Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

"Kiminsə cibinə əl atıb, pul oğurlayan adam haqqında yazmırıq"

 

Rauf Arifoğlu: “Məni o ipin üstündən endirib, uçuruma yuvarlatsalar, bu, o deməkdir ki...”

 

Rauf Arifoğlu: “Nə baş verdiyini anlamayanlar proseslərin fərqində olanları məhz cahillikləri səbəbindən qınayırlar...” 

 

Xeberinfo.com:   Teleqraf.com saytı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə geniş müsahibə götürüb.
Həmin müsahibəni diqqətinizə çatdırırıq: 
– Rauf  bəy, otağınıza daxil olanda başınızın üstündə heç bir şəkil görmədim. Maraqlı gəldi. 
– Hə... Mənim yanımda həmişə şəkillər olur, amma başımın üstündə təkcə Allah var. 
– Əslində, söhbətimizə bu suala başlamaq istəyirdim: həyat sizin üçün ən çox nəyi ilə əhəmiyyətlidir? 
– Mənim üçün həyatı maraqlı edən çox faktorlar var; ölkəm, onun problemləri, ailəm, uşaqlarım, ən əsası isə işim! 
– Deyirlər hər qəzet öz rəhbərinə bənzəyir. Deyə bilərikmi “Yeni Müsavat” Rauf Arifoğlunun simasıdır?
– Bunlar şablon ifadələrdir. Məsələn, Türkiyənin ən nəhəng media holdinqlərinin sahibləri tikinti və başqa sektorlarda çalışır. Bu o deməkdir ki, o media holdinqdən beton, sement iyi gəlir? Xeyir! Ancaq və ancaq xəbər iyi gəlir. 
 
Azərbaycanda isə media qurumları çox xırdadır, hətta bəlkə də dünyada mövcud olan bır sıra böyük media quruluşlarının alt şöbəsi qədər kiçikdir. Ona görə də kollektivdə çalışan hansısa parlaq sima bizdəki media quruluşlarına rəng qata bilir... “Yeni Müsavat” Rauf Arifoğludan daha çox Azərbaycana oxşayır və ölkənin durumuna, gününə, vəziyyətinə uyğun bir şəkil alıb. Araşdırsanız görərsiniz ki, bu şəkil zamanla çox dəyişilib. 
1989-cu ildə qeyri-leqal, kommunizmə qarşı olan bir qəzet idi. 1991-ci ildə rəsmiləşdi və tamam başqa bir şəkil aldı; həmin zamanlar dövlət müəssisələrində Leninin şəkilləri Rəsulzadənin şəkilləri ilə əvəz olunmağa başlamışdı. 1992-ci ildə hakimiyyətə Elçibəy gəldi; ölkədə vəziyyət dəyişdi; insanlar da dəyişdilər; hər kəsin içində xeyir kateqoriyası önə çıxdı; hamı vətənpərvər oldu, silaha sarıldı; hamı ölkəsini sevdi, bayrağını sevdi və “Yeni Müsavat” obrazına da bu mərhələlərdə yeni ştrixlər əlavə olundu... 
Media quruluşu cəmiyyətə, ölkəyə tutulan bir güzgüdür. Hazırda isə Azərbaycan mediası öncə qeyd etdiyim kimi, o qədər kiçilmiş, belə demək mümkünsə, çərçivələri də mıxlanmış bir durumdadır; bu səbəbdən də medianın özündən daha çox orda çalışan parlaq simalar nəzərə çarpır. Elə media qurumu var ki, sahibi, baş redaktoru özündən daha tirajlıdır... Bu, anomaliyadır və biz istəyirik ki, belə olmasın, durum dəyişsin. Biz əlli milyonluq Azərbaycan türklərini təmsil ediriksə, üç-dörd min qəzet satmaq ayıbdır. Əlli min, yüz min tiraj da bizlərə ayıb görünür. Çünki biz çoxuq. Azərbaycan adlı vətəni haqda xəbər oxumaq istəyənlər hər yerdə var: İranda, Avropada, Amerikada, Türkiyədə, İraqda, Gürcüstanda, Rusiyada və s. Onlar 50 milyonluq xalqın dünyanın hər yerinə səpələnmiş təmsilçiləridir. 

