“Muxtaroğlu VM” MMC vətəndaşa 15 min manatdan çox zərər vurub-Prezidentə müraciət
Yenixeber.org: Redaksiyamıza vətəndaş Mahmudov Sadiq Məqarif oğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində “Muxtaroğlu VM” MMC-də qarşılaşdığı haqsızlıqdan və bu səbəbdən də 15 min manatdan çox maddi zərərə uğramasından bəhs edir. Aktuallığını nəzərə alıb müraciəti müəyyən düzəlişlə dərc edirik:
"Hörmətli cənab Prezident !
Siz ilk dəfə xalq tərəfindən Prezident seçiləndə çıxış edərkən bildirdiniz ki, hər bir azərbaycanlının prezidenti olacağam. Ötən müddət ərzində hər bir vətəndaş bunu öz həyatında, yaşayışında hiss edib. Sizin siyasətinizin əsasında insan amili dayanıb.
Bu gün də həyata keçirdiyiniz islahatlar ölkəmizin daha da qüdrətlənməsinə,insan hüquqlarının təmin olunmasına yönəlib. Təəssüflə qeyd etməliyəm ki, ölkəmizdə hələ də özünü qanunlardan üstün sanan şəxslər vardır. Mən onlardan birinin haqsızlığı ilə üzləşmişəm və inanıram ki, qanunların aliliyi mənim hüquqlarımı təmin edəcək.
Avqust ayının 3-də Abşeron rayon Xırdalan şəhəri Həsən Əliyev küçəsi 44 ünvanında yerləşən “Muxtaroğlu VM” MMC-də idarə etdiyim 99-FV-699 seriya nömrəli BMW X-6 markalı avtomobilin mühərrik yağını dəyişdirdim. Şirkət tərəfindən Almaniya istehsalı məhsul adı ilə satılan ucuz və keyfiyyətsiz yağ filtrinin avtomobilimin mühərrikə qoyulması nəticəsində avtomobilin mühərriki sıradan çıxdı və mənə ümumilikdə 15 min manatdan çox ziyan dəydi. Bundan sonra şirkətin əməkdaşları mənə dəymiş ziyanı ödəmək əvəzinə müxtəlif vasitələrlə məsuliyyətdən yayınmağa çalışdılar, hətta mənə hədə-qorxu gəlməyə başladılar. Problemi KİV-lərdə ictimailəşdirəndən, hüquq-mühafizə orqanlarına müraciət edəndən sonra isə məni guya onların işgüzar şərəfinə xələl gətirdiyimə görə məhkəməyə veriblər. Maraqlıdır ki, ziyana düşən mən olduğum halda “Muxtaroğlu VM” MMC yenə də məni günahkar çıxardır.
Cənab Prezident !
Mən hər zaman Sizin siyasi kursunuzu dəstəkləyən, ona sadiq olan bir vətəndaş olmuşam. İndi də sizə və qanunlarımızın aliliyinə güvənirəm. İnanıram ki, mənim tapdalanan hüquqlarımın bərpasına kömək edəcəksiniz. Sizə böyük inamla:
SADİQ MAHMUDOV
TEL: (070) 510-00-00
Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.