Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Hikmət Hacıyev:“Danışıqlarda Azərbaycanın güzəştə getməsi haqda ermənilərin iddiası cəfəngiyatdır”

XİN sözçüsü ölkəmizin danışıqlar prosesində güzəştə razı olmasına dair ermənilərin iddialarını yalanladı; Hikmət Hacıyev: “Ermənistana heç kim haqq verməyib ki, Azərbaycanın işğal olunmuş ərazilərini hər hansı bir öz bildiyi formada sövdələşmə obyektinə çevirsin”

Yenixeber.org:Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev geniş müsahibə verib. Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqların perspektivi, işğalçı tərəfin iddiaları, BMT-dəki sərt çıxışlardan sonrakı gözləntilər və digər məsələlərdən bəhs edən söhbətimizi təqdim edirik:

 - Hikmət bəy, Ermənistan mətbuatı iddia edir ki, Azərbaycan tərəfi XİN rəhbərlərinin son görüşündə güzəştlərə razılığını bildirib. Bakı Qarabağla bağlı hansı güzəştləri vəd edib ki, bunlar hay-küy salıbar?

- Bu, tamamilə cəfəng fikirlərdir, erməni təbliğat maşınının uğursuz cəhdləridir. Münaqişənin həlli prinsipləri və planlar göz qabağındadır. ABŞ-dan olan keçmiş həmsədr Riçard Hoqland tərəfindən hazırda danışıqlar masasında olan prinsiplər və planlar açıqlandı. Münaqişə mərhələli yolla həll olunmalıdır. Mərhələli həll prosesinin ən vacib və ümdə tərkib elementlərindən biri də Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasıdır. Ona görə də xarici işlər nazirləri səviyyəsində Nyu-Yorkda keçirilmiş görüşdə məhz bu əsnada danışıqlar aparılıb. Baxmayaraq ki, Ermənistan tərəfi yenə də xarici işlər naziri Edvard Nalbəndyanın timsalında danışıqlara texniki xarakter verməyə çalışırdı. Amma həmsədrlərin bəyanatından da göründüyü kimi, burada danışıqların substantiv şəkildə aparılması üçün ciddi məsələlər müzakirə olunub. Həmişə də qeyd edirik ki, substantiv danışıqlar status-kvonun dəyişdirilməsidir. Status-kvonun dəyişdirilməsi isə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasıdır. Azərbaycanın xoş niyyətlə danışıqlar prosesində iştirakı elə Azərbaycanın güzəştidir. 

- Nazirlər səviyyəsində keçirilən görüşə sayılı günlər qalarkən Nalbəndyan Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsi istiqamətində danışıqların aparıldığını açıqlamışdı. Lakin erməni ordusunun rəhbərliyindən sərt təpki gəldi və Nalbəndyan tam əksini söylədi, fikirlərinin təhrif olunduğunu iddia etdi. Əslində nə baş verir? Danışıqlarda nələr müzakirə olunur? Erməni nazir hansı sözlərində haqlıdır?

- Ermənistan tərəfinin nə deməsindən asılı olmayaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması hazırda aparılan danışıqların ən ümdə və vacib prinsipidir. Həmçinin yenilənmiş Madrid prinsiplərinin və hazırda danışıqlar masasındakı təkliflərin məzmununu və məntiqini bu təşkil edir. Göründüyü kimi, Ermənistan da bununla hesablaşır və hesablaşmalıdır.

- Hesab etmək olarmı ki, Ermənistan XİN başçısı ordudan, yaxud başqa hansısa qüvvələrdən çəkindiyi üçün mövqeyini dəyişdi?

- Erməni nazirin nə deməsindən asılı olmayaraq... Ümumiyyətlə, danışıqlar prosesinin mahiyyəti budur: Ermənistana heç kim haqq verməyib ki, Azərbaycanın işğal olunmuş ərazilərini hər hansı bir öz bildiyi formada sövdələşmə obyektinə çevirsin. Ermənistanın buna haqqı və əsası yoxdur. Azərbaycanın mövqeyi birmənalıdır və danışıqlar prosesinin də mahiyyəti budur ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır və mərhələli proses çərçivəsində münaqişənin həlli başlamalıdır ki, burada da ilk və vacib şəxs Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ətrafındakı ərazilərdən Ermənisan qoşunlarının çıxarılması və məcburi köçkünlərin geri qayıtmasının təmin olunmasıdır.  

“Türkiyədən Dağlıq Qarabağa səfər edənlər qardaş Türkiyəyə qarşı müəyyən siyasi xətt yürüdən şəxslərdir”

- Ermənistan ordusunun rəhbərliyi iddia edir ki, Dağlıq Qarabağ ətrafındakı rayonlarda müdafiə sistemi qurulub və o sistemin dağılması onlar üçün fəlakətli nəticələr verə bilər. Deməli, İrəvanın güzəştli siyasətinə qarşı çıxan ordu var. 1999-cu ildə İstanbul sammitində razılaşma gözləntisi olarkən də Ermənistan parlamenti güllə-baran edildi. Belə etirazlar olduğu halda, aparılan danışıqların nəticəsi ola bilərmi?

- Ümumiyyətlə, danışıqlar prosesində hər hansı bir konkretlik və mahiyyətlik ortaya çıxdığı təqdirdə Ermənistan prosesi pozmaq üçün müxtəlif təxribatlara əl atır. Artıq biz bunu uzun müddətdir ki, yaşayırıq və görürük. İndi də danışıqlar masasında kifayət qədər konkret mahiyyət kəsb edən məsələlər var. Ermənistanın da təxribatlara əl atması istisna edilmir. Amma bunu Minsk Qrupunun həmsədrləri də görməlidirlər, qeydə almalıdırlar. Yenə də Ermənistan təxribatlara əl atacaqsa, bundan nəticə çıxarılmalıdır.

- Mövcud durumda həmsədrlərin Qarabağ məsələsinin həlli ilə bağlı mövqeyi üst-üstə düşürmü? Rusiya ilə ABŞ arasındakı konfrontasiya Qarabağın həllinə təsir edirmi?

- Həmsədrlər arasında fikir ayrılığı görmürük. Yəni formalaşdırılan prinsiplər və münaqişənin həlli üzər atılmalı addımlar barədə ümumi bir fikir formalaşıb. Həmsədrlər arasında da eyni mövqe var. Azərbaycan da bu və ya digər şəkildə bu fikirlərlə razıdır. O mənada ki, tərəflər substantiv danışıqları davam etdirərək münaqişəni həllində irəliləyişə nail olmalıdırlar. Burada da ilk addım işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasıdır. Yəni işğal faktına son qoyulmasıdır. Münaqişənin fundamental əsasını məhz bu amil təşkil edir. 

- Hoqland planı ilə yanaşı, ortada Lavrov planı da var...

- Burada Hoqland planı ifadəsi düzgün olmazdı. Bu, Minsk Qrupunun həmsədrlərinin illər ərzində danışıqlar prosesində formalaşdırdığı prinsiplərdir. Sadəcə olaraq, Hoqland bir həmsədr olaraq, Minsk Qrupunun adından bu prinsipləri səsləndirib. Digər həmsədr ölkələr də buna razıdırlar və bunu dəstəkləyirlər və onların iştirakı ilə bunlar hazırlanıb.

- Bəs Lavrovun masaya qoyduğu təkliflərin, planın taleyi necə oldu? 

- Bundan əvvəl də danışıqlar masasında digər təkliflər var idi və bu da var. Bu və ya digər təkliflər biri digərindən fərqli xarakter daşımır. Bunların mahiyyəti eynidir: münaqişə mərhələli şəkildə həll olunmalıdır və mərhələli həll prosesi çərçivəsində də ilkin addım kimi, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ətrafından qoşunlar çıxarılmalı və məcburi köçkünlər geri qayıtmalıdır.

- Hikmət bəy, son vaxtlara qədər Ermənistan Laçın dəhlizini “vazkeçilməz” hesab edirdi və həmin ərazinin qaytarılmasını mümkünsüz sayırdı. Amma keçən ay Vardenis-Ağdərə yolu istifadəyə verildi və belə görünür ki, Ermənistan Qarabağa daha qısa yolun keçdiyi ərazini, həmçinin Kəlbəcəri geri qaytarmaqdan imtina edəcəklər. Elə isə bundan sonrakı danışıqların perspektivini görürsünüzmü?

- Görünən odur ki, Ermənistan tərəfi hər bir vəcdlə status-kvonu saxlamağa çalışır. Status-kvo da işğala əsaslanır və onun tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyətlərini həyata keçirir. Bunun da tərkib elementlərindən biri işğal olunmuş ərazilərdə infrastrukturun dəyişdirilməsi kimi əməllərdir. Biz də bunu Minsk Qrupu həmsədrləri qarşısında qaldırırıq ki, əgər siz münaqişənin danışıqlar yolu ilə həllinə çağırış etdiyiniz halda, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinə insanların köçürülməsi, məskunlaşma həyata keçirmək kimi qeyri-qanuni əməllərinə də göz yummamalısınız. Ona görə də Ermənistanın hər bir işğal olunmuş ərazidə apardığı fəaliyyət ciddi şəkildə monitorinq edilir, öyrənilir, araşdırılır və Minsk Qrupunun həmsədrləri qarşısında da qaldırılır. Ermənistanın işğal olunmuş ərazilərdə həyata keçirdiyi fəaliyyəti qeyri-qanunidir, bu, beynəlxalq humanitar hüquqda da və Cenevrə konvensiyalarında da təsbit olunub. Qeyri-qanuni həyata keçirilən əməllər heç bir halda münaqişənin həllinə təsir etməməlidir, edə də bilməz, çünki beynəlxalq hüquqda da təsbit olunub. 

- BMT Baş Assambleyasının son sessiyasında Ermənistan tərəfin iddialarına Azərbaycanın dövlət başçısı səviyyəsində çox sərt və tutarlı cavablar verildi, erməni prezidentin cani olması yüksək tribunadan bəyan olundu. Bundan sonra prezidentləri bir masa arxasında əyləşdirmək cəhdləri yaxın perspektiv üçün mümkün görünürmü?

- Dövlətimizin başçısı tərəfindən dünyanın ən ali tribunasından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun humanitar aspektləri, münaqişənin həllinin əsasını təşkil edən fundamental prinsiplər və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın ata biləcəyi və atmalı olduğu addımların hüquqi əsasları barədə beynəlxalq ictimaiyyətə dolğun, ətraflı və qətiyyətli məlumat verildi, beynəlxalq ictimaiyyətə tam şəkildə rəsmi Bakının mövqeyi çatdırıldı. Ermənistan tərəfi ilə dövlət başçıları səviyyəsində görüşə gəldikdə isə, xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilmiş görüşündə bu məsələ müzakirə olunub, həmsədrlər tərəfindən belə bir təklif var. XİN rəhbərləri də dövlət başçılarına məruzə edəcək və belə bir görüşün keçirilməsi məsələsi barədə qərar qəbul edəcək. Azərbaycanın mövqeyi yenə də odur ki, biz bu görüşlərə hazırıq. Amma bu görüşlərdə məzmun, mahiyyət olmalıdır və substantiv danışıqlara xidmət etməlidir. Göründüyü kimi də hazırda müzakirə üçün əsas yarada biləcək fikirlər, tezislər və planlar var.

- Ermənistan tərəfdən səslənən bəyanatlar var: “Biz bir qarış da torpağı geri qaytarmayacağıq, bir addım da geri çəkilməyəcəyik” kimi. Bundan sonra görüşlərin mənası varmı?

- Azərbaycan tərəfi hesab edir ki, münaqişənin danışıqlar yolu ilə həlli üçün imkanlar tükənməyib. Ermənistanın da işğalçılıq siyasətinin mahiyyətinin tam varlığı ilə sübut etmək üçün Azərbaycan sülh və danışıqların yaratdığı bütün imkanlardan maksimum istifadə etməlidir və edir də. Ona görə də münaqişənin həlli üçün yarana biləcək danışıq imkanını qiymətləndiririk və bundan istifadə edərək beynəlxalq ictimaiyyətə də, Ermənistan tərəfinə də sübut etməyə çalışırıq. Ona görə də Azərbaycan bu xətti davam etdirir və əgər Ermənistanın mahiyyəti, məzmunu bundan ibarətdirsə, bu yolla da o, ifşa edilir.

- Son dövrlərdə Qarabağa qanunsuz səfərlər yenə də intensivləşib. Fransadan gələn bir qrup işğal olunmuş Azərbaycan şəhərləri ilə “qardaşlıq sazişi” imzaladılar. Eyni zamanda Türkiyədən bir heyət işğal zonasına səfər etməklə bizi üzdü. Rəsmi Bakı bununla əlaqədar hansı işləri görür?

- Göründüyü kimi, Ermənistan tərəfi son dövrlərdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin kütləvi şəkildə azalmasından narahat olaraq, buraya erməni lobbi dairələrinin və Ermənistana daim yaxınlığı ilə seçilən şəxsləri cəlb edərək, bu səfərlərin intensivliyinin artmasının imitasiyasını yaratmağa çalışır. Amma səfər edən şəxslərin mahiyyətinə və onların dünyagörüşünə baxdıqda, tam şəkildə aydın olur və görünür ki, bu, mahiyyət etibarilə anti-Azərbaycan, islamafob, irqçi təmayüllü insanlardırlar. Bunların da erməni lobbisi ilə bilavasitə bağlılığı heç kimdə şübhə doğurmur. Bu qəbildən olan insanların qanunsuz səfərini təşkil etməklə belə bir imitasiya yaratmağa çalışırlar. Ancaq təbii ki, hər bir belə hal təfərrüatı ilə, tam şəkildə araşdırılır. Türkiyədən Dağlıq Qarabağa səfər edən şəxslərə gəldikdə isə, birinci onlar elə qardaş Türkiyəyə qarşı müəyyən siyasi xətt yürüdən şəxslərdir. Onların həmişə erməni lobbi dairələri ilə təmasları olduğu heç kimdə şübhə doğurmur.(musavat)

Elşad PAŞASOY


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam