Qonşuda böhran dərinləşir:Mişa geri qayıda bilər
Politoloq: “Bu gün ABŞ üçün Saakaşvilinin hakimiyyətdə olması ən optimal variantdır”
Yenixeber.org: Gürcüstanda siyasi böhran yaranıb. Fevralın 18-də ölkənin Baş naziri Georgi Qaxariyanın gözlənilmədən istefası qonşu dövlətdə siyasi vəziyyətin stabil olmadığını göstərir. Artıq sabiq Baş nazir olan Qaxariya keçirdiyi xüsusi brifinqdə istefa səbəbini açıqlayıb. Bildirib ki, istefasının səbəbi ana müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın məhkəməsi ilə bağlı hakim “Gürcü Arzusu” Partiyası ilə aralarında yaranan fikir ayrılığı olub.
“Vəzifəmdən ayrılmaq qərarı verdim. Əlbəttə ki, bu addımın ölkəmizdəki qütbləşmənin azalmasına kömək edəcəyinə inanıram və inanmaq istəyirəm”, - Qaxariya deyib.
Qeyd edək ki, Tiflis Şəhər Məhkəməsi Meliyanı 2019-cu ildəki qiyama cəhd etmə iddiası əsasında həbs edib. Qaxariyanın açıqlamasından belə anlaşılır ki, o, müxalifət liderinin həbsinə qarşı olub, bunu doğru addım saymayıb.
Siyasi ekspertlər hesab edirlər ki, ötən ilin oktyabrında Gürcüstan Parlamentinə keçirilən seçkilərdən sonra ölkədə siyasi böhran yaranmışdı. İndi Baş nazirin istefası bu böhranı bir qədər də dərinləşdirmiş oldu. Hazırkı siyasi gərginlik fonunda əsas müxalifət qüvvələrinin – sabiq Prezident Mixail Saakaşvilinin partiyası olan Vahid Milli Hərəkat Partiyasının hakimiyyətə gəlmək şansı artıb. Belə mülahizələr var ki, ABŞ-da hakimiyyətə gələn Co Bayden administrasiyası da Saakaşvilinin yenidən hakimiyyətə gəlməsində maraqlı olacaq və dəstəyini göstərəcək.
Gürcüstanda bundan sonrakı proseslərin hansı istiqamətə yön alacağı ilə bağlı fikirlərini AYNA ilə bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, parlament seçkiləri ərəfəsində yaranan böhran davam etməkdədir: “Çünki müxalifətin bir hissəsi seçilsə də, parlamentin fəaliyyətinə qatılmayıb, mandatdan imtina ediblər. Onlar hakimiyyəti saxtakarlıqda ittiham edirlər. Məsələ burasındadır ki, Gürcüstan iqtidarının özündə də ciddi problemlər var. İqtidardakı “Gürcü Arzusu” Partiyası monolit qurum deyil. Bu partiyanın qurucusu, biznesmen Bidzina İvanişvili sanki “mafiya babasıdır”, kənarda oturub Gürcüstanda siyasi idarəçiliyə nəzarət edir - Prezident seçdirir, Baş nazir təyin etdirir, partiyaya lider gətirir və s. Saakaşvili devrilən vaxt “Gürcü Arzusu”nun lideri özü oldu. Sonra kənara çəkildi, “sehrli çubuğu” ilə idarəçiliyə başladı. Bu hallar təbii ki, partiyanın fəaliyyətinə mənfi təsir göstərir. Baxın, neçənci istefadır ki, baş verir. Bu vəziyyətdən keçmiş Prezident və ölkənin əsas müxalifət lideri Saakaşvili məharətlə istifadə edir. Baxmayaraq ki, o, ölkədə deyil, prosesləri diqqətlə izləyir, tərəfdarlarına tapşırıqlar verir”.
Analitik hesab edir ki, Saakaşvilinin tərəfdarları hakimiyyətə böyük zərbələr endirir: “Görünməmiş hadisədir ki, müxalifətçi həbs edildiyi üçün Baş nazir istefa verir. Demək ki, vəziyyət son dərəcə acınacaqlıdır. Müxalifətin gücü böyükdür. Qaxariya elə-belə istefa vermədi. O, anladı ki, ana müxalifət partiyasının sədrinin həbsi ölkədə böyük qarışıqlıq, təlatümlər yarada bilər. Eyni zamanda, Qərbdən Gürcüstan hakimiyyətinə qarşı tənqidlərin sayı artacaq. Qaxariya bu məsuliyyətin altına girmək istəmədi, istefa verdi. Bu hal Saakaşvilinin zərbələrindən biri sayılmalıdır”.
“Böhranlı vəziyyət davam edəcək. Düşünürəm ki, çıxış yolundan biri yenidən parlament seçkilərinin keçirilməsidir. Amma bu da siyasi böhranı tam aradan qaldırmayacaq. Çünki hakimiyyətlə müxalifət arasında dərin uçurum mövcuddur. Müxalifət hakim partiyanı Rusiya ilə əlbir olmaqda, Gürcüstanın maraqları əleyhinə siyasət yeritməkdə günahlandırır. Bu, əlbəttə ki, çox ciddi ittihamlardır. Eyni zamanda, görək Saakaşvilinin lideri olduğu partiya sədrinin həbsi nə ilə sonlanacaq. İnsanlar yenidən küçələrə tökülüşə bilərlər”, - deyə politoloq əlavə edib.
E.Şahinoğlu onu da xatırladıb ki, Gürcüstanda bu gün iqtisadi vəziyyət də ağırdır: “Bu ölkənin iqtisadiyyatı, əsasən turizm üzərində qurulub ki, turizm sahəsi də pandemiya səbəbindən bir ildən çoxdur ki, məhv olub. Gəlirlər azalıb, əhalinin sosial vəziyyəti ağırlaşıb. Müxalifət bundan da istifadə edib, hakimiyyətə qarşı təzyiqi gücləndirəcək”.
Saakaşvilinin komandasının ABŞ-dan dəstək almaqla yenidən hakimiyyətə qayıtması ehtimalına gəlincə, Mərkəz rəhbəri deyib ki, Bayden Administrasiyası dönəmində ABŞ-Rusiya münasibətləri yenidən gərginləşəcək:“Bayden vitse-prezident olduğu dönəmdə Rusiyanı ən sərt tənqid edənlərdən biri idi. İndi ABŞ Prezidentidir və açıq şəkildə bildirir ki, Amerikanın əsas iki rəqibindən biri Rusiyadır. Hazırda Gürcüstanda gərginlik yaranıb, əlbəttə, rəsmi Vaşinqton müəyyən planları nəzərdən keçirəcək. Bu gün ABŞ üçün Saakaşvilinin hakimiyyətdə olması ən optimal variantdır. Amma onun yenidən hakimiyyətə gəlməsi üçün gərəkdir ki, hansısa seçkidə qalib gəlsin. Gürcüstandakı son prezident seçkilərində Saakaşvilinin əsas adamı Qriqol Vaşadze qələbəyə yaxın idi. Amma İvanişvili bütün qüvvələrini səfərbər etdi, onun seçilməsinə imkan vermədi. Vaşadze seçilsəydi, Saakaşvili rahatlıqla ölkəsinə qayıdacaqdı və ötən ilin oktyabrında keçirilən parlament seçkilərində qələbə qazanıb, hakimiyyətə gələ bilərdi. Amma dediyim kimi, İvanişvili hər cür resursdan istifadə edərək, bunun qarşısını ala bildi. İndi yenidən Saakaşvili üçün münbit şərait yaranır. Keçmiş Prezident mövcud böhrandan səmərəli istifadə edə bilər. Yəni, tərəfdarları vasitəsilə gərginlik yarada, yeni parlament seçkilərinin keçirilməsinə nail ola bilər”.
“Əsas məsələ odur ki, Saakaşvilinin Gürcüstana qayıdış yolu bağlıdır. Bu gün o, Ukraynada vəzifədədir, amma çıxışlarından hiss olunur ki, yerində deyil. Saakaşvili daha çox Gürcüstana lazımdır. Həmçinin də, bölgəyə, Azərbaycanın özünə də lazımdır. Çünki onun gəlişi Gürcüstan-Azərbaycan münasibətlərini daha da gücləndirə bilər. Açıq demək lazımdır ki, İvanişvilinin dönəmində Gürcüstan-Azərbaycan münasibətlərində müəyyən suallar yarandı. İkinci Qarabağ münaqişəsi zamanı Gürcüstan rəsmiləri ikibaşlı açıqlamalar verirdilər və s. Ona görə Saakaşvilinin hakimiyyətə gəlməsi Qərblə yanaşı, bizim də maraqlarımıza cavab verir. Lakin o, bir yolla hakimiyyətə gələ bilər – seçki ilə”, - politoloq qeyd edib.
Analitikin qənaətincə çevrilişlə hakimiyyətə gəlməyi Saakaşvili istəməz: “Yenə deyirəm, ya prezident seçkiləri, ya da parlament seçkiləri keçirilməlidir ki, o, Gürcüstana qayıda bilsin. Hazırda qayıtsa, onu həbs gözləyir. Əlbəttə, ola bilsin ki, həbsi gözə alıb gələr – vəziyyəti daha da gərginləşdirmək üçün. Amma bu ehtimal azdır. Məncə, bir qədər də gözləmə mövqeyi tutacaq”.
“Əsas məsələlərdən biri də odur ki, baxmayaraq Saakaşvili ölkəsində deyil, amma partiyası çox güclüdür. Tərəfdar qrupları yetərincədir. Bununla yanaşı, gürcüstan vətəndaşları Saakaşvilinin islahatlarını unutmayıblar. Gürcülər anlayırlar ki, ölkələrini Saakaşvili ayağa qaldırdı, korrupsiyanın kökünü kəsdi. İvanişvili Saakaşvilinin yaratdığı mühitdən bəhrələndi, ölkəni biznes strukturu kimi istifadə etdi. Bu baxımdan, Saakaşvilinin hakimiyyətə gəlmək ehtimalı çoxdur”, -deyə Şahinoğlu fikrini tamamlayıb.