“Gündə 17-18 saat işləyirəm, müxbirlərlə, redaktorlarla, hətta foto-reportyorlarla bərabər qəzet və saytlarımız üçün çalışıram”

 
– Siz ölkənin xəbərlərini əlli milyona oxutdurmaqdan danışırsınız, o biri tərəfdən isə tez-tez tənqidlər səslənir ki, Azərbaycan mediasında banner alveri gedir.
– Birincisi, bu ifadə heç vaxt mənə deyilməyib. Amma banner dünyanın hər yerində var. Bu da reklamın yeni növüdür və tam normal bir şeydir. 
– Yeri gəlmişkən, bir ara musavat.com saytında bannerlərin sayı həddindən artıq çox idi...
– Allah daha çox eləsin. Dediyim kimi, bu bir reklamdır, insanlar buna görə pul ödəyir, biz isə o pul hesabına 60 nəfərə yaxın kollektivi saxlayırıq. Bir media qurumunun ayaqlanması hardasa üç il çəkir. Amma nə yaxşı ki, oturuşmuş başqa media quruluşu vasitəsilə bazara sürətlə girmək mümkündür. Bir jurnalistin maaşı qədər pulla  -  banner reklamının dəyəri - bazara girmək daha ağıllıdır, elə deyilmi?! Bu imkanlar Azərbaycanda var və o imkanları təqdim edənlərdən biri də bizik. Bundan da məmnunuq. Çünki Azərbaycan mediasının güclənməsinə və tanınmasına xidmət edirik, Azərbaycan oxucusunu fərqli, yeni saytlar oxumağa öyrədirik, yönləndiririk.
 
İnsanlarımızın oxu problemi var. Onlar oxumurlar, oxuya bilmirlər. Qayğılar, çətinliklər insanları rahat oturub kitab oxumağa, qlobal, ciddi, əsaslı şeylər haqqında düşünməyə imkan vermir. Heç olmasa, başlıqları onların maraq dairəsinə uyğun edərək xəbər oxudaq, Azərbaycan insanına, oxucusuna xəbər oxumağı öyrədək. 
– Tanınmış baş redaktorlardan birinin sözüdür. Deyir, eşitsəm ki, atam dünyasını dəyişib, birinci bu barədə xəbəri sayta yerləşdirib, sonra dəfninə gedərəm. Doğrudanmı jurnalist üçün xəbər bu qədər ciddi məsələdir?
– Təbii, baş redaktorun nə demək istədiyi aydındır, amma müqayisə uğursuzdur. Jurnalist üçün həyat bir qədər fərqlidir. Bunu bizdən olmayanlar bilməz! Hər şey bizim üçün xəbərdir. Bəzən bizi buna görə qınayırlar və sevmirlər. 
Bir dostunla oturub söhbətləşirsən, danışığına avtomatik başlıq qoyursan; mühüm olanları yaddaşına qazıyırsan; amma dostun bilmir ki, iki gün sonrakı manşet xəbərini sənə verdi. İki gün sonra danışıqlarından bir material hazırlayıb ortaya çıxaranda bəzən razı, bəzənsə narazı qalır. Bax, beləcə, bizim başımız hər an xəbər üçün, eyni zamanda insanlar üçün işləyir. 
– Rauf bəy, sizin dinə münasibətiniz aydındır. 
– Ola bilməz ki, siz mənim dinə münasibətimi biləsiniz! 
– Təxminən... 
– Ola bilər kənardan molla təsiri bağışlayıram. Bir qadın jurnalist vardı, məndən soruşdu ki, siz işçilərinizi hər günorta vadar edirsiniz ki, namaz qılsın? Mən çox heyrətləndim. Amma dedim ki, əslində, yaxşı ideyadır. 
– Redaksiyanızda namaz qılanlar çoxdurmu?
– Bizdə namaz qılanlar var, amma hər kəsin ibadəti özü üçündür. Qılmayanlar daha çoxdur, amma onlarla kimsənin işi yoxdur. Mən özüm dünyəvi siyasətlə məşğul olan adamam. İman mənim içimdədir. İbadət mənim özüm üçündür. Bunu heç kimin gözünə soxmuram. Təşviq edərəm, dəvət edərəm, amma israr etmərəm. Zəhlətökən olmaq olmaz! 
– Bəs Azərbaycan dövlətinin dinə münasibəti şəxsən sizin istədiyiniz kimidirmi?
– Azərbaycan dünyəvi dövlətdir. Və mən dinin hər hansı şəkildə siyasətə, iqtidara, hakimiyyətə gəlməsinin əleyhinəyəm. Amma dindən və imanlı insanlardan qorxmağın da əleyhinəyəm. Din yox, inanclılar iqtidar olsa, daha yaxşı model alınar. Din partiya və ideologiya şəklində iqtidara gəlirsə, fəlakət olur... 
İslam sülh, barış, şəfqət, insan haqlarına, xüsusən qadın haqlarına  dayalı böyük bir sistemdir. İslam sevgi, mərhəmət dinidir. Allaha sevgi, insana mərhəmət... İŞİD, əl-Qaida və sair kimi qurumlar  islam adından istifadə edirlər; baş kəsib, terror törədirlər, qətliamlar ortaya qoyurlar. Bunları da sanki düzünə qəsdlə, gözdən salmaq üçün “Allahu Əkbər” qışqıraraq, icra edirlər... Bununla da dinimizin imici dünyada ciddi şəkildə zədələnir; məlumatsız insanlar qorxur, məlumatlılar məyus olur... 
Avropa insanına elə gəlir ki, islam elə İŞİD-dir, başkəsənlərin, özünü partladan insanların dinidir. Hansı ki, bunların islama, onun fundamental əsaslarına heç bir dəxli yoxdur. 
– Bir şey mənim üçün maraqlıdır. Həbsxanaların bir funksiyası da islah etməkdir. Sizcə, Azərbaycan həbsxanaları bu vacib missiyanı yerinə yetirə bilirmi? 
– Azərbaycan həbsxanalarının iki əsas funksiyası var. Birincisi, cəmiyyətdən təcrid, ikincisi isə islahdır. Amma Avropa ölkələrindən fərqli olaraq, bizim həbsxanalar dustaqları islah eləmir. Sadəcə, istəsələr, insanlar özləri islah olunurlar. Həbsxana zamanın fərqli işlədiyi məkandır. Orda hər şey donur, o cümlədən də zaman! Mən bir neçə həbsxanada olmuşam: MTN-də, indiki bayraq meydanının yerindəki keçmiş Bayıl həbsxanası, 13 saylı cəzaçəkmə müəssisəsində... Oradakı müşahidələrimdən deyə bilərəm ki, bu şərtlər altında islah prosesinin getməsi qeyri-mümkündür. 
 
Təcrid isə çox güclüdür. Məsələn, 10 il həbsxanada yatan adam azadlığa çıxanda cəmiyyəti tanımır. Buna görə də məhbus cəmiyyətin axarından qəti şəkildə təcrid olunmamalıdır. Bu, çox təhlükəlidir. İnsan çıxıb öz yerini tapa bilmir, yadlaşır. Bu baxımdan bizdə ciddi problemlər var. Bizdə həbsxana məhbusu cəmiyyətə inteqrasiya prosesindən ayırır və içəridə fərqli bir kriminal çevrə yaradırlar. Ona görə də həbsxanalarımızın əksəriyyəti təcrübəli kriminallar yetişdirir. 
 
Mən bu məsələdə Avropa sisteminin tərəfindəyəm. Avropa həbsxanaları insanı insanlıqdan çıxarmır. Bəzən evə buraxılırlar, ailə ortamından uzaq qalmırlar, yeməkləri yaxşı olur, istirahətləri normal keçir, kompüter və internetləri olur, hətta universitet oxuma imkanları da var. Bizdə isə dustaq olmaq çox çətindir. 
Mən həbsxanada iki dəfə kitab yazmışam. Amma oğurluqla, gizlədə-gizlədə, vərəqləri vəkil vasitəsi ilə dənə-dənə çölə çıxara-çıxara yazmışam. Vərəqlərin başlığına yazırdım ki, Azərbaycan Respublikasının Baş prokurorluğuna vəsatət və s. Amma arxası qəzet məqalələri idi. Axı, belə olmamalıdır. Oradakılar da azərbaycanlıdır və sabah bu cəmiyyətə qayıdacaqlar, öz yerlərini axtaracaqlar. Onların içərisində potensial cinayətkarlarla yanaşı, potensial rəhbərlər, dövlət adamları da var... Məsələn, Azərbaycanın sabiq prezidenti Elçibəy siyasi məhbus olub. Türkiyənin indiki prezidenti Ərdoğan da... Dünya çapında yüzlərlə belə nümunələr var. 
– Bəs siz neçə dəfə həbs olunmusunuz?
– Sovetlər dönəmində qısa müddətli saxlanmalar çox olub. Rəsmi olaraq isə iki dəfə həbs olunmuşam. Birində 45 gün, o birində 17 ay həbsxanada yatmışam. İttiham maddələri isə dəhşətli dərəcədə ağır olub. Hava gəmisini (təyyarə) qaçırmağın təşkili, qanunsuz silah saxlamaq, polisə müqavimət, iğtişaşlar təşkil etmək, dövlət quruluşunu devirməyə cəhd, yazılarında ölkənin konstitusiya quruluşunu dəyişməyə çağırışlar etmək və s. 
– Rauf bəy, həbs olunmamışam, amma mənə elə gəlir ki, siyasətçilər həbsxanada öz gələcəkləri haqqında çox böyük fikirdə olurlar... Guya onlar çıxacaqlar, böyük zirvələr fəth edəcəklər və s. Siz də həbsxanada belə hisslər keçirirdinizmi?
– Müşahidəniz dəqiqdir. Bu, sırf siyasi məhkumlara aiddir, onlar özlərini həbsxanalarda çox böyüdürlər, gələcəkləri haqqında böyük fikirdə olurlar, xəyallar qururlar. Bu əslində, yaxşı haldır. Amma mən həbsxanada kriminallarla bir yatmışam, onlarda vəziyyət fərqlidir, onlarda sanki kiçilmə baş verir. 
 
– Rövşən Lənkəranskinin ölümündən sonra sizin saytın ona qarşı xüsusi rəğbəti aydın şəkildə görünürdü. Bu, nədən irəli gəlirdi?
– İnsanlar Polad Ələmdarı – xəyali qəhrəmanı niyə sevirlər? 
– Niyə?
– O, filmdə yeraltı dünyanın, yəni bizə məlum olmayan dünyanın xəritəsi, hekayəsi vardı... Rövşən də yeraltı dünyanın babalarından biri idi. Yeraltı dünya deyilən məkan isə həddindən artıq böyükdür. Keçmiş SSRİ ölkələrini, Türkiyəni, Birləşmiş Ərəb Əmirliklərini,  Avropanı, Amerikanı və s əhatə edən coğrafiyada yayılan əski sovet adamlarını -  “rus mafiyası”nı təsəvvür edin. Onlar milyonlarla kriminal ünsürə, milyardlarla para dövriyyəsinə, minlərlə dövlət məmurlarına, polis zabitlərinə, məhkəmə üzvlərinə, media quruluşlarına, deputatlara... nəzarət edirlər. Hər işlə də məşğuldurlar -  fühuşdan, narkotik-qumardan, ta siyasətə qədər...  Onlar dünyanın nəhəng trans-kontinental şirkətləri ilə yarışa biləcək gücə malikdirlər. Təsəvvür edin, belə böyük məkanda bir azərbaycanlı da söz sahibi idi... 
 
Bəzən dövlətlər, onun xüsusi xidmət sektoru öz adamlarını illərlə təlimatlandırıb yeraltı dünyaya daxil edir ki, o, həmin sahədə böyüsün və daha da önə getsin. Çünki dövlətlərin yeraltı dünya deyilən, kriminal aləmi məhv etmək imkanı yoxdur; lakin oraya nəzarət paketinə sahib olmaq, oradan məlumatlar almaq, yönəltmək mümkündür.  Biz bu modeli “Kurtlar Vadisi” serialında hamımız  gördük. Polad Ələmdar dövlət görəvlisidir və mafiyanın bitirmək üçün onu yeraltı dünyanın içinə atırlar və ən başa gətirirlər... 
Təbii, Rövşən Polad deyildi. Amma bir Baba idi, ən böyüklərdən biri idi. Yeraltı dünyada mühüm qərarlar qəbul olunur, mühüm proseslər gedir. Vaxtı ilə orda bizim adamlarımız çox idilər... Rövşən də həmin dünyada önəmli bir səs idi, Azərbaycana lazım idi... Gələcəkdə biləcəklər, bu cür insanların xidmətlərini, bəlkə də heç bilməyəcəklər... Amma anlamayan, başa düşməyənlər proseslərin fərqində olanları məhz elə cahillikləri səbəbindən qınayırlar... 
Biz isə qəzetimizdə, saytımızda kiminsə cibinə əl atıb, pul oğurlayan adam haqqında yazmırıq. Gördünüzmü, yeraltı dünyasının üzləri Rövşəni necə aradan götürdülər? Amma hələ də cinayəti kim törətdi, bilinmir, yüz versiya var... Bu, heç vaxt tam açılmayacaq, tapılmayacaq... Siz təsəvvür edin, İstanbul kimi bir yerdə bu əməliyyatı edən bir güc və o əməliyyatın hədəfi olan azərbaycanlı... Sabirabadlı Hikmət, Rövşən Canıyev..., onlar ölümləri ilə Azərbaycanın kisəsindən getdilər... 
– Rauf bəy, siz hansı institutu bitirmisiniz? 
– Mən 1988-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirmişəm, Sovet dövründə, Gəncədə. Sonra isə Azərbaycanda Qərb Universiteti var, oranı qurtarmışam. 
– İxtisasınız nədir?
– Birincidə kimyaçı-mühəndis. Elmi-tədqiqat institutunda ixtisasım üzrə dörd-beş il işləmişəm. Digərində isə politoloq ixtisası üzrə oxumuşam. Oxuduğum universitetlər mənə zamanla faydası olsa da, ümumilikdə heç nə vermədilər. Gəncədə biz beş ilin üç ilini kommunizm-marksizm təlimləri kimi zir-zibil oxuduq.
– Bəs necə oldu ki, siz kimyaçı-mühəndis, politoloq kimi deyil, jurnalist kimi tanındınız, qəbul olundunuz? Talemi?
– Hə, Allahın qisməti. Milli Azadlıq hərəkatına qoşulmuşam, silahlı dəstələrdə yer almışam. Amma sonradan gördüm ki, Sovet cəmiyyətindən qopmaqda olan ölkəmdə alternativ xəbər qaynağına ehtiyac var. Həmin vaxtlar başladım, müstəqil məqalələr yazmağa, onu “samizdat” üsulu ilə gizli çap edib, yayırdıq. Nə yazırdım, səs-küy yaradır, bomba kimi partlayırdı. Şenol imzası ilə yazılar yazırdım. 22-23 yaşım vardı. O vaxtı Ermənistan qaçqını vardı, Əziz Qaraca, ilk məqalələrimi Akademiyanın mətbəəsində gizli şəkildə, broşurlar kimi çap etdirirdi...
– Neçənci il idi?
– 1989-cu il. Anladım ki, mən bu sahədə işləyə bilərəm. Həm ruzi burdadır, həm də tanınmaq imkanlarım var. Üç-dörd bu cür kitabçadan sonra gizli Şenol imzam o qədər məşhurlaşmışdı ki, adlarını çəkmək istəmirəm, hərəkatın kifayət qədər məşhur, nəhəng simaları mənimlə tanış olmaq istəyirdilər... Allahın vergisi, lütfüdür, deyə bilərəm. Kiçik elmi işçinin yazıları birdən birə hadisə oldu, diqqət çəkdi... Bunlar sadə bir şey deyil. Broşürları biri-iki manatdan satırdıq, puluna isə ruslardan silah, güllə alırdıq. 
– O vaxtlar içki içirdinizmi?
– Bəli, içirdim. Mən ixtisasıma görə şərabçı-texnoloqam, bu sahənin mühəndisiyəm. SSRİ məkanında iki və ya üç yerdə açılan ixtisaslardan biri idi və o vaxt hüquq fakültəsi qədər çox populyar idi. Belə fakültələrdən biri də Gəncədəki Texnologiya İnstitutuna gətirilmişdi. Yəni mən “içənəm” deyənlərin içdiklərinin kimyəvi tərkibini, formulasını, hazırlanmasını, xassə və zərərlərini bilən birisiyəm. Praktikant kimi də SSRİ məkanının ən tanınmış şərabçılıq mərkəzlərində təcrübə keçmişəm. Ən məşhur yerlərdən biri də Tiraspoldakı konyak zavodu idi. Dörd ay orda təcrübə keçmişəm. 
– Bəs nə vaxtdan içməməyə başladınız?
– 2000-ci ildən ibadətə başladım.
 
– Sizi içkidən uzaqlaşdıran konkret bir səbəb oldumu? Yoxsa zaman-zaman bu qənaətə gəldiniz?
– Zaman–zaman, tədricən. 1988-ci ildə institutu bitirmişəm. Təyinat bölgüsü olanda hər kəs zavodları götürdü. Hamı ona görə şərabçı -  texnoloq oxuyurdu ki, sonradan çoxlu pul qazansın. Amma mən atama dedim ki, spirt sata bilməyəcəm... Mümkün deyil, nə ayaqlarım, nə də qəlbim zavodlara doğru yerimir... Bakıya, Abşerona cəmi bir yer vardı, Mehdiabadda üzümçülük institutu, 120 manat da maaşı vardı, ştatın. Mən təyinatımı ora aldım, halbuki heç kim oranı istəmirdi, ortalıqda qalmışdı. Hamı Şəmkir, Xanlar, Şamaxı, Rusiya, Moldova və başqa şəhərlərdəki zavodlara getdi. Mən isə çamadanımı götürüb, Bakıya, Mehdiabada gəldim və bir neçə ay sonra hərəkat başladı. 1988-ci ilin 21 noyabrında Azadlıq Meydanındakı xalq mitinqlərinə qoşuldum, meydan dağılana qədər də oradan çıxmadım... Hələ də oradayam ... 
2000-ci il idi. İçimdə bir şey məni ibadətə səsləyirdi. Görünür, mən belə qurulmuşam. Dostum Səfər vardı, ona dedim, ibadətə başlamaq istəyirəm, amma vaxt tapa bilmirəm, necə edim? O dedi, hələ vaxta çox var, gəncik, yaşlanaq, başlarıq... Bu söhbətdən dörd gün sonra məni təyyarə qaçırmaq iddiası ilə həbs etdilər... MTN-in qapalı tipli həbsxanasında ittiham altına alındım. Vəkillərdən bilirdim ki, haqqımda filmlər çəkir, AzTV-də verirdilər. Ünvanıma “terrorist”, “qatil” ifadələri, “ölüm hökmü çıxarılsın” tələbləri səsləndirilirdi...Bütün ölkənin gündəmi “təyyarə qaçırdan redaktor” idi...  
 
Günün birində otağın qapısını açdılar ki, bu məhkum səninlə otaq yoldaşı olacaq... Məhbus isə dindar adam çıxdı. Adı da Nurəddindir, dağlı balası... Namazı ondan öyrəndim. Çox təmiz, gözəl, inanclı qardaşımız idi. Elə o, içəri girdiyi gündən mən namaza başladım. 
45 gün sonra məni Avropa Şurasının Nazirlər Kabineti həbsxanadan çıxardı. Kamerama iki səfir gəldi, bundan iki gün sonra məni başqa yerə getməmək iltizamı ilə buraxdılar. Sonra səfirlər Baş prokurora yazdılar, çünki mən ibadətə  getmək istəyirdim, ölkədənsə ancaq xüsusi icazə ilə çıxa bilərdim...  Və 2001-ci ilin fevral ayının sonunda artıq Məkkədə idim... 
– Keçdiyiniz ömür yolu haqqında maraqla, həm də qürurla danışırsınız... Görəsən, həyatınızda elə şeylər olubmu ki, onların ört-basdır olmasını, dilə gəlməməsini, görünməsini istəyirsiniz?
– Vallah, əgər elə şeylər olubsa belə, onları sizə demərəm ki... Heç şübhəsiz, hər kəsin həyatında sevmədiyi, hər kəsdən gizlətmək istədiyi məqamlar olur. İnanclı bəndəyə hesab vermir, hesabat vermir, bütün hallarda Allah dərgahında bağışlanmağı istəmək üçün ibadət və imkanlar var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam