QİYMƏT UCUZ, KEYFİYYƏT SIFIR... -Taksi bazarındakı xaos nə zaman tənzimlənəcək?
Artıq xeyli vaxtdır ki, Azərbaycandakı taksi xidməti sektorunda canlanma müşahidə olunur. Ötən 10 il ərzində yaranan şirkətlər, həmçinin xarici investorların bazara daxil olması bu sahədəki rəqabəti xeyli artırıb. Hazırda ölkədə 60-dan çox taksi şirkəti fəaliyyət göstərir.
Yenixeber.org: Ancaq taksi xidməti sektorunun böyüməsi öz növbəsində göstərilən xidmət səviyyəsinə və qiymətlərə təsirsiz ötüşməyib. Qiymətlər münasib olsa da, xidmət səviyyəsi, şirkət-sərnişin, sürücü-sərnişin münasibətləri olduqca aşağı səviyyədədir.
Dövlət Statistika Komitəsinin(DSK) məlumatına əsasən 2021-ci ilin ilk 8 ayında taksilər vasitəsilə 61 milyon 774 mindən çox sərnişin daşınıb ki, bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. 2020-ci ilin eyni dövründə taksilər 28 milyon 930 min sərnişin daşımışdı.
Vətəndaşların şirkət taksilərinə üstünlük verməsinin səbəbini isə qiymətlərin ucuz olmasıyla əlaqələndirirlər. Həmçinin, bəzi şirkətlərin tətbiqi proqramları müştərilərin işini asanlaşdırır. Artıq zəng vasitəsi ilə taksi sifariş etmək üsulu getdikcə köhnəlir. Bu səbəbdən əksər şirkətlər şəxsi mobil tətbiqlərini yaradırlar. Tətbiqin əsas üstünlüyünə gəlincə, bu, müştəriyə operatorla əlaqə saxlamadan, birbaşa taksi sifariş etmək üstünlüyünü verir. Sürücülərin belə şirkətlərə qoşulması da asanlaşdırılıb. Onlar “Watsapp” tətbiqi vasitəsi ilə portalda qeydiyytdan keçərək işə başlaya bilərlər.
Taksi şirkətlərinin müəyyən etdiyi tariflərsə bir-birindən az da olsa fərqlənir. Bunu müəyyən etmək üçün həmin şirkətlər arasında kiçik bir sorğu apardıq. Marşrut olaraq "28 May” metrosundan “Azadlıq” metrosuna qədər gediş istiqamətini müəyyənləşdirdik. Qeyd edək ki, iki məntəqə arasındakı məsafə 8,4 km təşkil edir. Bu istiqamət üzrə aşağıdakı şirkətlər müxtəlif qiymətlərə xidmət təklif etdilər:
- “Salam taksi” (*9933) - 3.80 AZN;
- “189 taksi” (*189) - 4.20 AZN;
- “Uber” - 2.30 AZN;
- “Bolt”(*1021) - 3.20 AZN;
- “City Taksi” (*8844) - 4.30 AZN;
- “Ekonom taksi” (*9111) - 4 AZN;
- “Bakı London taksi (*9000) - 3.80 AZN;
- “Ailə taksi” - (*8855) -2.60 AZN;
-“Maxim taksi” - 2.80 AZN;
-“Omega taksi” - 2.80 AZN.
Məlum olduğu kimi, taksi xidmətlərinin tarifləri sutkanın saatlarına, biznes və ekonom sinfinə görə dəyişir. Onu da qeyd edək ki, fərdi şəxslər tərəfindən göstərilən taksi xidməti şirkətlərlə müqayisədə xeyli bahadır və bu fərq bəzən iki dəfədən də artıq olur. Paytaxtda taksi xidməti ilə bağlı həm vətəndaşların, həm də sürücülərin fikrlərini öyrəndik. Sürücülər qazanclarının azlığından, müştərilər isə göstərilən xidmətin keyfiyyətsiz olmasından narazılıq etdilər.
Bakı sakini Eldar Yusifov bildirib ki, sürücülər müştəri ilə pis rəftar edirlər: “Şirkətlər onları işə götürən zaman tibbi müayinədən keçirmirlər. İşə çıxan sürücülər çox vaxt yuxusuz, stresli və əsəbi olurlar. Bu səbəbdən sürücülərlə tez-tez mübahisə yaşayıram”.
Orxan Muradov isə kartla ödəniş edərkən həmişə problem yaşadığnı bildirir: “Sürücü ödənişi kartla, yoxsa nağd şəkildə ödəyəcəyimi soruşur. Kartla ödəniş edəcəyimi bildirən zaman, sifarişi ləğv edirlər. Səbəb isə bu zamanı qazanclarının az olmasıdır”.
