Bayıl çökən evlərdən sonra...- FOTOLAR
Dünən günorta saatlarında Bayıl yamacında aktivləşən sürüşmə 10-a yaxın evi yararsız hala salıb
Yenixeber.org: Hazırda teleqüllənin aşağı hissəsində, yəni sürüşmənin ilk qeydı alındığı ərazidə böyük yarğanlar əmələ gəlib. Uçqun nəticəsində dərinliyi 6-8 metrə qədər olan çökəkliklər yaranıb. Sürüşmə çatları isə aşağı irəliləyərək evlərə çatıb.
Hazırda yamacın sürüşmə zonasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əkilən ağacların çıxarılıb köçürülməsi ilə məşğul olur. Sakinlərdən biri buna etiraz etdikdə isə qurum əməkdaşı "çıxarmayaq torpağın altında qalsın? Onsuz da, sürüşür" deyərək cavab verib. Çıxarılan ağaclar yük maşınlarına yığılaraq daşınır.
Bundan öncəki reportajda sürüşmənin qarşısını almaq üçün qurulan istintaq divarında çatların genişləndiyini qeyd etmişdik. Lakin indi həmin divarlar tamamilə uçaraq torpağa qarışıb və quraşdırıldığı yerdən bir neçə metr aşağıya sürüşüb. Ərazidə iş aparan şəxslər də orada gəzməyin təhlükəli olduğunu bildirdilər və bizə çox da uzağa getməməyi məsləhət gördülər: "Hər an yenə də uça bilər, biz də evdəkilərə bura gəldiyimizi deməmişik ki, narahat olmasınlar".
Nazirliyin daha bir əməkdaşı isə yamacın yuxarı hissəsindı, yarğanın kənarında xüsusi avadanlıq quraşdıraraq sürüşmənin hərəkətliliyinə nəzarət edir. Məlumata görə, dünən gecədən sonra sürüşmədə aktivlik qeydə alınmayıb. Yamacın dənizə tərəf olan hissəsinə gedən yol tamamilə uçduğu üçün həmin ərazidə vəziyyətin nə yerdə olduğu bəlli deyil.
Eni təxminən bir metr olan yarğanın izi ilə evlərə doğru getdik və sakinlər artıq yararsız olan evlərinin həyətinə toplaşmışdı. Fevralın 11-i günorta saatlarında başlayan uçqun 78,80, 82, 84 və 86 saylı evlərə ciddi ziyan vurub.
Dünən dağılan evi videolentə alınan 82 saylı evin sahibi Nizami Məmmədov bizimlə söhbətində bildirdi ki, uçqundan 20 dəqiqə əvvəl evdən çıxıb: "Biz burdan köçürülən gündən bəri hər gün gəlib evə baş çəkirdim. Çünki əşyalarımız burada idi, oğurlana bilərdi. Dünən də səhər gəldim, yorğan-döşəyi yığıb bir kənara qoydum ki, apararam. Sonra peçi yandırıb çay qoydum, evdə qalacaqdım. Özüm usta işləyirəm, iş yoldaşım zəng etdi ki, "alçıpan işi" var, tez gəl. Mən də peçi söndürüb çıxdım, "Bayıl kruqu"na çatmamış zəng etdilər ki, evin uçdu qayıt. Hər şeyim evdə idi, soyuducunu da zərbə vurub küçəyə atıb. Tualetimiz tamamilə torpağın altında qalıb. İcra hakimiyyətindən gəlib baxdılar. Dedilər ki, evdə nələrin olduğunu gəlib yazdırarsan, verəcəyik. Evin uçmağı, torpağı pulu məsələlərini də Nazirlər Kabinetinin həll edəcəyini dedilər. Biz ailəlikcə məktəbdəki sığınacaqda qalırıq".
N.Məmmədov bildirib ki, sığınacaqda hər bir şəraitlə təmin olunublar: "Hər şey verirlər, yataqlarımız da var. Hər cür yeməklə də təmin edirlər".
Səbail Rayon İcra Hakimiyyəti köçürülən sakinlərin əşyalarını yığmaq üçün xüsusi yer də ayırıb. Sakinlər öz istəklərinə uyğun olaraq əşyalarını ya qohum evinə, ya da həmin anbara yerləşdirirlər.
Füzuli Ələkbərova məxsus 78 saylı, Telman Aslanova məxsus 80 saylı, Raya xanımın 84 saylı, Şakir Süleymanova məxsus 86 saylı evlər də tamamilə və ya qismən uçub.
T.Aslanov da bildirib ki, bütün əşyaları uçan evinin divarları altında qalıb. F.Ələkbərovun həyat yoldaşı Aidə Ələkbərovanın evinin arxa divarı tamamilə uçub, torpaq kütləvi otağa dolub: "İki ay əvvəl evimi təmir etdirmişdim, gəlinin bütün cehizi torpağın altında qaldı. Heç qapı da açılmır. Hadisə vaxtı mən evdə idim, birdən polis evə girib qışqırdı ki, "tez çıxın ev uçur". Mən qaçdım, 10 dəqiqə sonra torpaq evə doldu. Amma bu uçqundan sonra bir nəfər gəlib bizlə maraqlanmayıb, bu evi qeydə almayıblar".
Ş.Süleymanovun həyat yoldaşı Nəzakət Süleymanova bildirib ki, bu gün onlara kirayə pulu veriləcəyi bildirilib: "Amma evimiz uçdu deyə hamımız bura gəldik, o məsələ də bilmədik necə oldu. Hələ ki gözləyirik".
Qeyd edək ki, ərazidən təxminən 100 ailə köçürülüb, onların və evlərinin gələcək taleyi ilə bağlı Nazirlər Kabineti qərar verəcək.