Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Professor İlham Rəhimov:“Bizim cinayətkarlara münasibətimizi çox liberallaşdırmağımız hələ tezdir”

“Bugünkü Cinayət Məcəlləsi özü-özü ilə ziddiyyət təşkil edir”

Yenixeber.org: Hüquq elmləri doktoru, professor İlham Rəhimov “Yeni Müsavat” qəzetinin suallarını cavablandırıb. Hörmətli professorla budəfəki söhbətimizin əsas mövzusu Azərbaycanda hüquqi sahəsində gözlənilən islahatlarla bağlı oldu. Söhbət ilk növbədə bəzi cəza növlərinin yüngülləşdirilməsi və ya ləğvindən gedir. Müsahibimiz bu və digər qəbildən suallarımızı, o cümlədən Azərbaycanda cinayətkarlara münasibətin liberallaşdırılmasına ehtiyac olub-olmaması məsələsinə aydınlıq gətirdi, bir peşəkar hüquqşünas kimi öz şərhini verdi. Müsahibəni təqdim edirik:

- Professor, yəqin Sizə də məlumdur ki, Azərbaycanın Cinayət Məcəlləsinə dəyişikliklər layihəsi hazırlanıb - hansı ki, yaxın zamanlarda parlamentin müzakirəsinə veriləcək. Gözlənilən dəyişikliklərlə bağlı Sizin fikrinizi bilmək istərdik. Sizcə, buna ehtiyac varmı və bu dəyişikliklər hansı məqsədi güdür?

- Sizin suallara tam həcmdə cavab vermək üçün layihə ilə çox diqqətlə tanış olmaq lazımdır. Təəssüf ki, mənim belə imkanım olmayıb. Çünki sənəd hələ heç yerdə dərc olunmayıb. Odur ki, nəinki mənim, eləcə də cinayət hüququ sahəsində bir çox alim-hüquqşünasların bu məsələ ilə bağlı mövqe bildirmək imkanımız yoxdur. Yeri gəlmişkən, hətta çoxunun gen-bol tənqid etdiyi sovet dövründə belə, qanunvericilikdə istənilən dəyişiklik həmişə alimlərin - bu sahə üzrə mütəxəssislərin müzakirə predmeti olub. Ona görə də sözügedən layihə haqda nəsə öyrənmək və fikir söyləmək üçün yeganə imkan - sizin xidmətinizdən istifadə olardı ki, buna görə sizə minnətdaram. İndi isə keçək mahiyyətə.

Qəzet materiallarından bildiyim qədər, layihədə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub. Gəlin, qısa şəkildə təhlil edək: bizim 2000-ci ildən qüvvədə olan yeni CM-miz 1960-cı ildəki məcəlləni əvəzləyir. Ötən 16 ildə bu CM-ə çoxlu sayda düzəlişlər və əlavələr, qanundan istisnalar edilib. Məsələn, təkcə Xüsusi hissəyə 50-dən artıq dəyişiklik olunub, 50-dən artıq maddəyə əlavələr edilib, köhnə redaktədə 3 maddə, yenisində 15 maddə çıxarılıb. Mən bunları yaddaşıma əsasən deyirəm. Ona görə də burada hansısa xırda kənaraçıxmalar ola bilər.

Bu zaman tendensiya da cəzaların gücləndirilməsi yolu ilə cinayət siyasətinin sərtləşməsi yönündə olub. Belə ki, 30-dan artıq maddədə ayrı-ayrı cinayətlərə görə cəzalar sərtləşdirilmişdi. Bu yerdə diqqəti qanun qəbul edilərkən heç də tam aydın olmayan, məqsədsiz və mənasız məntiqə yönəltmək istərdim. Söhbət kifayət qədər çoxlu sayda cinayətlərə görə cəzanın gücləndirilməsi haqda qərar çıxarılarkən bu cəzaları cəmi daha 1 il azadlıqdan məhrumetmə ilə ağırlaşdırmaqdan gedir. Buna siz 306.1; 306.2; 308.2; 311; 311.3.4 və digər maddələrə nəzər salmaqla əminlik hasil edə bilərsiniz.

Onu da qeyd eləmək lazımdır ki, mövcud cəzalar sistemi azadlığın məhdudlaşdırılması və əmlakın müsadirə edilməsi kimi cəza növlərini nəzərdə tutmur - hərçənd onlar Məcəllə qüvvəyə minərkən cəzalar siyahısına daxil idi. Nəticədə biz bu gün hansısa süni şəkildə yaradılmış və elmi, kriminoloji, siyasi və istənilən başqa əsasdan tamamilə məhrum Cinayət Məcəlləsinə malikik. İş də ondadır ki, bugünkü CM başdan-ayağa özü-özü ilə ziddiyyət təşkil edir, bütün kodlaşma qaydalarını pozur və cinayətlərin savadlı təsnifatını mümkünsüz edir, habelə indiyə qədərki naməlum anlayışlar və ifadələrdən istifadə edir, şərhlərdə elementar ardıcıllığa və məntiqə məhəl qoymur və s.

“Daha doğru o olar ki, Cinayət Məcəlləsi yeni redaktədə hazırlansın”

- Məgər qanun, o sırada cinayət qanunu dəyişikliklərə məruz qalmamalıdır ki? Axı həyat bir yerdə durmur, cinayətkarlıqla mübarizədə yeni yanaşmalar tələb edir - hansı ki, cinayət cəzası da elə buna xidmət eləməlidir...

- Doğrudur, Cinayət Məcəlləsi cinayətkarlıqla mübarizə üçün qanunverici əsasdır. Bu, sübuta ehtiyacı olmayan aksiomdur. Lakin qanunun sistemliliyi - qanunun əsas keyfiyyətlərindən biridir və bu da aksiomdur.

Öz-özlüyündə düzəlişlərin sayı və tezliyi hələ heç nə demir. Ancaq əgər bir qanunla birdən-birə 300 maddəyə dəyişiklik edilirsə və bu qanunun özü bütün CM-i kəskin şəkildə sistemsizləşdirirsə, onda situasiya dəyişir. Bu halda sistemsizləşmə prosesi geridönməz, bütövlükdə məcəllə isə disbalans şəkil alır və məcəllə fəaliyyət gücünü itirmək həddinə yaxınlaşır. Bu isə cinayət halları ilə mübarizəyə birbaşa mənfi təsir edə bilər. Məni daha çox bir qanunla və ya layihə ilə çoxlu sayda maddələrə dəyişikliklər edilməsi narahat edir.

- Bəlkə bunca dəyişikliklərdənsə, elə yeni bir Cinayət Məcəlləsi hazırlayıb qəbul eləmək daha məqbuldur?

- Yeni Cinayət Məcəlləsi o zaman lazım olur ki, sosial mühitdə mövcud məcəllənin artıq öhdəsindən gələ bilmədiyi yeni reallıqlar və ciddi təhdidlər ortaya çıxır. Eyni zamanda dövlət və hakimiyyət cinayətkarlıqla mübarizədə öz gücsüzlüyünü etiraf edir. Xoşbəxtlikdən bu gün bizdə nə bu, nə də digəri var. Ona görə də yeni Cinayət Məcəlləsinin qəbul edilməsi, fikrimcə, müəyyən müddət üçün cinayətkarlıqla mübarizəni bütünlüklə iflic edə bilər.

İndiki situasiyada daha doğru o olar ki, Cinayət Məcəlləsi yeni redaktədə hazırlansın. Bu, heç də yeni məcəllə qəbul eləmək demək deyil. Bir sözlə, CM-ə sistemlilik və ardıcıllığı qaytarmaq lazımdır. Əgər mən haqqında danışdığımız yeni layihə ilə tanış olsaydım, o zaman təzə dəyişikliklərin bu vəzifənin öhdəsindən gəlib-gəlməyəcəyini söyləmək mümkün olardı.

- Gəlin, indi də layihədə nəzərdə tutulmuş və ayrı-ayrı hüquqşünaslar tərəfindən təklif olunan bəzi konkret dəyişikliklərdən danışaq. Məsələn, təklif edilir ki, terrorizmə dəstək və milli təhlükəsizliyimiz əleyhinə fikirlərə görə vətəndaşlıqdan məhrumetmə cəzası müəyyən edilsin.

- Mən sualın qoyuluşunu bir elə dəqiq anlamadım, ancaq sualın mahiyyəti mənə aydındır. Güman edirəm ki, belə bir təklif həm siyasi və hüquqi, həm də nəzəri və praktik nöqteyi-nəzərdən absurd və qeyri-ciddi görünür.

- Layihədə, həmçinin, əmlak cinayətlərinə görə cinayət cəzasından imtina da nəzərdə tutulub. Sizcə, bu doğrudurmu?

- Əvvəla, baxmaq lazımdır ki, bu, hansı şəkildə nəzərdə tutulub. Yalnız bundan sonra nəsə demək olar. Ümumi şəkildə qeyd edə bilərəm ki, cəzanın olmadığı və ya çox aşağı olduğu xüsusi normalar hesabına oğru məmurların cinayət məsuliyyətindən azad edilməsi məqsədəuyğun deyil.

- İddia olunur ki, bütövlükdə CM-ə dəyişikliklər layihəsi bir çox sanksiya və hərəkətləri kriminalsızlaşdırmaq məqsədi güdür.

- CM-in liberallaşdırılmasının vacibliyi haqda daim gedən qeyri-peşəkar müzakirələr zamanı bir şey yaddan çıxarılır ki, müasir şərtlərdə təkcə moizə və öyüd-nəsihətlərlə cinayətkarlığın qarşısını almaq mümkün deyil. Bizim cəmiyyət, bizim mənəvi inkişaf səviyyəmiz, həmçinin cinayətkarlığın vəziyyəti hələlik bizə imkan vermir ki, cinayətkarlara münasibətimizi xeyli liberallaşdıraq.

Onu da yaddan çıxarmaq olmaz ki, müasir dövrdə cəza - öz obyektiv imkanları etibarilə hələ ki cinayət hallarına qarşı ən mühüm vasitə olaraq qalır. Ona görə də ayrı-ayrı cinayət əməllərinin kriminalsızlaşdırılması və cinayət əməllərinə görə cəzaların liberallaşdırılması məsələsində olduqca ehtiyatlı olmaq lazımdır - xüsusən də cinayətlər ağır və xüsusilə ağır xarakterlidirsə.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam