Üçtərəfli bəyanatın detalları: -“Kərki və Qazaxın kəndləri... “
Ermənistanın Qafan şəhərindən Əkərək (Aqarak) kəndinə gedən avtomobil yolu tamamilə Azərbaycan tərəfinin nəzarətinə keçib.
Yenixeber.org: Bu barədə Qafan meri Gevorq Parsyan parlamentdə çıxışı zamanı bildirib. O qeyd edib ki, Azərbaycan tərəfi Sünik rayonundan 100 metr məsafədə dayanıb: “Qafana qədər məsafə bir kilometrdir. Qafan şəhəri və bir sıra digər yaşayış məntəqələri ətrafındakı strateji əhəmiyyətli yüksəklikləri Azərbaycan tərəfinin nəzarətinə keçib”.
Qeyd edək ki, Azərbaycan Vətən müharibəsində zəfər qazanmaqla tarixi ədalətin bərpasına nail olub. İşğal altında olan torpaqlarımız düşməndən azad edilib. İndi isə Azərbaycanın dövlət sərhədinin tam şəkildə bərpası prosesi gedir.
Tarix boyu məkrli əməllərindən əl çəkməyən ermənilər işğal altındakı rayonlarımızın da sərhədlərində dəyişiklik ediblər. Uzun illər Azərbaycanın işğal altındakı torpaqlarını bir gün mütləq qaytaracağı həqiqətini dərk edən ermənilər bu zaman az da olsa, torpaq “qopartmaq” niyyəti ilə bir sıra yaşayış yerlərini Ermənistanın rayonlarının inzibati bölgüsünə daxil ediblər. Lakin onların bu həmləsi baş tutmur. Çünki döyüş meydanında və siyasi arenada qalib gələn Azərbaycan haqq mübarizəsində düşmənə bir qarış torpağını belə güzəştə getmək niyyətində deyil. Elə Qafan merinin parlamentdə həyəcan təbili çalan çıxışı da Azərbaycanın Ali Baş Komandanının, hərbçilərinin və qalib xalqının qətiyyətini göstərir.
Mövud prosesləri “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, 10 noyabr üçtərəfli bəyanatının ictimaiyyət üçün açıqlanmayan bəzi detalları var. Baş verənlərdən sonra belə güman edə bilərik ki, bu detallar içində sərhədlərin dəqiqləşdirilməsi və demarkasiya prosesi yer alıb.
Ekspert vurğulayıb ki, Zəngəzur-Mehri dəhlizindən keçməklə dəmir yolunun inşası məsələsi də bəyanatın ictimaiyyət üçün açıqlanmayan detallarına aiddir:
“Dağlıq Qarabağ və ətrafındakı 7 rayona aid olmayan digər münaqişə ərazilərinin də taleyinə aydınlıq gətirilməlidir. Təxminən son 20 gün ərzində Qubadlı və Zəngilanın ərazi xətləri və sərhəd dəqiqləşdirilməsi üzrə ölkəmizə 20-dən artıq kənd qaytarılıb. Vacib məsələlərdən biri də sərhəd xətlərinin yenidən çəkilməsidir. Sovet dönəmində sərhəd xətləri qeyri-dəqiq olub. Baxmayaraq ki, Azərbaycan ərazisi hesab edilib, amma ermənilər orada bir neçə kənd salıblar. O cümlədən Qafan aeroportunun təxminən 100 metrlik məsafəsində kənd yaradıblar. Sovet dönəmində Azərbaycanın sərhədboyu ərazilərindən təsərrüfatı məqsədilə istifadə ediblər. Yəni həmin ərazilərin kimə məxsus olduğuna dair dəqiq məlumat olmayıb”.
Hazırda sərhədlərdə demarkasiya prosesinin aparıldığını söyləyən mütəxəssis bildirib ki, Azərbaycan bunu “GPS” sistemindən istifadə etməklə dəqiqləşdirir:
“Ermənistan tərəfdən isə bu posesi Rusiya sülhməramlıları izləyir. Ona görə də 10 noyabr sazişindən belə başa düşmək olar ki, bu məsələlər ruslarla razılaşdırılıb. Hətta bu günlərdə sərhədin dəqiqləşdirilməsi ilə bağlı Rusiya Dövlət Komissiyasının sədri də gəlmişdi. Rusiya və Azərbaycan arasında sərhədin dəqiqləşdirilməsi təcrübəsi var. 2010-cu ildə bizim sərhədlər dəqiqləşdirildi. Bu, Rusiya imperiya tarixində ilk razılaşma idi ki, hansısa dövlət müharibəsiz olaraq şimal qonşumuzla sərhədləri dəqiqləşdirir”.
Ə.Əlibəyli qeyd edib ki, Qubadlı və Zəngilan əraziləri Ermənistanla sərhəd boyunca nəzərdə tutulur:
“Bu bölgələrdən üzü Zəngəzura doğru bütün yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu bölgələr 1929-cu ildə qeyri-qanuni şəkildə düşmənə verilib. İndi isə Ermənistandan geri istənilə bilər. Ona görə də buna Zəngəzura giriş mərhələsi kimi baxmaq lazımdır. Bu baxımdan Qafan şəhərindən Əkərək kəndinə gedən avtomobil yolunun tamamilə Azərbaycan tərəfinin nəzarətinə keçməsi əhəmiyyətli prosesdir. Məsələn, bu prosesi Kərki və Qazaxın işğal edilmiş kəndləri ilə bağlı da görəcəyik.
Tovuz və Gədəbəydə müəyyən mərhələlər ərzində düşmənə qeyri-rəsmi şəkildə hektarlarla torpaq verilib. Əminəm ki, bu bölgələrin də dəqiqləşdirilməsi həyata keçiriləcək”.