Ölkəmizdə "səhiyyədəki problemlər"lə bağlı şəxslərin fikirləri
Azərbaycanda özəl klinikaların qiymətləri əl yandırır. Dövlət xəstəxanalarında isə rüşvət ayaq tutub yeriyir. Bundan başqa dövlət xəstəxanalarında bir çox xidmətlər ödənişli sistemlə fəaliyyət göstərir.
"Xeberinfo.com": Məlumata görə, ölkədə günəmuzd işçilərin böyük əksəriyyət təşkil etdiyi şəraitdə isə əhalinin böyük hissəsi sosial sığortadan məhrumdur. Bu üzdəndə azərbaycanlı xəstələr müalicə üçün İrana, Rusiyaya, Türkiyəyə və digər xarici ölkərə axın edir. Bir qayda olaraq, özəl klinikalarda qiymətlərin yüksək olmasına baxmayaraq, xidmət çox aşağı səviyyədədir. Hətta bir çox xəstələr müalicənin keyfiyyətsizliyindən, tibbi xidmətlərin qiymətlərinin bahalığından narazılıq edir.
Azərbaycanda ən bərbad sosial sahələrdən biri olan səhiyyə sistemindəki özbaşınalıqlara və açıq soyğunçuluğa isə birbaşa Səhiyyə Nazirliyi başda olmaqla, bütün əlaqədar dövlət qurumları susqunluq nümayiş etdirirlər. Dəfələrlə özəl xəstəxanalarda ölüm hadisələrinin baş verməsinə və həkimlərin səhvləri nəticəsində sağlam adamların sağalmaz xəstəliyə düçar olmaları halları olmasına baxmayaraq demək olar ki, bu sahədə bir cəzasızlıq mühiti hökm sürməkdədir.
Bundan başqa, dövlət xəstəxanalarında çalışan həkimlər özəl klinikalarla, dərman firmaları ilə, sağlamlıq mərkəzləri ilə əlbir çalışırlar. Onlar xəstələri özəl klinikalara, bəlli apteklərə və sağlamlıq mərkəzlərinə yönləndirirlər və buna görə faiz alırlar. Bu da sonucda xəstələrin istismar olunmasına və dövlətin sosial siyasətinin zəifləməsinə gətirib çıxarır. Ümumiyyətlə isə, Səhiyyə Nazirliyi dövlətin Sosial siyasətini həyata keçirməkdənsə, daha çox imkansız xəstələrin son qəpiyini də əlindən alınması üçün bütün imkanlarını səfərbər edib. Əgər belə olmasaydı, nazirlik səhiyyə sahəsində soyğunçuluğun qarşısını almaq üçün hansısa tədbirləri həyata keçirərdi. Hazırda isə səhiyyə sahəsində dövlətin sosial siyasəti demək olar ki, hiss olunmur.
PİA.AZ-ın əməkdaşı səhiyyə sistemindəki problemlərlə bağlı ictimai aktivliyi olan şəxslərin fikirlərini öyrənib. Həmin fikirləri diqqətinizə çatdırırıq:
Mübariz Maqsudov: "Səhiyyə naziri Oqtay Şirəliyev bu bahaçılığı önləyə biləcək addımlar ata bilər"
Azərbaycan Ümid Partiyasında İctimaiyyətlə əlaqələr və xaricdə yaşayan soydaşlarımızla iş üzrə şöbə müdiri Mübariz Maqsudovun fikrincə:
"Düşünürəm ki, özəl klinikalarda qiymətlərin yüksək olması klinika sahiblərinin bu sahəyə biznes olaraq baxmalarından yaranır. Çünki klinika sahiblərinin lisenziya almaq və xərclədikləri pulu çıxartmaq üçün təbii olaraq bu bahalaşmaya getməsi normal görünür. Bu bahaçılığa rəğmən xidmətin aşağı olması və vətəndaşların müalicə üçün İrana, Rusiyaya, Türkiyəyə üz tutması ciddi problemdir. Səhiyyə naziri Oqtay Şirəliyev bu bahaçılığı önləyə biləcək addımlar ata bilər. Eyni zamanda burada tək Səhiyyənin yox, təhsilimizin də nə qədər bərbad vəziyyətdə olması ortalığa çıxır və bu birbaşa dövləti idarə edənlərin bacarıqsızlığının göstəricisidir"
İlqar Rəsul: "Bu gün Azərbaycan səhiyyəsinin ən böyük bəlası həkimlərin əksəriyyətinin xəstəyə düzgün diaqnoz qoya bilməməsidir"
İlqar Rəsul səhiyyənin böyük bəlasını həkimlərin düzgün diaqnoz qoya bilməməsində görür:
"Əslində hesab etmirəm ki, bütün özəl klinikalarda xidmət aşağı səviyyədədir. Şəxsən mən müraciət etdiyim klinikada xidməti personal və həkimlər öz işlərini lazımınca yerinə yetiriblər. Amma əlbəttə ki, aldıqları pula adekvat xidmət göstərməyən klinikalar da az deyil. Hesab edirəm ki, Azərbaycanda çox yaxşı həkimlər var. Onların bir neçəsi ilə şəxsi tanışlığım da var. Bunlar dünya səviyyəli mütəxəssislərdilər. Amma əlbəttə ki, çoxluğun yaratdığı ümumi mənzərə bu həkimlərin də fəaliyyətinə kölgə salır.
Xəstələrin müalicə üçün başqa ölkələrə üz tutması halları dünyanın hər yerində mövcuddur. Yəni bu normal haldır. Amma Azərbaycanda bu məsələ daha kütləvi xarakter alıb. Özü də bu sadəcə qiymətə görə deyil. Həm də düzgün diaqnoz qoyulması üçün gedirlər. Deyək ki, İrana... Bu çox acınacaqlı haldır. Bu gün Azərbaycan səhiyyəsinin ən böyük bəlası həkimlərin əksəriyyətinin xəstəyə düzgün diaqnoz qoya bilməməsidir. Bu hal aradan qaldırılmayınca vəziyyət belə də olacaq. Konkret qiymətlərə gəlincə, bu mürəkkəb məsələdir. Çünki klinikaların tibbi personal və avadanlıq səviyyəsinə görə məntiqlə qiymətlər müxtəlif olmalıdır. Ona görə də bu məsələ daha çox klinikaların sahiblərinin insafına qalır. Hazırda dövlət xəstəxanalarında da avadanlıq baxımından təchizat pis deyil. Amma əgər xəstələr özlərinin istismar olunmasına beləcə göz yumacaqlarsa, dövlətin hər hansı nəzarət mexanizmi özünü doğrultmayacaq. Çünki həkim - xəstə münasibəti həm də individual məsələdir və burada xəstələr öz maddi vəsaitlərinin və sağlamlıqlarının xatirinə daha çox tələbkar olmalıdılar".
Elmar Manaflı: “ Özlərinin “şəbəkə” bizneslərini xəstələrin üzərində inkişaf etdirirlər ”
Rəssam Elmar Manaflı tibbi xidmətdən narazıdır:
“Özəl klinikalarda qiymətin çox yüksək olmasına baxmayaraq, xidmət çox aşağı səviyyədədir. Düşünürəm ki, buna Səhiyyə nazirliyi nəzarət etməlidir. Dəfələrlə şahidi olmuşam. Xəstələri müayinə üçün belə həkimlər bir-birilərinə ötürürlər. Eyni zamanda bunu müalicədəd edirlər. Özlərinin “şəbəkə” bizneslərini xəstələrin üzərində inkişaf etdirirlər”.
Hikmət Həsənov: "Dövlət xəstəxanalarında çalışan həkimlərin özəl klinikalarla əlbir olmasının səbəbi həkimlərin maaşının az olmasındadır"
Prodüser Hikmət Həsənov bildirir ki:
"Özəl klinikalardakı yüksək qiymətlərlə Səhiyyə nazirliyi məşğul olmalıdır. Düşünürəm ki, qanunda boşluq olduğuna görə bu cür yollara əl atılır və qarşısının alınması üçün tənzimləyici qanunlar qəbul edilməlidir. Dövlət xəstəxanalarında çalışan həkimlərin özəl klinikalarla əlbir olmasının səbəbi həkimlərin maaşının az olmasındadır. Qanunları Milli Məclis çıxarır. O deputatları həkimlərə, müəllimlərə verilən maaşla 1 il yaşamağa məcbur etmək lazımdır ki, qanun olmadan, normal maaş olmadan kimdənsə nəsə tələb etməyin haqsızlıq olduğunu anlasınlar".
