Yenixeber.org: Oktyabrın 19-dan etibarən Azərbaycanda tədris prosesi iki həftə müddətində dayandırılıb. Bu müddət noyabrın 2-də başa çatır. Amma son günlər ölkədə COVİD-19 infeksiyasına yoluxma sayı kəskin şəkildə artıb. Operativ Qərargah bunu nəzərə alaraq ölkədə karantin rejimini dekabrın 1-nə qədər uzatdı. Bu səbəblə, gözlənti var ki, məktəblərdə elan edilən tətilin müddəti də uzadılacaq.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu barədə hələlik heç bir fikir bildirə bilməyəcəyini qeyd etdi:
“Məktəblərdə elan olunan tətilin müddətinin uzadılması ilə bağlı rəsmi məlumat olduğu zaman bütün KİV nümayəndələrinə məlumat veriləcək”.
Təhsil üzrə eskpert Kamran Əsədov saytımıza açıqlamasında bildirdi ki, 27 sentyabrdan etibarən müharibə şəraitinə görə internetin verilməsindəki məhdudiyyətlər təhsil alan şagirdlərə ciddi şəkildə mane olub:
“Əlbəttə, burada müəyyən qədər dövlət qurumlarının səhlənkarlığından da danışmalıyıq. Çünki 2020-ci ilin mart ayının 3-dən etibarən ölkədə pandemiya səbəbindən ənənəvi formada tədris prosesinin həyata keçirilməsi mümkün olmadı. Həmin vaxt Təhsil Nazirliyi müsbət və çevik qərar qəbul edərək, 11 martdan tele-dərslərə, aprelin 2-dən etibarən isə virtual məktəb layihəsini həyata keçirməyə başladı. 2019-2020-ci tədris ili bu üsul və vasitələrdən istifadə etməklə başa çatdırıldı. 2020-2021-ci tədris ilində artıq qarşıya çıxa biləcək problemlərin aradan qaldırılması üçün müəyyən layihələr, təkliflər və planlar hazırlanmalı idi. Amma bu, baş vermədi”.
Ekspert xatırlatdı ki, sentyabr ayının 15-dən etibarən ibtidai siniflər üzrə mərhələli şəkildə 640 min şagirdi əhatə edən dərslər başlamışdı:
“Ondan sonrakı mərhələdə – oktyabrın 1-dən V-IX siniflər məktəblərə gəlməli idi. Oktyabrın 19-dan X-XI sinif şagirdləri dərslərdə ənənəvi formada ən azı həftədə iki dəfə iştirak etməli idilər. Amma 27 sentyabrdan etibarən müharibə başladığına görə, ölkədə internetin verilməsində məhdudiyyətlər yarandı və şagirdlər onlayn tədris prosesindən, eyni zamanda ənənəvi formada olan dərslərdən də kənarda qaldılar”.
K.Əsədov onu da əlavə etdi ki, hazırda təhsilin qarşısında iki vacib məsələ dayanır:
“Birinci məsələ keçirilməyən dərslərin kompensasiyası, ikincisi isə 2021-ci ildə keçirilməsi nəzərdə tutulan qəbul və buraxılış imtahanlarıdır. Nəzərə alsaq ki, 2020-ci ildə keçirilən buraxılış və qəbul imtahanlarında test tapşırıqlarındakı sualların mövzuları mart ayının 3-nə qədər olan mövzular idi və martın 3-dən sonrakı mövzular da tədris prosesində istifadə edilmədi. 2021-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarında ciddi problemlər yaranacaq. Ona görə də, ən vacib məqam tədrisin kompensasiyası məsələsidir”.
Ekspert xatırlatdı ki, noyabrın 2-nə qədər növbədənkənar tətil elan edilib və ilk dəfədir ki, Azərbaycanda tədris ilinin gedişində məhz ali təhsil müəssislərində də tətil elan olunub:
“Burada keçirilməyən mövzuların sonradan digər tətillər hesabına kompensasiyası mümkündür, yəni noyabr ayının ikinci həftəsində, yaxud da Yeni il, Novruz tətili günlərində tədris prosesinin keçirilməsi mümkündür. Bu da yetərli olmayacaq. Ən azından onlayn tədris həyata keçirilməli idi. Amma indiyə qədər “Microsoft”, “Zoom”, “Skype” kimi proqramların üzərində qalmışıq. Mart ayından bu günə qədər Təhsil Nazirliyi özünün onlayn platforma sistemini yaratmalı idi ki, hər hansı fövqəladə vəziyyətdə, müharibə şəraitində tədris prosesinin həyata keçirilməsi mümkün olsun”.
K.Əsədov hesab edir ki, tele-dərslərin sayını, vaxtını artırmaq lazımdır:
“Digər tərəfdən, Təhsil Nazirliyi özünün vahid videokonfrans platformasını yaratmalıdır ki, şagirdlər və müəllimlər həmin onlayn platformadan istifadə etməklə tədris prosesində iştirak etsinlər. Üçüncüsü, biz dərsliklərimizi və proqramlarımızı sadələşdirməliyik. Şagirdlərə yalnız zəruri biliklər verməliyik ki, həmin biliklərlə qəbul və buraxılış imtahanlarında iştirak edə bilsinlər. Burada ali təhsillə bağlı digər bir məsələ də var. Təəssüf ki, indiyə qədər ali təhsil müəssisələrində tədris prosesi keçirilməsə belə, tələbələrdən sanki dərslər keçirilirmiş kimi, təhsil haqqını tələb edirlər. Bu, düzgün deyil. Hazırda ali təhsil müəssisələrinin xərcləri dəfələrlə azalıb və ona görə də, təhsil haqqlarına da yenidən baxmaq lazımdır”.
Ekspertin fikrincə, beynəlxalq təcrübə də onu deyir ki, hər bir ali təhsil müəssisəsi və orta məktəblərin özünün platforması olmalıdır, həmin platforma hesabına tədris prosesi onlayn qaydada keçirilməlidir:
“Bundan başqa, ali təhsil müəssisələrində elektron xidmətlər, elektron universitet və s. tipli xidmətlərin əhatə dairəsi genişlənməli və elektron resurslardan daha çox istifadə olunmalıdır”.(pressklub)
Ülviyyə Şahin