Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Xaricdən gətirilmiş ermənilərin Azərbaycan torpaqlarına qaytarılması mümkün deyil” -ilginc açıqlamalar

Hüquqşünas sülhməramlıların funksiyasından danışdı; Əliməmməd Nuriyev: “Onların məcburi köçkünlərin qaytarılması məsələsinə heç bir aidiyyəti ola bilməz”

Yenixeber.org: Qələbədən sonra Azərbaycan qarşısında duran əsas məsələlərdən biri  qaçqın və məcburi köçkünlərin  Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara qaytarılmasıdır. Burada təkcə 1 milyondan çox soydaşımızdan yox, həm də erməni əsilli Azərbaycan vətəndaşlarından söhbət gedir. Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyanatın 7-ci bəndində qeyd edilir ki, bütün bu işlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında həyata keçiriləcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Dağlıq Qarabağla bağlı birgə bəyanatının qaçqınların öz evlərinə qayıtmasını nəzərdə tutan yeddinci bəndinin vacibliyini qeyd edib. Qısaca qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı 14 dekabr BMT-nin tərkibində yaradılıb və əsas məqsədi dövlətlərin tələbi və ya BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etmək olan beynəlxalq təşkilatdır. Mərkəz qərargahı Cenevrə şəhərində yerləşir.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev qaçqın və məcburi köçkünlərin qaytarılması prosesi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bu istiqamətdəki rolu və erməni əsilli vətəndaşlarla bağlı məsələnin mübahisəli məqamları haqqında müsahibəsində danışıb.

- Əliməmməd bəy, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bu prosesdəki iştirakını necə dəyərləndirirsiniz?

- BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bununla bağlı praktikası var. Müxtəlif ölkələrdə bu praktika həyata keçirilib. Keçmiş Yuqoslaviyada bununla bağlı işlər həyata keçirilib, çoxsaylı münaqişə ocaqlarında bununla bağlı praktika var. Burada əsas məsələ geri qaytarılacaq erməni əsilli vətəndaşların ciddi filtirasiyadan keçməsidir. Doğrudanmı həmin şəxslər qaçqın və məcburi köçkün kimi qeydiyyatda var idilər? Əvvəllər bütövlükdə qaçqınların hər biri BMT-nin müxtəlif ölkələrdəki nümayəndəliyində qeydiyyatdan keçirdilər. Son dəyişiklikdən sonra bu qeydiyyat məsələsinə fərqli yanaşma oldu. Ancaq qaçqınlar həmişə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında qeydiyyatdan keçirdilər. Azərbaycanda da bu komissarlığın nümayəndəliyi var. Köçkünlərlə bağlı məsələ isə daxili yerdəyişmə olduğu üçün daha çox müvafiq dövlət orqanında qeydiyyatdan keçirdilər. Köçürüləcək şəxslərin doğrudan da həmin ərazidə doğulması ilə bağlı qeydiyyat məsələsi önəmlidir, başqa ölkənin olmaması da önəmlidir. Ermənistanda yaşayan, bu ölkənin vətəndaşı olan hansısa erməninin Dağlıq Qarabağa  köçməsi qeyri-mümkündür. Bütün bunlar ciddi surətdə yoxlanılmalıdır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbərliyi ilə yanaşı, Azərbaycanın müvafiq dövlət strukturlarının nümayəndələri olmalıdır. Məlumatın bölüşdürülməsi, sistemə vurulması, yoxlanılması həyata keçirilməlidir.

Əliməmməd Nuriyev: “Bütün korrupsiya sxemləri oxşardır”

Əliməmməd Nuriyev

 

- Ermənilər arasında Azərbaycana qarşı savaşda iştirak edənlər var, onların köçürülməsinin qarşısı necə alınacaq?

- O şəxslərin Azərbaycana qarşı cinayətlərdə iştirakının olub-olmaması ciddi şəkildə yoxlamadan keçməlidir və bunu Azərbaycan tərəfi etməlidir. Bu məlumatlar daxil olduqdan sonra BMT komissarlığı onu Azərbaycanın hüquq-mühafizə orqanlarına verməlidir. Azərbaycan nümayəndəliyi mütləq prosesin içində olmalıdır. Dövlətin müvafiq strukturları tərəfindən bu məsələ nizamlanacaq. Təkcə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarətində olmayacaq. Müxtəlif ölkələrdən Ermənistana köçürülmüş şəxslər var ki, onların Azərbaycan ərazisində yerləşdirilməsinə cəhdlər edilib. Bununla bağlı açıq məlumatlar var, Zəngilanda, Laçında, Şuşada biz onunla bağlı məlumatları gördük. Azərbaycan tərəfi hər zaman bunu deyirdi. ATƏT-in faktaraşdırıcı  missiyası da bunu təsdiqlədi, hələ 2008-ci ildə məskunlaşma faktını qeyd etmişdilər. Əks-hücum əməliyyatları zamanı da gördük ki, bizim ərazilərimizdə başqa ölkələrdən gətirilmiş ermənilər məskunlaşıb. Onların heç birinin Azərbaycana qayıtması mümkün olan məsələ deyil. Yalnız Qarabağda doğulan şəxslərdən söhbət gedir və onların Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak etməmiş olanları. İştirak edənlər mütləq təcrid olunmalıdır, qanun qarşısında məsuliyyət daşımalıdır. Eyni zamanda nəzarət sistemi çox ciddi olmalıdır ki, quldurların oraya gəlməsi mümkün olmasın.