Emin Əlisoy: "Əhalinin tibbi sığortası mütləq olmalıdır"
Ticarətçi Emin Əlisoyun dediyinə görə, həkimlərin maaşı artırılmalıdır:
"Özəl klinikalara dövlət nəzarəti olmalıdır. Səhiyyə sistemində baş verən hər bir addımlara birbaşa Səhiyyə Nazirliyi cavabdehdir. Məncə dövlət xəstəxanalarında çalışan həkimlərin əmək haqqları artırılmalı və əhalinin tibbi sığortası mütləq olmalıdır".
Cəlil Cavanşir: "Dövlətdən cüzi maaş alan həkim isə dərman firmaları ilə, özəl xəstəxanalarla əlbir işləməyə məhkumdur"
Yazıçı Cəlil Cavanşir bəzi həkimlərin vicdansızlığından narazıdır:
"Azərbaycanda səhiyyənin səviyyəsi olduqca acınacaqlıdır. Məlum məsələdir ki, səhiyyə sisteminə məlum oliqarxlar nəzarət edir və ancaq biznes maraqları üstün tutulur. Dövlət xəstəxanalarında xidmətin keyfiyyətsizliyi, həkimlərin və digər tibbi personalın maaşlarının aşağı səviyyədə olması özəl xəstəxanaların istədikləri kimi at oynatmalarına şərait yaradır. Dövlətdən cüzi maaş alan həkim isə dərman firmaları ilə, özəl xəstəxanalarla əlbir işləməyə məhkumdur. Vicdanını və peşəsini ayaqlar altına atmayan azsaylı həkimlərimiz də var, amma ümumi vəziyyət acınacaqlı və qorxuludur. Bu anarxiyanın və özbaşınalığın qarşısını almaq üçün dövlət ciddi addımlar atmalıdır. Boş vədlərlə iş aşmaz. Səhiyyə islahatları, səhiyyə sistemində kadr islahatları qaçınılmazdır".
İlqar Atabəyli: "Nə özəl, nə də dövlət xəstəxanalarında xidmət yüksək səviyyədə deyil"
Jurnalist İlqar Atabəyli tibbi sığortanın vacibliyini vurğuladı:
"Öncəliklə problemi kökündən həll etmək lazımdır. Bizim səhiyyə sistemimizdə problem var. Nə özəl, nə də dövlət xəstəxanalarında xidmət yüksək səviyyədə deyil. Əsasəndə diaqnostikada... Xəstəliyin səbəbini düzgün araşdıra bilmirlər. Xəstəxanalara ən bahalı tibbi avadanlıqların gətirilməsinə baxmayaraq, o avadanlıqla düzgün çalışa biləcək mütəxəssis yoxdur. Ona görə də hamı xaricə axışır. İkincisi, bu problemin olmaması üçün tibbi sığorta sistemi olmalıdır. Ona görə ki, verdiyimiz pullar şəxsi ciblərə yox, dövlət büdcəsinə axsın. Oradan da vətəndaşların müalicəsinə sərf olunsun. Bu zaman hər kəs tibbi yardım almış olacaq. Normal dövlətlərdə bu belədir".
Nazim Xəliloğlu: "Bu gün ATU peşəkar kadrlar yetişdirə bilmir"
Televiziya prodüseri, ssenarist Nazim Xəliloğlunun fikrincə, özəl klinikalardakı yüksək qiymətə şəraiti məhz əhali özü şərait yaradır:
"Misal var "ot kökü üstə bitir." Bu gün əhali keyfiyyətli xidmət üçün əcnəbi ölkələrdəki xəstəxanalara üz tutursa, bu birbaşa olaraq həkimlərimizin lazımi səviyyədə olmaması anlamına gəlir. Bunun da kökü təhsildən başlayır. Bu gün ATU peşəkar kadrlar yetişdirə bilmir. Təhsil zəifdir. Həkimlərimizə güvənsizlik buradan yaranır. Qiymətlərə gəldikdə isə, azad iqtisadiyyat olduğuna görə özəl xəstəxanaları bahalı xidmətdə günahlandırmaq olmaz. Təqsiri özümüzdə axtarmalıyıq. Özəl klinikalara gedilməsə, onlar avtomatik qiymətləri salacaq. Dövlət xəstəxanalarına getsinlər. Əgər dövlət xəstəxanalarında xidmət keyfiyyətsiz və sanitar qaydalardan kənardırsa, buna görə etiraz eləsinlər. Baykotlar olsun. Gördükləri nöqsanları şikayət eləsinlər. Günahı təhsil sistemi və özümüzdə görürəm. Bu problemin kökündə isə, səhiyyə işçilərinin maaşının az olması durur. Əmək haqları qaldırılmalı və ciddi nəzarət olmalıdır. Sərt cəzalar nəzərdə tutulmalıdır".
Aysel Mürsəliyev: "Vətəndaşların xarici ölkələrə getməyininin birinci səbəbi ölkədəki xəstəxanalardakı bahaçılıqdırsa, digər səbəb də keyfiyyetin zəif olmasıdır"
Aparıcı Aysel Mürsəliyeva bildirir ki:
"Qeyd edim ki, Səhiyyə nazirliyi dövlətə bağlıdır və dövlətdən buna görə vəsait ayrılır. Bunun qarşılığı olaraq Səhiyyə nazirliyi birbaşa məsuliyyət daşıyır. Eyni zamanda bu məsələyə də Səhiyyə nazirliyi cavabdehdir. Vətəndaşların xarici ölkələrə getməyininin birinci səbəbi ölkədəki xəstəxanalardakı bahaçılıqdırsa, digər səbəb də keyfiyyetin zəif olmasıdır. Vətəndaşların çoxu bizim həkimlərə inanmırlar. "Xarici ölkəyə gedim,orada hər şey superdir, nə dərdim varsa çarəsini tapacaqlar" düşüncəsiylə xarici ölkələrə axın edirlər. Ölkədə həm dövlət, həm də özəl xəstəxanalarda analiz aparatları yüksək səviyyədə deyil. Düşünürəm ki, bəlkə də dövlət xəstəxanaları ilə özəl klinikalar arasında sağlam rəqabət yaranarsa, o zaman hansısa uğura nail olmaq olar".
Xalid Kazımlı: "Səbəb aşağıdakılardır: tamahkarlıq, acgözlük, birdən-birə varlanmaq ehtirası, görməmişlik, antihumanistlik və s."
Bu cür halların qarşısını almaq üçün kompleks tədbirlərin görülməsini jurnalist Xalid Kazımlı təklif etdi:
"Azərbaycanın özəl klinikalarında qiymətlərin bu qədər baha olmasının heç bir obyektiv səbəbi yoxdur. Səbəb aşağıdakılardır: tamahkarlıq, acgözlük, birdən-birə varlanmaq ehtirası, görməmişlik, antihumanistlik və s. Bizim camaat Sovet dövründə də həkimə qonorar, zəhmət haqqı verirdi. Məsələn, kor bağırsaq əməliyyatının qiyməti cəmi 50 manat idi. İndi 500 manatdan artıqdır ki, əskik deyil. Halbuki bu, çox bəsit bir əməliyyatdır. Bu kimi halların qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməlidir. Burada Səhiyyə sektoruna aid özəl müəssisələrin inhisardan çıxarılmasından tutmuş əczaçılıq fəaliyyətinin tənzimlənməsinə, azad rəqabətin yaradılmasına qədər çox iş görmək lazımdır. Bunu tibb mütəxəssisləri daha yaxşı bilərlər. Mən isə yalnız onu deyə bilərəm ki, bu ölkədə yaxın həkim qohumu, dost-tanışı olmayan istənilən şəxs soyğuna, istismara məhkumdur. Həkimlərin çoxu öz skalpellərini gecənin qaranlığında adamın boğazına bıçaq dirəyib pul tələb edən quldurlar kimi işlədilərlər".
Günel Kərimova: "Sağlam təhsilin olmaması savadsız kadrların sayınının artmasına gətirib çıxarır"
Reklam meneceri Günel Kərimova bu problemlərin kökündə maddi rifahın yetərsizliyinin dayandığını bildirdi:
"Düşünürəm ki, sağlam təhsilin olmaması savadsız kadrların sayınının artmasına gətirib çıxarır. Bundan sonrakı iş təcrübəsi mərhələsində də artıq şəbəkə formalı özəl, dövlət, firma sistemi yaranır. Hansı ki, bu da maddi rifahın yetərsizliyindəndir. Məsələnin nəticəsini yox, səbəbini kökdən həll etmək lazımdır"
Faiq Balabəyli: "Klinikalara qoyulan verginin çoxluğu və digər izafi xərclər də qiymətlərin yüksək olmasına səbəb ola bilər"
Şair Faiq Balabəyli həkimlərin maaşının az olmasından şikayətləndi:
"Özəl klininkalarda qiymətin baha olmasında həm səhiyyə nazirliyinin, həm klinika sahiblərinin, həm də digər qurumların "əli var". Klinikalara qoyulan verginin çoxluğu və digər izafi xərclər də qiymətlərin yüksək olmasına səbəb ola bilər. Bundan əlavə, xəstələrin və xəstə sahiblərinin də xidməti az deyil. Daha çox pul ödəsək, xəstəmiz daha tez sağalar düşüncəsi hələ çoxlarını tərk etməyib. Fikirləşmirlər ki, artıq pul ödəməklə həkimin savadını artırmayacaqlar. Onsuz da həkim xəstəsini müalicə edib sağaltmağa məhkumdur, bu onun borcudur. Digər tərəfdən də yaxın ölkələrə üz tutanlar heç də bizdə olan xərclərdən az vəsait xərcləmirlər. Bizim klinikalardakı xərclə, xidmətin arasında çox böyük məsafə var. Dövlət xəstəxanalarında çalışan həkimlərin həm də dövlət xəstəxanalarında işləməsi həqiqətdir. Başqa çıxış yolları da yoxdur. Maaşları həddindən artıq azdır. Üstəgəl bu az maaşlı bir həkim yeri bəzən 2 və daha artıq yerə bölünür. Həkimlər 0.25,- 0,50 stavkada eyni vəzifəni paylaşırlar. Təssəvvür edin həkim akladın 25%-nə işləyir və bu onun cəmi 100-120 manat və daha az civarında maaş alması deməkdir. Bu baxımdan da dövlət xəstəxanalarında da xəstələr aspirin həbindən tərləyənə qədər, maddi cəhətdən tər tökürlər. Həkimlərin yüksək maaş aldıqları özəl klinikalar arasında anlaşması olur. Maaş almaq üçün gərək həm də müştəri, pasient gətirəsən. Bu baxımdan da xəstələrə filan yerdə daha rahatdır deyib xəstəni həmin ünvana göndərir, həm faizlərini, həm də maaşlarını alırlar"
Anar Musayev: "Həkimlərin maaş azlığı bəhanələri əllərindən alınmalıdır"
Dövlət xəstəxanalarında düzgün diaqnozun qoyulmamasına alverçi Anar Musayev etiraz etdi:
"Özəl klinikalarda maddi baxımdan nəinki müalicə, heç analiz də vermək mümkün deyil. Lakin özəl klinikalarda dövlətə nisbətən analiz nəticələri doğru olur. Dövlət xəstəxanalarında düzgün diaqnoz qoyulmur. Bir dəfə dövlət xəstəxanasında analiz verdim. Bütün cavablar dəhşət idi. O cavablara görə, mən çoxdan ölməli idim. Daha sonra yoldaşımın təkidi ilə özəl klinikaların birində analiz verdim və sapsağlam olduğum ortaya çıxdı. Daha sonra özəl klinakadan aldığım cavabları dövlət xəstəxanasının laboratiya müdirinə göstərib şikayət etmək istəyərkən məni kabinetinə çəkib ona verdiyim məbləği geri qaytarmağı təklif edərək səs-küy salmamağımı xahiş etdi. Güman edirəm ki, həkimlərin maaş azlığı bəhanələri əllərindən alınmalıdır. Bu bəhanənin altında gizlənib insanlara divan tuturlar. Xəstəxanaların təchizatı çox gözəldir, sadəcə həkimlərimizin çoxunun vicdan təchizatı bərbaddır".
Bəhruz Əsgərov: "Özəl klinikaların fəaliyyəti haqqında icazəni və lisenziyanı məhz Səhiyyə nazirliyi verir"
Stamotoloq Bəhruz Əsgərovun bildirdiyinə görə, xəstələrin müalicə üçün xarici ölkərə getməsi sadəcə dəb halını alıb:
"Öncəliklə qeyd edim ki, bütün bu işlər dövlətin, o cümlədən Səhiyyə nazirliyinin nəzarəti altında olmalıdır. Ümid edirəm ki, yaxın zamanlarda bu məsələnin həlli dövlət proqramı çərçivəsində həyata keçirilər. Tibblə bağlı məsələlərdə istər dövlət, istərsə də özəl klinikalar olsun Səhiyyə nazirliyi məsuliyyət daşıyır. Özəl klinikaların fəaliyyəti haqqında icazəni və lisenziyanı məhz Səhiyyə nazirliyi verir. Sözsü ki, özəl klinikaların vəziyyəti Səhiyyə nazirliyinin tərtib etdiyi qanunlara müvafiq olduqda lisenziya ilə təmin oluna bilirlər. Ölkədə hər bir sahədə olduğu kimi tibb sahəsində də çatışmayan cəhətlər var. Özəl klinikalar daxili imkanları hesabına maliyyələşdiyi üçün tibbi xidmətin qiymətini də özü müəyyənləşdirməlidir. Əhalinin nəyəsə baha deməsi onun mütləq də belə olması anlamına gəlməz. Çünki günü-gündən inkişaf edən xəstəliklər qarşısında daima yenilənən müasir tibbi avadanlıq və ləvazimatlar lazım olur. Bu yalnız səhiyyədən deyil, həmçinin dünyada gedən siyasi oyunların, iqtisadi böhranların təsirindən də asılı ola bilir. Vətəndaşlarımızın digər xarici dövlətlərə üz tutmasına gəlincə, bu bir növ dəb halını alıb. Bizim ölkə inkişaf dövründədir. Digər ölkələrlə müqayisədə hələ tibbimiz onların olduğu pillədə deyil. Təbii ki, inkişaf etmiş ölkələrdə həm təhsil sistemi, həm də texnologiya bizdəkindən qat-qat öndədir. Ölkəmizdə bəzi xəstəliklərin müalicəsi yoxdur. Bu isə biz heç nəyi bacarmırıq anlamına gəlmir. Sadəcə olaraq, inkişaf etmiş ölkələrin tibbi avadanlıqların istehsalı və digər tibbi yeniliklərin imkanlarından geniş istifadə etməsi sayəsində uğurları bizdən çoxdur. Hər sahədə olduğu kimi tibb sahəsində də fərdi olaraq vəzifə səlahiyyətlərindən istifadə halları az-az müşahidə olunmaqdadır. Həkimlərin pasientləri digər klinikalara yönləndirilməsinin səbəbi ilk öncə araşdırmalıdır. Ola bilər ki, müraciət olunan xəstəxanının imkanları xaricində olan müayinə və ya analiz olmuş olsun. Ölkəmizin səhiyyə sahəsindəki inkişafı nəticəsində Azərbaycan Tibb Universiteti nəzdində fəliyyət göstərən ATU.TCK (Azərbaycan Tibb Universiteti tədris cərrahi klinikası )demək olar ki, tibbin bir çox sahəsində maddi texniki baza ilə tərtib olunmuş imkanlara malikdir. Orada çalışan peşəkar uzman həkimlərin nəzarəti altında bir çox dünya səviyyəli müalicə və əməliyyatlar icra edilir, dünyanın bir çox inkişaf etmiş ölkələrində icra olunan müayine-müalicə və cərrahi əməliyyatlarının keçirilməsi üçün yetərincə imkanlara malikdir. Ümid edirəm ki, yaxın gələcəkdə mövcud olan çatışmazlıqlar aradan qalxacaq və vətəndaşlarımız heç yerə getmədən öz doğma vətənimizdə sağlamlıqlarına qovuşa biləcəklər".