Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Hakimiyyət özünü yıxan təklifə gedə bilməz”

 

“Xeberinfo.com” Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri ilə bağlı politoloq Vəfa Quluzadənin “Azadlıq” qəzetinə verdiyi müsahibəni təqdim edir: 

 

- Ruiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri başa çatdı. Bu səfərlə bağlı ümumi təəssüratınız nədən ibarətdir?

- Səfərdən əvvəl verdiyim şərhlər özünü doğrultdu. Yəni Lavrov açıq şəkildə dedi ki, Dağlıq Qarabağ münaqişəsi artıq beynəlxalq məsələdir. Bununla beynəlxalq qurumlar, yəni ATƏT məşğul olur. Bizə dəxli yoxdur. Avrasiya İttifaqı və Gömrük İttifaqı isə hamı üçün açıqdır, buyurun gəlin. Təxminən belə. Bizdə ictimaiyyət arasında belə şayiələr yayırdılar ki, Rusiya bu dəqiqə bizim torpaqlarımızı işğaldan azad edəcək. Heç olmasa, 2-3 rayon azad edəcək. Biz də gürultu ilə Gömrük İttifaqın daxil olacağıq. Mən də demişdim ki, bu mümkün olmayan məsələdir. Çünki Qarabağ məsələsi Rusiyanın çoxdandan bəri, I Pyotrun, çarların vaxtından həyata keçirilən strategiyasıdır. Sovetlər Ittifaqı da bunu davam etdi. Sovetlər çökəndən sonra Putin Rusiyası bunu davam etdirdi. Yəni gözləmək ki, rus imperiyası indi bu strategiyasından əl çəkəcək, bu sadəlövlükdür. İmperiya çökməmiş imperiya ideyaları Rusiyanı dağıtsa da, bu davam edəcək. Lavrovun da çıxışından heç nə gözləmək lazım deyil, Roqozinin də çıxışlarından. Hesab edirəm ki, Lavrovun əsas məqsədi Azərbaycanı razı salmaq idi ki, Avropa ilə qaz məsələsində olduqca ehtiyatlı davranın və bizim maraqlarımıza toxunmayın. Yoxsa sizin üçün bu baha başa gələ bilər. Onun mesajı bundan artıq ola bilməz. Roqozin də gəlib bizə lazım olmayan külli miqdarda silah satacaq. Əgər Ermənistan Rusiyanın tərkib hissəsidirsə, biz Rusiyanın əleyhinə bu silahı nə cür işlədəcəyik? Məsələlər bu səviyyədədir. Amma ümumi proseslər ondan ibarətdir ki, artıq NATO-Rusiya qarşıdurması gündəmə gəlib və günü-gündən də güclənəcək. Bizim ümudimiz yalnız ona ola bilər ki, bu imperiya çöksün və onun yerində nəsə başqa proqressiv bir qurum yaransın. 

- Lavrovun səfəri zamanı Azəraycan və Rusiyanın strateji tərəfdaşlığı ilə bağlı bəyanatlar səsləndirildi. Ancaq belə ehtimallar var ki, Rusiyanın bu pozitiv görünən mövqeyi müvəqqəti xarakter daşıyır və Moskva Roqozin və Narışkinin səfərinə qədər Azərbaycan hakimiyyətinə vaxt verib. Onların səfəri zamanı Azərbaycan müəyyən suallara cavab verməlidir. Sizcə, Lavrovun ardınca Roqozin və Narışkinin səfərləri nəyə hesablanıb?

- Hesab edirəm ki, bu sualların hamısının cavabına Azərbaycan iqtidarı əvvəldən hazır olmalı idi. Çünki Azərbaycan iqtidarı birinci növbədə öz maraqlarını qorumalıdır. Yəni elə iqtidar yoxdur ki, öz maraqlarını, öz hakimiyyətini qorumasın. Ya onu kiməsə qurban verə bilsin. Ona görə də iqtidar öz hakimiyyətini nə Rusiyaya, nə də Avropaya qurban verə bilməz. Cavab da ondan irəli gələcək ki, nə cür edək bu iqtidar özü özünü, öz maraqlarını qorusun. Eyni zamanda bu maraqlar milli maraqlarla da üst-üstə düşsün. Məsələ bundan ibarətdir. 

- Lavrov səfəri zamanı Putinin 2013-cü ildəki Bakıya səfərini xatırlatdı. Onun “Putin tez-tez Bakıya səfəri barədə danışır” deməsi də müəyyən mesaj kimi dəyərləndirilir. Çünki Putin Bakıya səfəri zaman 2015-ci ilə qədər Azərbaycan-Rusiya əməkdaşlığında fəaliyyət planının olduğunu bildirmişdi. Eyni zamanda Azərbaycan tərəfinin Rusiya prezideninə müəyyən vədlər verdiyi deyilirdi. Belə olan halda Lavrovun bu səfəri xatırlatmasının arxasında hansı mesajlar dayanır?

- Əgər Azərbaycan Putinə konkret vədlər vermişdisə, o vədləri mütləq həyata keçirəcək. Amma inanmıram ki, Azərbaycan konrket vədlər verə bilərdi. Azərbaycan Putinin bütün təkliflərinə nə deyə bilərdi? Putin seçkiqabağı dövrdə gəlmişdi. Azərbaycan deyə bilərdi ki, yalnız seçkidən sonra biz bu suallara cavab verə bilərik və çalışacağıq ki, sizin arzularınıza mümkün qədər pozitiv cavab verək. Yəni cavab və vədlər bundan artıq ola bilməzdi. Ona görə inanmıram ki, Azərbaycan nəsə verib və indi gərək arxasından qaçsın. Sözsüz ki, Rusiya bizə təzyiq edəcək və bu təzyiq zamanı biz gərək Qərbə söykənə bilək. Qərb də gərək vəziyyətimizi başa düşərək bizi dəstəkləsin. Ona görə vəziyyət hələ uzun müddət bu cür gərgin olaraq davam edəcək. Çünki Qərb-Rusiya qarşıdurması artır. Ukrayna əldən gedib. Azərbaycana böyük ehtiyac var. Bunu bütün həm Qərb, həm də Rusiya mətbuatında deyirlər. Ona görə bu məsələdə sözsüz ki, bizim iqtidarın durumu olduqca çətin olacaq. Bu durumların öhdəsindən gəlmək lazımdır.

- Belə fikir var ki, Lavrov Azərbaycan qarşısında iqtisadi tələblər qoyub. Yəni Azərbaycanın Avropa ilə qaz əməkdaşlığına getməməsini istəyib. Eyni zamanda Avropa Birliyi ilə münasibətlərin ən yaxşı halda indiki vəziyyətdə saxlanılmasını tələb edib. Azərbaycan bu tələbləri yerinə yetirməsə, Rusiya ilə münasibətlər hansı səviyyəyə çata bilər?

- Hesab edirəm ki, bizə mümkün olmayan, yəni imkanlarımızdan kənar olan təkliflər ola bilməz. Rusiya bunu təklif edə bilməz. Çünki Rusiya bilir ki, Azərbaycan özünü yıxan təklifləri həyata keçirməyəcək. Eyni zamanda həmin vəziyyət Avropa ilədir. Ona görə bizim kimi bir ölkənin, belə geosiyasi məkanda yerləşən bir ölkənin durumu gərgin olur. Bu durumda da böyük diplomatik və böyük siyasət məharəti lazımdır. Faktiki bu vəziyyətdə bizim siyasətimiz bir olacaq. Yəni nə şiş yansın, nə kabab. Ona görə bunu da həyata keçirmək olduqca çətin bir missiyadır. Eyni zamanda Azərbaycandan heç kim mümkün olmayanı tələb etmir və edə də bilməz. Seçim etməyə gələndə, bizim kimi vəziyyətdə olan ölkəyə birmənalı şəkildə seçim etmək çox çətindir. Rusiya nə səbəbə görə Qarabağ məsələsi haqqında heç danışmaq belə istəmir. Səbəb ondan ibarətdir ki, Qarabağ məsələsi Rusiyanın bizə yeganə təsir imkanıdır. Rusiya Qarabağ məsələsi ilə bizə müharibə elan edə bilər. Ermənistanın müdafiə naziri bəyan etmişdi ki, biz Azərbaycanın başqa rayonlarını da işğal edib Kürə qədər Azərbaycanı bölə bilərik. Bu təzə məsələ deyil. Bu barədə birinci dəfə mənə Vladimir Kazimirov demişdi, hədələmişdi. Demişdi ki, siz bu itirilən torpaqlardan başqa Kürə qədər parçalana bilərsiniz. Onda hava limanında Kazimirovla görüşdüm. O çox qəzəbli idi. Çünki onun Heydər Əliyevlə razılaşması mümkün olmamışdı. Ona görə hava limanında Kazimirov bu hədələri mənə deyəndən sonra səfərimi ləğv edib qayıtdım Prezident Aparatına və Heydər Əliyevə bunu məruzə etdim. Heydər Əliyev də onda dərhal Qərb ölkələri səfirlərini kabinetinə çağırdı və orda bu məsələləri müzakirə etdi ki, Qərb Rusiyaya təsir etsin və bu məsələlər gündəmə gəlməsin, işğal davam etməsin. Ona görə hələlik Qarabağ məsələsi bizim üçün ən böyük hədədir. Bizim rusofillər, yaxud beşinci kolon düşünür ki, ura, Azərbaycan Gömrük Ittifaqına daxil olur və Rusiya ilə birləşir. Rusiya da səxavətli jest edir, bizim rayonların ya hamısını, ya da heç olmasa 3-4-ü işğal azad edir. Yəni bu çox sadəlövh fikirlərdir. Onların məyusluğunu başa düşürəm. Onlar Lavrovun Azərbaycana səfərindən olduqca məyus olublar. 

- Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo da Bakıya səfəri zamanı açıq şəkildə bəyan etdi ki, Azərbaycan iyunun 27-də “Strateji Modernləşdirmə Əməkdaşlığı” sazişini, ardınca isə Assosiasiya Sazişini imzalaya bilər. Bu səfərlərdən sonra Azərbaycan hansı mövqe ortalığa qoyacaq?

- Məncə, Azərbaycan elə seçim edəcək ki, o seçim məqbul olsun. Dediyim məsələlərdə o seçim gərək Azərbaycanın milli maraqlarını nəzərə alsın. İqtidarın mövqelərini möhkəmləndirsin. Azərbaycanı yenə müharibə qarşısında qoymasın. Eyni zamanda o seçimlə gərək Azərbaycan Qərbin real dəstəyini əldə etsin. Biz Qərbi seçirik. Hesab edirəm ki, nə Lavrovun, nə Roqozinin, nə Narışkinin dedikləri sirr olmayacaq. Bunların hamısı Qərbə məlum olacaq. Ona görə Qərb baxıb görsün ki, bizə necə dəstək verməlidir və bizi Rusiyanın fəsadlarından, aqressiyasından nə cür qoruya biləcək. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam