Beynəlxalq Bankda həbslər olacaq
“Kredit qalmaqalı”nın növbəti qurbanları bankirlər olacaq
Bankla kreditorlar arasındakı “armatur əməliyyatı”nın üstü açılsa, ...
Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsini əvəz edən Emil Mustafayev və ətrafı nədən narahatdır?
Maliyyə nazirinin müavini “sudan quru çıxa biləcəkmi”?
“Xeberinfo.com”: Cahangir Hacıyevn müəmmalı şəkildə “səhhətinə görə”Azərbaycan Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi, onun səlahiyyətlərinin icrasının müavini Emil Mustafayevə həvalə olunması ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub.
Əvvəla, Cahangir Hacıyevin məhz səhhətinə görə Azərbaycan Beynəlxalq Bankının rəhbərliyindən kənarlaşdırılması ilk günlərdən də inandırıcı görünmürdü. Bugünə kimi Cahangir Hacıyevin hansısa ağır xəstəlikdən əziyyət çəkməsi ilə ilə bağlı məlumat olmayıb. Belə məlumatları bir qayda olaraq uzun müddət gizli saxlamaq da olmur. Sonrakı məlum proseslər də cənab Hacıyevin sağlığında problem olmadığını isbatladı.
Elə “xeberinfo.com”a daxil olan bir məlumat da bunu söyləməyə imkan verir. Məlumata görə, Azərbaycan Beynəlxalq Bankının xarici dövlətlərin maliyyə qurumlarından Azərbaycan dövlətinin zəmanəti ilə götürdüyü kreditlərlə bağlı məsələ elə şəkil alıb ki, iqtidar kəskin tədbirlər görmək məcburiyyətində qalıb. Cahangir Hacıyevin iqtidar üçün önəmli şəxslərdən olması onun həbsinə yol vermədiyi üçün, bank sədrini “səhhətinə görə” vəzifəsindən kənarlaşdırıblar. Bankın idarə heyəti sədrinin səlahiyyətlərinin icrasının sədr müavini Emil Mustafayevə həvalə olunması isə iki məqamla izah olunur. Birincisi, bu məsələ bankın nizamnaməsinə uyğun həyata keçirilib. İkincisi isə, məlumatlara görə Azərbaycan Beynəlxalq Bankının bir neçə şirkətə verdiyi və həcmi milyard manatı keçən problemli kreditlərlə bağlı müqaviləni bir qayda olaraq məhz Emil Mustafayev imzalayıb. (Bu şirkətlərin bəziləri ictimaiyyətə məlum olsa da, hələlik mətbuatda adları hallanmayanları da var.) Kredit götürənlər danışıqları əsasən onunla və Azərbaycan Beynəlxalq Bankının korporativ biznes departamentinin direktoru Yasin Cəlilovla aparıblar. Bu iki şəxs bir neçə şirkətin maliyyə vəziyyəti yaxşı olmamasına baxmayaraq, onlara kredit verməkdə davam ediblər. Məlum olduğu kimi də, bu cütlük hətta bəzi şirkətlər götürdükləri kreditin faizini ödəyə bilmədiyi halda belə onlara əlavə kreditlər veriblər. Bu səbəbdəndir ki, Azərbaycan Beynəlxalq Bankının problemli kreditlərinin həcmi artıq milyard manatlarla ölçülür. Halbuki həmin pullar bankın özünün deyil. Azərbaycan dövlərinin zəmanəti ilə xarici maliyyə qurumlarından əldə edilib. Yəni bir neçə şirkətin bankdan götürdüyü və artıq geri qaytarmaq imkanında olmadığı bu pulları sahibinə, xarici dövlətlərin maliyyə qurumlarına və beynəlxaql maliyyə təşkilatlarına Azərbaycan dövləti qaytarmaq məcburiyyətindədir.
İndi isə hakimiyyət Azərbaycan Beynəlxalq Bankının hazırkı rəhbərliyinin üzərinə problemli kreditlər məsələsini həll etmək vəzifəsini qoyub. Bu məsələ birbaşa Emil Mustafayevin üzərinə əsas vəzifə kimi qoyulub. Onun, eləcə də Beynəlxalq Bankın başqa rəsmilərinin də gələcək taleləri məhz bu məsələnin həllindən asılı olacaq. Məlumata görə, əgər məsələ dövlətin maraqlarına uyğun həll edilməsə, Azərbaycan Beynəlxalq Bankında həbslər ola bilər. Bu zaman bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Azər Bayramovun da karyerasına təhülükə yaranacaq. Onunla birgə bankın Müşahidə Şurasının üzvü, Əmlak məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazovun və Müşahidə Şurasında dövlət qurumlarını təmsil edən digər məmurların da karyeraları təhlükə altına düşəcək. Bankın İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən Emil Mustafayev və korporativ biznes departamentinin direktoru Ysin Cəlilovla yanaşı idarə heyəti sədrinin müavinləri Vaqif Əkbərov, Qubad Hüseynov və Rəşad Hacıyevin məsuliyyətə cəlb olunması məsələsi gündəmə gələ bilər. Qeyd edık ki, Rəşad Hacıyev həm də bankın baş maliyyə direktoru vəzifəsini daşıyır və yaranmış vəziyyətə görə əsas məsuliyyət daşıyan şəxslərdən hesab olunur.
Məlumatlı şəxsin bildirdiyinə görə, əgər Azərbaycan Beynəlxalq Bankı ilə bir neçə şirkət arasındakı müəmmalı kredit sövdələşmələrinin üstü tam açılsa çox ciddi faktlar üzə çıxacaq. Yalnız bankla kreditorlar arasındakı “armatur əməliyyatı”nın üstü açılsa, bankın bir neçə rəsmisinin bu əməliyyatlardan hansı pulları və necə qazandığı üzə çıxacaq. Baxmayarq ki, bu zaman Azərbaycan dövlətinə külli miqdarda maliyyə ziyanı dəyməsi ehtimalı mövcud olub və bankın rəhbər işçiləri öz maraqlarını daha üstün tutublar...
Beynəlxalq Bankda müammalı olaylar
Aprelin əvvəlində “PaşaBank”ın İdarə Heyətinin sədri Fərid Axundovun Beynəlxalq Bankın İdarə Heyyətinin sədri təyin edilməsi haqqında məlumat elə bu xəbərin yayıldığı günün sonunda təkzib olundu. Bununla bağlı “xeberinfo.com”a daxil olan məlumata görə, həqiqətən Fərid Axundovun Beynəlxalq Bankın İdarə Heyyətinin sədri təyin edilməsi ilə bağlı bankda toplantı olub. Toplantıda Beynəlxalq Bankın xarici ölkələrdəki nümayəndəliklərinin rəhbərləri də iştirak ediblər. Onların təcili Bakıya çağrılması da Beynəlxalq Bankda ciddi bir hadisənin baş verdiyinin sübutudur. Bu isə Banka yeni rəhbər təyin edilməsindən başqa bir hadisə ola bilməz. Ancaq Fərid Axundovun Beynəlxalq Bankın İdarə Heyyətinin sədri təyin edilməsindən bir neçə saat sonra bu təyinat ləğv edilib və mətbuatda banka yeni sədr təyinatı ilə bağlı məlumatlar təkzib edildi.
Bununla bağlı bankdakı mənbəmizdən aldığımız məlumata görə, Fərid Axundovun Beynəlxalq Bankın İdarə Heyətinin sədri təyin edilib, ancaq sonradan bu təyinatı sadəcə üç aylıq təxrə salıblar. Bunun isə özəl səbəbi var. Bankda vəziyyət həddindən artıq ağırdır, bu səbəbdən də vəzyyəti yeni sədrin çiyinlərinə yükləməyin uyğun olmayacağını əsas götürüblər. Yuxarıda qeyd etdiyimiz kimi, Bankın rəhbərliyində təmsil olunan şəxslərə, xüsusilə indi idarə heyətinin sədri vəzifəsini icra edən Emil Mustafayevin üzərinə ciddi vəzifələr qoyulub. Bu vəzifə isə əsasən böyük məbləğdə kreditlərin geri qaytarılmasını təmin etməklə bağlıdır. Mənbəmiz bildirir ki, bu çox çətin vəzifədir və Emil Mustafayevin üç ay müddətində bu vəzifənin öhdəsindən gələ biləcəyinə ümid yox idi. Belə də məsələyə hüquq-mühafizə orqanlarının müdaxiləsi zərurətə çevrildi. Beynəlxalq Bankın İdarə Heyətinin sədr əvəzi olan Emil Mustafayevlə başqa vəzifəlilərin taleyi bu üç aylıq müddətdə Bankda baş verəcək prosesdən asılı idi. Məlumata görə bankın korporativ biznes departamentinin direktoru Yasin Cəlilov və “Premyer” Müştəri Xidmətləri Filialının müdiri Fuad Cəfərovun da taleyi sual altındadır.
