Məhbusun şok etirafı: "Bizi soyundurub qravata bağladıqdan sonra"... -İDDİA
Ötən ilin aprel ayında 6 saylı cəzaçəkmə müəssisəsində 10-a yaxın məhbusun intihara cəhd etdiyi barəsində sosial mediada məlumatlar yayımlanmışdı. Səbəb olaraq isə sözügedən müəssisədə məhbusların haqsızlıqlara və işgəncələrə məruz qaldığı deyilirdi.
Yenixeber.org: "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov müsahibəsində məsələdən məlumatlı olduğunu və məlumatların əsaslı olduğunu bildirmişdi.
O, həmin məhkumlardan dördünün kimliyinin müəyyənləşdirildiyini və vəziyyətlərinin "ağır" olduğunu da vurğulamışdır.
Lakin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sözçüsü Mehman Sadıqov deyilənləri təkzib etmiş, sözügedən cəzaçəkmə müəssisəsində hər hansı etiraz və ya özünəxəsarət hadisəsinin ümumiyyətlə "baş vermədiyini", heç bir məhbusa işgəncə verilmədiyini bildirmişdir.
Rüfət Səfərov isə əlavə edib ki: - "Özüm keçmiş dustaq və müəssisələrdəki problemlərdən məlumatlı şəxs kimi bilirəm ki, bu müəssisələrdə ənənəvi problemlər var. Məsələn, telefon danışığı, müəssisələrdəki dükanlarda qiymətlərin "ceyran belində olması" və s...Öz müşahidəmdən deyirəm ki, orada heç bir kassa aparatı olmur, qiymətlər bir neçə dəfə baha olur. Bundan başqa, dustaqlar arasında adi problem olanda karsa (red: cərimə təcridxanası) salınırlar və oradan buraxılmaları üçün hadisənin miqyasından asılı olaraq məhkumlardan 500 manatdan 7 minədək pul tələb olunur. Eləcə də Qobustan həbsxanasına göndərilməmək üçün. Özünə xəsarət edən məhbusların etiraz səbəbləri də bunlar ola bilər".
Rüfət Səfərov deyir ki, "bu kimi hallar olanda məhkumların telefon danışığı "tam ciddi nəzarətə götürülür ki, informasiyanın necə sızması müəyyən edilsin". Əgər bu, baş tutarsa, həmin şəxsin aqibəti "çox ağır" ola bilər".
Qeyd edək ki, bir müddət əvvəl redaksiyamıza müraciət edən məhbusların cəzaçəkmə müəssisəsində yaşadıqları çətinliklər barəsində söylədikləri, məhz Rüfət Səfərovun dediklərinin eynisi və təsdiqi idi.
Xatırlayırsınızsa, redaksiyamıza 2 saylı cəzaçəkmə müəssisəsindən müraciət edən Neftçala rayon Aşağı Qaramanlı kənd sakini Nağıyev Əfqan Ağasadıq oğlu deyirdi
- "Burda bizi döyürlər. Tez-tez balaca, bumbuz otağa salıb, saatlarla bağlı qapı arxasında ac-susuz saxlayırlar. Ailəm görüşümə gələndə pul alıb, sonra görüşə icazə verirlər. Ailəm evdən yemək göndərir, yarısını götürürlər, əgər göndərilən ərzaqlardan da burdakı dükanda satılırsa, onu götürürlər, bizə vermirlər ki, burdakı dükandan almalısınız. Burdakı dükan da özlərinindir. Hər şey bu dükanda ikiqat qiymətə satılır. Bundan əlavə telefonla danışmağa 1 manatdan pul alırlar, halbuki 50 qəpik olmalıdır. Üstəlik də həbsxanada təmir işləri üçün də bizdən 5 manatdan pul yığırlar. Bizim burda qazancımız nədir, gəlirimiz hardandır ki, bu qədər xərci də bizə yükləyirlər?!
Dustaqlara "zon"u pul ilə satırlar. Təzə gələnlər "barak"a girən kimi, dəstə rəisi ondan kravat (çarpayı) üçün 30 manat pul alır.
Bir sözlə, dustaqlara məxsus olan hər şeyi bizə pul ilə satırlar."
Bu barədə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin elektron ünvanına göndərdiyimiz rəsmi sorğu cavabsız qalmışdı.
