Redaktor seçimi
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
Günün xəbəri

İrəvanı kimlər qarışdırır, yaxud Paşinyanın taleyi necə olacaq? - ŞƏRH

Ermənistanda daxili siyasi gərginlik davam edir. Qarabağdakı ağır məğlubiyyətdən sonra baş nazir Nikol Paşinyan üçün arzuolunmaz vəziyyət yaranıb. Ölkənin müxalifət qüvvələri birləşərək onu devirməyə çalışır, bu məqsədlə silsilə etiraz aksiyaları keçirirlər.
Yenixeber.org: Artıq ölkənin bütün bölgələrini etiraz dalğası bürüməkdədir. Paşinyan isə istefa tələblərini rədd edərək, öz kreslosundan əl çəkmək niyyətində olmadığını nümayiş etdirir. Nikolun və ümumilikdə İrəvanın bundan sonrakı taleyi hər kəsi düşündürür.

                    Erməniləri kimlər qızışdırır? Paşinyan etirazçılara təslim olacaqmı?

Politoloq Sahil İskəndərov deyib ki, müxalifətin indi Paşinyandan “günah keçisi” yaratmağa cəhd etməsi düzgün deyil. Onun fikrincə, Ermənistanın məğlubiyyətini və ölkənin düşdüyü hazırkı rəzil durumu yalnız baş nazirin ayağına bağlamaq və indiki müxalifətin bu səpkidə oyun oynaması məntiqi baxımdan heç bir reallığı əks etdirmir:



“Məsələ ondadır ki, qələbəmizi heç də Paşinyanın bəsit siyasəti yox, məhz Azərbaycan Prezidentinin güclü diplomatik-siyasi gedişləri və eyni zamanda, ordumuzun gücləndirilməsi konteksində son illərdə apardığı işlər şərtləndirib. Ordumuz, ölkəmizin qüdrəti bir daha göstərdi ki, istər Paşinyan, istərsə də başqası olsun, işğalçı ölkənin məğlubiyyətdən başqa yolu olmayacaqdı. Burada Ermənistanın beynəlxalq müstəvidə təklənməsi də çox böyük rol oynadı. Çünki sən haranısa hansısa müəyyən siyasi vəziyyətdən istifadə edib işğal edə bilərsən. Amma o başqasına məxsus olan torpaqları uzun müddət saxlaya bilməzsən. Gec-tez haqq-ədalət öz yerini tutacaqdı. İndi müxalifətin də durub “biz hakimiyyətə gəlsək, hər şey başqa cür olacaq” deməsi siyasi boşboğazlıqdan başqa bir şey deyil. Hazırda müxalifətin özünə namizəd seçdiyi Vazgen Manukyan kimi birinin qəribə tələb və şərtlərlə çıxış etməsi sağlam məntiqə sığmır. Ona görə də düşünmürəm ki, məğlub baş nazir hazırkı situasiyada asan şəkildə istefa yolunu seçə. El dili ilə desək, sadəcə Ermənistanda daş qayaya rast gəlib”.



Paşinyanın çevrilişlə hakimiyyətə gəldiyini xatırladan politoloq, indiki küçə “hay-küyləri”, xaotik meydan tələblərinin Nikola yad olmadığını bildirib:

“Paşinyan özü də bu cür kürsüyə əyləşdi. Daha doğrusu, onu hakimiyyətdə oturtdular. Düşünürəm ki, Nikol bu yolla hakimiyyəti kiməsə verməyə razı olmayacaq. Çünki əgər tarixə nəzər salsaq görərik ki, bu yollarla hakimiyyətə yiyələnənlərin özləri heç də eyni metodla kürsünü təhvil verməkdə maraqlı və hazır olmurlar. İkinci bir tərəfdən axı Paşinyan belə ciddi məsələlərdə özbaşına qərar verə bilməz. Onun hakimiyyəti ətrafında gedən hazırkı siyasi gedişlər daha çox böyük güclərin pərdəarxası geosiyasi oyununun tərkib hissəsidir. Məsələn, indi heç Rusiyanın özü də maraqlı deyil ki, Nikol hakimiyyətdən xaotik şəkildə getsin. Ola bilsin ki, Moskvanın özünün konkret namizədi var. Amma Rusiya bir məsələdən çəkinir ki, hadisələr nəzarətdən çıxa və məğlub ölkədə Paşinyandan sonra daha radikal biri, “müharibə partiyası”nın təmsilçisi rəhbər ola bilər. Yeri gəlmişkən, Manukyan belə xarakterizə edilir. Bu məsələdə şimal qonşumuz ehtiyat edir ki, hadisələr bu cür davam edərsə, yeni gələn qüvvələr hətta rusların sözündən də çıxa, üçtərəfli anlaşmanı pozmağa çalışarlar. Bu, əlbəttə ki, Rusiyanın nüfuzuna xələl gəlməsi deməkdir. Proqnoz reallaşsa, o zaman Kreml açıq şəkildə İrəvanda müəyyən siyasi oyunlara girişməli olacaq. Hətta bir müddət əvvəl Vladimir Putinin Paşinyanın hakimiyyətdən getməsinin arzuolunmaz olduğu barədə verdiyi bəyanat buna hesablanmışdı”.



Sahil İskəndərov hesab edir ki, İrəvanda olan müxalif partiyalar cəmiyyətdə elə də güclü siyasi dəstəyə malik deyillər. Sadəcə onlar müharibədən sonra yaranmış münbit siyasi şəraitdən istifadə etməyə çalışırlar. Heç Nikolun özü də hazırda populyar siyasətçi deyil, xalq onu torpaqları Azərbaycana verən günahkar kimi görür:

“Məsələ burasındadır ki, indi daxili qüvvələr yox, xarici aktorların oyunları öz sözünü deyir. Əgər bu kontekstdən yanaşsaq, Rusiya ilə yanaşı, ABŞ-ı da unutmamalıyıq. Heç kimə sirr deyil ki, artıq yeni ABŞ lideri Bayden olacaq. Bu isə Nikola əlavə imkanlar yaradır. Doğrudur, Paşinyan hakimiyyətə Trampın zamanında yiyələndi. Amma onun baş nazir olmasını daha çox ABŞ-dakı demokratların rəngli inqilablar layihəsi şərtləndirdi. Əgər bu prizmadan yanaşsaq, düşünmək olar ki, yeni administrasiya Nikolun hakimiyyətdən getməsinə imkan verməyəcək. Müxalifətin əsas təkliflərindən olan növbədənkənar parlament seçkilərinə gəlincə, ola bilsin ki, bir neçə ay sonra baş nazir buna getsin. Amma bu da onu deməyə əsas vermir ki, belə razılıq olsa, yüz faiz indiki müxalifət fəalları qalib gələcəklər. Əslində baş nazirin kürsüdə ən azı bir ilə yaxın oturacağını düşünürəm. Daha doğrusu, indiki erməni rəhbəri kürsüdə saxlayıb, onun xaotik bir ölkəni qoyub getməsinə imkan verməyəcəklər. Çünki Paşinyanın bir sıra vacib öhdəlikləri var ki, məğlub baş nazir onları mütləq həyata keçirməlidir. Ən azı son öhdəlik olan məlum üçtərəfli anlaşma göz önündədir”.



Politoloq İrəvanda "Daşnaksütyun" partiyasının fəallaşmasını da təsadüfi hal saymır:

“Obrazlı şəkildə desək, partiya kəndirbazlıqla məşğul olur. Bu siyasi təşkilat birmənalı şəkildə məhz Ermənistanın Qərbin yedəyində getməsinin tərəfdarıdır. Bunun özü bir daha sübut edir ki, hazırkı siyasi proseslərdə əsas məsələ iki güc mərkəzinin xalqın gərginliyindən istifadə edib oyunlar aparmaqdır. Qərbin Qarabağ anlaşmasına heç də tam müsbət reaksiya verməməsi ortalıqdadır. Elə bu oyunların arxasında - Nikolun tezliklə hakimiyyəti təhvil verməsi istəyində daha çox Qərbdəki bəzi dairələrin konkret ssenariləri dayanır. Amma bir daha deyirəm ki, Paşinyan belə rahat şəkildə hansısa verilən vaxt, ultimatumla hakimiyyətdən getməyəcək. Müəyyən maraqlı dairələr çalışacaqlar ki, Nikol hələlik indiki kürsüsündə otursun. Təbii ki, baxır hadisələr necə inkişaf edəcək. Ola bilər İrəvanda elə forsmajor hallar yaransın ki, artıq oyunun qaydaları 180 dərəcədə dəyişsin. Amma Paşinyan ən azı bir neçə ay hakimiyyətdə saxlanılacaq. Nə qədər ki, dünyanın güc mərkəzləri normal siyasi fiqur tapmayıblar, düşünmürəm ki, onlar hansısa radikal çevriliş cəhdinə gedələr. Hazırda Manukyan namizəd göstərilsə də, Nikolun hakimiyyətdən gedişi baş verəcəyi halda, bu siyasətçi özü belə müəyyən keçid dövrü üçün rəhbər olacaq”.(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam