Sərhədləri pozan Ermənistan
Sözcü, Türkiyə 17.05.2021 Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, beynəlxalq səviyyədə tanınan sərhədləri pozan tərəf Ermənistandır. Bakı isə yalnız dünya birliyi tərəfindən tanınan sərhədlərini yenidən qurmaqla məşğuldur. Yenixeber.org: Azərbaycan Xarici İşlər Nazirliyi guya Azərbaycanın Ermənistanın “suveren ərazisi”ni girdiyi haqda iddialarına münasibət bildirib. Nazirliyin mətbuat katibi Leyla Abdullayeva bu iddiaların tamamilə əsassız olduğunu bəyan edib. Onun sözlərinə görə, sərhəd probleminin səbəbi Azərbaycan ərazilərinin 2020-ci ilin noyabrına qədər Ermənistanın işğalı altında qalmasıdır. “Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərini pozan Ermənistandır. Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir”, - deyə Leyla Abdullayeva bildirib. XİN rəsmisi deyib: “Ermənistanla sərhəd olan Azərbaycanın azad edilmiş bölgələrində hava şəraitinin mülayimləşməsi ilə əlaqədar, Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir. Bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir. Biz hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədlərin suverenliyinə, ərazi bütövlüyünə və toxunulmazlığına hörmət edirik”. Diplomatik həll Ermənistanla Azərbaycan arasında müharibənin yeni bitdiyini xatırladan Abdullayeva bildirib ki, iki ölkə sərhədinin müəyyənləşdirilməsi işinin uğurla yerinə yetirilməsi regionda sülh və təhlükəsizliyin təminində əsas rol oynayır. XİN rəsmisi deyib ki, son aylar ərzində tərəflər arasında sərhəd məsələləri üzrə fikir ayrılıqları olub və bunların hamısı üçtərəfli bəyanatların tərəfləri arasında danışıqlar yolu ilə həll edilib. “Hesab edirik ki, bu cür fikir ayrılıqları siyasi və diplomatik yollarla həll edilməlidir”, - deyə o, qeyd edib. Abdullayeva ümumilikdə sərhədin müəyyənləşdirilməsinin ikitərəfli, çox mürəkkəb və texniki proses olduğunu söyləyib, üçüncü ölkələrin bölgədəki vəziyyət və gərginlikdən narahatlıq keçirmələrini anladıqlarını bildirib. “Vəziyyəti normallaşdırmaq üçün müvafiq addımlar atılır” Sərhəddə gərginlik yaranan kimi, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi dərhal bölgəyə səfər edib, qarşı tərəfin sərhədçiləri ilə danışıqlara başlayıb. Abdullayevanın sözlərinə görə, vəziyyətin normallaşdırılması üçün müvafiq addımlar atılır. Leyla Abdullayeva fikrini belə davam etdirib: “Təəssüf ki, bu texniki məsələ təxribat xarakterli bəyanatlar və Azərbaycana qarşı qarayaxma kampaniyası ilə şişirdilmişdir. Bu cür destruktiv yanaşma yalnız gərginliyin artmasına xidmət edir. Aydındır ki, Ermənistan tərəfindən qeyri-adekvat reaksiyalar və təxribat xarakterli açıqlamalar bu ölkədəki seçkiqabağı vəziyyətlə əlaqədardır. Ermənistanın bu məsələdən siyasi vasitə kimi istifadə etmək cəhdləri qəbuledilməzdir. Ermənistanın siyasi və hərbi dairələrinə beynəlxalq sərhəd boyunca dövlətlərarası sərhəd rejiminin reallığını qəbul etmələrini, bölgədəki vəziyyəti əsassız olaraq gərginləşdirməmələrini və sərhəd məsələlərini ikitərəfli kanallar vasitəsi ilə Azərbaycan tərəfi ilə konstruktiv şəkildə işləməklə həll etmələrini tövsiyə edirik”. Abdullayeva, belə halların iki tərəfin müvafiq sərhəd orqanları arasında qarşılıqlı təmaslar yolu ilə həll edilə biləcəyini, Azərbaycanın bölgədə gərginliyin həllinə sadiq olduğunu, bunun üçün qarşı tərəfi də müvafiq addımlar atmağa çağırdığını bildirib. İki Azərbaycan əsgəri həlak olub Bu arada, Azərbaycan Dövlət Sərhəd Xidməti Azərbaycan-İran sərhədində 3 naməlum şəxsin sərhədi pozması nəticəsində baş vermiş qarşıdurmada 2 azərbaycanlı əsgərin həlak olduğunu açıqlayıb. Açıqlamada bildirilir ki, mayın 15-i yerli vaxtla saat 16:00 radələrində 3 naməlum şəxs Yardımlı rayonunun Gəndərə kəndi ərazisindən Azərbaycan-İran sərhədini pozub. Sərhəd xidməti əsgərləri tərəfindən aşkar edilmiş qaçaqmalçılar “dayan” xəbərdarlığına odlu silahdan atəş açmaqla cavab verərək, qaçmağa çalışıblar. (Türk dilindən tərcümə - WorldMedia.Az) |