Yenixeber.org: Hesablama Palatasının 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı rəyində deyilir ki, 6 iri dövlət şirkəti dövlət büdcəsindən aldığı vəsaitdən qat-qat az vəsaiti geri ödəyir. Bunlar “Azərsu” ASC, AZAL, “Dövlət Dəmir Yolları” QSC, “Azərenerji” ASC, “Azəriqaz” QSC və Xəzər Dəniz Gəmiçiliyidir. Palatanın rəyinə görə, 2020-ci ildə bu 6 şirkətdən 5-i dövlət büdcəsinə ödədikləri vəsaitdən 19 dəfə çox büdcə dəstəyi alıblar. Belə ki, onlar təxminən 81 milyon manat vergi ödədikləri halda, 1.5 milyard manatdan çox büdcə dəstəyi əldə ediblər.
Məsələn, “Azərsu” keçən il büdcədən 401 milyon manat alsa da, büdcəyə bundan 40 dəfə az, təqribən 10 milyon manat vergi ödəyib. Dövlət Dəmir Yolları isə büdcəyə aldığından təxminən 70 dəfə az ödəmə edib.
Adları çəkilən dövlət şirkətləri nəhəng xərcləmələri, dəbdəbli ofis binaları və korrupsiya qalmaqalları ilə daim gündəmdədir. Məsələn, “Azərsu” ASC-nin ötən ayın əvvəllərində hesablanmış zərəri 7 milyard manatdan artıq olub. Amma ASC nə az, nə çox – 150 milyon dollar xərcləyərək Heydər Əliyev prospektində özünə ofis binası tikdirib. Təbii ki, bu xərclər dövlət büdcəsi hesabına başa gəlib. ASC-nin ən qalmaqallı layihələrinin başında Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi dayanır. Bu kəmərin 2007-2010-cu illəri əhatə etmiş tikintisinə Dövlət Neft Fondundan ümumilikdə 779,6 milyon manat vəsait xərclənib. Ekspertlər bildirirlər ki, çəkilən xərclər azı bir neçə dəfə şişirdilərək “silinib”. Əsində kəmərin tikintisi ən yüksək qiymətlərlə 300 milyon manata başa gələ bilərdi.
Dövlət Dəmir Yolları isə 100 milyon dollarlıq korrupsiya qalmaqalı ilə yenidən gündəmə gəlib. Söhbət bu qurumun rəhbərliyi ilə Kanadanın “Bombardier Transportation” şirkətinin İsveç filialı arasında rüşvət sövdələşməsindən gedir. Şirkətin keçmiş meneceri Tomas Bimer “Bombardier”in 2013-cü ildə Azərbaycanda rüşvət müqabilində udduğu bildirilən tenderdəki roluna görə mühakimə olunacaq. İttihamnaməyə görə, Azərbaycanda dəmir yolunun bir hissəsində siqnal sistemlərinin quraşdırılmasından ötrü 350 milyon dollarlıq müqavilə üçün “Bombardier” azı bir orta vəzifəli məmura 100 milyon dollar rüşvət verib. Rüşvət verildiyi iddia olunan azərbaycanlı dəmir yolu rəsmisinin isə “Trans-Signal-Rabita” (TSR) adlı yerli şirkəti təmsil etdiyi deyilir. Həmin şirkət tenderi İsveç şirkəti ilə birlikdə udub. Stokholm Məhkəməsinə təqdim olunmuş ittihamnaməyə görə, TSR və “Bombardier” tenderi elə düzüb-qoşublar ki, onu məhz sonuncu udsun…
Vətəndaşların ən çox şikayət etdiyi dövlət şirkətlərinin başında gələn AZAL Dövlət Konserini çox bahalı bilet qiymətlərinə görə qınaqlara məruz qalır. Şirkət pandemiya dövründə aviauçuşları xarici şirkətlərlə müqayisədə 4-7 dəfə baha həyata keçirib, amma hökumət kütləvi narazılıqlara baxmayaraq, inhisarçı şirkətin soyğunçuluğu ilə bağlı tədbir görməyib. Əksinə, büdcə pulları hesabına onu dəstəkləyib. Belə ki, 2020-ci il ərzində pandemiyadan zərər çəkmiş bütün sahələrdə və bütün müəssisələrdə muzdlu işçilərə əmək haqlarının ödənilməsi üçün 245,9 milyon manat, fərdi sahibkarlara maliyyə dəstəyi kimi 112,2 milyon manat ödənildiyi halda, təkcə AZAL-a 215,5 milyon manat, Milli Aviasiya Akademiyasına isə 15 milyon manat maliyyə dəstəyi verilib. Bu, 110 minə qədər fərdi sahibkara verilən dəstəkdən iki dəfəyədək çoxdur. AZAL dəstək proqramı çərçivəsində müxtəlif şirkətlərdə çalışan 250 minədək muzdlu işçilərə əmək haqlarının ödənilməsi üçün verilən dəstəyin 87,6 faizi qədər əlavə vəsait əldə edib.
Dövlət təminatı ilə alınan borcların qaytarılması üçün 2019-2024-cü illər ərzində dövlət büdcəsindən 2 milyard 960,8 milyon manat ayrılması nəzərdə tutulub. Bu vəsaitin 388,6 milyon manatı 2020-ci il ərzində ödənilib. 2019-cu illə müqayisədə ödənilən borcun məbləği 123,5 milyon manat artıb. Belə ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) dövlət büdcəsi hesabına ödəməli olduğu borcun miqdarı bir il əvvəlki 101,3 milyon manatdan 160 milyon manata, “Azərenerji” ASC-nin borcu 41,3 milyon manatdan 61,1 milyon manata, SOCAR-ın ödəməli olduğu borc isə 13,3 milyon manatdan 56,9 milyon manata qədər artıb.
İqtisadi təhlilçi Toğrul Vəliyev bildirir ki, siyahıdakı şirkətlərə büdcədən yüksək məbləğlər ayrılsa da, onların göstərdiyi xidmətin keyfiyyəti sual altındadır: “Birinci problem şəffaflıq problemidir. Vəsaitin böyük hissəsi istiqaməti bəlli olmayan xərclərə yönəlir”.
Keçən ilin avqustunda prezidentin sərəncamı ilə İnvestisiya Holdinqi yaradılıb və bu iri dövlət şirkətlərinin bir çoxu həmin holdinqin idarəetməsinə verilib. T. Vəliyevin fikrincə, hökumət bu şirkətləri sağlamlaşdıracağını desə də, hələ ki real dəyişiklik müşahidə olunmur.
İqtisadçı ekspert Qubad İbadoğlu isə qeyd edir ki, dövlətin xarici borclarının 3 milyard manatdan – 20 faizindən çoxu 2 şirkətin – “Azərbaycan Dəmir Yolları” və “Azərsu”nun payına düşür. O hesab edir ki, son günlər görülən tədbirlər, məsələn, müşahidə şuralarının yaradılması səmərəli deyil:
“Bu şirkətlərdə yaradılan Müşahidə şuraları formal xarakter daşıyır. Belə yanaşma ilə onları ağır maliyyə vəziyyətindən çıxarmaq mümkün deyil. Hətta müntəzəm qaldırılan tariflər də hazırkı korrupsiya mühitində effektli deyil, əksinə, bu qiymət artımları alıcılıq qabiliyyətini aşağı salır və əhalinin yaşam şərtlərini daha da pisləşdirir”.(pressklub)
Turqut