Lavrovun acı etirafı, yoxsa MDB-də aqressiya anonsu?
Lavrovun bu açıqlaması Rusiyanın xarici siyasətinin gələcəkdə radikallaşacağına işarə edir.
Yenixeber.org: Bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrovun “Komsomolskoy pravda”ya müsahibəsində Rusiyanın postsovet məkanı ölkələrinə təsiri və Qərb təşkilatlarının postsovet məkanında Rusiyadan daha aktiv olması məsələsini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Lavrovun postsovet məkanındakı ölkələrlə Qərb ölkələrinin bəzi təşkilatlarının əlaqəsinə verdiyi şərh reallıqları düzgün əks etdirmir:
“ABŞ-ın iki partiyası var. Bu partiyaların hər birinin postsovet məkanında vaxtı ilə işləmiş, indi də bəzilərində işləməkdə olan nümayəndəlikləri qalmaqdadır. Bundan başqa, ABŞ-ın Dövlət Departamentinin xətti ilə postsovet məkanındakı vətəndaş cəmiyyəti təşkilatlarıyla iş aparan qurumları mövcuddur. Bu qurumlar heç kimə sirr deyil. Onlar üçün konkret təşkilatlar fəaliyyət göstərir və təşkilatların əsas fəaliyyət istiqamətini müəyyən etmiş şəxslər və qruplar var. Bu qruplarla müəyyən qədər iş apardıqdan sonra onlara maliyyə vəsaitləri ayrılır. Bəzi ölkələrdə bu özünü doğruldur. Ona görə ki, həmin təşkilatlar əhali arasında maarifləndirmə, bir sıra dəyərlərin təbliği, bütövlükdə cəmiyyətin özəyini təşkil edən ailə və məişətdə yaranan problemlərin həllində yaxından iştirak edir. Ailəsini tərk edən, boşanan ailələrdə maddi yardımdan məhrum olan insanlar vaxtı ilə Qərb təşkilatlarının yaratdığı uşaq evlərinə, yaxud xüsusi təyinatlı sığınacaqlara sığınır. Ermənistanın kifayət qədər kasıb ölkə olduğunu nəzərə alsaq, burada sahibsiz uşaqların, ayrılmış ailələrın yetərli qədər çox olduğunu deyə bilərik. İrəvanda Sərkisyan və Köçəryanın dövründə rejimlə eyni xətdə çalışmağı istəməyən kifayət qədər çox QHT-lər var idi. Həmin təşkilatların Qərbdən gələn bu cür humanitar təşkilatlarla əlaqə saxlaması Ermənistan cəmiyyətindəki problemlərdən qaynaqlanırdı. Bu problemləri də Qərbin müəyyən humanitar təşkilatları həll etməyə çalışırdı”.
Politoloq qeyd edib ki, Rusiya Ermənistanla bağlı çox təkəbbürlü mövqe sərgiləyir. Çünki Rusiya yaxşı bilir ki, onun Ermənistanda kifayət qədər təsiredici rıçaqları var:
“Ermənistanda hərbi bazası, kifayət qədər formalaşmış kəşfiyyat sistemi olan bir ölkə, əlbəttə ki, belə təşkilatları oyuncaq adlandıracaq, hakim rejimin səlahiyyətlərindən kənarda fəaliyyət göstərən xüsusi vətəndaş təşəbbüslərini də qeyri-rəsmi təşkilatlar kimi qiymətləndirəcək. Lavrovun bu açıqlaması heç də real gerçəklikləri tam anlamıyla əks etdirmir”.
Politoloq həmçinin Rusiyanın ABŞ qədər təşkilatlara yardım ayırmaması və siyasi qüvvələrlə işləməməsi fikrinə də münasibət bildirib. O, Lavrovun səsləndirdiyi bu fikrin müəyyən qədər acı etiraf olduğunu söyləyib. Onun sözlərinə görə, Moskvanın hazırkı vəziyyətdə postsovet məkanındakı bütün QHT-lərlə işləməsi üçün yetərli vəsaiti yoxdur:
“Əvvəla, Rusiyanın bu cür təşkilatlara pul xərcləməyə imkanı yoxdur. Rusiya heç öz ölkəsində humanitar fəlakət qarşısında qalan insanları lazımınca təmin etmək iqtidarında deyil. Onun Qərb dövlətlərinin humanitar təşkilatlarının, yaxud da ayrı-ayrı xeyriyyə cəmiyyətlərinin postsovet məkanındakı ölkələrdə müəyən humanitar tədbirlər keçirməsini sistemdənkənar, oyuncaq təşkilat kimi qiymətləndirməsi düzgün təsbit deyil. Rusiyanın belə işlərə maliyyə ayırmaması onun ciddi çatışmazlığıdır”.(axar.az)