- Dağlıq Qarabağda nə qədər ermənin yaşaması və onların kimliyi haqqında informasiyalar bizdə varmı?

- Azərbaycanda 1989-cu ilin siyahıyaalma sənədləri var. Dağlıq Qarabağda nə qədər erməni vətəndaşının yaşaması ilə bağlı məlumatlar Azərbaycanın məlumat bazasında var. Onu süni olaraq artırmaq mümkün olmayacaq. Azərbaycandan məcburi köçkünlərin o torpaqlara qaytarılması ilə bağlı da bizdə çox aydın bir statistika və məlumat bazası var. Ancaq erməni tərəfi müxtəlif şəxsləri orada yerləşdirməyə cəhd edəcək. Bu torpaqlar Azərbaycan ərazisi olduğu üçün Ermənistan tərəfinin köçürmə prosesində iştirakına yol vermək olmaz. Azərbaycan tərəfinin iştirakı ilə, dövlətimizin ciddi nəzarəti altında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının iştirakı ilə qaçqın və məcburi köçkünlər qaytarılmalıdır. Bu proses Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilir və bizim qanunvericiliyimiz beynəlxalq qanunlara uyğundur. Çox diqqətli olmaq lazımdır ki, başqa şəxslərin Azərbaycan ərazisinə sızmasına yol verilməsin.

- Pasport və vətəndaşlıq məsələsi necə müəyyən olunacaq?

- Bu məsələdə saxta pasportlar meydana çıxa bilər. Azərbaycan ərazisinə daxil olan hər bir şəxs Azərbaycan qanunlarına əməl etməsi ilə bağlı öhdəlik götürməli və Azərbaycan pasportu ilə təmin olunmalıdır. Yalnız Azərbaycan şəxsiyyət vəsiqəsi ilə... Başqa bir ölkənin şəxsiyyət vəsiqəsi ilə oraya daxil olmaq mümkün deyil, olmamalıdır. Bu proseslər başlanan zaman qeyd olunan məsələlər tam şəkildə, detallarına qədər müəyyən olunacaq. Mütləq BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iş aparılarkən Azərbaycan tərəfi də komissiyanın tərkibində olmalıdır. Daxil olan  məlumatların mübadiləsi baş verməlidir, yoxlanılmalıdır, bizim müvafiq strukturların məlumat bazasına uyğun olaraq icazə verilməlidir. Əks halda, dünyanın hər yerindən ora ermənilərin axını baş verə bilər. Bu proses Azərbaycan-Ermənistan sərhədində olmalıdır, artıq Dağlıq Qarabağa keçdikdən sonra yox. Ermənistan tərəfdən gələn məcburi köçkünlərdən söhbət gedir. Qondarma “dqr”in vətəndaşlıq verdiyi şəxslər oraya daxil ola bilməz. Separatçı rejimin qəbul etdiyi aktlar əsas kimi götürülə bilməz. Məcburi köçkünlər zamanında orada yaşayıblar, sonradan oranı tərk ediblər, onlar aydın kriteriyalar əsasında qayıda bilərlər. Ümumi yanaşma mövcud olsa da, aydın şəkildə detallar hazırlanmalıdır. Ermənistan tərəfinin iştirakı birmənalı şəkildə rədd olunmalıdır.

- Prosesin iki istiqaməti var, birincisi Azərbaycan ərazisindən qaçqın və məcburi köçkün soydaşlarımızın köçürülməsi, ikincisi erməni əsilli - Azərbaycan vətəndaşlarının oraya qaytarılması. Burada əsas tərəflər kimlərdir?

- Burada cəmi iki tərəf var. Birincisi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, ikincisi Azərbaycan  hökuməti. Çünki söhbət Azərbaycan ərazisindən gedir və Azərbaycan qanunvericiliyinə aid olan məsələdir.

- Ermənistandan qaçqın düşən vətəndaşlarımızın yerləşdirilməsi  ilə bağlı nə nəzərdə tutulur?

- Azərbaycan öz məcburi köçkünləri ilə yanaşı qaçqınları da  istənilən ərazidə yerləşdirə bilər. Ermənistandan bizim 250 minə yaxın soydaşımız qaçqın düşüb. Onlardan kimlərsə azad olunan torpaqlara köçmək istəsə, bu mümkündür. Çünki söhbət Azərbaycan ərazisindən gedir. Ancaq hələ ki ən vacib məsələ məcburi köçkünlərlə, yəni orada yaşamış azərbaycanlı və erməni əsilli şəxslərlə bağlı məsələdir.

- Azərbaycanda ikili vətəndaşlığın qadağan olunduğunu nəzərə alsaq, o zaman bu Dağlıq Qarabağa və ətraf rayonlaradamı şamil ediləcək?

- Bəli, ikili vətəndaşlığa heç bir halda yol vermək olmaz. Azərbaycan iki ölkənin vətəndaşını tanımır. Ola bilər ki, erməni əsilli şəxslər artıq başqa ölkənin vətəndaşıdır, onların həmin əraziyə qayıtması yolverilməzdir. Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı tanımır və buna görə məsuliyyət nəzərdə tutan normalar var. Ola bilər ki, vaxtilə Qarabağda doğulan hansısa erməni sonradan Rusiyaya gedib və o ölkənin vətəndaşıdır. O, Rusiya vətəndaşı kimi Qarabağa daxil ola bilməz. O, ilk növbədə həmin ərazidə doğulduğunu və yaşadığını sübut edən faktlar təqdim etməli, daha sonra Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Bu uzun bir proses olacaq. Ermənistan vətəndaşının ümumiyyətlə, azad etdiyimiz torpaqlarda yaşamaq haqqı yoxdur. Ancaq orada doğulan və 1989-cu ilə qədər köçüb yaşayan şəxslər qayıda bilər.

- Ötən 30 il ərzində Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlarda məskunlaşma siyasəti həyata keçirib. İndi həmin şəxslər evlərini tərk edib gedirlər, onlar qaytarıla bilərmi?

- İşğaldan sonra məskunlaşan şəxslər, başqa ölkələrdən gətirilənlər heç bir halda orada yaşaya bilməz. Onlar heç ölkəyə buraxılmamalıdır və bu, müzakirə mövzusu olmamalıdır. Ancaq ötən 30 ildə həmin torpaqlarda doğulan şəxslər ola bilər, çünki artım mümkündür. Ancaq azalma da ola bilər, çünki Ermənistanın öz vətəndaşları ölkəni tərk edib xaricə gedir.

- O zaman sülh sazişində bu məsələlər bütün detalları ilə necə əks olunmalıdır?

- Mənim dediyim məsələlər ümumi yanaşmalardır, bunların hər biri detallı olmalı, kriteriyalar aydın şəkildə qoyulmalı, məcburi köçkün statusunun kriteriyalarına uyğun olmalıdır. Separatçı rejimin zamanında verdiyi vətəndaşlıqların heç birinin hüquqi əsası yoxdur. Azərbaycan tərəfindən və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından başqa heç kim bu prosesə müdaxilə edə bilməz.

- Sülhməramlıların bu prosesə hansısa təsiri olacaqmı?

- Sülhməramlıların bu məsələyə heç bir aidiyyəti ola bilməz. Bu, onların mandatına, statusuna aid məsələ deyil. Onların işi budur ki, yollarda təhlükəsizliyi təmin etsinlər, atəşkəs rejiminə əməl edilməsinə, ermənilərə məxsus hərbçilərin və texnikaların ərazidən çıxarılması prosesinə nəzarət etsinlər. Hüquqi prosedurlara onlar müdaxilə edə bilməz. İstənilən halda hansı yaşayış məskənində məcburi köçkünlərin yerləşdirilməsindən söhbət gedirsə, az öncə dediklərim onların hər birinə aiddir.  Sülhməramlıların mandatı təhlükəsizliyin təmin edilməsi və erməni silahlılarının, ağır texnikanın ərazidən çıxarılmasıdır. Yəni ərazilərin hərbsizləşdirilməsinə nail olmaq və atəşkəsin pozulmamasını təmin etmək. Başqa bir məsələyə onların müdaxiləsi ola bilməz. Azərbaycan tərəfi də bu mesajları açıq şəkildə verməlidir. Hərbçinin işi təhlükəsizliyi qorumaqdır. Hər yerdə Azərbaycan qanunları işləyəcək.
“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam