“RUSİYANIN QAZAXISTANLA BAĞLI ÖZ PLANLARI VAR...” -“Tokayev etirazlardan Nazarbayevə qarşı istifadə etdi, Nazarbayev klanı da...”
Sülhəddin Əkbər: “Moskva Tokayevin yerinə özünə tam bağlı olan şəxsi gətirməyə çalışacaq”
Yenixeber.org: “Qısa müddətə sabitlik yarada bilərlər, amma Qazaxıstan artıq dərin dəyişikliklər dövrünə daxil olub”
Qazaxıstanda yanvarın 2-də sosial tələblərlə başlayan kiçik etirazlar sonradan böyük mitinqlərə, qarşıdurmalara çevrilib və ölkənin həyatını demək olar ki, iflic edib. Nəticədə Nursultan Nazarbayevin 32 illik hakimiyyətinə rəsmən son qoyulub, amma etirazları cilovlamaq mümkün olmayıb. Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayev isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək istəyib. Rus qoşunları artıq Qazaxıstana daxil olub, hətta qarşıdurmalarda Belarusdan olan bir əsgər də həlak olub. Beləliklə, Qazaxıstan son 30 illik müstəqillik dövrünün ən ağır mərhələsinə daxil olub.
Qazaxıstanda baş verən hadisələri Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik eksperti Sülhəddin Əkbərlə müzakirə etdik:
- Sülhəddin bəy, Qazaxıstanda baş verən məlum olaylardan sonra faktiki olaraq Nursultan Nazarbayev hakimiyyətdən uzaqlaşdırılıb, Prezident TokayevRusiya liderliyində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək istəyib, rus ordusu artıq ölkəyə daxil olub. Bu hadisələrin görünən və görünməyən tərəflərini necə şərh edərdiniz?
- Təəssüflər olsun ki, biz Qazaxıstanla yaxından məşğul olmuruq, halbuki, onunla Türk Dövlətləri Təşkilatında bir yerdəyik, Qazaxıstan bizim şərq qonşularımızdan biridir. Üstəlik, indi orada baş verən hadisələrə dair məlum səbəblərdən çox məhdud informasiyalar daxil olur. Mən Qazaxıstanı yaxından və dərindən tanıyan mütəxəssisləri bir neçə gündür izləyirəm və müəyyən təəssürat yaranır. Biz açıq mənbələrdən əldə etdiyimiz informasiyalar əsasında ilkin rəyimizi açıqlaya bilərik.
Mən baş verənlərlə bağlı Qazaxıstanın sabiq baş naziri Akejan Kahegeldin bəyin fikirləri ilə tam razıyam. Qazaxıstanda yanvarın 4-nə qədər ölkənin qərbində baş verən hadisələrlə, 4-ü gecədən sonra Almatıda baş verən hadisələri bir-birindən ayırmaq lazımdır. Mənə elə gəlir ki, ölkənin qərbində baş verən etirazlar həqiqətən də aşağıdan başlayan və sosial tələblər üzərindən ortaya çıxan proses idi və burada sıxılmış qazın qiymətinin qaldırılması təhrikedici rol oynayıb. Ancaq bu hadisələri yanvarın 4-də axşam saatlarında Almatıda başlayan təxribatlardan ayırmaq lazımdır. Almatıdakı təxribatlarla bağlı ilkin rəy belədir ki, bu, hakimiyyətdən uzaqlaşdırılan Nazarbayev və onun klanının, xüsusən də ölkənin Dövlət Təhlükəsizlik Komitəsinin təşkilatçılığı ilə baş verib. Əsas fikirlər də ondan ibarətdir ki, Tokayev məcbur qalaraq bu klanı hakimiyyətdən uzaqlaşdırmaq üçün KTMT-yə, əslində isə faktiki olaraq, Rusiyaya müraciət edib. Bu baxımdan Rusiyanın hücuma keçməsi iki əsasa söykənir. Əvvəla, Nazarbayev Putin Rusiyası ilə daha sıx münasibətlərdə idi. Avrasiya İqtisadi Birliyinin ideyasını da məhz Nazarbayev vermişdi. Prezident Tokayev isə əksinə, latın əlifbası və rus dilinə münaisbətlə bağlı Rusiya ilə fikir ayrılığında idi. MDB-nin son toplantısında da Putin Nazarbayevə xüsusi isti münasibət bəslədiyi halda Tokayevi görməzdən gəlmişdi. Bu baxımdan proseslər çox mürəkkəbdir. Burada hakimiyyətdaxili mübarizədən tutmuş xarici faktorlara, sosial-iqtisadi məsələlərdən tutmuş təhlükəsizlik məsələlərinə qədər çox sayda həm daxili, həm xarici, eləcədə obyektiv və subyektiv faktorlar var. Ona görə də, əsas məsələ bundan sonra hadisələrə kimin nəzarət edəcəyi və olayları hansı istiqamətə yönəldəcəyidir. Hesab edirəm ki, yaxın 2-3 gün bu baxımdan həlledici ola bilər. Amma istənilən halda deyə bilərəm ki, Rusiya “sülhməramlı” adı altında hansı ölkəyə girirsə, ənində-sonunda həmin ölkənin xalqını itirir.
Mənim diqqətimi bu hadisələrin Ukrayna böhranı ətrafında vəziyyətin kəskinləşdiyi bir məqamda, kollektiv Qərblə Rusiyanın danışıqlara hazırlaşdığı mərhələdə Qazaxıstanda başlaması çəkir. Bu, sanki konfliktin xristian bölgəsindən türk-müsəlman regionuna yönləndirilməsidir və açığı, bu məni çox narahat edir. Əgər bu prosesə Taliban Əfqanıstanı da qoşularsa, arzulamadığımız hadisələr yaşana və Qazaxıstanda hadisələr sürünən prosesə çevrilə, xronikləşə bilər. Qazaxıstanın, bütövlükdə Mərkəzi Asiyanın əfqanıstanlaşması prosesi baş verə bilər. Öz növbəsində kollektiv Qərb də bundan Rusiyaya qarşı istifadə edə, onu daha böyük münaqişəyə çəkmək, resurslarını şərqə yönəltməklə Avro-Atlantik məkanın təhlükəsizliyində mühüm rol oynayan Ukrayna ətrafında gərginliyi azaltmağa çalışa bilər. Əslində bu, böyük ölçüdə Rusiya və Putin rejiminə qarşı istifadə ediləcək xarici siyasət alətinə çevriləcək. Hər halda, mənim gözləntilərim bu istiqamətdədir.
- Siz, Qazaxıstanda baş verən prosesləri Nazarbayev-Tokayev qarşıdurmasının nəticəsində ortaya çıxdığını düşünürsünüz?
- Əslində, sosial tələblərlə başlayan aksiyalardan Tokayev istifadə etmək niyyətində idi. Çünki Nazarbayev hakimiyyətdən getsə də, ömürlük “Elbası” elan olunmuşdu, Təhlükəsizlik Şurasının sədri idi və bütövlükdə güc strukturları onun nəzarətində idi. Tokayev Prezident olsa da, arxa planda qalmışdı. Tokayev baş verən etiraz aksiyalarından Nazarbayev və klanına qarşı istifadə etdi. Nazarbayev klanı da Almatıda qanlı hadisələri təşkil etməklə Tokayevi pis vəziyyətdə qoydu. Tokayev də Rusiyanı köməyə çağırdı. Nəticə olaraq Qazax xalqının Tokayevə və Rusiyaya münasibəti mənfi istiqamətdə kəskin dəyişəcək. Əslində, Nazarbayev də bu yolla Tokayevin hakimiyyətdən uzaqlaşdırılmasına çalışacaq.
Əlbəttə, hadisələrə birmənalı qiymət vermək yanlış olardı. Hadisələri yaxından izləmək, nəyin səbəb, nəyin nəticə olduğuna baxmaq lazımdır. Bu gün bir səbəb sabah nəticəyə çevrilir, bugünki nəticə növbəti hadisələrin səbəbi ola bilir. Ona görə də, qiymətləndirmə və proqnoz verməkdə ehtiyatlı olmaq lazımdır.
Məni əsas ciddi narahat edən məsələ destablizasiyanın, yəni sülh, sabitlik və təhlükəsizliyin pozulmasının bütövlükdə Mərkəzi Asiyaya yayılması, türk-müsəlman ölkələrindəki rejimlərin çökməsi və oraların əfqanstanlaşması, beləliklə Rusiyanın şimali-şərqi Qazaxıstanla bağlı planlarını yerinə yetirməyə cəhd etməsi, Qərbin də bundan Rusiyaya qarşı istifadə etməsi imkanaları ilə bağlıdır. Nəticədə Mərkəzi Asiyanın böyük geopolitik oyunçuların toqquşma mərkəzinə çevrilməsi ehtimalı var. Məni narahat edən hadisələrin bu ssenari üzrə inkişafıdır.
- KTMT adı altında Rusiya ordusu Qazaxıstana daxil olub və fəaliyyətə keçib. Maraqlı məqam odur ki, “sülhməramlılar” nə vaxta qədər bu ölkədə qalacaq? Tokayev ölkəyə nəzarəti tam bərpa edənə qədər, ya necə?
- Dediyim kimi, bu, hadisələrin hansı ssenari üzrə inkişafından asılı olacaq. Prezident Tokayev çalışacaq ki, hadisələr qısa müddətə nəzarət altına alınsın. Həm öz hakimiyyətini möhkəmləndirsin, həm də “sülhməramlılar” ölkədən çıxarılsın. Amma bildiyimiz odur ki, ruslar girdiyi yerdən elə də asanlıqla çıxmır. Rusiyanın da Qazaxıstanla bağlı öz planları var. Mümkündür ki, bu planları işə salmaq üçün yaranmış vəziyyətə fürsət kimi baxacaq. Bu mənada imkan düşsə Rusiya Tokayevi hakimiyyətdən uzaqlaşdırıb özünə tam bağlı olan şəxsin hakimiyyətə gəlməsinə, eyni zamanda öz ordusunun Qazaxıstanda-xüsusən rusdilli əhalinin daha çox yaşadığı şimal-şərq hissəsində qalmasına çalışacaq. Yəni hərənin öz məqsədi var. Qərb də yaranan durumdan öz maraqları üçün istifadə etməyə çalışacaq.
- Bir çox ekspertlər Qazaxıstanda baş verənlərin ABŞ başda olmaqla Qərb üçün gözlənilməz olduğunu, ümumiyyətlə, Qərbin Qazaxıstanda təsir imkanlarının olmadığını qeyd edirlər...
- Belə fikirləri deyənlərin əslində, orada gedən proseslərdən xəbəri yoxdur. Necə yəni təsiri yoxdur? Ən azından 2001-ci ildə qlobal terrorla mübarizə başladıqdan sonra ABŞ Mərkəzi Asiyaya yerləşib, orada öz agentura şəbəkəsini qurub. Xatırlayırsınızsa, ABŞ və NATO Əfqanıstandan çıxanda müxtəlif versiyalar irəli sürülürdü. O zaman qeyd etmişdim ki, burada əsas məsələ destablizasiyanı hansı istiqamətdə yaymalarıdır. Postsovet məkanına, yoxsa Çinə doğru? Əlbəttə, az ehtimal olunan İran və Pakistan versiyasını da səsləndirmişdik. Ona görə də yeni dünya nizamı quruculuğu və geopolitik qarşıdurma kontekstində prosesə kim baxa bilirsə, nəyin baş verdiyini anlaya bilir. Kimin bu çərçivədən anlayışı yoxdursa, orada nələrin baş verdiyini anlamayacaq. Yəni orada qlobal, regional və lokal səviyyə var. Bunların hamısı da bir-birilə bağlı və iç-içədir. Geopolitik, geostrateji, geoekonomik səviyyə var. Fərqli fikirlər ola bilər, əsas odur ki, mütəxəssislər nə deyir. Onların fikirləri önəmlidir. Xüsusilə, Qazaxıstanı tanıyan, regionu yaxından izləyən və qlobal proseslərdən anlayışı olan ekspertlərə ehtiyac var.
- Qazaxıstanı “ana vətənə” - Rusiyaya qatmaqla bağlı şimaldan bəzi deputat çağırışları olur, hətta son addımla Rusiyanın SSRİ-ni yaratmaq üçün daha irəli getdiyi haqda fikirlərə rast gəlinir. Belarusdan sonra Qazaxıstanın ələ keçirilməsi SSRİ-ni qurmaq üçün böyük gediş sayıla bilərmi?
- Bu da dar çərçivədə olan baxışdır. Cəmiyyətimizdə strateji düşüncə çatışmazlığı var və bu səbəbdən də bəzi məsələləri təkrar-təkrar demək lazımdır. Strateji qarşıdurma geniş, dərin və uzunmüddətli olur. Bu qarşıdurmada, dərin, geniş və hərtərəfli mübarizədə kimin strateji ağlı yüksəkdirsə, resursu çoxdursa, hazırlığı yüksəkdirsə, o da qalib gəlir. Rusiyanın isə belə şansı yoxdur. Əksinə, Rusiyanın mümkün qədər qüvvə və vəsaitlərini daha geniş sahəyə yayması üçün şərait yaradırlar ki, Moskvanın resursları sürətlə tükənsin.
- Yəni, SSRİ-nin bərpasını mümkünsüz hesab edirsiniz?
- Tam mümkünsüzdür. Mən proqnoz verərkən çalışıram ki, qəti ifadələrdən istifadə etməyim. Amma bu məsələdə tam əminəm ki, mümkünsüzdür, qeyri-mümkündür. Belə bir cəhd ən azı Rusiyadakı rejimin dağılması ilə nəticələnə bilər.
- Nursultan Nazarbayev qurduğu ölkədə bu boyda hadisələr baş versə də, heç bir açıqlama verməyib. Sizcə, indi onun Qazaxıstan siyasətinə və həyatına təsir imkanları qalırmı?
- Sözsüz ki, qalır. Nazarbayev 30 ildən çox müddətdə Qazaxıstana rəhbərlik edir, onun adamları təzə-təzə işlərindən uzaqlaşdırılır, əllərində böyük adminstrativ və maliyyə resursları var. Üstəlik, çoxsaylı şirkətləri, böyük informasiya resursları, yetişmiş kadları,bir sözlə, geniş imkanları var. İndi izləmək lazımdır ki, onlar tezliklə təslim olacaq, yoxsa mütəşəkkil formada müqavimət göstərəcəklər. Fikrimcə, proses yeni başlayıb və o halda sürətlə yekunlaşa bilər ki, Nazarbayev klanı müqavimətsiz təslim olsun və xarici müdaxilənin qarşısı tezliklə alınsın. Yəni daxildə Nazarbayev klanının neytrallaşdırılması və xarici təsirin qarşısının alınması mümkün olduğu halda ehtimal etmək olar ki, proseslər qısa müddətə nəzarət altına alına bilər. Amma mən proseslərin uzanacağını düşünürəm. Ola bilsin ki, qısa müddətə nisbi sabitlik yarada bilərlər, amma bu, aldadıcı olacaq. Çünki Qazaxıstan artıq dərin dəyişikliklər dövrünə daxil olub.
Nazarbayevin və klanının hakimiyyət uğrunda mübarizəni davam etdirib-etdirməyəcəyini də izləyib görəcəyik. Yəqin ki, Nazarbayev və klanının aparıcı adamları ilə məxfi danışıqlar gedir. Adətən belə proseslərdə özümüz olmuşuq, təcrübəmiz var, başqa prosesləri də öyrənirik. İndi intensiv gizli danışıqlar gedir. Biz bu danışıqların məzmununu bilmirik. Məsələn, Putinin vasitəçiliyi ilə əgər Nazarbayev və klanının maraqları təmin olunarsa və klan bununla qane olarsa, həmçinin Putin də burada təminatçı olarsa, nəsə etmək mümkündür. Amma burada təkcə Rusiya faktoru yoxdur axı. ABŞ, Çin, Böyük Britaniya, Türkiyə faktoru da var. “Azpolitika”