Qaranlıqdan boylanan qəbahətlər:Hələ onları tanınmış şəxslər törədirsə...
Əhməd Qəşəmoğlu: “Mən bir sosioloq kimi ölkəmə xəbərdarlıq edirəm: mənəviyyatımız əldən gedir”
Qulu Məhərrəmli: “Təəssüf ki, bizdə bəzən əxlaq çölə hesablanır: bunu etməyim, filankəs görməsin”
Yenixeber.org: Tanınmış, ziyalı, xalqı təmsil edən adamların qeyri-etik davranışlarını, statuslarına yaraşmayan bayağı söhbətlərini özündə əks etdirən səs yazıları, görüntüləri bu gün tez-tez rast gəlinən hala çevrilib. Təəssüf ki, bir sıra hallarda toplum tərəfindən öz sahəsində gördüyü xidmətlərə görə tanınmayan adamlar elə hansısa qeyri-etik davranışı, rabitəsiz, kobud nitqi ilə tanınır, yaddaşlarda da onunla qalırlar.
Görəsən, “ziyalı” deyib önə çıxarılanlar niyə böhran yaşayırlar? Bəlkə, elə cəmiyyətimiz mənəvi böhrana sürüklənir, bugünkü “diqqətsizliklər” Tanrının bizə xəbərdarlıq mesajıdır?
“İnsanların davranışına təsir etmək üçün elmin imkanlarından faydalanmaq lazımdır”
Sosioloq Əhməd Qəşəmoğlu təəssüf hissi ilə söyləyib ki, cəmiyyətimizdə mənəvi aşınma gedir: “Baş verən xoşagəlməz hadisələrin bir çoxunun da səbəbi budur. Min illər əvvəl müdrik adamlar, dini kitablar, peyğəmbərlər deyiblər ki, cəmiyyətdə mənəvi dəyərlər öndə olmalıdır. Hansı cəmiyyətdə ki mənəvi dəyərlər öndə olur, o cəmiyyət özü-özünü ahəngdar şəkildə tənzimləyir, orda hər şey gözəlləşir. Mənəvi dəyərlərin arxa plana keçdiyi cəmiyyətlərdə isə xoşagəlməz hallar baş verir, qarşıdurmalar, kriminal tendensiyalar artır. Bu fikir boşuna deyilməyib, əsrlərin sınağından çıxılaraq gəlinən nəticə belədir”.
“20 ildir haray çəkirəm ki, cəmiyyətdə mənəvi dəyərlər sıxışdırıldıqca daha eybəcər şeylər ortaya çıxacaq. 2-3 əsr əvvəlin kişiləri, qadınları indikilərlə müqayisədə daha sağlam, qüvvətli idilər. Onlar daha çox sərgüzəşt arzulaya bilərdilər. Amma onlar başa düşürdülər ki, əxlaqla, mənəviyyatla bağlı tabular da olmalıdır ki, cəmiyyətdə daha ahəngdar münasibətlər yaransın. Təəssüf ki, biz bu məsələlərə diqqət yetirmirik”, - müsahibimiz deyib.
Mütəxəssisin sözlərinə görə, texnologiyanın həyatımıza nüfuzu bəzi insanların gizlində gördüyü ayıb işləri aşkara çıxarır: “Əvvəllər də belə şeylər olurdu, sadəcə indiki texnoloji imkanlar yox idi, cəmiyyət bu qədər açıq deyildi ki, o vaxtlar da zamanında üzə çıxsın. Biz gecə-gündüz çalışmalıyıq ki, humanitar siyasətimizdə radikal dəyişikliklər edilsin, cəmiyyətimizdə mənəvi dəyərlər aparıcı rol oynasın. O cəmiyyət daha müasir, mədənidir ki, orada insanlar bir-biri ilə mənəvi dəyərlərə görə yarışırlar. Belə ölkədə yaşayış həm əhalisi üçün rahat olur, həm də kənardan gələn qonaqlar üçün. Həmin ölkənin nüfuzu da sürətlə yüksəlir. Bizdə bu istiqamətdə boşluq var”.
“Prezident Administrasiyasının Humanitar siyasət şöbəsi bu məsələlərə ciddi diqqət yetirməlidir. İlk növbədə hökumət strukturları bununla bağlı fəaliyyət göstərməlidir. Milli Məclisdə qanun bazası dəyişməlidir ki, insanlar daha mədəni davranmaq qaydalarını öyrənsinlər, mənəvi dəyərlər öndə olsun. Biz əhalini günahlnadırmaqla düz iş görmürük”, - deyə Qəşəmoğlu bildirib.
Sosioloqun dediyinə görə, Avropa ölkələrində yüz ildən artıqdır ki, əhalinin davranışına təsir etmək üçün xüsusi metodlar hazırlanıb: “Bu sahədə elmin imkanlarından istifadə etmək lazımdır, amma o adamlar ki bunlardan istifadə etməlidir, onların həmin imkanlar barədə təsəvvürləri yoxdur. Necə ki regionlarımızın iqtisadi inkişafı ilə bağlı proqramlar qəbul olunur, həyata keçirilir, bunun kimi sosial sferalardakı məsələlərlə bağlı da fəaliyyət proqramları qəbul olunmalı, həyata keçirilməlidir”.
Həmsöhbətimizin fikrincə, bir ölkəni dağıtmaq üçün onun mədəniyyət sistemini dağıtmaq kifayət edir: “Mən bir sosioloq kimi ölkəmə xəbərdarlıq edirəm, xəbəri olsun, mənəviyyat, mədəniyyət sistemi ən strateji sahədir. Mədəniyyət möhkəmlənəndə qalan sahələr öz-özünə tənzimlənir, inkişaf edir”.
“Hər an, hər yerdə projektorun işığı altındayıq, bunu o adamlar yaddan çıxarmamlıdırlar”
Professor, media eksperti Qulu Məhərrəmli də ictimai davranış qaydalarının vacibliyinə diqqət çəkib: “İctimai fiqur statusunu daşıyan adamlar - istər hakimiyyəti, istər hansısa siyasi partiyanı təmsil edən və yaxud da müstəqil olanlar öz davranışlarına diqqət yetirməlidirlər. Yəni biz nəzərə almalıyıq ki, internet dövrüdür, hər yerdə, hər an projektorun işığı altındayıq, görünürük. Bunu o adamlar yadlarından çıxarmamalıdırlar”.
“İndi cürbəcür videolar yayırlar, situasiyalar göstərirlər. Düşünürəm ki, məişətdə, iş yerində və s. qeyri-etik davranışlara yol verilməsi də, bunların yayılmasının özü də tərbiyəsizlikdir. Bu hərəkəti ictimai fiqurlar törədirlərsə, bu, ikiqat qəbahətdir”, - mütəxəssis bildirib.
Professor hesab edir ki, bu cür hərəkətlərdən toz qoparmağın da mənası yoxdur: “İnsanlar dərk etməlidirlər ki, cəmiyyətdə tanınırlar, onların hər davranışı haqqında fikir mübadiləsi aparılır. Buna görə də düşünürəm ki, insanlar bunları nəzərə almalı, harada, kimin görüb-görməməyindən asılı olmayaraq, davranışlarına diqqət yetirməlidirlər”.
“Çox təəssüf ki, bizdə bəzən əxlaq çölə hesablanır. Yəni, “bunu etməyim, filankəs görməsin” və s. Amma əxlaq insanın içində, ruhunda, canında-qanında, mayasında olmalıdır. Olmalıdır ki, bu cür hallara yol verməsin”, - deyə Məhərrəmli vurğulayıb.(ayna)