Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qaz müharibəsində daha sərt mərhələ

 

 Rusiya yunanları ələ ala bildi - “Türk axını” memorandumu imzalandı; Qərbin reaksiyası necə olacaq, Vaşinqton və Brüssel “Transxəzər” qaz kəməri üçün həlledici həmləyə qərar verəcəkmi? 

"Xeberinfo.com":   Türkiyədə 7 iyun parlament seçkilərindən sonra yeni hökumətin qurulması ilə bağlı ortaya çıxan qeyri-müəyyənliyin “Türk axını” layihəsinə əngəl yaratdığı haqda yazmışdıq. Qeyd eləmişdik ki, yeni və dayanıqlı hökumətin formalaşması ləngidikcə bu yöndə qətilik və müəyyənliyin yaranması da uzanır. Məhz o üzdən də Türkiyənin energetika naziri Taner Yıldızın Rusiyaya srağagün nəzərdə tutulan səfərini qəfil ləğv etməsinə diqqət yönəldilmişdi.

 
Yada salaq ki, Yıldız BOTAŞ-ın icraçı direktorunun səlahiyyətlərini icra edən Mehmet Konukun müşayiəti ilə Rusiyaya səfər edərək, Sankt-Peterburqda işə başlamış Beynəlxalq İqtisadi Forum çərçivəsində bu ölkənin energetika naziri Aleksandr Novak və “Qazprom” rəhbəri  Aleksey Millerlə danışıqlar aparmalı, “Türk axını” qaz kəməri layihəsinə (əvvəlki adı “Cənub axını”) dair konkret ikitərəfli yazılı anlaşmanın detallarını müzakirə etməli idilər. 
 
Çünki Rusiya TANAP və TAP-ın bu kəmərə rəqib olduğunu ciddiyə alır və ona görə də tələsir. Eyni zamanda Moskva ABŞ və Avropa Birliyinin bu kəmərə neqativ münasibətdə olduğun və hər iki kəmər üçün ortaq tranzit rolunda olan ölkələrə (Yunanıstan, Makedoniya) güclü təzyiq etdiyinin də fərqindədir. Məlumdur ki, Vaşinqton və Brüssel Yunanıstan və Balkan ölkələrini Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP-a dəstək verməyə çağırır.
Bütün bunlardan dolayı rusiyalı nazir srağagünkü açıqlamasında bir daha bəyan etmişdi ki, Rusiya və Türkiyə tikinti ilə bağlı hüquqi sənədləri iyunun sonunadək hazırlamalıdır. Sitat: “İyunun sonunadək biz qaz kəmərinin Qara dəniz hissəsində tikinti üçün icazə almalıyıq. Bu, əvvəllər ”Cənub axını"na verilən razılıq üzərində qurulmalıdır. Bundan başqa, Türkiyənin ərazi sularında axtarış işləri üçün də razılığın alınması önəmlidir".
*****
Dünən isə bəlli olub ki, Sankt-Peterburqda keçirilən Beynəlxalq iqtisadi forum çərçivəsində Rusiya ilə Yunanıstan arasında “Türk axını” qaz kəməri layihəsinə dair anlaşma memorandumu imzalanıb (virtialaz.org). Rusiya KİV-ləri xəbər verir ki, sənədi Rusiya tərəfdən Aleksandr Novak və onun yunan həmkarı Panayiotis Lafazanis imzalayıblar. Bu, “Türk axını” layihəsinə dair imzalanan ilk rəsmi sənəd hesab olunur.
Novak bildirib ki, Yunanıstana qədər uzanacaq kəmərin illik gücü 47 milyard kub metr olacaq. Onun sözlərinə görə, layihənin inşası üzrə Yunanıstana lazım olacaq vəsaitin hamısını Rusiya kredit şəklində ona ayıracaq. Yunanıstanın energetika naziri Lafazanis isə bəyan edib ki, müqavilə Avropa İttifaqına qarşı yönəlməyib.
Rusiyanın energetika naziri bir gün əvvəl demişdi ki, baza variantı kimi kəmərin Yunanıstan, Makedoniya, Serbiya və Macarıstandan keçməsi planlaşdırılır. Daha sonra kəmərlə nəql olunacaq Rusiya qazı Avstriyanın Baumqarten regionunda paylanma məntəqəsinə daxil olacaq. Bununla belə Novak kəmərin tikintisinin Avropa İttifaqının mövqeyindən asılı olacağını da vurğulayıb.
*****
Xatırladaq ki, “Türk axını” marşrutunun bir hissəsi Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizini təkrarlayır. Kəmər Türkiyənin Yunanıstanla sərhədinə TANAP kəməri ilə eyni məntəqədə çıxmalıdır. Azərbaycan qazının nəqli üçün seçilən TAP kəməri layihəsinin əsas tranzit ölkəsi olan Yunanıstan son zamanlar bu layihəyə əngəllər yaratmağa, Azərbaycanla əldə edilmiş energetika razılaşmalarına yenidən baxmaq barədə xəbərdarlıqlar etməyə başlayıb. Eyni vaxtda yunan solçu hökuməti Rusiya prezidenti Vladimir Putinlə sıx təmasa keçib. 
 
Putin Yunanıstanı “Türk axını” layihəsinə qoşmaq üçün Afinaya maliyyə yardımı, habelə kəmərin tikintisi üçün kredit vəd edib. Avropa İttifaqı ilə borc danışıqlarının dalana girdiyi bir vaxtda Yunanıstan baş naziri Aleksis TsiprasRusiyaya səfər edərək Putinlə anlaşıb.
*****
Göründüyü kimi, TANAP-TAP (“Transxəzər”) qaz kəməri ilə rəqabətdə “Türk axını” layihəsi bir az daha uğurlu mövqe qazanmış kimi görünür. Belə çıxır, Rusiya ilə Qərb arasında qaz müharibəsi daha sərt mərhələyə adlayıb. Odur ki, bu yeniliyə ABŞ və Avropa Birliyinin reaksiyasının necə olacağı maraq doğurur. 
Nəzərə alanda ki, Avropanın qaz təchizatında Rusiyanın əhəmiyyətli payını saxlamasını təmin edəcək, üstəlik, münaqişəli Ukraynadan yan keçəcək “Türk axını” Kreml üçün, Putinin sonrakı geosiyasi planları, hətta onun özünün siyasi taleyi üçün, habelə postsovet məkanına Moskvanın təsir rıçaqlarını saxlamaq üçün mühüm önəm daşıyır, bir az da siyasi özünütəsdiq anlamı kəsb edir, o zaman Vaşinqton və Brüsselin reaksiyasını və konkret kontur-addımlarını yəqin ki, çox gözləmək lazım gəlməyəcək.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam