“TRAMPIN İRANI VURMAĞA CÜRƏTİ ÇATMAZ…” –“Ərəblərlə barışsa İsrail şərqin lokomotivi ola bilər”
Yenixeber.org: Politoloq Zərdüşt Əlizadənin müsahibəsini təqdim edirik:
Zərdüşt Əlizadə: “Seçki ərəfəsində yüzlərlə əsgər tabutunun ABŞ-a getməsi Trampın yenidən seçilmək şansını sıfıra endirər”
- Zərdüşt bəy, ABŞ və İran arasında münasibətlər son dövrlər yenidən gərginləşib. İranın İnqilab Keşikçiləri Korpusunun Vaşinqtonda terrorçu təşkilat elan olunmasından sonra hansı ssenarilər gözləniləndir?
– ABŞ ən mürtəce dövlətləri, bəzən terrorçuları müdafiə edir. Özü gizli həbsxanalar saxlayır, insanlara işgəncə verir. Bunların hamısı gözəl şeydir, çünki Amerikaya lazımdır. ABŞ və müttəfiqlərinin işğalçı, istismarçı siyasətinə müqavimət göstərən, etiraz edən dövlətlər, millətlər, qurumlar isə terrorçu elan olunur. Hamı bilir ki, Rza Şah Pəhləvi İranı yeyib dağıdırdı, rüşvət yuvasına çevirmişdi. Amma o zaman Pəhvəli yaxın Şərqdə Amerikanın strateji müttəfiqi idi. İran xalqı inqilab etdi, islam respublikası qurdu. İndi islam respublikasında islam çərçivəsi daxilində ədalətli seçkilər keçirilsə də, bu Vaşinqtonun xoşuna gəlmir. Odur ki, İran 1979-cu ildən ABŞ-ın sanksiyası altına düşüb. İndi də özlərinin buraxdığı kobud siyasi səhvə görə İranı günahkar bilir. ABŞ Səddamı devirdikdən və onun qurumlarını ləğv etdikdən sonra İraqda boşluq yarandı. Bu boşluğu da İran doldurdu. Bundan sonra Qərb dövlətləri Suriyada qiyamçılara dəstək verdi, İran isə ora daxil olaraq müttəfiqinə köməklik göstərməyə başladı. İran İsrailin Fələstini işğal siyasətinə müqavimət göstərən “Həmas” və “Hizbullah”a dəstək verir. Qərb isə bu qurumları terrorçu elan edib. Əslində “Həmas” nə istəyir? Tələb edir ki, onun vətənini işğaldan azad etsinlər. Sabah bu məntiqlə bizi də terrorçu elan edə, deyə bilərlər ki, Qarabağı geri almaq istəyirsiniz. İsrail Suriyanı bombalayır, Livanın hava məkanını pozur. Ancaq buna deyirlər ki, İsrailin təhlükəsizliyi naminə atılan addmlardır. İsrail Colan təpələrini ilhaq edir, deyirlər ki, təhlükəsizlik məsələsidir. Bəyəm, ərəblərin təhlükəsizlik məfhumu yoxdur? İran İnqilab Keşikçiləri Korpusunun komandiri Qasim Süleymani bacarıqlı sərkərdə, güclü komandirdir və müsəlman torpaqlarını öz rəhbərliyinin göstərişi əsasında müdafiə edir. ABŞ-da generalı və onun rəhbərlik etdiyi hərbi qanadı terrorçu elan edib. İran da buna cavab olaraq ABŞ ordusunu terrorçu təşkilat elan edib.
- Bu iki ölkənin qarşılıqlı həmlələri hansı nəticələri doğura bilər?
– Əslində bu siyasi oyundur, tərəflər topu bir-birinə vurur. Bundansa, dialoqa başlasalar, beynəlxalq hüquqa söykənsələr belə hallar da olmazdı. Amma ortada böyük iqtisadi maraqlar olduğuna görə, öz istəklərini gerçəkləşdirmək, şirkətlərinə münasib fəaliyyət yaratmaq üçün beynəlxalq hüququ tapdalayır, xalqların və dövlətlərin hüquqlarını tanımır, bunu da düzgün siyasət sayırlar. Hesab edirəm ki, SSRİ-nin başıboş kommunist rəhbərləri ictimai ədalət ideyasını bədnam etdiyi kimi, ABŞ-ın siyasəti də azadlıq və liberalizm ideyalarını bədnam edir.
- Tərəflər bir-birinin silahlı qüvvələrini terrorçu elan edirsə, bunun davamı olaraq silahlar tətbiq olunacaqmı?
– Onsuz da, ABŞ-ın müttəfiqi olan İsrail Suriya ərazisində olan İran bazalarını və iranlı hərbçiləri vurur. İndiyə qədər onlarla iranlı hərbçi və mülki mütəxəssis həlak olub. İsrail İran daxilində casusluq fəaliyyəti göstərir və iranlı nüvə alimlərini öldürür. Bunlar faktdır. İndi də ABŞ İranın hərbi strukturunu terrorçu elan edib və faktiki olaraq İsrailin arxasında durur. Belə bir şəraitdə onsuz da vəziyyət gərgin idi və kiminsə terrorçu elan olunması vəziyyəti dəyişmir. Xatırladım ki, Tramp hakimiyyətə yeni gələndə Şimali Koreyanı hədələyirdi. Cavan Kim Çen İn də Trampı hədələyərək deyirdi ki, atom bombası ilə ABŞ-ın qərb sahillərinə zərbə endirəcək. Tramp da deyirdi ki, mənim atom raketlərimin düyməsi daha böyükdür. Beləcə kəskinləşmə davam edirdi və günün birində Tramp dedi ki, Kim Çen İnlə görüşə bilər. İki dəfə görüş oldu. İndi də Tramp İranı hədələyir. Hərçənd ki, Obama dövründə İran-ABŞ münasibətləri yaxşılaşırdı, normal münasibət qurulurdu. Tramp xətti dəyişdi, təhdidlərə başladı və eyni zamanda bildirdi ki, BMT-də Həsən Ruhani ilə görüşməyə hazırdır. Görünən odur ki, Tramp əvvəl əks tərəfə hücum və təzyiqlər edərək onu güncə sıxışdırır və sonra deyir ki, gəl danışaq. Amma unudur ki, ABŞ-ın dövlət kimi 250, İranın isə 2500 yaşı var. ABŞ kimi dövlətləri İran diplomatiyası suya susuz aparıb, susuz da gətirər.
- Konkret olaraq hərbi qarşıdurma, toqquşma gözləniləndirmi?
– Yox. ABŞ cəmiyyəti istəyir ki, texnoloji üstünlüyündən istifadə edərək ona cavab qaytara bilməyən zəif rəqiblərlə və ölkələrlə döyüşsün. İran dövləti kifayət qədər güclüdür. Əgər ABŞ İrana zərbələr endirsə, Tehranın da əli çatar ki, ətrafında yerləşən ABŞ qüvvələrinə ciddi zərbələr vursun. Nəzərə alın ki, ABŞ-ın Səudiyyədə, Bəhreyndə, İraqda, Suriyada hərbi bazaları var, habelə gəmiləri yaxındadır, Livanda obyektləri var. Yəni İran və müttəfiqləri ABŞ-a kifayət qədər ziyan vura bilər. Eyni zamanda nəzərə alın ki, Donald Tramp 2020-ci ildə də prezident seçilmək istəyir. Seçki ərəfəsində yüzlərlə amerikalı əsgərin tabutunun Amerikaya gətirilməsi onun seçilmək şansını sıfıra endirərdi. Mən düşünmürəm ki, Trampın İrana hücum etmək kimi cürəti olsun. Onlar başqa cür düşünürlər. Hesab edirlər ki, sanksiyalarla İran iqtisadiyyatını sarsıdaraq əhalini rejimə qarşı qaldıra və bu yolla molla rejimini devirə bilərlər.
- İsraildə seçkilərdə sərt anti-İran mövqeyi ilə seçilən Likud Partiyasının qalib gəldiyini də nəzərə alaraq, İranla müharibəni ABŞ-ın deyil, İsrailin apara biləcəyi ehtimalını ciddi hesab etmək olarmı?
– İsrail ona görə ötkəm danışır ki, arxasında ABŞ-ın durduğunu bilir. Necə ki, ermənilər bizimlə yüksək səslə danışır və bilir ki, arxasında Rusiya durur. Əgər Rusiya durmasa başlayacaq barış və sülh axtarışına çıxmağa. Ancaq Rusiya durduğu üçün ermənilər özünü həyasız aparırlar. Yəni İsrail nüvə silahının olmasına görə belə danışmır. Heç kəs nüvə silahına baxan deyil. İsraili vurub əzmək mümkündür. Sadəcə arxasında ABŞ durduğu üçün belə danışırlar.
- Ancaq bayaq sizin də dediyiniz kimi, fakt odur ki, İsrail aviasiyası Suriyada iranlı hərbçiləri asanlıqla “dənləyir”…
– Əvvəla, İsrail aviasiyasının İrana çatmaq imkanı var, lakin geriyə qayıtmaq imkanı yoxdur. Yəni uçuş məsafəsi imkan vermir ki, İsrail aviasiyası havalanaraq İrana zərbələr endirsin. Digər tərəfdən, İsrail İrana zərbələr endirməyə başlasa, iranlılar İsraili vuracaq. Həm raketlə vuracaq, üstəlik qurudan da hücuma başlayacaq. Bir tərəfdən Hizbullah vuracaq, digər tərəfdən Qasım Süleymaninin komandanlığı altında olan qüvvələr. Eyni zamanda İraq şiələrinin böyük silahlı dəstələri, Suriya şiələrinin silahlı qrupları. Bunlar hamısı hücuma keçə bilər. Bir var pis hazırlanan rəsmi qüvvələr, bir də var dini fanatizm əsasında formalaşan şiə qüvvələri. İran-İraq müharibəsi göstərdi ki, iman, din və İslam naminə vuruşan qüvvələr rəşadətlə savaşır. Həm də nəzərə alın ki, İsrail cəmiyyəti də itkilər vermək istəmir. Əslində, indiki vəziyyət İsrailə sərf edir. İsrail çox böyük uğurlar qazana bilib. Məsələn, ona qarşı olan ərəb cəbhəsini darmadağın edib. Suriya xarabalığa çevrilib, İraq vurulub, Liviya məhv edilib, Sudan quyunun dibindədir. Üstəlik, İordaniya satılıb, Misir addım atmır və s. İsrailin işğalı və ilhaq siyasətinə qarşı duran cəmi iki ölkə var: İran və Türkiyə. Bu ölkələr də kifayət qədər güclüdür və İsrail onlara bata bilməz.
- Yəni Siz hesab edirsiniz ki, hərbi ritorika münasibətləri daha da kəskinləşdirə bilər, amma müharibə olmayacaq…
– Ümid edirəm ki, böyük müharibə olmayacaq. Lokal müharibə isə onsuz da gedir. Mən bir məqamı xatırladım. Böyük mütəfəkkir və strateq Henri Kissincer belə proqnoz verib ki, gələcəkdə İsrail dövləti olmayacaq. İşğalçı və ilhaqçı, amansız İsrail dövləti heç kəsə lazım deyil. Əgər İsrail güzəştə getsə, Fələstini, eləcədə ərəblərin hüquqlarını tanısa, qalacaq. Çünki İsrail böyük mədəniyyət və sivilizasiya yaradıb, tarixi var. Ərəblərlə barışsa İsrail şərqin lokomotivi ola bilər. Həm özləri qazanar, həm də ərəblərə nümunə verər, onları arxasınca apararlar. Təəssüf ki, bunu etmək istəmirlər və 2 min il əvvəlki İncilə əsaslanaraq deyirlər ki, oralar bizim torpaqdır və biz oranı təmizləməliyik. Belə iddiada olan dövlətlərin yaşamaq hüququnun perspektivi olmur.(azpoitika.info)
Vaqif NƏSİBOV