Neft bazarını Rusiya qarışdırır - Səbəb
Rusiyanın strateji planı uzun zaman neft-qaz qiymətlərini aşağı səviyyədə saxlamaqla bazar payını qorumaqdır
Yenixeber.org: Koronavirus və Rusiya ilə Səudiyyə Ərəbistanının savaşı dünya neft bazarında qiymətləri aşağı həddə saxlamaqda davam edir.
Cümə axşamı günü kəskin enişdən sonra dünən səhər birjalarda neftin qiyməti bir qədər yüksəlib. London birjasında Brent neftinin may fyuçerslərinin qiyməti 0,85 dollar(2,56 faiz) bahalaşaraq 34,07 dollar olub. Bir gün əvvəl isə qiymət 7,18 faiz düşmüşdü.
Nyu-York birjasında WTI neftinin aprel fyucersləri isə 0,80 dollar artmaqla 32,30 dollara çatıb. Əvvəlki sessiyada bu marka neft 4,49 faiz dəyər itirmişdi. Ümumilikdə, bu həftə ərzində neft 20 faiz dəyərsizləşib.
Martın 12-də yekunlaşan gün üçün Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 3,69 ABŞ dolları, yaxud 10,2 faiz azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 32,35 ABŞ dolları təşkil edib.
Lakin bu cüzi artıma rəğmən, arxada qoyduğumuz həftə neftin 2008-ci ildən bəri ən çox dəyər itirdiyi həftəyə çevrilib. Baş verən proseslər göstərir ki, dünya neft bazarında ucuz qiymət dövrü hələ yaxın aylarda başa çatmayacaq. Belə ki, Səudiyyə Ərəbistanı hasilatı kəskin artırmaq planının icrasına başlayıb. Avropa və Sinqapurdakı şirkətlərin məlumatına görə, bu ölkənin gəmi şirkətləri, başda “National Shipping Co”. olmaqla, aprel ayı üçün 10 VLCC səviyyəli nəhəng tanker icarəyə götürüblər. Hazırda daha 18 tanker üçün danışıqlar aparılır.
Brokerlər daha 30 tankerin yaxın iki ay üçün bron edildiyini bildirirlər. Hesablamalara görə, yaxın həftələrdə daha 60 tankerə ehtiyac yaranacaq. “The Wall Street Journal”ın brokerlərə istinadən verdiyi məlumata görə, ötən həftənin sonlarından etibarən neft daşıyan tankerlərin icarə haqqında 10 dəfədən çox artım qeydə alınıb. Ötən həftə nəhəng tankerlərin birgünlük icarəsi 33 min dollar idisə, indi qiymət 200-300 min dollara yüksəlib.
Nüfuzlu investisiya bankı olan “Goldman Sachs” analitikləri hesab edirlər ki, hasilatın artması və dünyada tələbatın azalması üzündən aprel ayında neft bazarında təklif artıqlığının həcmi gündəlik 6 milyon barelə yüksələ bilər.
Analitiklər neftin dəyərsizləşməsindən ən çox zərər görəcək ölkələr kimi OPEK üzvü olan Əlcəzair, İraq və Nigeriyanı göstərirlər. Hesab olunur ki, bazardakı ucuzluq daha bir neçə həftə davam edərsə, iqtisadiyyatları çox az diversfikasiya olunmuş bu ölkələr dərin böhranla üzləşəcəklər.
Dünya neft qiymətlərinin aşağı həddi bir sıra ölkələrin iqtisadiyyatı üçünsə əlverişli hesab olunur. Bunlardan biri qardaş Türkiyədir. İllik neft-qaz idxalına 40 milyard dollar xərcləyən Türkiyənin ucuz qiymətlər şəraitində xeyli vəsaitə qənaət edəcəyi gözlənilir. Neftin ucuzlaşmasından qazanclı çıxacaq daha bir ölkə isə Hindistan hesab olunur. Enerjidaşıyıcılarına olan tələbatının 80 faizini idxal hesabına təmin edən Hindistanın mart ayında bitəcək maliyyə ilində yalnız neft idxalına 95,69 milyard dollar xərci çıxıb. Neft emalı sənayesini sürətlə inkişaf etdirən ölkə üçün neftin indiki qiyməti çox əlverişlidir.
Almaniyanın “Die Welt” nəşrinə görə, OPEK+ razılaşmasının dağılması Rusiyanın əvvəlcədən planlaşdırdığı fəaliyyətin nəticəsidir. Moskva koronavirusun yaratdığı qlobal iqtisadi durğunluq şəraitində bazarda qiymətləri stabilləşdirəcək başqa amillərin olmayacağını nəzərə alaraq, OPEK+ çərçivəsində hasilatın daha da azaldılması təkliflərinə məqsədyönlü şəkildə mənfi cavab verib. Məqsəd isə ABŞ-ın şist neft istehsalçılarını ağır zərərə uğratmaqla dünya bazarından çıxartmaqdır.
Maraqlıdır ki, ABŞ-ın neft hasilatçıları da təxminən eyni fikirdədirlər. Fərq yalnız ondan ibarətdir ki, onlar bu planın icrasında Səudiyyə Ərəbistanının da Rusiyaya dəstək verdiyini bildirirlər.
ABŞ Enerjidaşıyıcları İstehsalçıları Alyansının İdarə Heyətinin üzvü, neft maqnatı Harold Hamm hesab edir ki, Rusiya və Səudiyyə Ərəbistanı koronavirus epidemiyasından istifadə edərək ABŞ neft istehsalçılarına zərbə endiriblər. Onun “Fox Business”ə dediyi sözlərinə görə, Alyans bu iki ölkənin, həmçinin digər ölkələrin dünya bazarında ABŞ istehsalçılarına qarşı dempinq razılaşmasında iştirak edib-etmədiklərini araşdıracaq: “Bu, sektora zərər vururmu? Şübhəsiz ki, vurur. Hər iki ölkə - Rusiya və Səudiyyə Ərəbistanı bunu başa düşürlər və məhz buna görə də belə addımlar atırlar. Biz onları durdura bilərikmi? Şübhəsiz ki, bəli”.
ABŞ Energetika Nazirliyinin proqnozuna görə, OPEK+ razılaşması pozulduqdan sonra artıq may ayından etibarən ölkədə neft hasilatı azalmağa başlayacaq. 2021-ci ilin mayına ABŞ üzrə gündəlik neft hasilatı indiki 13 milyon bareldən 12,7 milyon barelə düşəcək. Lakin bir çox beynəlxalq analitiklər indiki qiymətlər şəraitində ABŞ-da hasilatın daha çox azalacğını proqnozlaşdırırlar.
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, bu gün neftlə baş verən proseslər əslində tək azalan neft bazarından pay almaq deyil, həm də qaz bazarları uğrunda gedən savaşdır: “Belə görünür, Rusiya uzun müddətli strateji qərar alıb ki, ABŞ neft istehsalçılarını bazardan sıxışdırıb çıxartsın, amma əslində hədəf həm də ABŞ-ın Avropaya aqressiv qaz satışı planlarının qarşısını almaqdır. Bu ildən başlayaraq ABŞ Avropaya ildə 80 milyard kubmetr qaz satmağı planlamışdı. Əsasən də Rusiyanın qaz satdığı bazarları hədəf alıb ki, həmin ölkələr tədricən Rusiya qazından imtina edib ABŞ-dan tankerlərlə gətirilən maye qaza keçsinlər. ABŞ-ın ”Şimal axını-2" layihəsinə yaratdığı maneələr də məhz qaz bazarı uğrunda gedən savaşla bağlıdır.
Bu gün Rusiya Avropaya ildə 145-150 milyard kubmetr qaz satır. Şimal qonşumuzun büdcə gəlirlərində qaz neftdən daha önəmli yer tutur, çünki neftdən fərqli olaraq qaz satışı tam dövlətin əlindədir. Qazın qiyməti dolayısı ilə neftə bağlıdır, neftə bağlı formulla hesablanır. Düzdür, son zamanlar ayrıca qaz spot qiymətləri də var, amma neft amili həlledicidir. Avropa üçün 2019-cu ilin ortalama qiyməti 194 dollara qədər endi, çünki tək ABŞ yox, Qətər də Avropaya sıxılmış qaz satışını kəskin artırıb, həm də bu il Avropada son illərin ən yumşaq qış mövsümü oldu, qaza tələbat təbii yolla azalmışdı. Keçən il neftin ortalama qiyməti 64 dollara yaxın olub, qaz qiymətləri həm də bu qiymətə uyğun formalaşıb".
Ekspert hesab edir ki, Rusiyanın strateji hədəfi həm də Avropa qaz bazarını əldən buraxmamaqdır: “Əgər bu il neftin ortalama qiyməti 40 dollar olsa və virusla bağlı dünyada iqtisadi aktivliyin azalmasını da nəzərə alsaq, Avropa üçün qazın ortalama qiyməti 105-110 dollara qədər enəcək. ABŞ qazı nəqliyyat, maye hala salınması və sonradan normal hala qaytarılması səbəbi ilə daha baha başa gəldiyinə görə Amerika istehsalçıları Avropaya qazı belə ucuz sata bilməyəcəklər. Rusiyada qaz hasilatının maya dəyəri çox aşağıdır, həm də borularla daşınır deyə nəqliyyat xərci də azdır - Kremlə Avropaya 105-110 dollara qaz satmaq da sərf edir.
Rusiyanın strateji planı uzun zaman neft-qaz qiymətlərini aşağı səviyyədə saxlamaqla bazar payını qorumaqdır. Amma Rusiya iqtisadiyyatının özü 2-3 il aşağı qiymətə dözə biləcəkmi - əsas sual budur".(musavat)
DÜNYA