CAHANGİR ƏSGƏROV DANIŞDI, AMMA HEÇ NƏ DEMƏDİ... –AZAL rəhbəri Prezidentin iradlarının üzərindən sükutla keçdi
Yenixeber.org: Qeyd edək ki, AZAL pandemiya dövründə büdcədən ən çox maliyyə dəstəyi alan təşkilatdır. Şirkətə büdcədən 215 milyon manatdan çox yardım verilib ki, bu da pandemiyadan zərər çəkmiş bütün sahələrdə və bütün müəssisələrdə muzdlu işçilərə əmək haqlarının ödənilməsi üçün ödənilən vəsaitə yaxındır. AZAL prezidenti deyir: "Bu gün aviasiya birliyi mülki aviasiya tarixində ən arzuedilməz günlərini yaşamaqda davam edir. COVID-19-un yayılması ilə əlaqədar ölkələrin həyata keçirdikləri zəruri tədbirlər ilk növbədə aviaşirkətlərə və ümumilikdə, mülki aviasiyaya sarsıdıcı zərbə vurub. Aviaşirkətlər hazırda olduqca çətin vəziyyətdədir, bununla əlaqədar aviadaşıyıcıların ağırlaşmış vəziyyətinin yüngülləşdirilməsi məqsədilə hökumət tərəfindən atılan addımlar olduqca əhəmiyyətlidir. Biz çətin böhran vəziyyətindən ləyaqətlə və peşəkarlıqla çıxmaq üçün obyektiv imkan tapmalıyıq. Biz yaranmış vəziyyətin qlobal problem olduğunu, bu səbəbdən də situasiyaya dərrakəli yanaşmaq lazım olduğunu anlayırıq. Bu gün, heç vaxt olmadığı kimi, ümumi mülki aviasiya işimizdə həmrəy olmaq, bir-birinin probleminə həssaslıqla yanaşmaq və kömək göstərməyə hazır olmaq vacıbdir..."
C.Əsgərov müsahibə boyu bir dəfə də olsun kəllə-çarxa çıxan aviabiletlərin qiymətlərindən danışmayıb. Habelə deputatların, ekspertlərin, sadə vətəndaşların sosial şəbəkələri, medianı başına götürən etirazlarından bəhs etməyib. Baxmayaraq ki, ötən ilin avqust ayının 10-da Prezident İlham Əliyev AZAL-sərt tənqid etmişdi: “AZAL şirkətinin bütün təyyarələri dövlət tərəfindən alınıb, bütün aeroportlar dövlət tərəfindən tikilib. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?!”
Həmin tarixdən 1 ildən çox vaxt ötüb, amma görünən odur ki, AZAL tənqidlərdən heç bir nəticə çıxarmayıb. Biletlər hədsiz baha olaraq qalır, Azərbaycanın hava məkanı tamamilə bu şirkətin inhisarındadır, büdcədən aldığı dotasiya davam edir, onun borclarını isə dövlət ödəyir.
Məsələn, 2020-ci ildə AZAL-ın yığdığı borcun həcmi bir il əvvəlki 101,3 milyon manatdan 160 milyon manata qalxıb. Həmin məbləğ dövlət xəzinəsi hesabına kreditorlara ödənilib.
AZAL-ın yaratdığı rəqabətsizlik mühitini qonşu Gürcüstanla müqayisə etdikdə maraqlı mənzərə yaranır. Qonşu ölkədə aviauçuş sahəsində 14 xarici şirkət birbaşa fəaliyyət göstərir. Orada təkcə Türkiyənin 4 şirkəti çalışır. Buna görə Gürcüstanda aviauçuşların qiyməti çox ucuzdur. Azərbaycanda isə bütün uçuşları ya AZAL özü həyata keçirir, yaxud da o, uçuşları həyata keçirəcək şirkətləri özü ilə birgə çalışmağa vadar edir.
Cahangir Əsgərov isə iddia edir ki, AZANS-ın (QSC-nin tabeliyində olan "Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi) sabit fəaliyyəti və inamlı inkişafı xarici aviaşirkətlərin Azərbaycanın hava məkanına marağını artırır. Onun sözlərinə görə, ölkənin hava məkanından keçməklə müntəzəm uçuşlar həyata keçirərək AZANS-ın xidmətlərindən istifadə edənlərin ümumi siyahısına 120-dən çox iri aviaşirkət daxildir.
AZAL prezidenti bildirib ki, Azərbaycanın beynəlxalq hava limanlarında beşinci və yeddinci dərəcəli azadlığın tətbiqi gələcəkdə Azərbaycanın hava məkanında uçuşların intensivliyinin artmasına müsbət təkan verəcək. "Bu, həmçinin, ölkəmizin tranzit potensialının həyata keçirilməsinə müsbət təsir göstərəcək. Bununla əlaqədar, yerüstü xidmətlərin, o cümlədən AZANS-ın vəzifəsi uçuşların təhlükəsizliyini və müntəzəmliyini təmin etməkdir", - deyə o vurğulayıb.
Xatırladaq ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında hazırda müzakirə edilən Tərəfdaşlıq Sazişində də əsas problemlərdən biri hava məkanının açılması ilə bağlıdır. Aİ Azərbaycandan hava məkanının açılmasını, başqa şirkətlər üçün maneələrin aradan qaldırılmasını istəyir.
Qeyd edək ki, AZAL Cahangir Əsgərovun bəhs etdiyi beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqinə icazə verməyib. “Hava azadlığı” qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında daha çox hərəkət etməsinə icazə verilir. Beləliklə, beşinci qrup “hava azadlığı” xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirərkən sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Bakıda (və digər hava limanlarında) eniş etmək icazəsi verir.
Yeddinci qrup “hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir. Məsələn, Avropa aviaşirkəti Dubaydan Azərbaycana gələ və daha sonra öz ölkəsində eniş etmədən ABŞ-ın hər hansı bir şəhərinə uçuş həyata keçirə bilər. Hər iki halda aviaşirkətlər bütün istiqamətlər üzrə, o cümlədən Azərbaycanın ərazisində azad kommersiya fəaliyyəti həyata keçirə bilərlər.
Yeni şərtlərə əsasən Azərbaycana və daha sonra digər ölkələrə uçuş həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər AZAL-la eyni hüquqlara sahib ola bilərlər. Bu sözügedən “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verir.
Cahangir Əsəgərov Azərbaycanın hava limanlarında "hava azadlığı" qruplarının nə zaman tətbiq olunacağından danışmayıb. Görünür, bahalı biletlər kimi bu da monopolist şirkət rəhbəri üçün arzuolunmaz mövzulardandır..
"Azpolitika"