Anım Günü Əliyevdən -İrəvan və havadarlarına son xəbərdarlıqlar
Bakıdan erməni faşizminin dəstəkçilərinə hədə kimi mesajlar - “Dəmir yumruq” yerindədir!..", “Əgər görsək ki...”; Ermənistanın dövlət kimi mövcudluğu artıq Qərbdən, Rusiyadan yox, bütünlüklə Azərbaycandan asılıdır...
Yenixeber.org: Dünən Azərbaycanda Anım Günü idi. Maraqlıdır ki, Ermənistanda da üzdəniraq “anım günü” qeyd olunub. Biz ərazi bütövlüyümüz uğrunda şəhid olanların, erməni raketlərinin qurbanı olan günahsız dinc insanlarımızın əziz xatirəsini yad edirik. Bəs mənfur qonşular? Onlar nəyi qeyd edirlər, yad torpaqlarda gəbərdilən işğalçıların “xatirəsi”nimı?
Heç olmasa, öz olmayan abırlarına qısılıb dinməzcə otursaydılar, 44 günlük müharibədə haqq edib aldıqları yaraları “yalamaqla” məşğul olsaydılar, düşdükləri dərin iqtisadi böhrandan çıxmaq barədə düşünsəydilər. Çünki 27 sentyabr yalnız Azərbaycanda Anım Günüdür, işğalçı Ermənistan üçün isə bu, olsa-olsa, alman xalqı üçün 22 iyun nəyi təcəssüm etdirirsə, onun rəmzi ola bilər - təcavüzün, erməni işğalının rəmzi...
*****
Əslinə qalsa, Azərbaycan torpaqlarında erməni hərbçilərinin kütləvi ölümündə ilk növbədə erməni anaları məsuliyyət daşıyır. Bilə-bilə öz övladlarını özgə torpaqlara ucuz ölümə göndərdikləri, onlara “xeyir-dua” verib Azərbaycan torpaqlarına yolladıqları üçün. Odur ki, dərsi ən əvvəl erməni anaları götürməlidir. İşğalçıları dünyaya gətirən, onları böyüdən də analardır.
Amma dərs götürüldümü? Əfsus ki, bunu müşahidə eləmirik. 27 sentyabrın Ermənistanda da “qeyd edilməsi”, işğalçıların sırtıqcasına “qəhrəmanlar” kimi yad edilməsi bunun bariz sübutudur. Eləcə də Ermənistanda hökm sürən, psixoloji xəstəlik dərəcəsinə çatmış Türkə aşırı nifrət ovqatı, revanşist çağırışlar - müharibənin nəticələri ilə barışmamaq israrı, 10 noyabr kapitulyasiya aktını təftiş eləmək cəhdi və hələ də “iki erməni dövləti”ndən dəm vurulması göstərir ki, erməni faşizmi can versə də, ölməyib.
Təsadüfi deyil ki, Anım Günü xalqa elədiyi müraciətində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha Ermənistanı, erməni faşistlərini xəbərdar elədi. Sitat: “Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan ”Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın!"
Ən önəmlisi, bu xəbərdarlıq diz çökmüş Ermənistandan daha çox, onun havadarlarına, erməni faşist-revanşistlərə hələ də stimul verməyə davam edən xarici dairələrə, mərkəzlərə və paytaxtlara, obrazlı ifadə eləsək, “ilana zəhər verən kərtənkələlər”ə ünvanlanıb. Hansı mərkəz və paytaxtlar ki, günü bu gün də ikiüzlülük, həyasızlıq edərək, ölkəmizin halal qələbəsini, Ermənistan ordusunun darmadağın edilməsini həzm eləmək istəmirlər. “Status”dan, “həll olunmamış Dağlıq Qarabağ münaqişəsi”ndən danışırlar. Ermənistanı dirçəldib Azərbaycana qarşı yeni müharibəyə qızışdırmağa çalışırlar. Təbii ki, sırf öz maraqlarından çıxış edərək.
Halbuki Azərbaycan erməni faşizminin başını əzməklə, faktiki, dünyanın, BMT-nin, lap elə bədnam “Minsk üçlüsü”nün görməli olduğu işi görüb. Buna görə bizə təşəkkür eləmək əvəzinə erməni faşizminə yeni nəfəs vermək - bütövlükdə faşizmə həyat vermək, bəşəri dəyərlərə tüpürməkdir.
Yeri gəlmişkən, bu antibəşəri davranışın, dəstəyin nəticəsidir ki, İrəvanın mərkəzində hələ də nasist əlaltısı, Türk düşməni Qaregin Njdenin 6 metrlik abidəsi ucalır. Bugünlərdə isə məlum olub ki, 24-27 sentyabr tarixində Moskvada keçirilən34-cü Beynəlxalq Kitab Sərgisinin erməni stendində Njdenin kitabı da təqdim olunub.
İqor Korotçenko
Bu barədə rusiyalı siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko teleqram kanalında yazıb.
“Görəsən, buna Rusiya hüquq-mühafizə orqanlarından reaksiya olacaqmı? Yoxsa Njdenin yanında ”Mein Kampf" kitabının sərgilənməsini gözləyirik? Hər necə olmasa, Hitler və Njde SSRİ-yə qarşı olan “ideoloji döyüşçülər”dir, cüt çəkmələrin tayları kimi", - deyə o qeyd edib.
*****
Ancaq erməni faşizmi və revanşizmi havadarlarının bütün bu cəhdləri əbəsdir. İlham Əliyevin dünənki çıxışında vurğuladığı kimi, Azərbaycanın yaratdığı yeni reallığı onlar da qəbul etməlidir və edəcəklər! Bir daha qeyd elədi ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın: “Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”.
Oxşar fikirləri İlham Əliyev ötən həftəsonu BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında elədiyi çıxışda da söyləmişdi.
“Bu gün Minsk Qrupu və həmsədr dövlətlərin bəziləri Qarabağla bağlı statusdan və yeni müzakirələrin zəruriliyi haqqında danışarkən yaxşı olardı ki, dönüb arxaya baxsınlar, aparmış olduqları mənəviyyatsız siyasətdən utansınlar. Hazırda Qarabağla bağlı hər hansı təklif verməyə mənəvi haqqı olmayan Minsk Qrupu minlərlə insanın həlak olmasında birbaşa məsuliyyət daşıyır, bütün olanlardan sonra isə Qarabağın statusunun müzakirə predmeti olmayacağını mütləq bilməlidir”.
Zaur Məmmədov
Bunu politoloq Zaur Məmmədov deyib.
“ABŞ-ın Ermənistandakı səfirinin, okeanın o tayındakı və Qərbdəki müəyyən qrupların status və Minsk Qrupunun ”dirildilməsi" kimi çıxışları fonunda, Prezident İlham Əliyevin BMT kürsüsündə Qarabağla bağlı açıqlaması onlara birbaşa icmarışdır", - deyə o vurğulayıb.
Bu məqamda bir daha ölkə başçısının həmin sitatını xatırlatmaq zərurəti var: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. 2021-ci il 7 iyul tarixli Fərmanla biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.
*****
Bunlar öz yerində, Prezidentin dünənki çıxışında artıq həm də Ermənistan adlı saxta dövlətin varlığı ilə bağlı açıq xəbərdarlıq edilib. Budəfəki müharibədə Ermənistanın özünün statusu, olum-ölüm məsələsi gündəmə gələ bilər. Seçim özlərinindir. İrəvanda unutmasınlar ki, dünyanın siyasi xəritəsində Ermənistan adlı dövlətin simvolik mövcudluğu artıq Qərbdən, Rusiyadan yox, bütünlüklə Azərbaycandan asılıdır...
“Müsavat”