Tehranın Azadlıq qülləsində Çin bayrağının işıqlandırılması etirazlara səbəb olub.
Yenixeber.org: İran mətbuatı xəbər verir ki, ötən gün axşam İran Çində yeni ilin gəlişi münasibətilə bu ölkəyə “jest” edilərək, Tehranın Azadlıq qülləsinin üzərində Çin və İran bayraqları işıqlandırılıb.
Eyni zamanda Azadlıq meydanında quraşdırılmış səs gücləndiricilərdən çin və fars dillərində Çin musiqisi sədaları ilə şüarlar səsləndirilib.
Qüllənin işıqlandırılması mərasimində Çinin Tehrandakı səfiri Çanq Hua və İran-Çin Dostluq Birliyinin rəisi Əlaəddin Borucerdi də iştirak ediblər. Çin səfiri etdiyi çıxışda artıq iki ölkə arasında 25 illik əməkdaşlıq anlaşmasının icrasının başlandığını deyib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın “Twitter”də paylaşımı etirazlarla qarşılanıb. O, Azadlıq qülləsinin işıqlandırılmış fotosunu paylaşaraq çin dilində Çin hökumətini və xalqını təbrik edib, eləcə də 25 illik əməkdaşlıq müqaviləsini var gücləri ilə icra edəcəklərini deyib.
Bütün bunlar ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri tənqidi rəylər yazaraq etirazlarını bildiriblər.
Qeyd edək ki, İran xalqı bu ölkənin siyasətçilərinin Rusiya və Çinə meyilli siyasətini tənqid edirlər. Onlar Çinlə imzalanmış 25 illik, Rusiya ilə isə imzalanması nəzərdə tutulan 20 illik əməkdaşlıq müqavilələrini İranın bu ölkələrin müstəmləkəsinə çevrilməsi kimi dəyərləndirirlər.