"Ailədə uşaqlara şiddət... Və real sonluq" -Təranə Şəms
Gəlin, yaşadığımız dövrə səyahət edək,diqqətimizi şəhərdə və rayonlarda, kəndlərdə yaşayan ailələrin yaşam tərzini nəzərdən keçirək. Baxaq görək müasir dövrümüzdə ailələr gənclərin yetişməsində öz sözlərini deyə bilirlərmi? Bu gün cəmiyyətimizdə gənclər hansı durumdadır? Əlbəttə qeyd edim ki, hər sahədə problem olduğu kimi bu məsələ də tərif ediləsi kimi deyil. Bu gün gənclərimizə diqqət etsək görərik ki, onların şüur və təfəkküründə aşınmalar gedir. 21-ci əsrdə yaşasaq da sanki, gənc nəsildə cahilliyə yönəlmə hökm sürməkdədir. Ola bilsin ki, yaşadığımız dövürdə informasiya bolluğundan gənclərdə həyata maraq dairəsi daralır. Gənclər arasında yetişən elə toplumlar var ki, həyatı hansı bucaq altında görürsə, əqli və zəkası düşündüyü tutumda inkişaf edir. Sual edə bilərik ki, yeniyetmələrin belə vəziyyətə düşməsi nə ilə bağlıdır? Bəzən gördüyümüz nəticəyə əsasən belə fikir yaranır ki, müasir gənclikdə özgüvən anlayışı kölgəyə çəkilir və öz funksiyasını yerinə yetirə bilmir. Belə bir durumla qarşılaşmağımız heçdə təsadüfü deyil. Qeyd edim ki, elə ailələrdə uşaqlar böya-başa çatırlar ki, daima valideynlər tərəfindən əzilərək şiddət görürlər. Belə vəziyyətlə qarşılaşan uşaqların talelərini sosoal media jurnalistləri televiziya kanalları fürsət düşdükcə işıqlandırırlar. Məsələn:- Xoqədəm Hidayətqızının “Səni axtarıram” proqramında Azərbaycanda baş verən hadisələrlə bağlı həqiqətlər daha da çılpaqlığı ilə önə çəkilərək diqqət çəkir. Məncə bu məsələləri ancaq televiziya kanalları yox, o cümlədən jurnalistlər də öz sözlərini mətbuat vasitəsi ilə icyimaiyyətə çatdırmalıdırlar. Unutmayaq ki, uşaqların gələcəkdə dəyərli şəxsiyyət kimi yetişməsinin təməli ailələrdə qoyulur və cəmiyyətdə öz əksini tapır. Bu üzdən də valideynlərin ailədə rolu böyük olmaqla yanaşı, uşaqlar heç bir məhdudiyyətlə qarşılaşmamalıdırlar. Bəs yaşadığımız dövrdə ailələr bu məsələnin öhdəsindən gələ bilirlərmi? Bu sualın cavabını açıq qoyaraq yazmaq istədiklərimin davamına keçid edirəm. İlk gəldiyim qənaət isə belədir. Deyərdim ki, elə ailələr var ki, müasir yaşam tərzləri olmasına baxmayaraq, biz düşündüyümüz müstəvidə deyillər. Əksər ailələr internet kanallarından yararlanır, amma fikirləşmirlər ki, sosial şəbəkələrdən istifadə qaydası həddini aşarsa, valideynlə uşaq arasında uçurum yaradır. Əksər hallarda uşaqlar bütün günlərini internet klublarda keçirməklə öz valideynlərindən kənarlaşır və başqa məkanlara maraq göstərməklə pis vərdişlərə meyllənirlər. Beləliklə uşaqla valideyn arasındakı rabitə pozularaq öz aktuallığını itirir. Nazərinizə onu da çatdırım ki, internet əsri olmasına baxmayaraq dövrümüzdə cahil, geridə qalmış elə valideynlər də var ki, uşaqları daima basqı altında saxlamağı dırnaqarası tərbiyə metodu kimi önə çəkirlər. Amma valideynlər unudurlar ki, gələcədə belə uşaqlar cəmiyyətdən kənarlaşmaqla yanaşı ailə üzərində təhlükə olan “əziz düşmən” yetişdirirlər. Həqiqətən müasir dövrdə yaşasaqda elə ailələr var ki, öz övladına şəxsi əşyası, əmlakı kimi baxır, acımasızcasına şiddət göstərərək onu mənəvi baxımdan gələcəyini məhv edirlər. Belə hallar isə əksər vaxtlarda rayon və kəndlərdə nəzərə çarpır. Sözügedən ailələrdə basqı altında yetişən uşaqlar qarşılarına bir məqsəd qoyurlar ki, evdən qaçaraq, yada intihar edərək canlarını məruz qaldıqları şiddətdən qurtarsınlar. Hətta aralarında elə uşaqlarda olur ki, evdən qaçmasa da psixoloji travma yaşadığı üçün valideyn üçün təhlükə yaradaraq, bəzən qatilə çevrilir, təcridxanalara düşərək kiçik yaşlarından məhbus həyatı yaşayırlar. Sizə sual edirəm:- Ay valideyn sən bu və buna bənzər hadisələrə görə valideyn adına cavabdeh olduğunu bilirsən???.. Şərt uşağı dünyaya gətirmək deyil!!!... Adətən belə ailələrdə yetişən uşaqlar insan kimi vəhşi, fərd olaraq qorxaq və mütii olurlar. Nəzərinizə çatdırım ki, Avropa ölkələrində valideynin nə hünəri var ki, öz övladına şiddət göstərsin. Əgər qonşunun belə durumdan xəbəri olub lazımi orqanlara məlumat vermirsə məsuliyyətə cəlb edilirlər. Axı Azərbaycanda Avropaya inteqrasiya etmiş dövlət sayılır. Niyə bizim dövlətdə qanuni, dövlət tərəfindən tanınmış belə qurumlar yoxdur? Niyə uşaqlar evdən qaçmalıdır, gənc oğlan və qızlar intihar yolunu seçməlidir? Sözüm sizədir ey qanun keşiyində dayanan rəhbərlər!!! İmkan verməyin ki, gələcəyimiz olan gənclər və uşaqlar valideyn şiddətinə məruz qalaraq həyatları məhv olub cəmiyyətin alaq otlarına çevrilsinlər. İllərdir işğala məruz qalan dövlətlər sırasındayıq. Bizlər ailədə elə gənclər yetişdirməliyik ki, gələcəkdə psixoloji baxımdan sağlam milli ruhu dərk edən əsgər olsun ki, torpağımızı işğaldan azad etmək üçün xidmətləri əvəzsiz rol oynasın. Mən zaman-zaman belə mövzulara müraciət edərək psixoloqları və pedaqoqları uyarmışam. Yenidən bu mövzunu gündəmə gətirmək tanıdığım bir gəncin həyatı ilə bağlıdır. Gəlin bir həyat hekayəsinin təfərruatına varaq. Uzaq qohumlarda tanıdığım ailədə bir oğlan uşağı dünyaya göz açır. Deyərdim ki, o körpənin qaralan həyatı elə dünyaya göz açdığı may ayının doqquzundan başlayır. Beləki, o körpə doğulan gün 34 yaşında anasının qardaşı, xəstə olmasına rəğmən iki ay sonra da atasının anası, yəni (nənə) dünyasını dəyişir. Hammı evdə haray salır ki, vay Azərin ( ad şərtidir) ayağı nəs oldu deyə ailəmizdə belə hadisələr baş verir. Deyərdim ki, ailədə tək Azərə “uzqarası” kimi baxmırdılar. Hətta Azərin anası Məsumə xanımda baldızları tərəfindən təhqir edilərək əri tərəfindən şiddətə məruz qalırdı. Məsumə xanımın isə əli heç yerə çatmadığından günlərin birində, evdə qlmaqal olduğu zaman əsəbləri tarıma çəkildiyindən Azəri yerə ataraq:-“Alın öldürün”. Sizində canınız qurtarsın mənimdə deyə ağlayaraq fəryad edirdi. Ailədə yaşanan gərginliklə bağlı ata uşağı görmək istəmədiyindən anadan alıb bir müddətliyə başqa qohumlara verir ki, baxsınlar. Baxın o fidan lap körpəliyindən hansı hadisələrlə üz-üzə qalır. Uşaq boya-başa çatdıqca tədricən aldığı travmalar onun həyatında qaranlıq izlər açır. Zaman-zaman körpənin ona göstərilən münasibətdən dolayı hafizəsində bir fikir formalaşır:-“Mənim gəlişim ailəm üçün düşərli olmayıb” Və bu üzdən valideynlərim məni heç zaman sevməyiblər. Azər başına gələnləri sanki günahkarmış kimi ürəkağrısi ilə danışırdı. Mən nə qədər təskinlik verməyə çalışsamda, Azər mənimlə hesablaşmırdı. Çünki artıq Azər ailə qurası yaşda idi. Azər qeyd edir ki, atamın ailədə mənə olan baxışı hətta qohumlarımıza da sirayət etmişdi. Artıq hiss edirdim ki, qohum-qardaş içində mənə valideynlərimin gözü ilə baxırlar. Atam məni hər an döyrdü, sındırırdı, alçaltmağa çalışırdı. Düzdür, mən böyüdüm amma şiş ücünda çörək yeyə-yeyə. Bəzən Allaha acıq getməsin. Hərdən yaradana qarşı asi də düşürəm. Axı mən bu dünyaya gəlməmişdim ki, mənim belə valideynlərim olsun. Mənim nə günahım vardır ki, belə həyat yaşamalıydım. Mən böyüdükcə qohumlar arasında da gözdən düşürdüm. Axı bu görünənlər qohumlarımın diqqətindən kənarda qalmırdı. Mən isə bir övlad olaraq heç vaxt atamın başını yerə dikəcək pis iş etmirdim ki, döyülüm. O, isə müəyyən bəhanələr taparaq həmişə məni acımasızcasına döyürdü. Heç yadımdan çıxmaz. Bir dəfə bilmirəm nə olmuşdusa atam məni remenlə döydükdən sonra gözünü elə qan örtmüşdür ki, zəncirlə asaraq öldürməyə can atırdı. Qonşu səsimi eşitdiyindən gələrək məni bu əzazilin əlindən alır və xilas edir. Hərdən özümə sual verirəm. Gərəsən, bu insan niyə fikirləşmirdi ki, axı uşaqdır ölə bilər. Həmişə başımda bir fikir dolaşırdı. Bəlkə mən ögeyəm? Bu bəlkələr, kaşkilər, sankilər bu yaşıma qədər ömrümü yedilər. Mən Azərdən soruşandaki bəs anan necə baxırdı atanın sənə olan münasibətinə? Azər uzun müddət susaraq gözləri yerə dikilir, deməyə söz tapmırdı. Bir onu tez –tez vurğulayırdı ki, qəlbim, ürəyim bir atamdan küskündürsə, beşdə anamdan küskündür. Axı o ana idi. Əgər mənim anam həqiqətən övladcanlı “əsil ana” olsaydı atam mənim başıma belə oyunlar gətirməzdi. Bu arada ona bir sual verdim. Azər bəs səndən sönra qardaşın Adil(ad şərtidir) dünyaya göz açdı. Onun da başına belə oyunlar gəldi? Onadamı atan şiddət göstərdi? Azər dedi: Xeyir. Bəlkədə göstərərdilər amma onun sağlığında problem oduğu üçün onu əzizlədilər və o bu gündə evin əziz oğludur. Baxmayaraq ki, ailənin ilk övladı mən idim. Bəlkə də desəm inanmazsınız. Mən bu yaşıma qədər doğulduğum günü, vicdanım qəbul etmir ki, ad günüm kimi qeyd edim. Mən uşaqlıqdan bu yana doğum tortunun şamlarını üfləmədim. Çünki həmin gün, yəni mənim dünyaya gəlişim nəs gün kimi yaddaşlara həkk edilmişdir. Görürsüz? Mənim həyatım necədə acınacaqlıdır?... Bəzən sevinirəm ki, nə yaxşı bacım olmayıb. Nələr olacağını göz önünə gətirəndə ağlım çaşır. Yəqin ki, bacım olsaydı belə şiddətlə qarşılaşsaydı mən dözməzdim və qatil olardım. Hərdən düşünürəm ki, əgər anam məni sevsəydi atamın mənə etdiklərinə görə bir çarə tapardı. Axı çox eşitmişəm ki, analar balasına görə ölümədə gedər. O, isə əksinə edirdi. Mənim günahım oldu ya olmadı, atamın gözünə girmək üçün daima şikayət edir və məni gözdən salırdı. Bəzəzən heç onuda qınamaq istəmirəm. Axı anamda mənim kimi atamın zülmünə məruz qalmışdı.Hiss edirdim ki, anam həmişə qorxu içində yaşayırdı. Bir sözlə mən ailəmdə axtardığım idiallığı görə bilmədim. Bütün bu danışdıqlarım mənim uşaq vaxtlarıma təsadüf edir. Hətta yadımda deyil neçənci sinifdə oxuyurdum. Atam nəyə görəsə əsəbləşmişdi. Əlində sovet dönəmində istifadə edilən hesab şotkasını necə başıma vurdusa, şotkanın dəmiri başıma girdi. Mən huşumu itirdim. Amma günahım nə idi bu gündə yadıma sala bilmirəm. Anam isə həmişə öz ərinə haqq qazandırırdı. “Neynək atandır” deyirdi. İşin tərsliyindən də başımdakı yara sağalmaq bilmirdi. Evdə mənimlə bağlı atamın nəsə xoşuna gəlmirdisə başımdakı yaraya sillə, yumruq vururdu. Siz heç düşünürsüzmü bu nə deməkdir? Mən bədbəxtin dərdini deməyə başımı qoyub ağlamağa bir qucaq da yox idi. Çünki anam o qucağı məndən məhrum etmişdi. İndi mənim 30 yaşım var. Həyatı çöx gözəl dərk edirəm. Lakin uşaq vaxtı aldığım travmaların fəsadını indidə yaşayıram. Əsəblərim, sağlığım yerində deyil, insana, insanlığa nifrət edirəm. Həyatımdan küskünəm. Ən bağışlanmaz halım isə valideynlərimi görən gözüm yoxdur. Bəzən özümü qınasam da özümlə bacarmıram. Axı mən öz uşaqlığımı yaşamamışam. Məndə uşaqlar kimi ata –ana qucağına çıxıb onların boynunu qucaqlamamışam. Göz yaşlarım gözümdə, gülüşüm isə dodağımda donub həmişə. Mən birdə uşaq ola bilmərəm ki?!... Bütün bu olanlar ömrümün günəşsiz sabahı kimi heç vaxt yadımdan çıxmayacaq. Artıq mən yetkin, ailə qurası bir gəncəm. Hərdən düşünürəm ki, ata və anamın yadına düşürmü mənə etdikləri. Əgər xatırlaya bilirlərsə, bəs utanırlarmı??? Amma görürəm yox düşmür, nəinki utanmaq. Mən isə bu gün valideynlərimə qarşı qəddar münasibətimlə olub keçənləri yadlarına salmağa çalışıram. Bilirsiz? Valideyn olmaq uşaq dünyaya gətirmək deyil. Gərək uşağı şəxsiyyət kimi yetişdirməyi bacarasan. Mənim valideynlərim “özgüvən”liyimi itirdikləri kimi özlərinidə qəlbimdən siliblər. Mən açıq danışacam. Hətta ətrafda insanlarla ünsiyyətdə öz xarakterimdə olan çatmazlıqları hiss edirəm. Lakin vəziyyətdən çıxış yolu tapmaqda çox aciz oluram. Axı məni valideynlərim belə formalaşdırıblar. Bəzən həyatda “yox”deməyi bacarmaq lazım olduğu halda mən onu edə bilmirəm. Xarakterimdə olan bu və buna bənzər xüsusiyyətlər mənim həyatımı əngəlləyir. Mən Azəri diqqətlə dinləyir və sözarası sual edirdim. Bəs deyirsən ki, 30 yaşın var. Niyə bu vaxta kimi ailə qurmamısan? O, duruxaraq cavab verdi: Sizcə mən elə valideynlərlə yaşayaraq ailə qura bilərəmmi? Mənim atam və anam həyat yoldaşımın qarşısında məni alçaltmağa cəhd edərlərsə və yaxud ailəmi yola verməzlərsə mən o zaman nəyə lazımam? Hər şey bir tərəfə gələcəkdə döğulası o körpə yazıq deyil ki, mən alan trvmaları alsın. Hətta mənim özümə də gümanım yoxdur. Bəzən məndə belə xof yaranır. Görəsən məndə öz övladıma amansız ola bilərəmmi? Axı bir çox nüanslar var ki, valideyndən uşağa keçir. Yəni, gen faktoru danılmazdır. Bütün yaşadıqlarım şüuraltımda xoşa gəlməyən suallar və cavablar buraxıb. Sizdən nə gizləyim. Əsgəri xidmətə getmədən sevdiyim qız vardı. Onunla ailə qurmaq fikrində idim. Lakin anam razı deyildi. Öz qohumlarından qız alıb məni evləndirmək istəyirdi. Təbii ki, mən razı ola bilməzdim. Mən əsgəri xidmətdə olduğum müddətdə anam tərəfindən hansı xoşagəlməz işlər yaranmışdısa mən əsgəri xidmətdən qayıdanda o qız artıq başqası ilə ailə qurmuşdu. Görürsüz? Ailəm məni yenidən yerdən, yerə vurdu? Mənim valideynlərim heç bir vaxt mənim yanımda durmayıblar. Bax, mənə deyin görüm mən onları necə sevim?...Azər danışır, mən isə ürəkağrısı ilə dinləyirdim və özümə suallar verirdim. Görəsən valideyn niyə dünyaya uşaq gətirir? Bu gəncin nə günahı vardı axı yaşadıqlarından dolay? Nədir ki, o dünyaya gələndə ailələrində bəd hadisə baş verib? Axı bütün bunlar cahilliyin pik nöqtəsidir. Niyə bu uşaq şüuraltında belə ağır travma almalı idi. Əslində sözügedən bu gənc tərbiyəli, öz yerini bilən və əlində qələmi olan yuxaürəkli,şair təbiətli bir gəncdir. Onu qeyd edim ki, hətta onun şairliyinə də əl aparırlar. Onun incə ruhundan süzülən kəlmələri bir “dəlinin” düşündüklərinə bənzədirlər. Bu gənc nə etsin? Deyərdim ki, bəzən valideyn özüdə bilmədən öz övladını bədbəxt edir, lakin fərqinə varmır. Mənə çox maraqlı olardı ki, cəmiyyətdə belə ailələrə pedaqoqların, psixoloqların, psixiatrların fikirləri nə olardı?...
P.S. Mən məqaləmdə ailədə şiddətin real sonluğunu açıqladım. Pedaqoqlar, psixoloqlar, psixiatrlar sizə düşənsə məsələni dahada qabardaraq önə çəkib fikirlərinizi ictimaiyyətə çatdırıb vəzifə borcunuz kimi qəbul edərək arxasında dayanmaqdır!... Çünki gəncliyin məhv olması bütöv bir dövlətin mənəvi baxımdan tənəzzül etməsinə bərabərdir.