Hacıbala Abutalıbova "ASAN" təhlükə
Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun əlindən daha bir səlahiyyət alına bilər. Artıq paytaxtda tikinti işləri üçün sənədləşmənin də “ASAN Xidmət”ə verilməsi məsələsi gündəmə gəlib.
"Xeberinfo.com": Məlumata görə, deputat Zahid Oruc bir neçə gün əvvəl mətbuata açıqlamasında deyib ki, vaxtilə qəbul edilən qanunda fərdi evlər, yaxud obyektlərin tikintisi zamanı yalnız məlumatlandırmadan söhbət getdiyi halda ötən müddət ərzində demək olar ki, vəziyyət dəyişməyib. Faktiki olaraq icra hakimiyyətlərində bu növ tikintilər üçün xüsusi icazəvermə qaydası hökm sürür. Onlar bu məsələdə Məcəllədə əksini tapmış memarlıq və planlaşdırma ilə bağlı müddəanı əsas götürürlər: “Bu səbədən sanki ikili bir vəziyyət yaranıb. Bir tərəfdən qəbul edilən qanunlar həddindən artıq vətəndaş maraqlarını tamamlayır, bürokratiyanı aradan qaldırır, şəffaflıq üçün şərait yaradır, digər tərəfdən isə onun icrası ilə bağlı vəziyyət tamamilə fərqlidir. Ona görə də tikinti sektorunda həddən artıq problemlər yaşanır. Biz parlamentdə qəbul etdiyimiz qanunlardan sonra vətəndaşlar həmin qanunların normaları arasındakı labirintdən çıxa bilmirlər. Bu baxımdan hesab edirəm ki, belə normaların tətbiqi xüsusi bir quruma həvalə edilməlidir. Çünki bu səlahiyyətlər icra hakimiyyəti orqanında qaldıqca vətəndaşlarımız ciddi şəkildə incidilir, ayrı-ayrı qara maraqların ortada dövr etməsinə xidmət edir”.
Deputat qeyd edib ki, Qərb ölkələri tikinti lə bağlı vahid formaya çoxdan keçiblər. Bizdə də bu səlahiyyət ASAN xidmət kimi bir quruma verilə bilər. Nəticədə tikinti layihələri müvafiq dövlət qurumlarında əvvəlcədən təsdiq olunar, bununla da vətəndaş dərk edər ki, bu tikinti arxitekturasından qırağa çıxa bilməz: “Ancaq indiki evlərə baxanda adama elə gəlir ki, sanki inkubator evlər tikilib. Ona görə ki, həmin evlərin müxtəlifliyinə bəlli tikinti və arxitektura qaydaları sərt şəkildə mane olub. Hazırda nəinki köhnə tikililərin rəsmləşdirilməsi, həmçinin yeni tikililərin qanuniləşdirilməsi, mülkiyyət hüququnun əldə edilməsi böyük bir bəlaya çevrilib”.
Deputatın təklifi reallaşarsa, bu, Bakı merinin önəmli səlahiyyətlərindən birnin “ASAN Xidmət”ə keçməsi demək olacaq. Halbuki tikintiyə icazə hazırda kifayət qədər ciddi məbləğdə pulların dövr etdiyi rüşvət qaynağıdır. Bu səlahiyyətin də “ASAN Xidmət”ə keçməsi isə müəyyən məmurların qanunsuz şəkildə yığdıqları iri pullardan məhrum olması anlamına gələcək.
Düzdür, bəzi ekspertlər sözügedən təklifə sıcaq yanaşmırlar. Məsələn, Nazirlər Kabinetinin sabiş qöbə müdiri, iqtisadçı Oqtay Haqverdiyev deyib ki, onun fikrincə, bu mümkün olan şey deyil. Söhbət tikinti üçün icazədən gedir, hər hansı arayışdan deyil.
Haqverdiyev daha sonra əlavə edib: “Nəzərə almaq lazımdır ki, “ASAN Xidmət” icazə vermir. Vətəndaşa hər hansı bir sənəd, arayış lazımdırsa, xidmətə müraciət edib prosesi tezləşdirə bilər. Tutaq ki, hansısa sahibkara torpaq lazımdır. “ASAN Xidmət”ə torpaqla bağlı müraciət etsə, onlar bildirəcək ki, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edin. Bu məsələ “ASAN Xidmət”lik deyil”.
Ekspert hesab edir ki, sənədləşdirmənin özü ayrı prosesdir, xidmətin funksiyaları isə tamamilə başqadır: “Əgər şəxsə hansısa məsələni həll etmək üçün ayrı-ayrı nazirliklərdən 5 ədəd arayış lazımdırsa, qapı-qapı gəzməmək üçün vətəndaş “ASAN Xidmət”ə müraciət edərək işini həll edir. Çünki həmin qurumların informasiyası xidmətdə mövcuddur. Tikinti prosesi elə qurulub ki, onu “ASAN Xidmət” həll edə bilməz. Tikinti üçün ilk növbədə sahibkara vəsait lazımdır. Bunun üçün banka müraciət edir. Torpaq almaq üçün isə ya dövlətə, ya da bələdiyyəyə üz tutur. Torpağın verilməsi isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin səlahiyyətindədir. Dövlət ya da bələdiyyə məhz həmin quruma müraciət etməlidir. Nəzərə alın ki, şəxs arayış yox, torpaq istəyir. Torpağın isə sahibi var, həmin sahibsə “ASAN Xidmət” deyil. Düşünürəm ki, tikinti məsələsi “ASAN Xidmət”lik deyil”.
Bununla belə, bəzi ekspertlər bu təklifin təsadüfən gündəmə gəlmədiyini və qarşıda onun reallaşması istiqamətində müəyyən sürprizlərin yaşanacağı qənaətindədirlər. Bu zaman itirənin isə həm də Hacıbala Abutalıbov olacağı şübhəsizdir.
Dia.az