“Yaxın qohumların eyni yerdə çalışması korrupsiya riskini artırır”
Azərbaycanda hansısa vəzifəyə yüksəlmək o qədər də asan deyil.
"Xeberinfo.com": Vəzifəyə təyin olunan şəxsin ilk növbədə yaxın qohumlarını yan-yörəsinə topladığını nəzərə alsaq, bu gedişlə başqalarının bəzi dövlət qurumlarında işlə təmin olunması elə arzu olaraq qalacaq.
Yaxud elə dəstəyin, elə şansın olmalıdır ki, kimsə səni qabağa çəksin. Başqa variant yoxdur. Azərbaycanda yaxın qohumların, hətta az qala bir sülalənin inhisarına çevrilən qurumların sayı kifayət qədərdir.
Hüquqşünas Əliməmməd Nuriyev də modern.az saytına belə faktların mövcudluğunun sirr olmadığını deyir:
“Bu, həm də korrupsiyaya şərait yaradır. Elmi adı nepatizmdir, yaxın qohumların tabeçilik münasibətlərində işləməsi, yaxud vəzifəli şəxsin qohum və dostlarını ətrafında toplayaraq hansısa idarədə, müəssisədə çalışması anlamını ifadə edir”.
Qeyd edək ki, bu məfhum adını latınca “bacıoğlu” sözündən götürür və elə tarixdə ən məşhur nümunələri də katolik kilsəsi rəhbərlərinin bacı və qardaş oğulları ilə bağlıdır. Orta əsrlərdə (dini qaydalara əsasən, öz uşaqları olmayan) Roma papaları kardinal rütbələrini və kilsə torpaqlarını öz bacıoğlularına verərlərmiş.
Hüquq müdafiəçisinin sözlərinə görə, yaxın qohumların eyni müəssisədə çalışması zamanı korrupsiya riski daha da artır:
“Qohumlar bir tabeçilikdə işləyəndə heç kəs bir-birinə nəzarət etmir, eyni zamanda sövdələşmələr üçün geniş imkanlar yaranır. Bir-birinin qanunsuz əməllərinə göz yumurlar, beləliklə korrupsiya üçün geniş imkanlar açılır. Azərbaycan qanunvericiliyi bunu qadağan edib, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda birbaşa qohumların birgə tabeçilikdə işləməsinin yolverilməzliyi qeyd olunub. Amma çox təəssüf ki, qanunun bu normasının icrası ilə bağlı problemlər var. Özümüz də şahidi oluruq ki, müxtəlif şirkətlərdə, nazirliklərdə, qurumlarda birinci və ya sonrakı yüksək vəzifəli şəxsin yaxın qohumları üçün geniş şərait yaradılır. Bunların qarşısının alınması üçün digər qanunvericilik aktlarında müəyyən mexanizmlər nəzərdə tutulub. Əgər dövlət müəssisədirsə, orda işləmək üçün qəbul dövlət qulluğuna uyğun həyata keçirilməlidir.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, vəzifəli şəxs həmin nazirlik, müəssisə və təşkilatlarda həm də müəyyən dövlət sifarişlərini verə bilir. Sifariş verərkən isə yenə özünə yaxın şəxslərin müəssisələrinə, kompaniyalarına, firmalarına üstünlük verir, yaxud qohumlardan ibarət olan məhdud məsuliyyətli cəmiyyət, kommersiya təşkilatları yaradır. Onlar vasitəsilə dövlət sifarişlərini alır və beləliklə, yeni korrupsiyaya meydan açılır”.
Əliməmməd Nuriyev təəssüflə qeyd edir ki, bizdə bu ənənədən geniş istifadə etmək imkanları var: “Əlbəttə, düşünürəm ki, bununla bağlı ciddi təhqiqatlara ehtiyac var. Təhqiqat aparılmalıdır ki, hansı qurumda neçə belə hal, hansı şəraitdə, necə baş verib. Bu baxımdan mexanizmlər dəqiq öyrənilməli və nəticələr artıq həmin qurumun rəhbərinə və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də təqdim olunmalıdır. Bu zaman neqativ halların qarşısının alınması üçün mexanizmlər tapılmalıdır”.
Hüquqşünas məşhur “mənim qohumum çox bacarıqlı, istedadlı, yüksək intellektlidir” fikrinə də münasibət bildirir: “Düzdür, bəzən belə fikirlər də səslənir: “mənim qohumum istedadlıdır, bacarıqlıdır, yüksək təhsilə malikdir, niyə də çalışmasın?”.
Qanunvericilik bu məsələni də tənzimləyir. Belə olan halda həmin şəxslərin birbaşa tabeçilik münasibətlərindən çıxarılaraq digər oxşar vəzifələrə keçirilməsi nəzərdə tutulub. Amma burda söhbət birbaşa tabeçilik nəzarətindən gedir, yəni həmin vəzifəli şəxsin nəzarət mexanizminin çatmadığı yerdə qohumların işləməsinə imkan verilir. Birbaşa tabeçilik münasibətlərinin, nəzarət mexanizminin işlədiyi yerlərdə korrupsiyanın inkişafına əlavə imkanlar yaranır. Korrupsiyaya səbəb isə şəraitin genişlənməsinə gətirir. Bu, sırf icra strukturu ilə bağlı olan məsələdir, yəni seçkili orqanlarla bağlı deyil. Çünki seçki birbaşa ölkə vətəndaşları tərəfindən həyata keçirilir”.
modern.az