Azərbaycan-Ermənistan prezidentlərinin görüşü nəyi dəyişə bilər?-EKSPERT ŞƏRHİ
Arzu Nağıyev: “Xırda təxribatlar istisna edilmir, lakin qenişmiqyaslı əməliyyatların keçirilməsi inandırıcı deyil”
"Xeberinfo.com": Son günlər Azərbaycan-Ermənistan təmas xəttində atəşkəsin pozulması halları intensivləşib. Cəbhənin müxtəlif istiqamətlərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini iriçaplı silahlardan atəşə məruz qoyan ermənilərin təxribat xarakterli əməllərinin qarşısı alınsa da, işğalçı ölkə məkrli niyyətindən əl çəkmir. Cəbhədə baş verənlərdən beynəlxalq birliyin, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun da narahatçılıq keçirdiyi müşahidə edilir. Bu günlərdə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçiriləcəyi barədə yayılan xəbərlər də məhz bu narahatçılıqdan irəli gəlir. Bu ərəfədə Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı barədə yayılan xəbərləri də təsadüfi saymaq olmaz. Bəs görəsən Ermənistanın cəbhə xəttində atəşkəs rejimini müntəzəm olaraq pozmasının başlıca səbəbi nədir və Azərbaycan-Ermənistan prezidentlərinin yaxın vaxtlar üçün nəzərdə tutulan görüşü nəyi dəyişə bilər? Bu və ya digər məsələlərlə bağlı siyasi ekspert Arzu Nağıyevlə söhbətləşdik.
-Arzu müəlim, Ermənistanın müharibəyə başlayacağı barədə yayılan xəbərləri nə dərəcədə ciddi qəbul etmək lazımdır və indiki situasiyada İrəvan belə bir addım atarmı?
- Düşünürəm ki, bu xəbərlər daha çox şayələrdən ibarətdir və ciddi qəbul etmək düzgün olmazdı. Lakin son vaxtlar İrəvandakı mitinqlərdə müəyyən sakitlik əldə etmək üçün müəyyən təxribatlara əl atılması da istisna edilmir. Və bunun da şahidi oluruq. Məlumdur ki, Rusiya hərbçilərinin müdaxiləsi olmasa Ermənistan müharibəyə başlamaq iqtidarında deyil.
-Son günlər işğalçı ölkənin pilotsuz təyyarələrinin kəşfiyyat uçuşu həyata keçirməsi Ermənistanın müharibə hazırlıqlarından xəbər vermirmi?
-Bu pilotsuz təyyarələrin və digər uçan vasitələrin kəşfiyyat xarakterli uçuşlarıdır və əsas məqsəd Azərbaycan silahlı qüvvələrinin imkanlarının və döyüş hazırlığının yoxlanılmasıdır. Məlumdur ki, ermənilərin hər üç səyi acınacaqlı nəticələndi. Yəni bu yoxlamalardan sonra kəşfiyyat xarakterli məlumatlar əldə edə bilməyən ermənilər demək olar ki, texniki itki verib geri çəkildilər.
-Mümkündürmü ki, Ermənistan prezidenti Serj Sarkisyan hakimiyyəti daxildəki vəziyyəti sakitləşdirmək və diqqəti Qarabağa yönəltməık üçün cəbhədə keçən ilin avqustunda olduğu kimi hərbi əməliyyatları genişləndirsin?
-Bu gün Rusiyanın iqtisasdi tənəzzülü və Ermənistanda baş verənlər və Azərbaycan Silahlı Qüvvələrinin mükəmməl hazırlıqları proseslərin hərbi əməliyyatların başlanmasına gətirəcəyini inandırıcı etmir. Yəni xırda təxribatlar istisna edilmir, lakin qenişmiqyaslı əməliyyatların keçirilməsi inandırıcı deyil.
-Bəs bu situasiya prezidentlərinin yaxın vaxtlarda nəzərdə tutulan görüşünü nə dərəcədə əngəlləyə bilər?
-Məlumdur ki, Azərbaycan və Ermənistan prezidentlərinin Birləşmiş Ştatlarda görüşü nəzərdə tutulur. Düşünürəm ki, bu Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin həllinin öz əlinə almaq təşəbbüsündən irəli gəlir. Eyni zamanda yəqin ki, danışıqlar Madrid prinsipləri çərçivəsində keçiriləcəkdir. Ona görə də ATƏT və Qərbin maraqlarına uyğun keçirilməsi nəzərdə tutulan danışıqların əngəllənməsi real görünmür./Olaylar.az/