Rəna Həsənlinin sözlərinə görə, əksər taksi sürücülərinin avtomobilləri köhnə və yararsızdır.
"Onları xəttə götürən şirkətlər buna niyə nəzarət etmirlər?" – deyə, o sual edir.
“Bolt” taksi şirkətinin sürücüsü Nicat Məmmədov deyir ki, gündəlik gəliri 100 manata yaxın olsa da, ona həmin puldan cəmi 30 manat qalır: ”Benzin, avtomobilə tez-tez texniki xidmət, təmir xərcləri, şirkətlərin 20% komissiya haqqı tutması qazancımızı xeyli azaldır”.
Paytaxtda fərdi şəkildə işləyən taksi sürücüsü Sənan Cəfərov isə deyir ki, şirkət taksiləri ölkəyə gələndən sonra qazancı ikiqat azalıb: “Gündəlik 20-30 manat pul qazanıram. Şirkətlərə qoşulmaq sərf etmədiyindən fərdi qaydada işləməyə məcburam”.
Nəqliyyat eksperti Elməddin Muradlı bu mövzuyla bağlı “AzPolitika.info"ya bildirdi ki, pandemiya səbəbindən 2020-ci ildə ictimai nəqliyyatın, metronun bağlı olması taksi xidmətlərinin ucuzlaşmasına və bazarın sürətli inkşafına səbəb olub: “Hazırda şirkətlər rəqabət adıyla qiymətləri aşağı salıblar. Taksilər əvvəllər 5-7 manata getdikləri yolu indi 3-4 manata gedirlər. Bu amil də vətəndaşları ictimai nəqliyyatdan daha çox taksiyə yönləndirib".
E.Muradlı qeyd edir ki, pandemiya dövründə işini itirən vətəndaşlar çıxış yolu kimi taksi sürməyə başlayıblar: “İnsanlar ya şəxsi avtomobillərilə, ya da kreditə götürdükləri maşınlarla taksi fəaliyyəti göstərirlər. Bəzi iş adamları son zamanlar ölkəyə xeyli populyarlaşan “hibrid” avtomobilləri gətirərək, günü 25 manatdan vətəndaşlara icarəyə təklif edirlər: “Şirkətlər elə tələb qoyurlar ki, sürücü gündəlik yanacaq, kredit, texniki qulluq xərcini qarşılamaq üçün 12-15 saat işləmək məcburiyyətində qalır. Bu da onların əməyinin istismar olunmasına, taksi xidmətində xaotik durumun yaranmasına və keyfiyyətin aşağı düşməsinə səbəb olur. Düşünürəm ki, bu gün "taksi xidməti keyfiyyətlidir " demək yanlış olar. O, hazırda ən keyfiyyətsiz xidmətlərdən biridir. Ölkədə cəmi bir-iki şirkət normal fəaliyyət göstərir”.
Ekspert problemin həlli kimi taksi xidmətləri ilə bağlı yeni qaydaların qəbul olunmasını təklif edib: “Qeyd etdiyimiz mənfi hallar nəticəsində sürücülərin əməyi istismar olunur. Bu fiziki yüklənmələr də öz növbəsində qəzalara səbəb olur. Xüsusilə son vaxtlar “Prius” markalı avtomobillərin iştirakı ilə baş verən qəzaların sayı artıb. Ona görə də taksi xidmətilə bağlı vahid konsepsiya hazırlanmalıdır. Əvvəlcə biz "taksi sürücüsü necə olmalıdır" - bunu müəyyənləşdirməliyik. Sonra vahid qiymət və normal iş saatı müəyyən edilməlidir. Bu zaman hazırkı vəziyyət, yanacağın qiyməti, minumum əmək haqqı nəzərə alınmalıdır. Sonra elə bir sistem yaradılmalıdır ki, sürücü və sərnişin razı qalsın. Ancaq günün reallıqlarına baxsaq, görərik ki, sürücülər şirkətlər tərəfindən ağır şəraitdə işləməyə məcbur edilir. Bu cür fiziki istismar isə gələcəkdə böyük faciələrə səbəb olacaq. Hazırkı proses bunu deməyə əsas verir”.
Məlumat üçün onu da əlavə edək ki, statistikaya görə, Azərbaycanda taksi ilə bir kilometr üçün ortalama gediş haqqı 0,44 dollar təşkil edir. Bu isə bir çox MDB ölkələrilə müqayisədə heç də az deyil. Məsələn, Özbəkistanda bu qiymət 0,2 dollar, Rusiyada 0,23 dollar, Qazaxıstanda 0,35 dollardır. Taksi xidmətinin ən bahalı olduğu ölkə isə İsveçrədir. Burda bir kilometr məsafə üçün qiymət 4,15 dollar təşkil edir.