Yenixeber.org: İyunun 7-8-də Bakıda baş vermiş hadisələri asanlıqla cəmiyyət və dövlət arasındakı münaqişənin inkişafında yeni mərhələ adlandırmaq olar.
İki günlük hadisələrin formal tərəfi belədir: iyunun 7-də polis Bakının rayonlarından birində koronavirus pandemiyası ilə əlaqədar hakimiyyətin tətbiq etdiyi evdən çıxmaq qadağasını pozan sakini kobud şəkildə saxlayıb. Vətəndaşın saxlanılması məhəllə sakinlərinin narazılığına səbəb olub. Onlar narazılıqlarını qışqırmaqla və polisi lənətləməklə, DİN əməkdaşlarına balkonlardan zibil və plastik qablar atmaqla ifadə ediblər. Növbəti gün səhər tezdən xüsusi təyinatlı polis dəstələri həmin məhəllədə nümayişkaranə güc tətbiqi ilə əməliyyat həyata keçiriblər, 7 iyun etirazlarında iştirak etdiklərini düşündükləri 11 vətəndaşı sözün əsl mənasında yataqlarından çıxarıb, aparıblar. Vətəndaşlara qarşı zorakılıq hərəkətləri ilə müşayiət olunan əməliyyat, sakinlərin şəxsiyyətinin təhqir edilməsi səhnələri də daxil olmaqla, polislər tərəfindən çəkilib və bütün ölkə əhalisinə ibrət dərsi kimi sosial şəbəkələrə yerləşdirilib.
Hakimiyyət və cəmiyyət arasındakı münaqişənin inkişafının yeni mərhələsi dedikdə nə nəzərdə tuturuq?
Ötən illərdə vətəndaşların belə kobudcasına saxlanıldığı, qonşularının gözü önündə döyüldüyü hallar çox olub, amma biz polisin hərəkətlərinin belə kütləvi formada qınandığını yadımıza sala bilmirik.
Əhalinin hazırki emosional, hətta müəyyən dərəcədə aqressiv reaksiyası onun fors-major səraitində hökumətlə baş-başa gəlməyə hazır olduğunu göstərir. Bu reaksiya həqiqətən çılğın, planlaşdırılmamış reaksiya idi. Amma hadisəyə əhalinin müxtəlif təbəqələrini və zümrələrini əhatə edən bütün ölkə ictimaiyyətinin cavabı emosional olduğu qədər də yekdil idi.
Bir məhəllədə polis orqanlarının şəxsində dövlətin öz vətəndaşları ilə ədəbsiz və açıq-aşkar amansız davranışı nəticəsində yaranmış anın təhlükəliliyini hökumət bu dəfə operativ qaydada sayıq qiymətləndirib. Bu qiymətləndirmə və ictimai narazılığın ciddiliyinin dərki aşağıdakılarda öz əksini tapıb: saxlanılan şəxslər minimum cəza alıblar və ya ümumiyyətlə, azad ediliblər, Daxili İşlər Nazirliyi polislərdən birinin cəzalandırıldığını, təhqir edilmiş qadından isə üzr istənildiyini bildirib. Prokurorluq polisin hərəkətlərinin araşdırılmasına başlayıb. Zorakılıq kampaniyası dayandırılıb. Beləliklə, hakimiyyət cəmiyyətə heç-heçə təklif edib.
Amma bütün bunlar bəyanat səviyyəsində olub. Həmin bəyanatları ictimai ehtirasları yatırmaq cəhdi kimi qiymətləndirmək mümkündür. Hakimiyyət cəmiyyət qarşısında tamamilə geri çəkilmək niyyətində deyil. Sözügedən hadisələrdən sonra televiziyada çıxış edən prezident Əliyev baş verənlərə heç bir münasibət bildirməyib, bu da polisin hərəkətlərinin özfəaliyyət olmadığı, onun yuxarıdan siyasi dəstək aldığı anlamına gəlir.
Cəmiyyətdəki etiraz əhval-ruhiyyəsinə pandemiyadan və onun gətirdiyi məhdudiyyətlərdən yorğunluğun, habelə vətəndaşların, xüsusən də kiçik və orta biznes nümayəndələrinin, muzdlu işçilərin, qeyri-leqal əmək bazarında çalışanların maddi vəziyyətinin pisləşməsinin səbəb olduğunu demək qeyri-ciddi olardı. Pandemiyaya proseslərin katalizatoru kimi baxmaq lazımdır. O, bir tərəfdən, neft qiymətlərinin ucuzlaşması fonunda daha qabarıq görünən bacarıqsız idarəetmənin törətdiyi promlemləri üzə çıxarıb, digər tərəfdən, cəmiyyətin çarəsizlikdən, bitmək bilməyən böhranlardan, rəsmi şəxslərin riyakarlığından yorulduğunu aşkarlayıb.
Məsələn, iyunun 9-da televiziyada vətəndaşların maska taxıb-taxmaması ilə bağlı polisin və telekanal əməkdaşlarının reydi haqqında süjet nümayiş etdirilib. Epizodlardan birində maska taxmayan ticarətçi açıq formada, telekamera qarşısında polisə rədd cavabı verib. O, nə müxalifət nümayəndəsi, nə də iyunun 9-da evin fasadına polis zorakılığına qarşı etiraz plakatı asan və binanın damında meqafonla vətəndaşları müqavimətə səsləyən Qiyas İbrahimov kimi, ictimai fəal deyil. 2016-cı ildə sabiq prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” yazdığına görə 10 il müddətinə həbs edilmiş və vaxtından əvvəl azadlığa buraxılmış İbrahimov bu dəfə 15 sutkalıq cəza alıb və həmin vaxtı karantində keçirmək üçün evə göndərilib.
Pandemiyanın əvvəlindən, neft qiymətləri aşağı düşməyə başlayandan bəri hakimiyyət cəmiyyətə hələ də böhrandan çıxış üzrə birgə fəaliyyət planı təklif etməyib. Əksinə, “pandemiya-neft böhranı”nın ilkin mərhələsində, xalqa 19 mart müraciətində prezident Əliyev fövqəladə hal tətbiq ediləcəyi təqdirdə müxalifətin təcrid olunacağını bildirib. 19 mart bəyanatı və 7-8 iyun hadisələri arasındakı məsafə hakimiyyətin hansısa güzəştlərə, ölkədə demokratik dəyişikliklərə getmək istəmədiyini göstərir. Bu dəyişikliklər zərurəti isə cəmiyyətdə ən mühüm çağırışa çevrilib. Tərəflər arasında təzad bundan ibarətdir. Hakimiyyət ölkənin orta statistik vətəndaşının maraqlarını önə çəkməsə, həmin təzad getdikcə güclənəcək.
Bunun üçün ictimai maraqların ifadəçisi və nümayəndəsi olan vətəndaş cəmiyyəti ilə böhranın aradan qaldırılması və sosial məsuliyyətli dövlət yaradılmasının yolları haqqında dialoqa başlamaq lazımdır. Belə dialoq qızğın ehtirasları soyutmaq və ictimai konsensusa yol açmaq iqtidarındadır. İmitasiya cəhdlərinin davam etdirilməsinin mənasızlığı barədə hakimiyyət xəbərdar olmalıdır, belə ki, məhz imitasiyalar bizi böhrana gətirib çıxarıb və ondan yaxa qurtarmağa imkan vermir.
Mehman Əliyev (turan.az)