Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Prezident niyə yüksək vəzifəliləri xalqın önündə rüsvay etdi?-Ekspert hesab edir ki, dövlət başçısı köhnə heyətlə tam vidalaşmaq niyyətindədir

 

Yenixeber.org: Prezident İlham Əliyev fevralın 1-də Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bir sıra məmurları sərt şəkildə qınadı, hətta onun sözlərində istehza və rişxənd də var idi. Dövlət başçısı konkret adlar da çəkdi: fövqəladə hallar naziri, Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, AZAL-ın, Dövlət Gömrük Komitəsinin və Mərkəzi Bankın rəhbərləri. Prezident bildirdi ki, bu şəxslərin hər biri ayrı-ayrılıqda ona müraciət edərək, rəhbərlik etdikləri qurumun Şuşada regional bölməsinin açılması üçün icazə istəyiblər. Bu müraciətlərə “yox” cavabı verdiyini deyən prezident sözügedən təkliflərin hər birinin şəxsi məqsədlərə xidmət etdiyini də vurğulayıb.

Adları çəkilən məmurlar uzun illərdir, yüksək vəzifədədir. Dövlət başçısının bu məmurlara olan iradlarını cəmiyyətə açıq bəyan etməsi və onların dövlət aparatı daxilindəki nüfuzuna zərbə vurması məqsədli davranışdır, yoxsa yeri gəldiyi üçün söylənilən ötəri tənqid?

Milli təhlükəsizlik üzrə ekspert İlham İsmayıl hesab edir ki, hazırda prezident İlham Əliyevin çıxışlarında ötən 17 il ərzindəki çıxışlarından fərqli tərz müşahidə olunur:

“Düzdür, bundan əvvəl də o, hansısa məmurun ünvanına müəyyən fikirlər səsləndirib. Amma bu çıxış fərqli idi. Adları çəkilənlərin demək olar ki, hamısı köhnə komandadan qalanlardır. Eləsi var, 26 ildən çoxdur vəzifədədir. Bunlara indi “hədəfdə olan heyət” demək olar. Çünki bu, onlarla üzüləşməyin işarəsi idi…”

Prezidentin köhnə heyətlə vidalaşmaq niyyətinin aşkar göründüyünü deyən ekspertin fikrincə, belə çıxış üçün vaxt olaraq indinin seçilməsi də təsadüf deyil. Çünki Qarabağ müharibəsindəki uğurdan sonra dövlət başçısının xalqdan dəstəyi var. O da bu dəstəyə güvənərək, köhnə məmur heyəti ilə birdəfəlik vidalaşmaq istəyir:

“Əvvəl bu işi görmək elə də asan deyildi. Onların aid olduğu klanların basqısı olub, zaman-zaman buna görə ölkə rəhbərliyi ehtiyatlı davranıb. Görünür, ehtiyatlılıq aradan qalxır, yeni kadr siyasətinə köklü keçidin əsası qoyulur. Köhnə kadrlarla üzülüşmək, oliqarxiya sistemindən aralanmaq istəyirlər. Təmərküzləşmə, idarəetmənin bir əldə cəmləşməsi prosesi gedir. Hətta gəlirləri də bir əldə cəmləmək istəyirlər”.

Son günlər suyun qiymətinin ikiqat bahalaşması ilə əlaqədar cəmiyyətdə narazılıq yaranmışdı. Bu narazılıq sosial mediadakı müzakirələrdə də özünü göstərirdi. Bu baxımdan, dövlət başçısının məmurları ittiham edən çıxışını narazılığı özündən uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirənlər də var. Amma İ.İsmayıl bu fikirlə razılaşmır:

“Bu halda, gündəmi dəyişmək üçün bir nəfərin adını çəkə bilərdi. Amma total şəkildə, cəmiyyətin də o qədər xoş münasibət bəsləmədiyi, illərdir oliqarxiya sisteminin başında olan adamların adları çəkildi. O adamlar ki, məhz onların simasında uzun illər hakimiyyət tənqid hədəfi olub. Aydın məsələdir ki, onların hamısı bir qərarla işdən çıxarılmayacaq. Amma görünür, 2021-ci ildə sistem bu adamlarla vidalaşacaq. Yeni heyət var – iqtisadiyyat nazirinin simasında. Demirəm ki, idarəetmədə köklü dəyişikliklər olub. Amma nisbətən dəyişikliklər var. Şuşa ilə bağlı məsələ də tam doğrudur”.

Siyasi təhlilçi Ərəstun Oruclu isə hesab edir ki, dövlət başçısının bu çıxışında məqsəd həm də toplumun gözündə özünümüdafiədir. Onun fikrincə, bununla həm də “özü yaxşıdır, ətrafı pis” tezisinin haqlı olduğu nümayiş etdirilir. Müxtəlif dövlət strukturlarının Şuşada yerli bölmələrinin yaradılması məsələsində Ə.Oruclu fərqli fikirdədir:

“Şuşada nəinki İlham Əliyevin sadaladığı nazirlik və qurumların, hətta digərlərinin da yerli strukturları təşkil olunmalıdır. Çünki yalnız bu halda Şuşa sözün həqiqi mənasında Azərbaycanın olacaq. İndi Şuşa, Hadrut və Kəlbəcər sürətlə canlandırılmalıdır, onların hər üçündə nazirliklərin, digər dövlət qurumlarının yerli strukturları fəaliyyətə başlamalıdır. Əvvəla, ona görə ki, bu 3 məntəqə ermənilər tərəfindən mübahisələndirilir. İkincisi də, onların hər birində az-çox məskunlaşma imkanları var. Adlarını çəkdiyim üç yerin hər birinin daxilində və ətrafında gücləndirilmiş hərbi qarnizonlar təşkil olunmalıdır. Əks halda, işğalçı Rusiya qoşunları təxribatlar törədərək onları Azərbaycanın əlindən ala bilər və ardınca da bu dövlətin Bakıda hüquq-mühafizə orqanlarında yerləşdirdiyi agentləri həmin məntəqələrin itirilməsi ilə bağlı orduya qarşı cinayət işləri aça bilər. Bu gün biz bütün bu məsələlərə ayıq yanaşmalıyıq”.

Ə.Oruclu qeyd etdi ki, adları çəkilən şəxslərin böyük sərvətə, ölkənin müxtəlif yerlərində iqamətgahlara sahib olması hər kəsə, o cümlədən dövlət başçısının özünə də məlumdur:

“Belə dəbdəbəli iqamətgahlar tikmək Azərbaycanın hakimiyyət dairələrində nəinki cinayət, heç qeyri-təvazökarlıq kimi də qəbul olunmayıb. Buna adi, bəzən isə zəruri hal kimi baxılıb. Təbii ki, qəzəbə tuş gələnlərin iqamətgahları əllərindən alınıb da, amma düşünürəm ki, bu tip məsələlər indi nə dövlət başçısını, nə də onun komanda üzvlərini düşündürür. Ən azı, məntiqlə düşündürməməlidir. Çünki ölkədəki dərinləşən hərtərəfli böhran təkcə həmin iqamətgahlar və digər dəbdəbəli tikililər üçün deyil, həm də onların sahibləri üçün daha ciddi təhdidlər yarada bilər. Belə hallarda isə itirilən təkcə iqamətgahlar olmur”.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam