Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

"Telekanallarda sünilik, şitlik adi gözlə görünür”- MÜSAHİBƏ

 

 

"xeberinfo.com"  Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin APA-ya verdiyi  müsahibəsini təqdim edir

 

- Yanvarın 1-də Azərbaycan ərazisində rəqəmsal yayıma keçid tam başa çatdı. Bununla bərabər, anoloq yayım da həyata keçirilir. Bu keçidlə bağlı cəmiyyətdə müəyyən çaşqınlıq da var. Bununla bağlı nə deyə bilərsiniz?

 

- Bəli, bu haqda dəfələlə məlumat versək də, hiss edirəm ki, bununla bağlı qeyri-müəyyənlik var. Əslində məsələ çox sadədir. Hazırda Azərbaycanda rəqəmsal yayım həyata keçirilir. Amma bununla bərabər anoloq yayım da qalmaqdadır. Sadəcə olaraq, analoq yayım hələ dayandırılmır, 2014-cü ildə bu proses başa çatacaq. Biz əhalinin marağını nəzərə alırıq. Hesab edirik ki, bu işə tam hazırlaşmalıyıq və ondan sonra anoloq yayımı dayandırmalıyıq. Çünki ölkədə kifayət qədər dekoderlər olmalıdır ki, əhali anoloq yayım dayanan kimi, rəqəmsal yayımdan istifadə edə bilsin. Aztəminatlı əhaliyə dekoderlərin verilməsi ilə bağlı biz cənab prezidentə müraciət etmişik, Nazirlər Kabineti də bu məsələyə baxıb. Bu məsələ gündəmdədir. Ümid edirəm ki, bu məsələ yaxın gələcəkdə öz həllini tapacaq. Dekoderlərin verilməsi yalnız aztəminatlı ailələrə aiddir. Əhalinin böyük hissəsi rəqəmsal yayıma keçmək üçün indidən dekoderləri mağazalardan almalıdırlar. Əks halda, anoloq yayım dayanandan sonra onlar televiziya kanallarına baxa bilməyəcəklər.

 

- Sizcə, Nazirlər Kabineti bununla bağlı qərarı nə vaxt açıqlayacaq?

 

- Biz bunu gözləyirik. 2014-cü il artıq son tarixdir. Biz əhalinin marağını nəzərə alaraq, məsələni əhali üçün xeyirli olacaq yöndə həll etməyə çalışırıq. Bəzən mətbuatda doğru məlumatlar verilmir. Azərbaycan dövləti heç vaxt xarici kanalların yayımı ilə bağlı məsələlərə qarışmır. Xarici kanalların Azərbaycanda yayımını özəl şirkətlər kabel şəbəkələri vasitəsilə həyata keçirir. Rəqəmsal yayımın xarici kanalların Azərbaycanda yayımlanıb-yayımlanmamasına heç bir aidiyyatı yoxdur. Bəzən mətbuatda “sosial paket” ifadəsi də işlədilir. Bu həddindən artıq çox televiziya kanalları olan ölkələrə aiddir. Bu kanallardan dövlət üçün vacib olanları, əhalinin baxmağa daha çox ehtiyacı duyduqlarını  bir paketdə - “sosial paket”də toplayıb pulsuz yayımlayırlar. Azərbaycanda cəmi 10 televiziya kanalı var. Ona görə də bir paketimiz var. Onun da hər hansı bir adla adlandırmağa ehtiyac yoxdur. Onsuz da pulsuz yayımlanırlar. Xarici kanallara baxmaq istəyənlər kabel şəbəkələrinə müraciət edərək baxa bilirlər.

 

- Ötən il MTRŞ özəl televiziya kanallarında Bədi Şura yaradılması ilə bağlı qərar qəbul etmişdi. Həmin şuralar yaradıldımı?

 

- Artıq telekanalların hamısında Bədii Şura yaradılıb. Amma bu Bədii şuraların icra mexanizmi, onun verdiyi qərarların hansı formada olacağı haqqında isə bizdə dəqiq məlumat yoxdur. Hər bir özəl televiziya kanalı özü üçün ən yaxın adamlardan ibarət Bədii Şura yaradıb və bizə də siyahı göndəriblər. Amma biz istərdik ki, bu Bədii şuralar işlək bir mexanizm olsun. Onların fəaliyyəti hiss olunsun. Həmin Bədii şuralarda Dilçilik İnstitutunda çalışan insanlar da təmsil olunur. Bəzi kanallar isə rəhbər şəxslərin heyəti ilə bədii şuralar yaradıblar. Amma biz çox istərdik ki, həmin bədii şuralarda Azərbaycan dili üzrə mütəxəssis olan şəxslər təmsil  olunsunlar.

 

- MTRŞ ötən il telekanalların əməkdaşları üçün müəyyən treninqlər təşkil etmişdi. Həmin treninqlərin bu il də davam edəcəyi gözlənilirmi?

 

- Biz bu cür treninqləri daima həyata keçirməyə çalışırıq. Bunu bu il də davam etdirməyi planlaşdırırıq. Çünki Azərbaycan dilinin mükəmməliyinin qorunub saxlanması üçün çalışmaq lazımdır. Televiziyalarda mütəxəssislər tərəfindən monitorinqlər aparılsa, onların verdiyi rəyə əsasən biz müəyyən tədbirlər görə bilərik.

 

- Çox vaxt MTRŞ-yə uşaq televiziyalarının nə vaxtsa açılacağı ilə bağlı müəyyən suallar ünvanlanır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də bildirmişdilər ki, bu məsələ ilə bağlı aidiyyatlı qurumlara müraciət olunub. Hazırda Şura uşaq televiziyasının açılması ilə bağlı konkret işlər görürmü?

 

- Azərbaycanda hazırda 10 televiziya kanalı var. Təəssüf ki, həmin televiziya kanallarında uşaqlarla bağlı aparılan siyasət bizi qane etmir. Azərbaycanda həm uşaqlarla bağlı verilişlərin az olması, həm də cizgi filmlərinin demək olar ki, olmaması bizi narahat edir. Amma mövcud telekanalların potensialından istifadə edərək bu işi həll etmək daha düzgün olardı. Hər bir sahə özünə aid olan televiziya kanalının açılması ilə bağlı məsələ qaldırarsa, Azərbaycan kimi kiçik ölkədə bu doğru olmaz.

 

- Yəqin razılaşarsınız ki, Azərbaycan teleməkanında yayımlanan proqramlarda kəskin pozuntular olur. Bura həm ifadələrin düzgün seçilməməsi, həm də son vaxtlar azyaşlı uşaqları efirə çıxarılaraq istismar edilməsi və sair məsələri aid etmək olar. Şura bu məsələlərlə bağlı hansı tədbirlər həyata keçirir?

 

- Bu, Azərbaycan televiziya kanallarında çox ciddi problem olaraq qalır. Yəni kadr çatışmazlığı məsələsi ən ciddi məsələrdən biridir. Çox təəssüf, bu, televiziya kanallarımızda hələ də həll olunmamış məsələlərdən biridir. Ona görə də verilişlərin keyfiyyəti ilə bağlı böyük problemlər var. Verilişlərin məzmunu demək olar ki, əhalinin böyük əksəriyyəti tərəfindən qəbul olunmur, aşağı səviyyədədir. Texniki baxımdan müəyyən dəyişikliklər var. Amma keyfiyyət baxımından hələ də görüləsi işlər həddindən artıq çoxdur. Təbii ki, bayağılıq, sünilik, şitlik, bəzən mövzu seçimlərinin doğru olmaması, efir mədəniyyətinin aşağı olması adi gözlə görünən məsələdir. Aparıcıların özlərinin etik səviyyəsinin aşağı olması, geniş dünyagörüşünə malik olmamaları rahat hiss olunur.

 

- Bəs bu halların qarşısını almaq üçün MTRŞ nə edir?

 

- Biz üzərimizə düşən səlahiyyətlərimiz çərçivəsində onlara hər hansı tövsiyələr veririk. Amma təəssüf ki, televiziya kanalları bəzən reytinq arxasınca qaçaraq milli-mənəvi dəyərlər, cəmiyyət qarşısında məsuliyyəti dərk etmirlər. Bu təbii ki, bizi də narahat edir.

Biz telekanalların yaradıcılıq işlərinə qarışa bilmərik, sadəcə, öz tövsiyələr  verə bilərik. Televiziya kanalları bu tövsiyyələri nəzərə almalıdırlar. Son zamanlar yumoristik səhnəciklər yayımlayan bir sıra kanallar, xüsusən də həmin o səhnəcikləri ifa edən gənc aktyorlar sətiraltı, Azərbaycan ədəbi dilinə uyğun olmayan sözlər işlədirlər ki, bu da normal hal deyil. Təbii ki, həmin kanallarla bu haqda danışıqlar aparacağıq. Bəzən həmin o aktyorlar ailəsinin yanında danışmadığı lətifələri, efirdən danışırlar. Televiziya kanalları da bunu efirə verir. Bu çox narahatlıq doğuran məsələdir. Buna görə də biz ciddi tədbirlər görəcəyik. ANS, “Space” və ATV kanallarında bu cür hallar var.

 

- Artıq bir neçə ildir ki, büdcədən serialların çəkilməsi ilə bağlı vəsait ayrılır. Bu il də həmin çəkilişlərin davam edəcəyi gözlənilir?

 

- Son dövrlər təxmini hesablamalara görə, Azərbaycanda 20-yə yaxın serial çəkilib. Bu kəmiyyət baxımından Azərbaycan üçün böyük rəqəmdir. Hələ bizim ayırdığımız vəsaitdən əlavə çəkilən seriallar da var ki, onları bu siyahıya aid etmirəm. Bu sahəyə həddən artıq ssenaristlər, aktyorlar cəlb olunublar. Yəni bu sahədə canlanma hiss olunur. Keyfiyyət baxımından da əvvəlki illərə nisbətən müəyyən irəliləyiş var. Amma bu bizi tam qane etmir. Yenə də mövzu, aktyor seçimində, səsləndirmədə problemlər var, bayağılıq, sünilik hiss olunur. Hesab edirik ki, 2-3 il ərzində bu məsələnin tam həll edilməsi o qədər də asan deyil. Amma bunun üzərində çalışmaq lazımdır. Əvvəllər televiziya kanalları maddi vəsaitin olmamasından şikayət edirdilər. Amma indi onlara kifayət qədər maaliyyə vəsaiti ayrılır. Əvvəlki bəhanələr artıq aradan qaldırılıb. Onlar öz üzərlərinə düşən işi görməli, insanlara keyfiyyətli seriallar təqdim etməlidirlər.

 

- Peyk, kabel televiziyalarına lisenziyalar verilir. Amma internet televiziyaların bu imkanı yoxdu. Bu problemin həlli yolu varmı?

 

 - Bəli, demək olar ki, internet televiziyalrından başqa, digər telekanallar lisenziyalaşdırılır. Amma internet televiziya hələ tam lisenziyalaşdırılmır. Dünyada bununla bağlı  müəyyən qaydalar qəbul olunmayıb. Bu ən ciddi məsələrdən biridir. Hamı bunu həll etməyə çalışır, amma necə tənzimlənməsini müəyyən edə bilmir. Çünki bunun mexanizmi yoxdur. Mənim fikrimcə, televiziya kanalı fərqli olmur. İstər efir, istər peyk, istər mobil, istərsə də internet yolu ilə yayımlansın.

 

- Bununla bağlı Şuranın hansısa təklifi varmı?

 

- Avropa Şurasına üzv olan ölkələrin demək olar hamısında bu yöndə müzakirələr gedir. Ümumi qayda qəbul olunacaqsa, biz də o qaydalardan istifadə edəcəyik. Amma biz bu məslə ilə bağlı hər hansı bir eksperiment etməyəcəyik.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam