Rəhim Qazıyev Elbrus Orucovla bağlı şok faktlar
Müdafiə Nazirliyində daha bir kadr təyinatı olub.
"xeberinfo.com":General-mayor Elbrus Orucov Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinə rəis təyin olunub.
E.Orucov bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrinin Özbəkistan və Gürcüstandakı hərbi attaşesi vəzifəsində xidmət edib.
Şuşa işğal olan zaman Motoatıcı Briqdanın komandiri olan Elbrus Orucov bu təyinatdan sonra mediada, eləcə də sosial şəbəkələrdə tənqid atəşinə tutuldu. Onu qeyri-peşəkarlıq və xəyanətdə ittiham edirlər. Yazırlar ki, o Şuşanı ermənilərə verib.
“Elbrus Orucovun hərbi cəhətdən tam savadsızlığı və fəaliyyətsizliyi 51 cildlik 11 min səhifəlik ibtidai istintaq materiallarında sübuta yetirilib”
1992-93-cü illərdə müdafiə naziri olmuş Rəhim Qazıyev istər bu təyinatla, istərsə də o dövrdəki hadisələrlə bağlı maraqlı faktlar açıqladı.
Rəhim Qazıyev deyir ki, Elbrus Orucovun Əməliyyat Baş İdarəsinə rəis təyin olunması onun üçün həm gözlənilməz idi, həm də gözlənilən: “İndiki proseslərdə belə bir təyinatın olması təəccüb doğurmur. Baxmayaraq ki, Şuşanın və Laçının işğalıyla əlaqədar dəfələrlə müsahibələrim, müəllif yazılarımın çap olunub. Müzakirə olunmasına baxamayaraq, belə bir təyinatın gözlənilmədən verilməsi şəxsən mən də təəccüb və təəssüf doğurdu. Hərb elmində belə bir ənənə var ki, uğursuz döyüş əməliyyatı aparan hərbçi müharibə şəraitində olan bir ölkədə bu qədər məsuliyyətli vəzifəyə təyin oluna bilməz. Təəssüflər olsun ki, Şuşanın işğalıyla gedən müzakirədə əsas fiqur kimi mənim adım hallansa da, Şuşada həmin dövrdə Motoatıcı Briqdanın komandiri olan Elbrus Orucovun hərbi cəhətdən tam savadsızlığı və fəaliyyətsizliyi 51 cildlik 11 min səhifəlik ibtidai istintaq materiallarında və eləcə də 1994-95-ci illərdə birinci məhkəmədə və 2002-2003-cü illərdə keçirilmiş ikinci məhkəmədə tam çılpaqlığıyla sübuta yetirilib. Sadəcə olaraq bəzi məqamları xatırlatmaq, qeyd etdiyim faktlarla bağlı əsgərlərin və komandirlərin verdiyi ifadələrdən nümunələr gətirmək istəyirəm”.
Rəhim Qazıyevin sözlərinə görə, 7 may 1992-ci il axşam saat 20-21 radələrində Elbrus Orucov Şuşadan telefonla ona zəng edir: “Mənə xəbər verdi ki, aldığı kəşfiyyat məlumatına görə, ermənilər Şuşaya hücuma hazırlaşırlar. O məndən qabaqlayıcı zərbə vurmaq üçün icazə istədi. Həmin dövrdə və həmin gün Tehranda Haşimi Rəfsancaninin təşəbbüsüylə Azərbaycan və Ermənistanın prezidentləri arasında sülh danışıqları aparılırdı. Mən bunu nəzərə alaraq Elbrus Orucova bildirdim ki, həmin danışıqların qarşısını alamaqdan ötrü sənin aldığın kəşfiyyat məlumatı təxribatda ola bilər. Elbrus Orucova bir daha kəşfiyyat məlumatı dəqiqləşdirməyi göstəriş verdim. Dedim ki, bir-iki saata nazirliyə baş qərargah rəisi, general Şahin Musayev də gələcək onunla məsələhətləşib vahid qərara gələrik. Ancaq sən bütün müdafiə tədbirlərini gör. Bir faktı da qeyd edim ki, həmin dövrdə Müdafiə Nazirliyinin yarandığı cəmi 6 ay idi. Nazirliyin ştatda bütün sahələr üzrə cəmisi 3-5 faiz təşkil edirdi. Həmin dövrdə Azərbaycanda yerləşən keçmiş Sovet ordusunun hərbi hissələrinin əmlakları alınıb bizə təhvil verilməmişdi. Baxmayaraq ki, 18 oktyabr 1991-ci il tarixində prezident Ayaz Mütəllibovun fərmanı ilə Azərbaycanda yerləşən keçmiş Sovet ordusunun əmlakları milliləşdirilib yenicə yaranmış Müdafiə Nazirliyinin tabeçiliyinə verilməli idi. Həmin fərmanda bu vacib məsələ nazirlər kabinetinə və baş nazir Həsən Həsənova və onun müavinlərinə tapşırılmışdı. Mən sayca dördüncü müdafiə naziri (Vahid Bərşadlı, Tacəddin Mehdiyev, Tahir Əliyev) olmuşam. 18 mart 1992-ci ildə Müdafiə naziri təyin olunanda nazirliyin nə müstəqil binası, nə rabitəsi, nə kəşfiyyatı, nə də silah-sursat bazası vardı. Hətta müstəqil binaya malik olmayan yenicə yaranmış nazirliyin heç olmasa bir dənə hərbi təlim görmüş taboru yox idi. Həmin ərəfədə də torpaqların real işğal təhlükəsinə baxmayaraq, ölkədə prezident kreslosu uğrunda amansız savaş gedirdi. Bu isə respublikada real qüvvələrin birləşdirib vahid güc halında düşmənə güc göstərməsini heçə endirirdi. Bunlara baxmayaraq həmin dövrdə müxtəlif yollarla, yəni qeyri-qanuni yollarla silah-sursat alaraq müxtəlif bölgələrə o cümlədən Şuşa döyüş rayonuna göndərirdik. Onu da qeyd edim ki, bizim nazirliyin hərbi texniki bazasında heç olmasa bir rotanın nizamnaməyə əsasən ştat üzrə silahlandırmaq imkanı yox idi”.
“Elbrus Orucov Şuşanın müdafiəsi üçün heç bir konkret əməli iş görməyib”
Keçmiş nazir bildirir ki, həmin dövrdə Şuşada yerləşən silah-sursatın bir hissəsi barədə cinayətin işində qeyd edilib: “Cinayət işinin 2-ci cild, 139-cu səhifəsində 777-ci hərbi hissənin kəşfiyyat rəisi Kərimov Azay Ələsgəroğlu ifadəsindən bəzi qeyləri olduğu kimi diqqətinizə çatdırıram.
“Həmin dövrdə Şuşada ərazi müdafiə bataliyonunda 200 nəfər (komandir Fəxrəddin Səfərov), Azərbaycan Qarabağı bataliyonunda 500 nəfər (komandir Tofiq Oğuz), Şuşa rayon Xalq Cəbhəsi bataliyonunda 120 nəfər (rəhbəri Ramiz Qənbərov), Yevlax özünün müdafiə batalyonu onun sayı haqda dəqiq məılumat yoxdur (komandiri Cəlal Verdiyev), 777-ci xüsusi təyinatlı hərbi hissə və 150 nəfərdən ibarət xırda hərbi hissələr yerləşmişdi. Hərbi texnika: 3 tank T-72, 5 ədəd PDM-1, 4 ədəd PDM-2, 2 ədəd BTR, 2 ədəd BRDM. Qeyd etdiyimiz texnikalardan bir 1 ədəd PDM-2-dən başqa bütün texnikalar texniki cəhətdən saz və döyüşə hazır idilər. Həmin sadalanan texnikalara müvafiq sursat kifayət qədər idi. Artirelliya sistemin 2 ədəd BM-21 – “QRAD”, 6 ədəd 100 mm-lik dolu dağıdan toplar, 2 ədəd 100 mm-lik hərbi artirelliya qurğusu. Artirelliya hamısı texniki cəhədən saz və döyüşə hazır idi. Həmin artirelliya qurğularına müvafiq döyüş sursatı həddindən artıq çox idi. Həm də atıcı silahlara (Kalaşnikov, pulemyotlar) və onlara müvafiq sursat kifayət qədərdən də artıq idi. Ondan başqa döyüşə tam yararlı 20 ədəd 82 mm-lik minamiyot, 6-7 ədəd 23 mm-lik zenit pulemyotu, 1 ədəd 30 mm-lik avtomatik zenit topu, 6 ədəd AQS-17, 5 ədəd Alazan qurğusu, 30 komplekt zenit kompleksi “Strela, 3 ədəd statsionar zenit qurğusu “İQLA”, 50 ədəd yaxın RPK-7 tipli tankvuran, əlavə olaraq qeyd etmək istəyirəm ki, bir ədəd də T-55 markalı tank Şuşanın Kosalar kəndində idi”.
Təəssüflə qeyd etməliyəm ki, qeyd olunan silah-sursatlardan heç birindən döyüş zamanı lazımı səviyyədə istifadə olunmayıb. Qəribə burasıdır ki, mənə ermənilərin hücumunun gözlənildiyi barədə məlumat verən Elbrus Orucov Şuşanın müdafiəsi üçün heç bir konkret əməli iş görməyib. Daha doğrusu yuxarıda qeyd edilən hərbi hissələrin heç birinə döyüş tapşırığı verməyib. Bundan başqa, ermənilərin Şuşaya hücumu barədə məlumat alan Elbrus Orucovun düşmənin hücumuna bir saat qalmış hərbi hissələrdən evə buraxılan əsgərlərin qarşısını belə almayıb”.
“Bu Şuşanın müdafiəsinə xidmətdir, yoxsa xəyanət?”
Rəhim Qazıyev bu məsələdə də faktlara istinad edər. Cinayət işinin 2-ci cild 102-ci səhifəsində 777-ci hərbi hissənin bölük komandiri Nəbiyev Adil Nəbi oğlunun 25 may 1992-ci ildə istintaqa verdiyi ifadəni təqdim edir.
“Silah-sursat və digər döyüş texnikası Şuşada yerləşən hərbi hissələrdə kifayət qədər idi. Mayın 7-dən 8-nə keçən gecə təxminən gecə saat 1 radələrində (artıq Şuşaya hücuma saat yarım qalıb) məni 25 nəfər döyüşçüylə Bakıya 3 günlük məzuniyyətə buraxdılar. Məzuniyyət sənədlərini siyahıyla bizə sənədləşdirib 777-ci hərbi hissənin komandiri Elçin Məmmədovun imzasıyla təsdiq edərək yola saldılar”.
Sadəcə olaraq diqqət yetirməyi xahiş edirəm ki, Şuşanın ən təhlükəli məqamında az-çox hərbi təlim görmüş 777-ci hərbi hissənin 25 döyüşçüsünü 3 günlük məzuniyyətə buraxılması nə deməkdir? Bu Şuşanın müdafiəsinə xidmətdir, yoxsa xəyanət?”.
Rəhim Qazıyev cinayət işində hərbi ekspertlərin rəyinə istinad edərək bunları deyir: “40-cı cild, 51-ci səhifədə qeyd edilib. “a) Mayın 7-dən 8-dən keçən gecə Şuşada döyüş gedən zaman döyüş komandirlərinin işçi xəritəsi olmayıb; b) Quru qoşunlarının döyüş nizamnaməsinin 167, 168, 169, 172 ci maddələri kobud şəkildə pozulub. Həmin nizamnamənin göstərilən maddələrinin pozulması praktiki olaraq döyüşən hərbi bölmələrin aralarındakı əlaqəni, manevr imkanlarını tamamilə heçə endirib”.
Bu rəyə müvafiq olaraq Elbrus Orucov Şuşanın müdafiə xəritəsinin işlənməməsinin bəhanə gətirir. Həmin bəhanəyə konkret cinayət işinin 13-cü cildinin 92-ci səhifəsində müdafiə nazirliyinin həmin dövrdəki baş qərargahın əməliyyat idarəsinin rəisi polkovnik-leytnant Rüfət Əmirovun ifadəsində konkret faktla cavab vermək istəyirəm.
“Sual: Şuşanın müdafiə xəritəsi hazırlanmışdı?
Cavab: Təbii. Əməliyyat idarəsində döyüş nizamnaməsinin bütün bəndlərinə uyğun olaraq xəritə hazırlanmışdır, müdafiə nazirliyinin əmrinə və baş qərargah rəisinin direktivinə müvafiq olaraq həmin hazırlanan xəritə briqda komandirinə təqdim olunmuşdur. Briqda komandiri həmin aldığı xəritəyə uyğun olaraq o yerlərdə komandilərə işçi xəritəni hazırlayıb verməli idi. Çox təəssüf olsu ki, həmin işçi xəritə döyüşən hərbi hissənin komandirlərinə verilməyib”.
Şuşanın işğalından bir gün öncə tankvuranları anbara yığıb, heç kimə verməyiblər
Keçmiş nazir Şuşanın işğalı barədə istintaqın birinci və ikinci məhkəmələrində nə qədər laqayed və etinasız aparılmasının daha bir neçə sübutunu təqdim etdi: “Cinayət işinin 2-ci cild 51-ci səhifədə, Sədirzadə Rövşən Sədi oğlunun 12 may 1992-ci ildə ibtidai istintaqa verdiyi ifadəsi var. “Şuşanın müdafiəsinə Elçin (777-ci hərbi hissənin komandiri-red) başçılıq edirdi. Həmin gün – (7 may) şəhərdə yox idi. Tankvuranları həmin gün anbara yığdılar və heç kimə vermədilər. Hərbi texnika və canlı qüvvə azalmışdı. Avtomatların nişangahlarını çıxartmışdılar”.
Cinayət işinin 11-ci cild 36-cı səhifəsində Respublika prokurorluğunun istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri S.R.İsgəndərov istintaq qrupununun rəhbəri Xasıyev cənablarına yazdığı məktunun altıncı bəndində qeyd edir. “İstintaq zamanı dindirilmiş Rövşən Sədi oğlu Sədirzadə ifadəsində göstərir ki, tankvuranları anbara yığdılar və heç kimə vermədilər. Hərbi texnikanı və canlı qüvvəni azaltmışdılar. Avtomatların nişangahlarını çıxartmışdılar. Həmin xüsusat (hal-red) araşdırılmalı döyüş sursatlarının kim tərəfindən, nə məqsədlə və kimlərin göstərişi və ya tapşırğına əsasən aydınlaşdırılmalıdır”.
Rəhim Qazıyevin fikrincə xəyanətin, gizlədilməsi mümkün olmayan bu ifadə hətta İsgəndorovun tapşırığından sonra da kimsə tərəfindən araşdırılmayıb: “Elbrus Orucov 15 iyun 1992-ci ildə istintaqda müstəntiqin verdiyi suala belə cavab verir: “7-ci cild səhifə 168-ci səhifədə suala belə cavab verir:
“Sual: Şuşa-Stapanakert yolu minalanmışdırmı?
Cavab: Mən Şuaya gələndə nazirliyin mühəndisi, hərbi hissənin baş zabiti, mayor Daşdəmir Məmmədov orada idi. Mənim “Şuşa-Stapanakert yolu minalanıbmı” sualına o müsbət cavab verib”.
Ancaq Daşdəmir Məmmədov istintaqa ifadəsində Elbrus Orucovun ona ərazinin minalanmasına ehtiyac olmadığını deyib: “11-ci cild səhifə 13-də Daşdəmir Məmmədovun istintaqa verdiyi ifadəsindən:
“Sual: Kim sizə dedi ki, Şuşa-Stapanakert, Şuşa-Daşaltı yolunun minalanmasına ehtiyac yoxdur?
Cavab: Birinci mənə bu barədə Elçin Məmmədov, sonra isə briqada komandiri Elbrus Orucov dedi”.
Eyni suala Daşdəmir Məmmədovla birlikdə ezam olunan müdafiə nazirliyinin zabiti Kluşkov Vladimir Aleksandroviç həmin cildin 51-ci səhifəsində eyni cavabı verir.
Birincisi, hərbi akademiya təhsili olan Elbrus Orucov həvəskar jurnalistin hərbiçidən aldığı müsahibə şəklində “minalanıbdırmı” sualı verməli deyildi. Peşəkar hərbçi kimi ona nazirlikdən ərazinin minalanması üçün göndərilən istehkamçı zabitdən minalanmış ərazinin xəritəsini (formulyatr) tələb etməli idi. Təsəvvür edin bu təqdim etdiyim istintaq ifadələrində real və təkzib olunmaz xəyanət var. Ya istehkamçı zabitlər yalan danışır, ay da Elbrus Orucov. İstər birinci, istərdə də ikinci məhkəmələrdə bütün var gücümlə tələb etməyimə baxmayaraq həmin şəxsləri üzləşdirmədilər.
Bundan başqa 777-ci hərbi hissənin bölük komandiri Zülfüqarov Tərlan (2-ci cild 98-ci səhifə), 777-ci hərbi hissənin bölük komandiri İsmayılov Vaqif (2-ci cild 158-ci səhifə), 777-ci hərbi hissənin döyüşçüsü Əhmədov Ələşrəf (27-ci cild 130-cu səhifə), 811-ci Laçın polkunun qərargah rəisi Nağıyev Rafiq (13-cü cild 143-cü səhifə), Quba daxili işlər şöbəsinin əməkdaşı Rəsulov Şükür (2-ci cild 243-cü səhifə), Şuşa rayon daxili işlər şöbəsinin kapitanı Abdullayev Allahverdi (2-ci cild 98-ci səhifə), Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi Orucov Əlisahib (11-ci cild 119-cu səhifə) ifadələrində Elbrus Orucovun xəyənət səviyyəsində əməllərini təkzibolunmaz faktlarla göstərirlər”.
“Əmr olmadan döyüş rayonunu tərk edən hər hansı döyüşçü və ya zabit ən yaxşı halda ölüm hökmünə layiq görülməlidir”
“Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, həmin şəxslərin nə ibtidai istintaqda, nə birinci, nə də ikinci məhkəmələrdə araşdırılmayıb və onlar barədə istər prokurorun, istərsə də hakimin bircə kəlmə də mövqeyi bildirilməyib. Həmin dövrdə polkovnik-leytnant rütbəsində olan Elbrus Orucov Müdafiə nazirinin və baş qərargah rəisinin əmri olmadan Şuşa döyüş rayonunu tərk etdiyi üçün Heydər Əliyev tərəfindən general-mayor rütbəsinə qaldırılmış və müdafiə nazirinin müavini təyin edilmişdi. Məlumat üçün onu da qeyd edim ki, əmr olmadan döyüş rayonunu tərk edən hər hansı döyüşçü və ya zabit ən yaxşı halda ölüm hökmünə layiq görülməlidir”, - deyə keçmiş müdafiə naziri bildirir.
Rəhim Qazıyevin səsləndirdiyi ittihamlarla, sübut kimi təqdim etdiyi cinayət işindən təqdim etdiyi faktlarla bağlı Elbrus Orucovun mövqeyini dərc etməyə hazırıq.