vəziyyətində, mövqeyində və hərəkət xarakterində əhəmiyyətli dəyişiklik olmayıb, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna və onların arxa infrastrukturuna sarsıdıcı zərbələr endirir.
“Ukrayna Hərbi Hava Qüvvələri son sutkada Rusiyanın dörd helikopterini, bir təyyarəsini və bir raket kompleksini məhv edib”, - Baş Qərargahdan qeyd olunub.
Rəsmi informasiyaya görə, Rusiya qüvvələrinin hücumda iştirak edən qruplaşmaları hərəkət istiqamətlərinin heç bir sahəsində əhəmiyyətli uğur əldə edə bilməyib. Belə ki, onların əsas səyləri hələ də zəbt edilmiş sərhəd ərazilərinin qorunub saxlanılmasına yönəlib.
Məlumata görə, Rusiya Silahlı Qüvvələri mühüm infrastruktur obyektlərinə raket və bomba zərbələri endirməkdə davam edir. Yaralı Rusiya hərbçiləri ələ keçirdikləri ərazilərdəki tibbi müəssisələrin xidmətindən istifadə edir.
Həmçinin vurğulanıb ki, Rusiya ordusu mülki infrastrukturun yerləşdiyi ərazilərə öz hərbi texnikasını yerləşdirir və oradan atəş açır:
“Qarşı tərəfin mənəvi-psixoloji vəziyyəti düşkün olaraq qalır ki, bu da Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin komandanlığın əmrlərini yerinə yetirməkdən imtina etməsinə səbəb olur”.
Qeyd olunub ki, Rusiya Mariupolu ələ keçirməyə çalışır: “Ukrayna hərbçiləri işğalçıların hücumlarını uğurla dəf edib. Həmin istiqamətdə düşmənin ümumi itkiləri 150-yə yaxın hərbi qulluqçu, 2 tank, 7 piyada döyüş maşını və bir zirehli transportyor olub. İtkilərdən sonra işğalçılar hücumu dayandırıb geri çəkiliblər.
Artilleriya və aviasiya Rusiya Silahlı Qüvvələrinin irəli istiqamətlərdə cəmləşdirilmiş hərbi karvanını sıradan çıxarıb. Mövcud məlumata görə, artilleriya atəşi nəticəsində 12 maşın məhv edilib.
336-cı Əlahiddə Dəniz Briqadasının və 11-ci Əlahiddə Hücum Briqadasının tabor taktiki qrupları da zərər çəkib.
Qara dəniz və Azov əməliyyat zonalarında desant əməliyyatına hazırlıq əlamətləri aşkarlanmayıb”.
Bu gün Rusiya ordusu “İsgəndər” raket kompleksləri ilə Xarkova hücum edib”.
APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının sədri Oleq Sinegubov məlumat verib.
"Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu şəhərə buraxmır və bölgədə əks-hücum əməliyyatları aparır. Onlar Xarkovun yaşayış məntəqələrinə zərbələr endirməkdə, tarixi yerləri məhv etməkdə davam edir”,-deyə Oleq Sinegubov bildirib.
Ukraynanın Çerniqov şəhərinin Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində isə 10 nəfər həlak olub. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
“2022-ci il martın 14-də işğalçılar Çerniqov şəhərinin yaşayış binalarını və infrastrukturunu növbəti dəfə atəşə tutub. İlkin məlumata görə, atışma nəticəsində 10 nəfər həlak olub”, - xəbərdə deyilir.
Faktla bağlı Çerniqov Vilayət Prokurorluğu tərəfindən qəsdən adam öldürmə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi), müharibə qanunlarının və qaydalarının pozulması faktı üzrə ibtidai istintaq başlayıb.
Rusiya Ukraynaya qarşı müharibəni fevralın 24-də başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib ki, Rusiya ilə sülh sazişi azı bir və ya iki həftə ərzində, ən geci isə mayda bağlana bilər.
Bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.
“Hazırda vəziyyət pisdir, indi və ya bir-iki həftə ərzində tez bir zamanda qoşunların çıxarılması ilə sülh razılaşması olacaq, qalan hər şeylə yaxın gələcəkdə razılaşacağıq – bir və ya iki həftə və ya mayın sonunadək ola bilər, növbəti raunddan sonra”, - O.Arestoviç bildirib.
Qeyd edək ki, martın 14-də Rusiya və Ukrayna arasında onlayn danışıqların dördüncü raundu başlayıb. Lakin sonra Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya ilə danışıqlarda martın 15-dək texniki fasilə verildiyini bildirib.
Artıq Rusiya və Ukrayna tərəfləri arasında danışıqların üç raundu keçirilib. Son görüşdən sonra Ukrayna tərəfi bəyan edib ki, humanitar dəhlizlər məsələsində müsbət irəliləyişlər var, lakin hələlik Ukraynada vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq heç bir nəticə yoxdur. Öz növbəsində Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqların növbəti raundundan gözləntilərin özünü doğrultmadığını qeyd edib.
Qeyd edək ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.
2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.
2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan Donetsk və Luqansk “respublika”larını tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması adıyla ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb.
Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərlərini işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.
Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.
Xatırladaq ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.