Beynəlxalq Bankla bağlı əldə etdiyimiz digər ilginc məlumatları araşdırmağa çalışırıq. Yazıda adla hallanan tərəflərlə əlaqə yaratmaq cəhdlərimiz isə hələ ki, nəticəsiz qalmaqdadır. Emil Mustafayevə ünvanladığımız 24. 04. 2015-cil tarixli 011/015№-li məktuba hələ də cavab ala bilmirik
İri biznes nümayəndələrinin ardınca
bankirlərin həbsi gözlənilir
Azərbaycan Beynəlxalq Bankının kredit qalmaqalının həbslərə səbəb olacağı gözlənilən idi. Hələlik bank rəhbərliyindən həbslər olmasa da, (Dubay filialının müdirindən başqa) proses davam etməkdədir. Bu istiqamətdə “xeberinfo.com”a daxil olan məlumata görə, həbs olunan və sonradan azadlığa çıxan iş adamlarının yalnız çox kiçik bir hissəsinin adı mətbuata sızıb. Ancaq Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində bu şəxslərdən başqa da iş adamlarının da olduğu deyilir. Sadəcə olaraq onların çoxu ictimaiyyətin tanıdığı isimlər deyil. Həm də bu şəxslərin yaxınları hələ nə edəcəklərini bilmədikləri üçün mediaya məlumat verməkdən çəkinirlər. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həbslərə əl atmasının səbəbi isə Azərbaycan Beynəlxalq Bankı və eləcə də digər bankların kredit fırıldaqlarına qısa zamanda son qoymaq üçün alternativ yolun olmamasından irəli gəlir. Çünki, bankdan iri məbləğdə kredit götürmüş, onun önəmli bir hissəsini mənimsəmiş və eyş-işrətlərə xərcləmiş iş adamlarının ölkədən qaçmaq təhlükəsi varmış. Daha doğrusu bankların, xüsusilədə Azərbaycan Beynəlxalq Bankının əsaslandırılmamış və tam girovla təmin olunmamış kredit fırıldaqlarında önəmli rol oynamış Bünyamin adlı şəxsin hüquq-mühafizə orqanlarının diqqətindən yayına və ölkədən qaça bilməsi digərlərinin də ölkədən qaçmaq təhlükəsi doğurduğundan həbslərə start verilib.
Həbs olunan iş adamlarının ifadələri isə müxtəlif bankirlərin, xüsusilə də qalmaqallı kreditlərin 60%-i payına düşən Azərbaycan Beynəlxalq Bankının bəzi əməkdaşlarının həbsini reallaşdıracaq. Məsələn, “Xəzər Adaları” layihəsinin sahibi Hacı İbrahim Nehrəmli mətbuat nümayəndələri ilə aprel ayında keçirdiyi görüşdə bildirmişdi ki, o üç binanın girov qoyulması müqabiləndə Azərbaycan Beynəlxalq Bankından 314 milyon manat kreditlə bağlı müqavilə bağlayıb. Çox maraqlıdır Hacı İbrahimin bu sözləri görüşdə iştirak edən media təmsilçilərinin diqqətini cəlb etməmişdi. Halbuki Hacı İbrahim faktiki olaraq mövcud olmayan 3 binanı girov qoymaqla Azərbaycan Beynəlxalq Bankından 314 milyon manat kredit götürür. Mövcud olmayan binalara görə Azərbaycan Beynəlxalq Bankının belə iri həcmli krediti verməyə niyə razı olmasına da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi aydınlıq gətirməli olacaq.
Bütün bunlara görə Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev, onun birinci müavini Emil Mustafayev və bankın “Premyer Müştəri Xidmətləri” filialının müdiri Fuad Cəfərov cavab verməli olacaqlar.
Bu olay Maliyyə Nazirliyində də araşdırılmalıdır. Çünki, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasına Maliyyə nazirinin müavini Azər Bayramov rəhbərlik edir. Nazir müavinindən başqa Maliyyə Nazirliyinin daha üç əməkdaşı da Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasında təmsil olunur. İndi söz hörmətli maliyyə naziri Samir Şərifovundur. Azərbaycan Beynəlxalq Bankında baş verən kredit fırıldağına nazirliyin niyə göz yummasına aydınlıq gətiriməlidirlər. Əks halda deyəsən bu məsələyə də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi aydınlıq gətirməli olacaq.
Biz hörmətli Azər Bayramova da 15. 05. 2015-cil tarixli 017/015№-li məktub ünvanlamışıq. Hələlik yaza bilmədiyimiz detallara cənab Bayramovun münasibəti maraqlı olardı. Təəssüf ki, nazir müavini hələ də məktubumuza cavab vermir.
Mövzu diqqətimizdədir.
Aydın