Gürcüstanda hökumət böhranı dərinləşir
Ekspertin fikrincə, Gürcüstanda qərbyönlü qruplar yenidən iqtidara gəlməyəcəyi təqdirdə Bakı-Tiflis-Qars, TANAP kimi layihələrə yenidən baxıla bilər
"Xeberinfo.com":Gürcüstanda siyasi böhran yaşanır. Müdafiə naziri İrakli Alasaniya noyabrın 4-də vəzifəsindən istefa verib. Bundan bir gün sonra isə xarici işlər naziri Maya Pancikidze və onun müavinləri David Zalkaliani, Tamar Beruçaşvili, Levan Qurqenidze və David Calaqaniyan istefa veriblər. Pancikidze hakim “Gürcü arzusu” Partiyasının sıralarından çıxacağını elan edib.
Ötən gün isə İrakli Alasaniyanın rəhbərlik etdiyi Bizim Gürcüstan - Azad Demokratlar Partiyası hakim koalisiyadan çıxıb. “Media forum” saytının məlumatına görə, İrakli Alasaniya özü belə bəyanat yayıb. O qeyd edib ki, hakim “Gürcü arzusu” koalisiyası ilə yolları sivil formada ayrılıb, amma oturub bu barədə müzakirə aparmaq mümkün olmayıb. Qeyd edək ki, hazırda hakim koalisiyadan müdafiə naziri İrakli Alasaniya ilə yanaşı xarici işlər naziri Maya Pancikidze və Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili müavinləri ilə birgə postlarını tərk ediblər.
Politoloq, Ankara Universitetinin doktorantı Orxan Qafarlı deyir ki, Gürcüstanda yaşanan siyasi böhran uzun zaman gözlənilən bir proses idi. Ekspertə görə, hakim komanda daxilində qərbyönlü və Rusiyaya yaxın qruplar vardı: “İqtidarda iki qrup vardı. Qərbyönlülər və Rusiya ilə münasibətləri balanslı şəkildə aparmağı müdafiə edən sabiq baş nazir Bdzina İvanişvilinin komandası. Bu qrup bir mənalı olaraq Rusiya ilə münasibətlərin bərpa olunması və Qərblə Rusiya arasında balanslı siyasətin yürüdülməsinin tərəfdarı idi. Bdzina İvanişvilinin ”Gürcü Arzusu" koalisiyası iqtidara gəldikdə planlarında olan balanslı xarici siyasətə hökumət qurmağa çalışdı. Hökumətin xarici siyasət, təhlükəsizlik və Avropaya İnteqrasiya nazirlikləri qərbyönlü qrupun nəzarətində idi. Bu qrupun hökumət içində lideri Azad Demokratlar Partiyasının sədri İrakli Alasaniya idi. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin İrakli Alasiniyanı istefaya göndərməsi “Gürcü Arzusu” koalisiyasının çökməsi deməkdi. Müdafiə naziri olaraq istefaya göndərilən İrakli Alasaniya, ardınca xarici işlər naziri Maya Pancikidze, Avropa inteqrasiya naziri Aleksi Petriaşvili və nazir müavinləri, ən sonda Gürcüstanın ATƏT-dəki təmsilçisi diplomat da istefa verdi. Eyni zamanda parlamentdə “Gürcü Arzusu” koalisiyasında olan 10 millət vəkili də istefa verib".
O.Qafarlı deyir ki, bu istefalar mövcud hökumətin böhranıdır. Gürcüstanda 7 nazirin istefasının hökumətin istefaya getməsinə səbəb olduğunu deyən ekspertin sözlərinə görə, proseslər bu istiqamətdə davam edərsə hökumət istefaya gedəcək. O.Qafarlı deyir ki, ən ciddi problem odur ki, yeni hökumətin qurulması da ciddi problem yaradacaq: “Və ”Gürcü Arzusu" koalisiyasının ən zəif tərəfi yenidən hökumət qurulması üçün məclisdə yetərli səsə sahib olmamasıdır. Bu gün Gürcüstanda hökumət formalaşdırmaq üçün siyasi qrupa ən azı 76 millət vəkilinin səsi lazımdır. Hazırda parlamentdə iqtidar koalisiyasında ayrılanlarla birlikdə 70 millət vəkili mövcuddur".
Gürcüstanda baş verən siyasi böhran regional siyasətdə ciddi problemlərə səbəb olacaq: “İstefa verən nazirlər Azərbaycan, Türkiyə və Qərbin yaxın dostları idi. Yerlərinə gələcək nazirlərin Azərbaycana, Türkiyəyə və Qərbə nə qədər yaxın olacaqları bilinmir. Belə bir ehtimal var ki, Gürcüstanın keçmiş müdafiə naziri İrakli Alasaniyanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə və Gürcüstan arasında keçirilən hərbi təlimlər və görüşlər Rusiya tərəfində qıcıq yaradıb. Və uzun zamandır İrakli Alasaniyanın istefaya göndərilməsi üçün Gürcüstan hökumətinə təzyiqlər edilirdi. Və bu gün müdafiə nazirinin istefaya göndərilməsi bununla bağlıdır.
Artıq Azərbaycan, Gürcüstan və Türkiyənin birlikdə formalaşdırdıqları regional əməkdaşlıq sual altındadır. Gürcüstanda qərbyönlü qruplar yenidən iqtidara gəlməyəcəyi təqdirdə Bakı-Tiflis-Qars, TANAP kimi layihələrə yenidən baxıla bilər".