Yenixeber.org: DSX-nın saytına istinadən xəbər verir ki, prezident İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər edilmiş, şəxslərin və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə olunub.
Bu məqsədlə general-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə keçirilmiş xidməti müşavirədə prezident İlham Əliyevin ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafelərinin qorunması ilə bağlı tapşırıq və göstərişlərinin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.
2018-ci ilin 10 may tarixindən etibarən sutkalıq fasiləsiz rejimdə fəaliyyət göstərən “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilmiş və vəzifəli şəxslərin məruzələri dinlənilib.