Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Taksi bazarında inhisarçılıq?-MÖVQE

 

                         

                            Bakı Nəqliyyat Agentliyinin təklifləri narahatlıq yaradır

Yenixeber.org: Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətini tənzimləyən Konsepsiya hazırlanacağını açıqlayıb. Qurumdan verilən məlumatda bildirilir ki, bazarda aşağı tariflər səbəbindən taksi sürücülərinin gəlirlərinin və xidmətin keyfiyyətinin aşağı olması buna zərurət yaradır.

Problemlərin həlli məqsədilə Konsepsiya vahid dispetçer mərkəzinin yaradılmasını, tarif sisteminin tənzimlənməsini və kvotanın tətbiqini nəzərdə tutur. İlk gündən cəmiyyətdə bu Konsepsiyaya münasibət birmənalı olmadı. Ekspertlər yeni qaydaların qüvvəyə minməsindən narahatdır və onun bazarda rəqabət şəraitini aradan qaldıracağını düşünürlər.

Qeyd edək ki, Azərbaycanın taksi bazarında 20-dən artıq özəl şirkət fəaliyyət göstərir. Bu sektor ölkədə inhisarçılığın olmadığı yeganə sahə kimi örnəkdir. Çünki şirkətlər arasında davamlı rəqabət qiymətlərin ucuz və taksi xidmətinin əlçatan olmasına gətirib çıxarıb. Maraqlıdır, vahid tariflərin tətbiqi, vahid dispetçer mərkəzinin yaradılması təkliflərini taksi sürücüləri necə qarşılayırlar? Onların əsas gözləntiləri nədən ibarətdir?

Bakıda 10 ildən artıqdır taksi fəaliyyəti ilə məşğul olan İbadulla Gəraybəyli bildirdi ki, bazarda kifayət qədər problemlər var:

“Qiymətlər çox aşağıdır, gərək, səhərdən axşama qədər çalışasan ki, evə çörəkpulu apara biləsən. Tıxaclar və yol polisi də işimizə mane olur. Məcburuq, bir neçə şirkətlə çalışaq ki, xərclərimizi qarşılaya bilək, evə də 20-25 manat aparaq”.

Həmsöhbətimiz BNA-nın taksi bazarını tənzimləyəcəyi haqqında eşitdiyini deyir: “Açığı, necə olacaq, bilmirəm. Əgər qiymətləri qaldırıb, rəqabəti saxlayacaqlarsa, niyə də olmasın. Yoxsa, bir şirkətin əlini gücləndirsələr, hamı üçün pis olacaq. Gözləyək, görək, necə olacaq”.

Taksi sürücüsü Elşən Səftərov isə fərqli düşünür. O hesab edir ki, dövlət taksi fəaliyyətinə çoxdan əl qoymaq istəyirdi, nəhayət, onu gerçəkləşdirməyə başlayıblar:

“Vallah, bu məmurlar nə zaman işimizə müdaxilə ediblər, nəticə bizim əleyhimizə olub, keçmişdə olanları unutmamışıq. İndi də nəsə fırıldaqları var ki, bizim “qayğımıza qalmağa” başlayıblar. İmkan versinlər, camaat işləyib, bir tikə çörək qazansın”.

İqtisadçı ekspert, deputat Vüqar Bayramov bildirdi ki, apardıqları tədqiqatlar taksi xidmətinin keyfiyyətinin yüksək olmadığını göstərib:

“Çox təəssüf ki, son illər bu sektorda keyfiyyətin yüksəlməsini müşahidə etməmişik. Baxmayaraq ki, sektorda fəaliyyət göstərən şirkətlərin sayında artımlar var. Amma bu artımlar keyfiyyətə müsbət təsir göstərmir. Pandemiya dövründə isə taksi şirkətlərinin qaydalara əməl etməməsi müşahidə olundu. Xüsusən, sürücülərin tibbi maskalardan istifadə etməmələri kimi hallar var. Ona görə də xidmətin keyfiyyətinin artırılması üçün standartların müəyyənləşməsi yaxşı olardı”.

Vahid tariflərin müəyyənləşməsinə gəlincə, deputat qeyd etdi ki, bu təcrübə bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən Türkiyədə var:

“Bu ölkələrdə vahid taksi tarifləri əsasında xidmət reallaşır. Əlbəttə, konkret rəqəmlər müəyyən olunmadığı üçün onun müzakirəsi hələlik mümkün deyil. Təbii ki, tariflər elə müəyyənləşməlidir ki, sərnişinlər üçün maliyyə yükü yaratmasın, eyni zamanda taksi şirkətlərinin gəlir əldə etməsi üçün əlverişli şərait olsun. Bu baxımdan vahid tariflər müəyyənləşəcəksə, optimal variantın seçilməsi məqsədəuyğun olardı”.

İqtisadçı Samir Əliyev cəmiyyətdə belə narahatlığın yaranmasını təbii sayır. O, hazırda taksi xidməti sektorunun Azərbaycanda yüksək rəqabətin olduğu azsaylı sahələrdən biri olduğunu xatırladır:

“Bu sektorda son 4-5 ildə yaranmış rəqabətin nəticəsi olaraq taksi xidmətinin qiymətləri əhəmiyyətli dərəcədə ucuzlaşıb. Dövlət isə bu rəqabəti qorumaq əvəzinə, əvvəlcə öz şirkətini yaradaraq bazara daxil oldu. Sonra öz şirkətinə maliyyə dəstəyi verərək bahalı və müasir avtomobilər gətizdirdi, indi də müxtəlif tənzimləyici qaydalarla mövqeyni bazarda möhkəmləndirmək istəyir. Konsepsiyada nəzərdə tutulanlar həyata keçirilərsə, bazarda taksi şirkətlərinin sayı kəskin azalacaq, ancaq dövlət şirkəti və ən yaxşı halda bir neçə iri şirkət qalacaq. Rəqabətsiz xidmət sonda bahalaşacaq, xidmətin keyfiyyətində isə ciddi artım olmayacaq”.

BNA-nın Konspesiyada göstərdiyi əsaslandırmalara gəlincə, S.Əliyev agentliyin və bəzi ekspertlərin indiki tariflər çox aşağı olduğundan sürücülərin gəlirlərinin az olması barədə fikirlərini qəbul etmir:

“Bu iddia doğru deyil. Təsəvvür edin, hər gün xeyli sayda taksi Bakıdan Xırdalana, Sumqayıta və əksinə sərnişinin birini 1 manata aparır. Kifayət qədər böyük məsafəni taksi 4 manata qət edir. Eyni vəziyyət “20 Yanvar” – “Koroğlu” metrostansiyası, “20 Yanvar” – “Müşviqabad” istiqamətində də var. Və yaxud “Koroğlu” stansiyasından Bakı kəndlərinə olan marşrutları qeyd etmək olar. Əgər qiymət belə ucuzdursa, niyə minlərlə sürücü 1 manata sərnişin daşımağa maraq göstərir? Yəqin BNA xəbərdardır ki, avtobusların yükünü məhz bu “birmanatlıq” taksilər azaldır. Və ya “UBER”, “Bolt”, “Maksim” və s. kimi xidmətlərdə işləyənləri götürək. Məhz bu xidmətlərin hesabına son vaxtlar taksi xidmətindən daha çox istifadə etməyə başlamışam və hər dəfə də sürücülərdən onların qazancları barədə münasibət öyrənirəm. Əksəriyyətinin cavabı belə olub ki, sərf edir. Bunların hamısı da öz şəxsi maşınlarından istifadə edirlər. Əsas narazılıq isə vergitutmanın ədalətsiz olması ilə bağlı olub. Sürücüləri taksi şirkətləri ilə əməkdaşlığa heç kim məcbur etmir, bu onların öz seçimidir. Metroların, dayanacaqların yanında bütün günü mürgüləyən, gün ərzində 1-2 sifariş qəbul etməklə kifayətlənən, sərnişindən ən azı 5 manat tələb edən sərbəst taksi sürücülərindən fərqli olaraq, şirkətlərlə işləyənlər daha çox qazana bilir. Əlbəttə, pul heç zaman çox olmur və sürücülər daha çox xidmət haqqı almağa etiraz etməzlər. Ancaq mövcud tariflər sürücüləri hələ ki qane edir”.

Vahid çağrı mərkəzinə gəlincə, ekspert deyib ki, bunun Azərbaycanda nə dərəcədə effektiv işləyəcəyi məlum deyil:

“Söhbət eyni anda yüzlərlə, minlərlə sərnişinin zəng vurmasından gedir. Bütün zənglər cavablandırılacaqmı, yoxsa dövlət qurumlarında, banklarda, mobil operatorlarda olduğu kimi, müştəri hər dəfə qulağında telefon 5-10 dəqiqə musiqiyə qulaq asmaq məcburiyyətində qalacaq?”

BNA-nın digər iradı xidmət keyfiyyətinin aşağı olması ilə bağlıdır. Ekspert bu məsələdə agentliyi haqlı sayır:

“Bu baxımdan dövlətin işi xarici ölkələrdə olduğu kimi, taksi xidmətinə dair standartların qəbulu və onlara riayət edilməsini təmin etməkdən ibarət olmalıdır. Dövlət tənzimləməlidir, taksi xidməti göstərməli deyil. Digər tərəfdən, xidmətin keyfiyyəti heç də təkcə avtomobilin təzə, rahat və səliqəli olması deyil. Xidmətin keyfiyyəti həm də gözləmə vaxtının az olması, qiymətlərin münasibliyi və dispetçerlə qısa müddətdə əlaqə saxlamağın mümkünlüyüdür”.

Samir Əliyev hesab edir ki, vahid tarifin tətbiqi ideyasından imtina edilməlidir. Çünki bu addım taksi xidməti sektorunda kiçik sahibkarlıq subyektlərini sıradan çıxaracaq, işsizliyi artıracaq və ən əsası, qeyri-rəsmi taksi xidmətləri göstərən sürücülərin sayı daha da artacaq.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam