Rusiyanın Ukraynaya hərbi təcavüzü və bu ölkədə yaşanan humanitar fəlakət sığınacaq mövzusunu yenidən aktuallaşdırdı. İnsanların təhlükədən qorunmaq üçün əsasən zirzəmilərə sığınması bu infrastruktur obyektinin əhəmiyyətini bir daha göstərdi.
Yenixeber.org: Azərbaycanın şəhər və rayonlarında, xüsusən də Bakıda binaların zirzəmiləri ilə bağlı uzun illərdir, problemlər yaşanır. Zirzəmilərdə yığılan sular, kommunikasiya və sanitar xətlərin nasazlıqları, eləcə də təmizlik vəziyyətinin qənaətbəxş olmaması bir çox narahatlıqlara səbəb olur.
Budəfəki araşdırma mövzumuz da məhz paytaxtdakı zirzəmilərin mövcud vəziyyəti, görülən və görülməsi vacib olan işlərlə bağlıdır.
***
Hazırda paytaxtda zirzəmilərlə bağlı mövcud vəziyyət necədir? Bununla bağlı yoxlamalar aparılırmı?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, ötən il Bakı şəhəri üzrə 203 ünvanda sulu zirzəmilər aşkar edilərək, aidiyyəti qurumlara bu barədə məlumat göndərilib:
“Bakı şəhəri üzrə əhali arasında yoluxucu xəstəliklərin profilaktikasına yönəldilmiş tədbirlərlə əlaqədar olaraq, şəhərdə yerləşən yaşayış və ictimai binaların zirzəmilərinin sanitariya nəzarəti zamanı bir sıra nöqsanlar və çatışmazlıqlar aşkar edilib. Aparılan müayinələr zamanı zirzəmilərin sanitar vəziyyətinin gözlənilməməsi, buradan keçən su və kanalizasiya sistemlərinin istismar vəziyyətinə müvafiq nəzarətin təmin edilməməsi, baş vermiş qəzalar zamanı vaxtında tədbirlərin görülməməsi, qəzalarla əlaqədar zirzəmilərə toplanmış suların kənarlaşdırılmaması ilə bağlı illər boyu təkrarlanan nöqsan və çatışmazlıqlar qalmaqdadır”.
Məlumatda qeyd edilib ki, mövcud vəziyyət əhali arasında yoluxucu xəstəliklərin baş verib yayılması üçün də şərait yaradır:
“Binaların zirzəmi sahəsində su və kanalizasiya sistemlərinin yararsız vəziyyətə düşməsi, yaxud onlarda baş verən qəza hallarının vaxtında aradan qaldırılmaması, nəticədə zirzəmilərin sanitariya təmizlik vəziyyətinin gözlənilməməsi ilə əlaqədar qeydə alınmış nöqsanlar əhali arasında yoluxucu xəstəliklərin baş verib yayılması üçün şərait yaradır. Bakı şəhərinin rayon GEM-ləri tərəfindən ərazi üzrə cavabdeh struktur bölmələrə dəfələrlə müraciət edilməsinə baxmayaraq, lazımi effektiv tədbirlərin görülməməsi sulu zirzəmilərdə sanitariya-epidemioloji tələblərin pozulmasına, eyni zamanda əhali tərəfindən daxil olan çoxsaylı şikayətlərin yaranmasına səbəb olur”.
***
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin verdiyi məlumatda qeyd edilən əsas səbəblərdən biri zirzəmilərdəki su və kanalizasiya sistemlərinin yararsız vəziyyətdə olmasıdır.
Bu barədə suallarımıza cavab tapmaq üçün “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. A.Cəbrayıllı bildirib ki, zirzəmilərdəki su və kanalizasiya xətləri 2014-cü ildən etibarən qurumun tabeliyinə verilib:
“2014-cü ildən etibarən 7 000-dən çox zirzəmidə həm su, həm də kanalizasiya xətlərində əsaslı və cari işlər aparmışıq. Bəzən isə elə olur ki, bir neçə ay sonra problem yenidən təkrarlanır. Səbəb – insan faktorudur. Məsələn, kanalizasiyaya atılan əlavə əşyalar və ya zirzəmilərdən oğurlanmış xətlər problemin yenidən yaranmasına gətirib çıxarır. Ancaq qurum əməkdaşları yenidən problemi həll etmək üçün ünvana yollanırlar və cari işlərini görürlər. Şikayəti olan hər bir vətəndaş bununla bağlı bizə müraciət edə bilər”.
Qurum sözçüsü qeyd edib ki, təkcə 2021-ci ildə 200-dən çox binanın əsaslı və cari işləri, eləcə də baş verən xırda qəzalar nəticəsində yaranan problemlər həllini tapıb:
“Hazırda elə zirzəmilər var ki, ora qrunt suları, elələri də var ki, ora “Azəristilik” ASC-nin çəkdiyi xətlərdən sular axıdılır. Yəni, yaranan vəziyyət tək su və kanalizasiya xətləri ilə bağlı deyil.
Bakıda hazırda zirzəmilərlə bağlı əsas problemlərə Xətai, Sabunçu və Suraxanı rayonu ərazisində olan binalarda rast gəlinir. Var gücümüzlə çalışırıq ki, müraciət daxil olan kimi problemin qısa müddətdə həllini təşkil edək”.
A.Cəbrayıllı əlavə edib ki, “Azərsu” ASC-nin xidmət göstərdiyi zirzəmilər əsasən köhnə tikili binalara aiddir. Qurum yeni tikilən çoxmərtəbəli binaların zirzəmilərinə nəzarət etmir.
***
Bəs, zirzəmilərin sığınacaq statusuna gətirilməsi üçün hansı işlər görülməlidir? Bu təyinat üçün hazırkı imkanlar yetərlidirmi?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, sovet dövründə tikilən binalarda zirzəmilər sığınacaqlar kimi nəzərə alınıb:
“Həmin zirzəmilərdə otaqlar, sanitar qovşaqlar və s. olurdu. Həmçinin həmin yerin möhkəmliyinə, giriş və çıxışlara xüsusi diqqət edilirdi. Sonradan isə bütün bunlar yığışdırıldı. Xüsusilə də zirzəmilərin qeyri-yaşayış obyektlərinə çevrilməsi prosesinə başlanıldı ki, bu da binaları qəzalı vəziyyətə salır. Çünki həmin obyektlərin ölçüləri dəyişdirilir, hündürlük üçün daha dərin qazılır və bu da bünövrəyə ciddi zərər verir. Zirzəmiləri qeyri-yaşayış obyektinə çevirənlərə ciddi nəzarət olmalı və ancaq təhlükəsizliyi tam təmin etdikdə icazə vermək lazımdır”.
Ekspert qeyd edib ki, hazırda Bakıda 1000-dən artıq binanın istismarı bitib, onların 100-dən çoxu isə qəzalı vəziyyətdədir:
“Xoşbəxtlikdən pis hadisələr baş vermir, amma hər hansı fəlakət zamanı qəzalar qaçılmaz ola bilər. Çünki binalara sonradan çox artırmalar edilib və yüklənilib. Bundan başqa, hazırda zirzəmilərlə bağlı vəziyyət ürəkaçan deyil. Bəzilərini su basıb, bəzilərindən pis iy gəlir, həşəratlar məskən salıb və s. Zirzəmilərin su altında qalması da təhlükəni artırır və bünövrəyə zərər vurur. Əvvəllər Mənzil İstismar İdarələri tərəfindən əhalidən ödənişlər alınırdı və zirzəmilərə nəzarət olurdu. İndi isə onların bu səlahiyyətləri alınıb və binalar çox baxımsız hala qalıb. Vətəndaşlar şikayət etsələr də, nəticə çox vaxt dəyişmir”.
E.Fərzəliyev əlavə edib ki, zirzəmilərin vacibliyini çoxları başa düşmür:
“Məsələn, indi Ukraynada əhali təhlükəsizlik üçün zirzəmilərə sığınırlar. Bizdə uyğun vəziyyət yaransa, insanlar zirzəmilərdən istifadə edə biləcəkmi? Bunun cavabı bəlli və acınacaqlıdır. Ona görə də buna daha çox diqqət ayrılmalıdır. Zirzəmilər tam təmizlənməli, sanitariya qaydalarına əməl olunmasına nəzarət olmalıdır.
Son illərdə yeni tikililərin zirzəmiləri avtoparklar kimi nəzərdə tutulur və bu, müsbət haldır. Çünki təhlükə zamanı insanların oraya sığınması mümkündür. Ümumilikdə, ehtiyatı əldən vermək olmaz. Zirzəmilərin vəziyyətlərinin yaxşılaşması, eləcə də fəlakət zamanı insanları təhlükəsizliyini qorumaq imkanının təmin olunması məqsədilə müvafiq addımlar atılmalıdır”.(pressklub)
Şəfəq