Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İran-Azərbaycan gərginliyi:hərbi qarşıdurma olacaqmı?

           Xaləddin İbrahimlıi: "Tehran Azərbaycana hücuma cəhd etsə, özü üçün fəlakət olar"

Yenixeber.org: İranla Azərbaycan arasında gərginlik növbəti fazaya daxil olub. Ötən şənbə günü İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian İRİB1 kanalına verdiyi müsahibədə Azərbaycanın Qarabağı işğaldan azad edərkən terror hərəkatlarının bir hissəsinin bu bölgəyə köçdüyünü iddia edib. “Sionist rejim fürsətdən maksimum istifadə etməyə çalışdı və bu terrorçu qrupların İran sərhədlərinə yaxınlaşmaqda uğursuz cəhdləri zamanı sionistlər Azərbaycanın bəzi bölgələrində iştirak edirdilər”, – o vurğulayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə sərhəddə “üçüncü tərəfin qüvvələrinin olması” iddiasına etiraz edib. Qurumun sözçüsü Leyla Abdullayeva bildirib ki, onlar İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvələrin olması, bu qüvvələrin təhrikedici cəhdləri ilə bağlı iddiaları qəbul etmirlər, çünki bu fikirlərin heç bir əsası yoxdur.

Bundan sonra İranın Ali Rəhbəri Əli Xameneyi özünün “Twitter” səhifəsində Bakının ünvünına sərt itihamlar səsləndirib.

“Ölkənin təhlükəsizliyi tərəqqiyə yönəlmiş bütün fəaliyyət növlərinin əsasıdır. Təhlükəsizliyini başqalarına güvənərək təmin edə biləcəyini düşünənlər, bilməlidilər ki, təhlükəsizliklərini xaricilərə etibar etdikləri üçün tezliklə zərbə alacaqlar”, – deyə Xameneyinin səhifəsində ingiliscə yazılıb.

Aşağıdakı paylaşım isə Azərbaycan dilində edilib:

“İranın şimal-qərbinə aid problemlərdə İran silahlı qüvvələri ağılla birgə qüdrətlə addım atır. Yaxşı olar ki, başqaları da ağılla hərəkət edib, region üçün problem yaranmasına imkan verməyələr. Öz qardaşlarına quyu qazanlar öncə özləri quyuya düşür”.

Azərbaycan Prezidenti İlham Əliyev isə bu bəyanatlara Cəbrayıl rayonuna səfər edərkən cavab verib. Ölkə başçısı orada Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissəsinə baş çəkib, İsrail istehsalı olan PUA-lara və zərbə dronlarına baxış keçirib. Onun “Harop” dronları ilə birgə çəkilən fotoları sosial şəbəkələrdə və yerli mediada böyük marağa səbəb olub. Müşahidəçilər İlham Əliyevin bununla İranın hərə-qorxularına açıq cavab verdiyi qənaətindədirlər.  

Prezident Cəbrayıl sakinləri ilə görüşündə bəyan edib ki, Azərbaycana qarşı əsassız ittihamlar cavabsız qalmayacaq: “Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada, Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

Bu gün-oktyabrın 5-də isə İranın Azərbaycana öz hava məkanından Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyduğu barədə xəbərlər yayılıb. Hərbi mənbələrdən APA agentliyinə verilən məlumatda qeyd edilir ki, İran nəqliyyat-tranzit məsələlərində Azərbaycan ərazisindən daha çox istifadə edir. Bu, əsasən, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən daşımalarda özünü göstərir.

“İranın Azərbaycana növbəti dəfə zərbə vurmaq cəhdi Naxçıvandakı hərbi hissələrin təchizatına bir o qədər də təsir göstərməyəcək. Azərbaycan bu marşrutdan çox az istifadə edir və daha çox digər marşrutlar üzrə daşımalara üstünlük verir” – deyə mənbə bildirib.

Bu gün isə Bakıda fəaliyyət göstərən “Hüseyniyyə” məscidi bağlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bunun səbəbini COVID-19 virusuna yoluxanların sayının artması ilə əlaqələndirib: “Bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi “Hüseyniyyə” məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”.

Qeyd edək ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın ofisi “Hüseyniyyə” məscidində yerləşir.

İran-Azərbaycan gərginiliyinin səbəbləri, bu vəziyyətin perspektivdə hərbi qarşıdurmaya səbəb olub – olmayacağı barədə fikirlərini bizimlə bölüşən tarix elmləri doktoru, professor Xaləddin İbrahimli bildirib ki, gərginləşməsinin təməl səbəbi Azərbaycan məsələsidir: “Mahiyyəti odur ki, İran Azərbaycanın son nailiyyətlərindən rahatsızdır. Xüsusən, Azərbaycanın öz sərhədlərinə nəzarəti bərpa etməsindən məmnun deyil. Bilirsiniz ki, birinci Qarabağ müharibəsində İran-Azərbaycan sərhədinin bir hissəsi Ermənistanın nəzarətinə keçmişdi. İşğaldan sonra sərhəd Horadizə qədər uzandı və 200 kilometrlik bir məsafəni əhatə edir. Bu, Beyləqan və İmişlidəki sərhəd xətlərinə nəzərən aktiv sərhədlərdir. Hətta İran cənub sərhədlərdən daha çox hər zaman Horadizdən Türkiyə sərhədlərinə qədər olan hissədən narahat olub. Çünki bu sərhəd xətti Ərdəbilə, Təbrizə yaxındır. Hətta Cəbrayılda yaşayış məntəqələri arasında məsafə o qədər yaxındır ki, insanlar çayın o tərəfi ilə rahat danışa bilirlər”. 

Professor əlavə edir ki, Azərbaycan bu sərhədlərə nəzarəti itirməsi İranın maraqlarına cavab verirdi: “Çünki Azərbaycanın İranın şimalından uzaqlaşmasını istəyir. İşğal dövründə çox məmnun, rahat idi, Azərbaycanla heç bir problemi də yox idi. İran Dağlıq Qarabağa da istədiyi vaxt gəlib-gedir, istədiyi yardımı edirdi. Onların əlini gücləndirirdilər ki, bu işğal əbədiləşsin, Azərbaycan torpaqlarının birdəfəlik itirilməsi ilə nəticələnsin”.

X. İbrahimlinin sözlərinə görə, Tehranın başqa bir narahatlığı da yenə sərhədlə bağlıdır: “İran istəmir ki, Zəngəzur dəhlizi açılsın. Bu dəhliz açılarsa, İranın Azərbaycan üçün əhəmiyyəti azalacaq. Hazırda Azərbaycan Naxçıvanla İran üzərindən əlaqə saxlayır. Dəhliz açılsa, İrandan asılılıq ortadan qalxır. Bu da Azərbaycanın daha müstəqil siyasət yürütməsinə gətirib çıxaracaq. İran bundan çox narahatdır”. 

Münasibətləri gərginləşdirmək üçün ortaya atılan bəhanələrə gəlincə, professor bildirdi ki, Tehran rejimi həmişə İsrail məsələsini ortaya atıb: “Azərbaycan İranın narazılığını nəzərə alıb, həm də bununla bağlı gözlənilən siyasi manipuliyasiyalara imkan verməmək üçün uzun illərdi İsraildə səfirliyini açmırdı. Əgər Tehranın İsraillə problemi varsa, bunun Azərbaycana aidiyyatı yoxdur, onlar öz aralarında həll etsinlər. İran müharibə hədələri ilə çıxış edir, bunu İsrailə qarşı etsin, görək edə bilirmi? İsarilin Bakıda, Azərbaycanın hansı ərazisində hərbi bazası var? Belə axmaq iddialar irəli sürmək olarmı?”

Xaləddin İbrahimli vurğulayır ki, erməni işğalının 28 il davam etməsi, bölgədə destabilzasiyanın hökm sürməsinin ən böyük səbəbkarlarından biri İrandır: “Hətta onun məsuliyyəti Rusiyadan daha böyükdür. Əgər Tehran əvvəldən işğalla bağlı Türkiyə kimi mövqe tutsaydı, erməni işğalı heç bir il də çəkməzdi. Çünki bu illər ərzində Ermənistanı onlar barındırdı, yardım etdi. Biz görməsək də bu dəstəklər Güney Azərbaycandan gəlib keçib Ermənistana. İsrail müharibədə bizə yardım göstərdi, biz niyə onu düşmən saymalıyıq? Bəs İranın işğalçı ölkəyə yardım göstərməyinin adı nədir?”

X. İbrahimli gərginliyin əvvəlkilərdən fərqli olacağını düşünmür. O, xatırladır ki, müharibə dönəmində, ondan əvvəl də İran tərəfindən münasibətlərin gərginləşdirilməsi halları olub: “İran Azərbaycana heç nə edə bilməz, buna cəhd edən də deyil. Əgər belə bir cəhd etsə, onun özü üçün fəlakət olar. İlk növbədə Cənubi Azərbaycandakı 35-40 milyon türkü özünə qarşı qaldırar. Hədə- qorxuların arxasında real bir addımın dayanacağını düşünmürəm. Azərbaycan da İrandan qorxmur”. 

Professor hesab edir ki, İranla bağlı siyasət şəffaf olmalıdır: “Tehran bizə qarşı hansı addım atıbsa, Azərbaycan onu açıqlamalıdır. Məsələn, deməlidir ki, filan vaxt bu qədər casus göndərib, Ermənistana filan qədər silah verir və s. Qoy, Cənubdakı soydaşlarımız da bu gerçəkləri bilsin. İran da ilk növbədə onlara cavab versin. Azərbaycanın şəffaf siyasəti epizodik deyil, davamlı, konseptual  olmalıdır. Çünki biz bundan heç nə itirmirik, əksinə, qazanacağıq”.(pressklub)

Turqut 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam