Yenixeber.org: ”Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün gətirilən “LEVC TX” modelli yeni 100 ədəd “London taksi”sinin təqdimatı olub. Təqdimatda taksinin müasir naviqasiya sistemləri ilə təchiz olunması və başqa üstünlükləri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, “Baki Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 89 nömrəli qərarına əsasən yaradılıb. Cəmiyyət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olmaqla, Nizamnamə əsasında fəaliyyət göstərir.
Azərbaycanın taksi bazarında 20-dən artıq özəl şirkət fəaliyyət göstərir. *9111 “Ekonom taksi”, *2424 taksi xidməti, *5959 “Felix taksi”, 189 taksi, *8844 “City taksi”, *9933 “Salam taksi”, *3003 “OK taksi”, *5000 “Ulduz taksi”, *9000 “Bakı London taksi”, *8555, *1188, “Güvən taksi”, “Uber X” və s. şirkətlər arasında ciddi rəqabət var. Ekspertlər bu sahədə qiymətlərin kifayət qədər aşağı olmasının səbəbini rəqabət mühitinin mövcudluğu, inhisarçı şirkətlərin olmaması ilə əlaqələndirirlər.
Qiymətlər müştərilər üçün sərfəli olsa da, sürücülər bundan o qədər də məmnun deyillər. Bakı sakini Ayxan Atakişiyev bir neçə taksi firması ilə çalışdığını deyir. O qeyd edir ki, ali təhsilli mühəndisdir, bir müddət əvvəl tikinti sektorunda çalışıb: “Ötən il şirkətin layihələri başa çatdı, mən də ixtisara düşdüm. Başqa sahədə iş tapa bilmədiyimə görə taksi faəliyyəti ilə məşğul olmağa başladım. Əvvəllər gəlir pis deyildi, amma indi dolanışıq çıxmır, taksiyə minən azdır”.
Atakişiyevin sözlərinə görə, taksi firmaları ilə işləmək rahat olsa da, qiymət baxımından sərfəli deyil: “Firmalar arasında çox ciddi rəqabət var, ona görə də hamısı qiymətləri aşağı çəkir. Amma olan sürücülərə olur, şirkət qazancından imtina etmir. Əksər firmaların öz avtomobilləri yoxdur, bizim kimi insanlar onlara müraciət edir, balans üçün vəsait ödəyir və işə başlayır. Maşının yanacağı, amortizasiya xərcləri – hamısı sürücülükdür. Şirkət ancaq müştəri verir, vəssalam”.
Taksi sürücüsü deyir ki, firmalarla işləməyən həmkarları getdikcə azalır. Çünki sifarişli xidmət sərfəli olduğuna və geniş yayıldığına görə fərdi qaydada taksi sürənlərə müraciət edən olmur: “Biz demək olar, şirkətlərə nökər işləyirik, hərəsi sistemin arxasına 4-5 operator qız qoyub, gündə böyük pullar qazanır. Taksi sürücüsü də axşama qədər çalışıb, evinə 20-30 manat apara bilmir. Qazandığı da maşının təmirinə, benzininə gedir”.
”Bakı Taksi Xidməti”nin dövlət investisiyası hesabına gücləndirilməsi bu bazara nə vəd edir, rəqabət mühitini pozurmu?
İqtisadçı Samir Əliyev əvvəlcə ölkəyə gətirilən taksilərin qiymətinin açıqlanmamasına diqqət çəkir:
“Həmişəki kimi, dövlət xətti ilə vergi ödəyicilərinin pulu hesabına alınan mal və xidmətlərin qiyməti ictimaiyyətdən gizlədildi. Bu taksilərin neçəyə alınması barədə məlumat verilmədi. Təəssüf ki, taksini istehsal edən şirkətin saytında da bu barədə məlumat əldə etmək mümkün deyil. İnternetdə bir az axtarış verib, onların təxmini qiymətini tapa bildim. Məlum oldu ki, bu modellərin qiyməti 57099 funt sterlinq – təxminən 127 min manat edir. Maşının konfiqurasiyasından asılı olaraq, bu qiymət dəyişə bilər, ancaq qiyməti təxminən bu həddə hesab etmək olar. Deməli, bu taksilərə ümumilikdə 12-13 milyon manat civarında pul ödənilib”.
Ekspert qeyd edir ki, burada problem təkcə dövlət xətti ilə alınan 12-13 milyon manatlıq taksi deyil:
“Problem dövlətin hələ də aktiv şəkildə biznesə girişməsindədir. Taksi xidməti azsaylı sahələrdəndir ki, kifayət qədər rəqabət var. Hətta yanacağın bahalaşmasına rəğmən bu sahədə qiymətlər nəinki bahalaşmadı, hətta yaranmış rəqabət nəticəsində ucuzlaşmağa başladı. Dövlət bu sahədə rəqabəti qorumaq əvəzinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində ”Bakı Taksi Xidməti” MMC yaradıb və öz resurslarından istifadə etməklə özəl sektoru haqsız rəqabətlə üz-üzə qoyur, bununla da onların inkişafına mane olur. Biz dövlətin büdcə yükünü azaltmaq məqsədilə öz mülkiyyətində olan şirkətləri özəlləşdirmək və ya uzunmüddətli idarəyə verməyi gözlədiyimiz halda, dövlət Azərbaycan İnvestisiya Holdinqi yaradıb öz mövqeyini daha da gücləndirmək siyasəti yürüdür. Taksi xidmətləri bazarı inhisara alınır”.
İqtisadçı Qubad İbadoğlu da bildirir ki, son zamanlar baş verənlər rəqabət mühtinin olduğu taksi bazarında da inhisarçılıq meyllərinin yarandığını göstərir. Ekspert ötən il ərzində sərnişindaşıma fəaliyyəti xidmətindən istifadə edənlərin sayının 60-70 milyon nəfərə çatdığını söyləyir: “Hər xidmətdən istifadə üçün orta hesabla 5 manat xərclənərsə, bu, təxminən ölkədə 300-350 milyon manatlıq taksi xidmətləri dövriyyəsi deməkdir. Bildiyiniz kimi, pandemiyaya görə, metronun fəaliyyətinin müvəqqəti dayandırıldığı dövrdə ictimai nəqliyyatdakı problemləri həll edən bilməyən Bakı Nəqliyyat Agentliyinin yarıtmaz işi daha çox taksi sürücülərinin işinə yarayır. Hazırda Bakıda on minlərlə şəxs bu xidməti göstərərək ailəsinə çörəkpulu qazanır”.
İbadoğlu əldə etdiyi məlumatlara istinadən deyir ki, yaxın zamanlarda Bakıda taksi xidməti göstərən avtomobillərlə bağlı yeni standartlar qəbul olunacaq: “Onlardan biri də istehsal ili köhnə olan avtomobillərə taksi xidməti göstərmək üçün qoyulan qadağa olacaq. Bu isə o deməkdir ki, istismar müddəti çox olan avtomobillər bu xidmətdən kənarlaşdırılaraq, sahibləri də bazardan çıxarılacaq”.(pressklub)
Turqut