Yenixeber.org: Bakı Nəqliyyat Agentliyinin (BNA) avqustun 31-də yaydığı məlumat bir anda sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrildi.
Məlumatda bildirilir ki, taksi fəaliyyətinin tənzimlənməsində cari vəziyyət və inkişaf perspektivləri mövzusunda video-konfrans formatında görüş keçirilib:
“Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə keçirilən görüşdə İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, Azərbaycan Texniki Universitetinin mütəxəssisləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak edib.Diqqətə çatdırılıb ki, ötən dövrdə görülən işlərə baxmayaraq, taksi xidmətləri sahəsi üzrə bır sıra çatışmazlıqlar mövcuddur. Bunlar əsasən qeyri-müəyyən tariflər, taksi sürücülərinin aşağı gəlirliliyi, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması ilə bağlıdır. Bu kimi halların aradan qaldırılması, taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması məqsədilə Bakı Nəqliyyat Agentliyi konsepsiya hazırlayıb. Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi, eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Konsepsiyanın icrası nizamlı, qanuni, sərnişinlər üçün təhlükəsiz və rahat, eyni zamanda, sürücülər üçün zəmanətli taksi xidmətinin təşkilinə imkan verəcək”.
Bu məlumat sosial media istifadəçilərinin kəskin reaksiyasına səbəb olub. Çünki ölkədə az-çox rəqabətin mövcud olduğu yeganə sahə taksi xidmətləridir. Bu rəqabət nəticəsində qiymətlər xeyli aşağı düşüb və artıq az gəlirli vətəndaşlar da taksidən istifadə edə bilir. BNA-nın açıqlamasından belə çıxır ki, dövlət bu sahəni də nəzarətə götürmək istəyir. Bunun nə ilə nəticələnəcəyi isə Azərbaycanda hər kəsə məlumdur.
Görəsən, bu təkliflər hansı zərurətdən irəli gəlib? Ölkə prezidentinin ötən həftələrdə dövlət şirkətlərinin fəaliyyətini sərt tənqid etməsi və iqtisadiyyatda liberallaşmanın zərurətini vurğuladığı bir məqamda bu cür təkliflərin gündəmə gətirilməsində məqsəd nədir?
Suallarımızı cavablandıran BNA-nin hüquq şöbəsinin müdiri Hikmət Babayev bildirdi ki, Bakı şəhərində taksi fəaliyyətinin tənzimlənməsi bu qurumun səlahiyyətlərindən biridir:
“Bu gün aparılan təhlil və müşahidələr göstərir ki, Bakı şəhərində operator kimi çalışan, çağrı mərkəzi sistemi kimi fəaliyyət göstərən hüquqi şəxslər süni rəqabət apararaq, taksi sürücülərinin sosial rifahını aşağı salır. Yəni bunlar daha çox müştəri əldə etmək üçün süni şəkildə qiymətləri azaldırlar. Artıq o həddə çatdırıblar ki, qiymətlər avtobus qiymətlərinə bərabərləşib. Bu da sürücülərin haqlı narazılığına səbəb olur. Bu halların aradan qaldırılması, eyni zamanda, taksi fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə nəzarətli, keyfiyyətli, Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş, həm xarici, həm də daxili tərtibatına görə tələblərə cavab verən taksi minik avtomobilləri ilə peşəkar sürücülər tərəfindən xidmətin həyata keçirilməsi üçün sərnişinlərə təhlükəsiz və keyfiyyətli taksi xidməti konsepsiyası hazırlanıb. Vahid tarif məsələsi də bu konsepsiyanın mərhələlərindən biridir. Bizim də istəyimiz budur ki, tariflərdə minimal və maksimal hədlər müəyyən edilsin ki, hüquqi şəxslər bu tarifləri süni şəkildə ya aşağı sala bilməsinlər və yaxud da maksimal həddən yuxarı qaldıra bilməsinlər”.
H.Babayev təkliflərin mümkün nəticələrinə pozitiv baxır:
“Təbii ki, uyğun bilməsəydik, biz bu təklifləri hazırlayıb, aidiyyəti dövlət qurumlarına təqdim etməzdik. Sürücülərin narazılıqları da nəzərə alınıb. Onlar gileylənirlər ki, mövcud tariflərə görə əldə etdikləri gəlirlə ehtiyaclarını təmin edə bilmirlər və özlərinə heç nə qalmır. Əmək qaununvericiliyi ilə gün ərzində səkkiz saat işləməli olan sürücü məcburiyyət qarşısında on iki, on səkkiz saat işləməli olur. Bu da onun sağlamlığına, gəlirinə və bir çox şeylərə öz mənfi təsirini göstərir”.
BNA nümayəndəsinin sözlərinə görə, bununla bazardakı rəqabət aradan qaldırılmayacaq:
“Biz birmənalı şəkildə rəqabətin olmasını, keyfiyyətli taksi xidmətlərinin göstərilməsini istəyirik. Sadəcə olaraq, rəqabət daha çox müştəri əldə etmək üçün süni şəkildə qiymətlərin aşağı salınması formasında deyil, nəqliyyat vasitələrinin, yəni xidmətin keyfiyyəti üzərindən aparılmalıdır. Bu gün bizim hər birimizin – həm sərnişin, həm sürücü, həm də inzibatçı orqan olaraq Bakı Nəqliyyat Agentliyinin – bu konsepsiyadan gözləntisi budur”.
“Tariflərə toxunmamaq şərtilə daha keyfiyyətli taksi xidməti həyata keçirməyə çalışmaq olmazdımı” sualına H.Babayev belə cavab verdi:
“Təbii ki, bu, bir təklifdir. Səlahiyyətli qurumlar baxacaq. Amma tariflərlə bağlı pillənin aradan qaldırılmasının nə üçün bu qədər narazılıq doğurduğu bizə aydın deyil. Bu gün ictimaiyyət və sürücülər tərəfindən tariflər barədə çoxlu giley-güzar daxil olur. Qiymətlər az qala avtobus qiymətlərinə bərabərləşib. Axı, dünyanın heç bir yerində taksi qiymətləri bu qədər deyil! Dünyanın hər yerində taksilərdə taksometrlər var. Taksometrlər vasitəsilə dövlətin və yaxud bazarın müəyyən etdiyi qiymətlər üzərindən, ekonom kateqoriyalı minik avtombillərində müəyyən edilmiş qiymətlər üzrə, biznes kateqoriyalı taksi minik avtomobillərində isə onlara görə olan qiymətlər üzərindən xidmətlər aparılır. Bu gün Bakı şəhərində bu xidmət heç cür tənzimlənmir”.
İqtisadçı ekspert Natiq Cəfərli isə düşünür ki, bu təkliflər qəbul edilməyəcək:
“Kökündən ziyanlı bir təklifdir. Ölkə prezidentinin bu yaxınlarda ölkədə iqtisadi liberallaşma ilə bağlı bəyanatı olmuşdu. Biz də gözləyirdik ki, ölkədə bazar iqtisadiyyatı qaydalarının, liberal dəyərlərin daha da inkişafına və genişlənməsinə şahidlik edəcəyik. Amma bu təklif iqtisadiyyatın liberallaşmasına kökündən zidd bir mövqedir. Son beş ili götürsək, taksi xidməti ölkədə azsaylı sahələrdəndir ki, rəqabətli mühit var. Benzinin qiymətinin qalxması və iki devalvasiyanın baş verməsinə baxmayaraq, taksi xidmətlərinin xeyli ucuzlaşmasının şahidi olmuşuq. Yerli və xarici şirkətlərin bazar təmsilçiləri var və bu da həm müştəri məmnuniyyəti yaradır, həm də qiymətlərin tənzimlənməsində rol oynayır. Dövlətin bu addımı – qiymətlərin, vahid tariflərin müəyyənləşdirilməsi bazara birbaşa müdaxilədir. Bu, bazarda qiymət artımına, şirkətlərin rəqabət qaydasında faəliyyət göstərməsinə maneçilik yarada, inhisarçılığa səbəb ola bilər. Ona görə də, dövlətin bu işə birbaşa müdaxiləsi yolverilməzdir. Ümid edirəm ki, bu təklif keçməyəcək və ölkədə taksi xidmətinin rəqabətli şəraitdə fəaliyyəti davam edəcək”.
Ekspert onu da əlavə etdi ki, avtomobillərin təhlükəsizliyi, standartlara cavab verməsi ilə bağlı dövlət müəyyən qaydalar tətbiq edə bilər, amma bu, tariflərə və qiymətlərin tamamilə bir mərkəzdən idarə olunmasına gətirib çıxarmamalıdır.
N.Cəfərlinin fikrincə, ümumi tarif sistemi o zaman ola bilər ki, ümumilikdə nəqliyyat sistemi yeni qaydalara əsasən idarə edilsin:
“Məsələn, dünyanın bir çox ölkələrində olduğu kimi, bu iş bələdiyyələrə həvalə edilsin və bələdiyyələrin əsas gəlir mənbəyinə çevrilsin. Bu zaman isə böyükşəhər bələdiyyələri yaradılmalıdır, mer seçkiləri olmaldır. Yerli özünüidarəetmə də kökündən dəyişməlidir. Bizdə bu sistem yoxdursa, dövlət orqanlarının bu xidmətə birbaşa müdaxilə etməsi yolverilməzdir”.