Ermənistanda Rusiya ilə -ittifaq dövləti qurmaq təklif olunu
Bu təklifi Ermənistanın İttifaq Partiyasının lideri Tiqran Urixanyan edib.
Yenixeber.org: Onun fikrincə, Ermənistan belə ittifaqa qoşularkən müstəqilliyini itirməyəcək, əksinə, bundan yalnız qazanacaq.
“Bir çox insan bunun Ermənistanın Rusiyanın tərkibinə keçməsini nəzərdə tutub-tutmadığını soruşur. Xeyr! Bu, hadisələrin məntiqinə əsaslanaraq dövlətlərarası ittifaq yaratmaq deməkdir. Bu vəziyyətdə Ermənistan BMT üzvü, ordusunu gücləndirən və xarici siyasət yürüdən suveren və müstəqil ölkə olaraq qalır. Qalan söhbətlər gündəlik savadsızlıq səviyyəsindədir”, - “Sputnik Ermənistan” Urixanyandan sitat gətirib.
O, növbəti məntiqi addımın birgə hərbi birləşmələrin, o cümlədən sərhəd qüvvələri şəklində birləşmələrin yaradılmasının olduğunu vurğulayıb.
Ümumiyyətlə, Ermənistandakı ritorikadakı qəfil dəyişiklik təəccüblü deyil. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra ön sıralara qərbyönlü siyasətçilər çıxdı. Düzdür, onlar mövqelərini çox bacarıqsız şəkildə ifadə etdilər. Hətta bacarıqsız da demək olmur - sözlərində həddinən artıq təkəbbür və alçaqlıq var idi. Bəyanatlarının sərtliyi baxımından dünyanın ən böyük güclərinin bir çox siyasətçisinə yüz xal fora verə bilərdilər.
Elə təkcə “Vladimir Putin həbsxanada Robert Köçəryanla görüşmək istəyirsə, qapının arxasından bağlamasından ehtiyatlansın” ifadəsi nəyə desən dəyər.
Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanda onlardan başqa hamının bildiyini anladılar. Daha doğrusu, onlar da bilirdilər, lakin heç bir şəkildə etiraf etmək istəmirdilər - Ermənistan Rusiyasız mövcud ola bilməz. Asılılıq həddindən çox böyükdür. ABŞ və ya Avropa Rusiyanın bölgədəki rolunu əvəz edə bilməz.
Bax elə indi də, reallığı qavradıqdan sonra müxtəlif kalibrli siyasətçilər Rusiyaya olan sevgilərini etiraf etməyə başlayırlar. Urixhanyan isə onların hamısını üstələdi - bu günə qədər heç bir erməni siyasətçisi bu qədər uzağa getməmişdi. Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun genişləndirilməsi var idi, daha yaxın iqtisadi əlaqələr var idi, rusiyalı sərmayəçilərə güzəştlər var idi, amma Rusiyanın tərkibinə qoşulmaq – bax, bu, ilk dəfədir.
Qoy Urixhanyan nə qədər istəyir “Ermənistan müstəqilliyini itirməyəcək”, “Ermənistanın Rusiyanın tərkibinə keçməsi nəzərdə tutulmur” desin.
Birincisi, Ermənistanın müstəqilliyi var ki, onu da itirsin?! İkincisi, Urixanyan, deyəsən, sözlərinin mənasını tam anlamır. Yaxşı olardı ki Belarus prezidenti Aleksandr Lukaşenko ilə məsləhətləşsin.
Rusiya ilə Belarus arasında İttifaq Dövləti layihəsi var - ölkələr arasında dövlətlərarası münasibət yaradılması. İdeya ötən əsrin 90-cı illərdən ortadadır, amma hələ də praktikada belə bir şey yoxdur. Deyilənə görə, Lukaşenko prosesi bilərəkdən ləngidir.
O, hələ bu ilin yanvarında bu layihə barədə danışarkən “Heç bir ölkənin bir hissəsi ola bilmərik. Sizə xəyanət edib Belarusu, hətta qardaş Rusiyamızın xeyrinə belə, dağıda bilmərəm” deyə vurğulayıb.
Bir çox mütəxəssis Belarus və Ukraynanın yeni İttifaq Dövlətində ilk ölkələr olacağını, gələcəkdə isə digər ölkələrin də onlara qoşulacağını söyləyirdi. Ancaq Ukrayna fərqli yol seçdi, Belarusda isə hazırda vəziyyət qeyri-müəyyəndir.
İttifaq Dövlətinə qoşulmaq istəyi barədə Cənubi Osetiyada dəfələrlə danışılıb. Bu ilin sentyabr-oktyabr aylarından etibarən bu barədə Abxaziyada fəal şəkildə müzakirələr gedir. Daha əvvəl isə Vladimir Jirinovski qondarma DQR və postsovet məkanının tanınmamış digər respublikalarını Rusiyanın tərkibinə daxil edilməsinə, “SSRİ-nin kiçildilmiş variantını” yaratmağa çağırış etmişdi.
Göründüyü kimi, müstəqil inkişaf edə bilməyənlər bu yükü başqalarının çiyinlərinə atmaq istəyir. Niyə də yox? O zaman dotasiyalar da olacaq - Rusiya onları darda qoymayacaq. Rusiya indi də Ermənistana kömək edir, illərdir kömək edir və niyə də belə demək mümkünsə, “nikahı rəsmiləşdirməsinlər”?
Azad Həsənli