Bundan əlavə, bu yaxınlarda milyardları barəsində mediada məlumatlar yayımlanan Nicat Mahmudovun atası, eyni zamanda Abid Şərifovun kürəkəni olan Məhəmməd Mahmudovun rəisi olduğu və ən nəhayət yuxarıda da qeyd etdiyimiz kimi kütləvi intihar hadisəsinin baş verdiyi deyilən 6 saylı cəzaçəkmə müəssisəsindən də məhbuslar telefon danışıq dəqiqəsinin ikiqat qiymətlə mümkün olduğundan, həmçinin bəzi dövlət qurumlarına yazdıqları məktubların müəssisədən çıxmasına icazə verilməməsindən, sözügedən müəssisənin tibb xidmətinin, baş həkiminin işini demək olar ki, icra etmədiyindən, ərzaqlar 2-3 qat bahasına onlara satıldığından gileylənirdilər.
Qeyd: Məhbus həyatı yaşayan xeyli sayda vətəndaşlar cəzaçəkmə müəssisələrində hətta yaxınlarla görüşə də pul qarşılığında icazə verildiyini deyirlər.
Bu dəfəki müraciət isə 16 saylı cəzaçəkmə müəssisəsi barəsindədir. Belə ki, redaksiyamıza müraciət edən Nuriyev Coşqun Eyvaz oğlunu dinlədikdə, nənələrimiz demişkən, sanki, "ayağımızın altından yer qaçdı". Amerika filmlərində nifrətlə izlədiyimiz (18+) filmlərdə məhbusların yaşadığı işgəncələr sən demə Amerika qədər uzaq deyilmiş.
Çox təəssüflər olsun ki, bizim Azərbaycanda, 16 saylı (bizə məlum olan) cəzaçəkmə müəssisəsində də yaşanırmış.
Məhbus bildirir ki: - "Burda bizi çox incidirlər. Səbəb göstərmədən cərimə təcridxanasına salırlar. "Rejim qaydalarını pozmusan" bəhanəsilə müxtəlif işgəncələr verirlər. Ərzağı "od qiymətinə" bizə satırlar. Ailəmiz tərəfindən göndərilən 100 manat pulun üstündən 10 manat götürüb, qalanını bizə verirlər. İşimizlə bağlı ombudsmana, prokurorluğa yazdığımız müraciətlər çölə buraxılmır. Hamam pulludur, özü də baha qiymətə, telefon danışığı ikiqat qiymətlə, stol 150 AZN. Yeni gələn dustaqları karantində saxlayırlar. Karantin müddəti 14 gündür, lakin, burda deyirlər, "300 manat ver buraxaq". Etiraz edəndə də rəis İlham Baxşəliyev və müavini Orxan bizi hədələyir ki, "Dilini dinc saxla, başın salamat olsun".
Tətbiq edilən süni qaydalara narazılıq edən kimi Orxanın göstərişi ilə həmin məhbusu aparıb, tamamilə çılpaq soyundurub, başına iyrənc əski dolayır, çarpayıya bağlayırlar. Onun da üstünə başqa bir məhbusu bağlayırlar ki, təbii ehtiyacları ilə aşağıdakı məhbusu murdarlasın. Dustaqlara qarşı çox iyrənc, əxlaqsız hərəkətlər tətbiq edirlər. Mən etiraz etdim, dedim ki, "mənə qarşı belə hərəkət olsa intihar edəcəm". Dedilər, "cəhənnəmə elə".
Pentensiardan komissiya gəlir, bizə imkan vermirlər onların qarşısına çıxıb, dərdimizi deyək."
P.S: Redaksiyamız Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin sözçüsü Mehman Sadıqov ilə telefon əlaqəsi saxlayıb, məhbusun söylədiklərini diqqətinə çatdırdı. Mehman Sadıqov bildirdi ki, "elə narazılığı olan məhbuslar Pentensiara müraciət etsinlər".
Cavab verdik ki, "Mehman müəllim, məhbuslar bildirir ki, onlara imkan vermirlər müraciət etməyə. Süni əngəllər yaradırlar".
Mehman Sadıqov isə bunu təkzib etdi və məhbusun yalan danışdığını bildirdi.
Təkrar olaraq, diqqətinizə çatdırırıq ki, ayrı-ayrı cəzaçəkmə müəssisələrindən müraciət edən digər məhbuslar da eyni problemləri yaşadıqları iddia edirdilər.
Sizcə, biri-birini tanımayan məhbusların eyni yalanı danışması mümkündürmü?
Redaksiyamız hər kəsin söz haqqını tanıyır! DogruXeber.az